Məhkəmə qərarları › İş №e-2-2(113)-2515/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2515/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2515/2021 23.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı1 ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 noyabr 2019-cu il tarixli RBYF-5369_KMP №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 6921,33 manat, faiz borcuna görə 7,6 manat, cəmi 6928,93 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Yasamal filialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 7 Noyabr 2019-cu il tarixli, RBYF-5369_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 6951,03 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 7 Noyabr 2019-cu il tarixdə iddiaçının Yasamal filialı ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 7 Noyabr 2019-cu il tarixli, RBYF-5369_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 7 Noyabr 2019-cu il tarixli, RBYF-5369_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 Noyabr 2019-cu il tarixli, RBYF- 5369_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 118,82 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydadam icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 7 Noyabr 2019-cu il tarixli, RBYF-5369_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6951,03 manat, faiz borcuna görə 80,23 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 7031,26 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Məmmədova iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən borcu qəbul edir, artıq ödəmələr etməyə başlamışdır, lakin kredit borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 07.11.2019-cu il tarixli RBYF-5369_KMP saylı güzətli şərtlərlə kredit müqaviləsinə əsasən bank müştəriyə 18.11.2014-cü il tarixli RBYF-5369 saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə kredit verməyi, müştəri isə kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Kreditə görə illik 1 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 1 % təşkil edir. Təminat qoyulmuş əmlak aşağıdakılardan ibarətdir: Bakı şəh., Sabunçu ray., dövriyyə malları – 15.000 manat, ev əşyaları 1250 manat. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh2 07.11.2019-cu il tarixdə 6951.03 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07.11.2019-cu il tarixli RBYF-5369_KMP saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 ilə kreditor arasında bağlanmış RBYF-5369_KMP saylı, 07.11.2019-cu il tarixli istehlak kredit müqaviləsinə əsasən kredit almış borc alanın krdeitor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli RBYF-5369_KMP saylı zaminlik müqaviləsiniə əsasən zamin Cavabdeh3 Cavabdeh2 ilə kreditor arasında bağlanmış RBYF-5369_KMP saylı, 07.11.2019-cu il tarixli istehlak kredit müqaviləsinə əsasən kredit almış borc alanın krdeitor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı tərəfindən verilmiş kredit tarixindən məlum olur ki, Cavabdeh2 RBYF- 5369_KMP saylı müqavilə üzrə kredit qalığı 6951.03 manat, faiz borcu 92.39 manat, dəbbə pulu 0.00 manat, ümumi borcu 7043.42 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 23 yanvar 2020-ci il tarixli RB02/02- 4024, RB02/02-4023, RB02/02-4022 saylı bildirişlərə əsasən kredit müqaviləsi üzrə olan borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barəsində xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş 17.07.2021-ci il tarixli RB-02/pk-6243 nömrəli arayışa əsasən borclu Cavabdeh2 07 noyabr 2019-cu il tarixli RBYF-5369_KMP saylı müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixinə olan borcu: əsas borc üzrə 6921.33 manat, faiz borcu üzrə 7,6 manat, cərimə borcu üzrə 0 manat, cəmi 6928,93 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya əsas borc üzrə 6921,33 manat, faiz borcuna görə 7,6 manat, cəmi 6928,93 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6921,33 manat (altı min doqquz yüz iyirmi bir manat otuz üç qəpik), faiz borcuna görə 7,6 manat (yeddi manat altmış qəpik), cəmi 6928,93 manat (altı min doqquz yüz iyirmi səkkiz manat doxsan üç qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar