Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2516/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1375 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında iddiaçıya məxsus 77NG273 dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 35 (otuz beş) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 175 (yüz yetmiş beş) manat və avtomobilə dəymiş ziyana görə 1200 manat borcu movcuddur. Qeyd edilənlə nəzərə alaraq iddiaçıya məxsus Prius markalı 77NG273 dövlət qeydiyyat nömrəli avtomobilin icarəsi ilə bağlı tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən yaranmış borcun iddiaçıya ödənilməsi ilə bağlı müraciət olunsa da cavabdeh dəymiş ziyanın ödənilməsindən yayınmışdır. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən icarə müqaviləsi üzrə 175 manat, avtomobilə dəymiş ziyana görə 1200 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 5 gün üçün icarə haqqı ödənilməmiş, maşın ona cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. Cavabdehin təqsiri nəticəsində xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, maşına zərər dəymiş, dəymiş zərərin məbləği 1200 manat təşkil edir. Nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı hər hansı vəsait ödənilməmişdir.
5. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, avtomobil ona təhvil verilmiş, həmin müqavilə üzrə iddiaçının tələb etdiyi icarə haqqını iddiaçıya nağd qaydada ödəmişdir, lakin bu barədə hər hansı sübutu yoxdur. Maşını idarə edən zaman xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, polis işçisi tərəfindən inzibati qaydada cərimə (100 manat cərimə və 3 bal) edilmiş, hadisə nəticəsində maşını parkinq vəziyyətində olan maşınlara vurmuş, bu səbəbdən maşına zərər dəymişdir. Maşına dəymiş zərər hesab edir ki, 300-400 manat təşkil edir.
6. Tərəflərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sonuncu məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 77NG273 dövlət qeydiyyat nişanlı, «Toyota Prius» markalı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir.
10. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən, qanuni əsaslarla ona məxsus olan 77NG273 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015, ******* mühərrik nömrəli, XETCBEK tipli tünd boz metallik «Toyota Prius» markalı nəqliyyat vasitəsini cavabdehə icarəyə vermişdir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən İcarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsini 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 35 (otuz beş) manat məbləğində icarə haqqını ödəməlidir.
12. Müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi, qanunvericiliklə müəyyən olunmuş qaydada, icarəyə alınmış Nəqliyyat vasitəsinin qorunması və saz olunması üçün İcarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır.
13. xx.xx.2024-cü il tarixli təhvil təslim aktına görə “Toyota Prius” markalı, 77NG273 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə işlək vəziyyətdə təhvil verilmişdir.
14. İş üzrə təyin olunmuş məhkəmə-qiymətləndirici ekspertizasının xx.xx.2025-ci il tarixli, CVN/M-28-121/25 nömrəli rəyinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən iddiaçının mülkiyyətində olan "Toyota Prius" markalı (dövlət nömrə nişanı: **-NG- ***; buraxılış ili: 2015; mühərrik № 6454653; rəngi: tünd boz metallik; tip: XETÇBEK; ban: JTDKN3DU8F0459102) avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir-bərpa işlərinin (material və usta haqqı daxil olmaqla) 2024-cü il üçün orta bazar dəyəri 1100,0 (bir min yüz) manat təşkil edir.
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. Məhkəmə iddia ərizəsini 175 manat icarə haqqının tələb edilməsi hissəsində əsaslı hesab edir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
20. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
21. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehin sahiblik və istifadəsinə verilmişdir.
23. İddiaçı iddia ərizəsində ona 5 gün üçün ümumilikdə 175 manat icarə haqqının ödənilmədiyini iddia edir, cavabdeh iddiaya qarşı etirazında həmin vəsaitin ödənildiyini bildirir.
24. Cavabdeh həmin vəsaitin cavabdehə ödənildiyini bildirsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
26. Məhkəmə iddia əriəsini ikinci, 1200 manat maddi zərərin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
30. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
31. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
32. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
33. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
34. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
37. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
38. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
39. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
40. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "Toyota Prius" markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətdə xx.xx.2024-cü il tarixli müqavilə əsasında cavabdehin sahiblik və istifadəsinə vermiş, icarə müddəti ərzində cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə zərər dəymişdir.
41. Məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq zərərin məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.
42. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəy ilə dəymiş zərərin məbləği 1100 manat müəyyən edilmişdir.
43. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 175 manat icarə haqqı, vurulmuş zərərin əvəzi qismində 1100 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 32,75 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 2,25 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
46. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 175 manat icarə haqqı, vurulmuş zərərin əvəzi qismində 1100 manat, 32,75 manat dövlət rüsumu, ümumilikdə 1307,75 (bir min üç yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,25 (iki manat iyirmi beş qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova