Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2522/2021 07.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə haqqı borcunun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə haqqı borcu üzrə 32760 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış 09.02.2018-ci il tarixli, 434 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən 900.2 kv.m torpaq sahəsi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 32760 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə 21.08.2020-ci il tarixli, **********69 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, "xxxx" MMC-yə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19 oktyabr 2015-ci il tarixli, 432 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Xətai pospekti 2 ünvanında MMC-nin mülkiyyətində olan torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının lahiyyələndirilməsi işlərinin aparılmasına icazə verilmişdir. Bunun əsasında da müvafiq orqanlara müraciət olunmuş, rəylər və texniki şərtlər alınmışdır. Bunların əsasında Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsindən 13144 saylı inşaat pasportu alınmış, lahiyyə sənədləri razılaşdırılmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Azərbaycan Respublikası FHN-nə müraciət olunaraq ekspertiza rəyinin alınması üçün bütün lahiyyə sənədləri Ekspertiza Baş İdarəsinə təqdim olunmuşdur. Lahiyə sənədləri araşdırıldıqdan sonra 16 may 2016-cı il tarixli 22061 saylı ekspertiza rəyi alınmışdır. Eyni zamanda, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 2016-cı il tarixli, 327 saylı tikintiyə icazə verilməsi haqqında sərəncam verilmiş və A korpusunun inşasına başlanılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 432 saylı, 19 oktyabr 2015-ci il tarixli sərəncamı və 13144 saylı, 07.12.2015-ci il tarixli inşaat pasportu əsasında Xətai prospekti 2 ünvanında yerləşən həmin torpaq sahəsinə Bakı Şəhəri İcra Hakimiyyəti ilə 18 dekabr 2015-ci il tarixdə 49 il müddətinə 1119 saylı icarə müqaviləsi bağlanmışdır. Sərəncamın yerinə yetirilməsi üçün ərazidə yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi üçün öncədən "xxxx" MMC Azərbaycan Beynəlxalq Bankından kredit almış, sakinlərlə qarşılıqlı razılaşma əsasında onların qismən köçürülməsi və müvəqqəti kirayədə yerləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK tərəfindən söküləcək binanın və əvəzində tikilməsi nəzərdə tutulmuş B korpusunun tikintisi nəzərdə tutulmuş torpaq sahəsinə ƏMDK ilə də icarə müqaviləsi bağlanması tələb olunmuşdur. MMC olaraq tələb olunan torpaq sahəsinə dair Bakı Şəhəri İcra Hakimiyyəti ilə icarə müqaviləsi olduğu bildirilsə də onlar bununla razılaşmayıb işləri dayandıracaqlarını bildirmişlər. Cavabdeh ayrıc aktını təqdim edərək həmin torpaq sahəsi ilə artıq icarə müqaviləsi bağlandığını bildirmişdir. Onlar ayrıc aktına baxıb güya onlarla bağlanan müqavilədə nəzərdə tutulan torpaq sahəsinin dəmir yolu ilə bizə ayrılan torpaq sahəsinin arasında olduğunu, ona görədə müqavilə bağlamaq məcburiyyətində olduğunu bildirmişlər. Cavabdeh də digər mülkiyyətçilərinin hüquqlarının pozulmaması, onlarla bağlanmış əvəzləşdirmə müqavilələrinin vaxtında yerinə yetirilməsi üçün məcburiyyət qarşısında qalaraq AR ƏMDK ilə də 09 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlamış və onlardan icarə predmeti olan 900,02 kv.m torpaq sahəsinə dair ayrıc aktı verməyi xahiş etmişlər. Lakin iddiaçı hər hansı bir ayrıc aktı təqdim etməmiş, torpaq sahəsini onlara təhvil verməmişdir. 2018-ci ilin aprel ayında dövlət orqanları tərəfindən bütün tikintilərin aparılmasına məhdudiyyət qoyulmuş və tikintinin aparılmasına icazə verilməmişdir. 2018-ci ilin iyul ayından etibarən tikintinin davam etdirilməsinə məhdudiyyət qoyulduğu üçün icarə müqaviləsinə xitam verilməsi üçün ƏMDK-ya müraciət olunmuşdur. Lakin onlar tərəfindən müqaviləyə xitam verilməmişdir. Bundan əlavə ƏMDK-nin bizimlə bağladığı icarə müqaviləsi tamamilə qanunsuzdur. Çünki, həmin torpaq sahəsinə dair bizim Bakı Şəhəri İcra hakimiyyəti ilə icarə müqaviləsi olmuşdur. Cavabdeh dəfələrlə ƏMDK-dən bizimlə bağlanan icarə müqaviləsində göstərilən 900,02 kv.m torpaq sahəsinin harada yerləşdiyini, həmin torpağa dair ayrıc aktını tələb etsə də, qarşı tərəf bu sənədləri təqdim etməmişdir. Həmin müqavilə Mülki Məcəllənin tələblərinə riayət edilmədən bağlanmış, müqavilə predmeti olan torpaq sahəsi ümumiyyətlə icarəçiyə verilməmişdir. Torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi də mümkün deyildir, belə ki, həmin sahədə evlər mövcuddur və əhali yaşayır. İş materiallarında olan: - 18.12.2015-ci il tarixli 1119 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 432 saylı, 19.10.2015-ci il tarixli sərəncamı ilə, 13144 saylı 07.12.2015-ci il tarixli inşaat pasportu əsasında ünvan 4 ünvanda yerləşən ərazidə ayrılmış torpaq sahəsi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. - ayrıc aktının surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ərazidə ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilmişdir. - 09.02.2018-ci il tarixli, 434 saylı “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən 900.2 kv.m. torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli uərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi bütün real müqavilələrə eyni qaydada tətbiq oluna bilər. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 707.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanunun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsi kimi müəyyən olunmuşdur. Qeyd olunan normaların məzmunundan da görünür ki, torpaq icarəsi müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə müqavilə qüvvəyə minir. Hazırkı mübahisə üzrə də işin halları ilə təsdiq olunur ki, icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin müraciətlərinə baxmayaraq torpaq sahəsi sonuncuya təhvil verilməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ayrıc aktı ilə təsdiq olunur ki, həmin torpaq sahəsi 18.12.2015-ci il tarixli 1119 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona təhvil verilmiş və icarə haqqı ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 09.02.2018-ci il tarixli, 434 saylı “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən 900.2 kv.m. torpaq sahəsinin yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-nin icarəsinə verilməsi nəzərdə tutulsa da, həmin torpaq sahəsi mülki və icarə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq təhvil verilmədiyinə görə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. . Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2522/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2522/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver