Məhkəmə qərarları › İş №e-2-2(113)-2523/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2523/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2523/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 əsas borc 874,51 manat, faiz borcu 0,52 manat olmaqla ümumilikdə 875,03 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, RB/MF-4997_KMP saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik 1 faiz olmaqla 975,19 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bankla Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. 14 aprel 2021-ci il tarixə kimi cavabdehin iddiaçıya əsas borc 874,51 manat, faiz borcu 0,52 manat olmaqla, ümumilikdə 875,03 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 17 may 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin Yasamal filialından illik 1 faizlə 60 ay müddətinə ödəmək şərti ilə 975,19 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüş, Məhərrəmov X1 Teymur Əhəd oğlunun bank qarşısında kredit öhdəliklərinə zamin olmuşdur. - 14 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 əsas borc 874,51 manat, faiz borcu 0,52 manat olmaqla, ümumilikdə 875,03 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 1.1-ci və 1.2-c bəndinə əsasən Məhərrəmov X1 Teymur Əhəd oğlunun kredit müqaviləsi üzrə iddiaçı bank qarşısında öhdəliklərini vaxtında icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən və digər cavabdeh tərəfindən kredit müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən hazırkı iş üzrə yaranmış borc üzrə onunla birgə məsuliyyət daşıyacaqdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, əsas borc üzrə 874,51 manat, faiz borcuna görə 0,52 manat cəmi 875,03 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 əsas borc 874,51 manat, faiz borcu 0,52 manat olmaqla, ümumilikdə 875,03 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 30 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar