Məhkəmə qərarları › İş №e-2-2(113)-2524/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2524/2025

29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2524/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi, ödənilmiş vəsaitin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 19692 manat borcun **********00000 nömrəli abonent kodundan silinməsi və aktlar əsasında hesablanmış borca görə ödənilmiş 50262,60 manat pulun **********00000 nömrəli abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanda yerləşən, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2023-cü ilin oktyabr ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olduğundan tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən ümumilikdə 69954,60 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. Aktlar nə zaman və kim tərəfindən tərtib edildiyi barədə məlumat yoxdur. Göründüyü kimi, aktlar əsasında iddiaçıya ümumilikdə 69954,60 manat məbləğində əsassız borc hesablanmış, bu borcun 50262,60 manat hissəsi ödəniş kimi iddiaçıdan alınmış və 19692 (saldoda 06.2021) manat hissəsi isə ödənilməmiş qalmışdır. Mübahisələndirilən ümumi məbləğin ödənilmiş hissəsi ilə bağlı məhkəmənin nəzərinə o da çatdırılmışdır ki, hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən edilən ödənişlərdən isə qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxıbdır. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesabına işlənmişdir. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu iddiaçı tərəfindən bildirilmişdir. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa, pulun geri qaytarılacağını) bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə, qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və onların aldadıldığı məlum oldu. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən əmsal müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın əmsal dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tətbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh iddiaçıya özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz olan ümumilikdə 69954,60 manat məbləğində əlavə borc hesablamış və həmin borcun bir hissəsini qanunsuz olaraq edilmiş ödənişlərdən tutmuşlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək, həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi və pulun geri qaytarılması tələb edilmiş, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Hesab edilir ki, cavabdeh Azəriqaz İB tərtib olunmuş aktların əsaslı olduğunu sübut etməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Qazdan istifadə qaydaları”nın 5.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3cü maddəsinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, aktlar sayğacın elektron hissəsinin işləməməsi, mexaniki hissədən keçən qazın elektron hissədə qeydiyyata alınmaması ilə bağlı tərtib edilmişdir. Aktların hamısı onlarda yoxdur, olan aktlar məhkəməyə təqdim edilmişdir. Digər aktların təqdim edilməsi mümkün deyildir. Hesablanan borc aktlar üzrə hesablanmış, qarşı tərəf də ödənişləri etmişdir. Aktlar əsasında hesablanan borcdan 50262 manat məbləğ ödənilmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İB ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, AMX-4645/24 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,22 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən istehlakçının istifadəsində su qızdırıcı kalonka, şüşə əridən soba, forsunka, tablama kamerası vardır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən qaz sayğacının nömrəsi 80101345, markası G-100-dür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir.

8. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 29/1640-00982-1 nömrəli qeyri-əhali sayğacının yoxlanması haqqında aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00982 saylı, xx.xx.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xəzər rayon xidmət sahəsinin İddiaçı MMC-yə məxsus şüşə sexinin qaz xətti üzərində quraşdırılmış G-100 markalı, 80101345 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış, xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü müəyyən edilmişdir. Mexaniki hissədən keçən 348451 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Yoxlamanın nəticəsi kimi minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı, batereya və təzyiq borusunun tələb olunduğu qeyd edilmişdir.

9. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli, 29/1640-00982-1 saylı rəyinə əsasən 80101345 saylı sayğacın korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən 34841 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Dəymiş ziyanın hesablanması tələb edilmişdir.

10. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin yanvar ayında qaz sərfiyyatı üçün 2915 manat borc hesablanmışdır.

11. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin fevral ayında qaz sərfiyyatı üçün 2537,8 manat borc hesablanmışdır.

12. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin mart ayında qaz sərfiyyatı üçün 3137,2 manat borc hesablanmışdır.

13. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin aprel ayında qaz sərfiyyatı üçün 3931 manat borc hesablanmışdır.

14. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin may ayında qaz sərfiyyatı üçün 5320 manat borc hesablanmışdır.

15. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamənin məzmunundan müəyyən olunur ki, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli, 29/1640-00982-1 nömrəli aktına əsasən G-100 markalı, 80101345 nömrəli sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 348451 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Tələbnamənin əsası kimi xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt qeyd edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılması (38649 m3), hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir.

16. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nin (abonent kodu: **********00000) ümumilikdə borcu 34061,5 manat (sayğac oxunması: 1969205,55 manat + aktlar: 111450,64 manat – ödəmələr: 2046594,69 manat = son borc: 34061,5 manat) təşkil edir.

17. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nin (abonent kodu: **********00000) ümumilikdə borcu 34061,5 manat (sayğac oxunması: 2003275,71 manat + aktlar: 111450,64 manat – ödəmələr: 2046594,69 manat = son borc: 68131,66 manat) təşkil edir.

18. İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə pretenziya məktubu göndərilərək, 3 gün ərzində cavabdeh orqan tərəfindən əsassız hesablanmış 19692 manat hissəsinin **********00000 nömrəli abonent kodundan silinməsinə və ümumi məbləğdən ödənilmiş 50262,6 manat pulun **********00000 nömrəli abonent koduna geri qaytarılmasına dair göstəriş verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

23. İddia tələbi İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 19692 manat borcun **********00000 nömrəli abonent kodundan silinməsi və aktlar əsasında hesablanmış borca görə ödənilmiş 50262,60 manat pulun **********00000 nömrəli abonent koduna geri qaytarılmasından ibarətdir.

24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qaz sayğacının elektron hissəsinin düzgün hesabat aparmaması ilə əlaqədar baxış keçirilərək Cavabdeh İB tərəfindən iddiaçı barəsində aktlar tərtib edilmiş və aktlar əsasında iddiaçıya yanaşı olaraq 69954,60 manat məbləğində borc hesablanmış, bu borcun 50262,60 manat hissəsi ödənilmiş, 19692 manat hissəsi isə ödənilməmişdir. həmin hal işin mübahisəsiz halını təşkil etmişdir. Abonent saldosundan da göründüyü kimi, abonentə 2012-ci il üzrə aktlar əsasında ümumilikdə 23262,8 manat (iyun, iyul və avqust üçün), 2015-ci il üzrə aktlar əsasında ümumilikdə 4317,6 manat (avqust və sentybar ayları üçün), 2016-cı il üzrə aktlar əsasında ümumilikdə 16803,4 manat (fevral, mart, may, iyun, iyul ayları üçün), 2021-ci il üzrə aktlar əsasında ümumilikdə 25570,8 manat (yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün) olmaqla, cəmi 69954,6 manat (23262,8+4317,6+16803,4+25570,8=69954,6) borc hesablanmışdır. Həmin məbləğin 50262,60 manat hissəsinin ödənildiyini, 19692 manat hissəsinin isə ödənilməmiş qaldığını cavabdehin nümayəndəsi də təsdiq etmişdir. Aktların bəziləri məhkəməyə təqdim edilsə də, bir qismi təqdim edilməmişdir. İddiaçının nümayəndəsi aktların hamısının onlara təqdim edilmədiyini, cavabdehin nümayəndəsi isə onlarda qalan, mövcud olan aktların təqdim edildiyini, digərlərinin isə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Yuxarıda qeyd olunan illər üzrə abonent saldosunda əksini tapan aktların tərtib olunması, mübahisələndirilən məbləğlərin də həmin aktlar əsasında hesablanması işin mübahisəsiz halını təşkil etmişdir. Hesablanmış 69954,6 manat məbləğ abonent saldosunun “Aktlar” bölməsində öz əksini tapmışdır.

25. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.

26. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır (qeydə alınma ilə bağlı sübut təqdim edilməmişdir). Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməzdi.

27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, iddiaçı tərəfindən həmin aktlar üzrə edilmiş ödənişlər də əsassız olaraq qəbul edilməli və Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 19692 (on doqquz min altı yüz doxsan iki) manat məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinməli və aktlar üzrə ödənilmiş 50262,60 manat (əlli min iki yüz altmış iki manat altmış qəpik) pul vəsaiti **********00000 saylı abonent hesabı üzrə İddiaçınə geri qaytarılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 19692 (on doqquz min altı yüz doxsan iki) manat məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinsin və aktlar üzrə ödənilmiş 50262,60 manat (əlli min iki yüz altmış iki manat altmış qəpik) pul vəsaiti **********00000 saylı abonent hesabı üzrə İddiaçınə geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar