Məhkəmə qərarları › İş №e-2-2(113)-253/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-253/2021

02.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-253/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 firmasına, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 firması və “xxxx” MMC-dən subroqasiya qaydasında onun xeyrinə müştərək qaydada dəymiş ziyana görə 755,50 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixində Cavabdeh1 MMC-yə məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** TF *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2018-ci il tarixli KYP 640194 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 cərimə olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JK *** dövlət qeydiyyat nişanlı ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 755,50 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 755,50 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərçəkmiş nəqliyyat vasitəsi təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 755,50 manat məbləğində vəsaitin “xxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin,cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh3 Firmasının işçisi Cavabdeh2 tərəfindən törədilmişvə sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddizərər yetirilmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 firması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi”nə əsasən “xxxx” MMC-yə məxsus “İveco Crealis” markalı avtobus xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cü il tarixinə kimi 267831,94 manat dəyərində sığortalanmışdır. - xx.xx.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən təqsirli şəxs kimi Daewo markalı 10TF897 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmış zərərçəkən kimi xxxx” MMC-yə məxsus “İveco Crealis” markalı avtobus tanınmışdır. - xx.xx.2018-ci il tarixli zərər aktına əsasən “xxxx” MMC-yə məxsus “İveco Crealis” markalı avtobusa 755,50 manat dəyərində zərər dəymişdir. - xx.xx.2018-ci il tarixli, 005 saylı yol vərəqəsinə əsasən Cavabdeh3 firmasının sürücüsü kimi Cavabdeh2 adı qeyd olunmuşdur. - Bakı şəhəri BPİ DYPİ-inin izahatına əsasən xx.xx.2018-ci il tarixdə 18:24-də F.X.Xoyski küçəsində baş vermiş YNH ilə bağlı Cavabdeh2 bildirmişdir ki, göstərilən tarixdə yol vərəqəsi ilə idarə etdiyi Daewo markalı 10TF897 dövlət nömrə nişanlı avtomobillə F.X.Xoyski küçəsi ilə üzü Atatürk pr.ti istiqamətində hərəkətdə olarkən sağa manevr edərkən ondan sağdakı İveco markalı **-JH-*** dövlət nömrə nişanlı avtomaşının sol arxa yan hissəsi ilə toqquşmuşdur. - xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cü il tarixinə kimi sığortalanmış “xxxx” MMC-yə məxsus olan “İveco Crealis” markalı 99JH258 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoysk küçəsi ərazisində xx.xx.2018-ci il tarixdə YNH baş vermiş və nəqliyyat vasitəsinə 755,50 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2019-cu il tarixli, EAAW seriyalı elektron qaiməyə əsasən “xxxx” ASC tərəfindən 755.50 manat sığorta ödənişi “xxxx” MMC-yə ödənilmişdir. - xx.xx.2019-cu il tarixli, 001XOH********** saylı ödəniş tapşırığına əsasən 755,50 manat “xxxx” tərəfindən “xxxx” MMC-nin hesabına ödənmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və yafaydalanan şəxs qarşısında maddiməsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2018-ci il tarixli zərər aktı təqdim olunmuşdur. Həmin sənəddə iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə 755,50 manat dəyərində zərər dəydiyi qeyd olunmuşdur. Zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması ilə bağlı isə məhkəməyə sübut kimi Bakı şəhəri BPİ DYPİ-inin izahatına əsasən xx.xx.2018-ci il izahatı və xx.xx.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış təqdim olunmuşdur. Həmin sənəddə təqsirkar şəxs kimi Daewo markalı 10TF897 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Eyni zamanda həmin sürücü Cavabdeh3 firmasının sürücüsü olması işdə olan yol vərəqəsi ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə vəi.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1099.1-ci maddəsinin tələbi baxımından sığortalı nəqliyyat vasitəsinə dəymiş zərərin subroqasiya qaydasında cavabdeh “Cavabdeh3 firmasından” tələb etməsi qanunauyğundur. Həmçinin məhkəmə hesab edir ki, tələbin “xxxx” MMC –yə yönəldilməsi əsassızdır. Belə ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçi “xxxx” MMC olsa da, lizinq verən şəxs kimi lizinq obyektinin icbari sığorta etdirməsi barədə hər hansı norma yoxdur və ya belə norma olsa belə dəymiş zərərin ödənilməsi üçün əsas hesab edilə bilməz. O cümlədən dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün nəzərdə tutulmuş əsaslardan biri mövcud olsa da, digər əsaslar, yəni, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması halları mövcud olmadığından iddia ona hissədə rədd edilməlidir. Digər Cavabdeh2 aid hissə də isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan normadan göründüyü kimi sürücü qismində zərər vurmuş şəxs Cavabdeh2 olsada onun vurmuş olduğu zərəri işç kimi fəaliyyət göstərdiyi və dəymiş zərərin ödənilməsi öhdəliyi olan Cavabdeh3 firması tərəfindən reqres qaydasında tələb edilə biləcəyindən hazırkı mərhələdə sığorta ödənişin onda tutulması qanunauyğun hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də Cavabdeh3 firmasından iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 firmasına, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası qismən təmin edilsin. 755,50 manat məbləğində pul vəsaiti Cavabdeh3 firmasından tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 aid hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh3 firmasından tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar