Məhkəmə qərarları › İş №e-2-2(113)-253/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-253/2022

16.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-253/2022 16.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi (İddiaçı direktoru) Nümayəndə1, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Zamanlı" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi) qarşı alqısatqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Zamanlı" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 may 2019cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən 330 KVA gücündə generatorun alınması üçün ödənilən 49.147 manat və ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş haqqın 50% hissəsi kimi 100 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, 49.277 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, habelə cavabdeh “Zamanlı" MMC-nin "xxxx" əmtəə nişanından saxtakarlıqla istifadə etməklə qanunsuz gəlir əldə etməsində inzibati və ya cinayət hüquq pozuntusu tərkibinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Zamanlı" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən, cavabdeh iddiaçıya malları müqaviləyə əlavə edilmiş qiymət protokolunda göstərilən qiymətlər əsasında satmağı, habelə iddiaçıya satılan malların keyfiyyətli olmasını təmin etməyi (müqavilənin 3-cü maddəsinin 2-ci bəndi) öhdəsinə götürmüşdür. İddiaçı isə cavabdeh tərəfindən təqdim edilən malların dəyərini cavabdehə ödəməyi, müqavilə üzrə təqdim edilən malları təhvil almağı üzərinə götürmüşdür. İddiaçı tərəfindən 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilsə də, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir. Belə ki, həmin müqavilə əsasında cavabdehin iddiaçıya satdığı 330 KVA gücündə "xxxx" markalı generator keyfiyyətsiz olmuşdur. Sözügedən generator iddiaçının Ədliyyə Nazirliyi ilə bağlanılan satınalma müqaviləsinə əsasında Ədliyyə Nazirliyinə satılmışdır və generatorun keyfiyyətsiz olması ilə bağlı Ədliyyə Nazirliyindən iddiaçıya 23 fevral 2020-ci il tarixli, 8/125 saylı məktub daxil olmuşdur. Məlum olmuşdur ki, göstərilən generatorun işində tez-tez dayanmalar, qısa qapanmalar, bəzi hissələrində çatlar müşahidə edilmişdir. Həmçinin, generatoru yoxlayarkən təyin edilmişdir ki, həmin generatorun üzərində "xxxx" əmtəə nişanı göstərilsə də, generator hissələri "xxxx" tərəfindən istehsal edilməmişdir və "xxxx" əmtəə nişanı ilə əlaqəsi yoxdur. Başqa sözlə, cavabdeh nəinki göstərilən alqı-satqı müqaviləsi üzrə mülki öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir, hətta keyfiyyətsiz generatoru "xxxx" markalı keyfiyyətli generator kimi satmışdır, "xxxx" əmtəə nişanından saxtakarlıqla istifadə edərək iddiaçını aldatmış, ciddi hüquq pozuntusuna yol vermiş və qanunsuz gəlir əldə etmişdir. İddiaçı tərəfindən Ədliyyə Nazirliyinə satılan qüsurlu və keyfiyyətsiz generator yenisi ilə əvəz edilmişdir. Eyni zamanda, 330 KVA gücündə olan generatorda üzə çıxan və iddiaçının daha əvvəldən bilmədiyi nöqsanlar barədə cavabdehə vaxtında və bir neçə dəfə şifahi məlumat verilmişdir. Bundan başqa, cavabdehə 12 iyul 2021-ci il tarixli və 09 avqust 2021-ci il tarixli pretenziya məktubları göndərilsə də, cavabdeh tərəfdən məsələnin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsinin 7-ci maddəsinə görə, bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Mübahisənin mediasiya qaydasında həll edilməsi də mümkün olmamış, cavabdehin inkarçı və qanunsuz mövqeyi davam etdirildirildiyindən prosesin davam etdirilməsi barədə razılıq əldə olunmamışdır. İlkin mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən 200 manat ödənilmişdir. Beləliklə, qeyd olunanlar cavabdehin öz müqavilə üzrə öhdəliklərinə laqeyd yanaşdığını, vicdanla davranmadığını göstərir, cavabdehin mövqeyinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üzrə müəyyən olunan dövlət siyasəti ilə, qeyri-neft sektorunun inkişafı və elektron dövlət strategiyaları ilə tam ziddiyyət təşkil etdiyini sübut edir. Ona görə də, 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən 330 KVA gücündə generatorun alınması üçün ödənilən 49.147 manat və ilkin mediasiya prosesində iştirak üçün ödənilən xərcin 50% hissəsi – 100 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmalıdır. İddiaçı həmçinin iddia təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabında olan pul vəsaitinin və mülkiyyətində olan daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulması, əmlakın özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4745/2021 saylı, 24.09.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh “Zamanlı" MMC-yə məxsus "xxxx" ASC-də olan H/H: AZ65MUGA**********00110AZM00; VÖEN-**********; M\HESAB: AZ41NABZ******************** saylı, Bank Kodu-506162 bank hesabında pul vəsaitinə iddia tələbi həcmində, yəni 49.147 (qırx doqquz min yüz qırx yeddi) manat məbləği həcmində işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Daha sonra iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 23 may 2019-cu il tarixli, 19/2305 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilən 49.147 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilən haqqın 50% hissəsi kimi 100 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “Zamanlı" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, habelə cavabdeh “Zamanlı" MMC-nin hərəkətlərindəki cinayət əlamətləri barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. 12.01.2022-ci il tarixdə cavabdeh “Zamanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edir ki, cavabdeh ona "xxxx" markalı generator satmışdır. Bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməyib. a) İddiaçı ilk öncə sübut etməlidir ki, AR Ədliyyə Nazirliyinə satdığı generatoru onlardan almışdır. Bununla bağlı iddiaçı məhkəməyə nə alqı satqı müqaviləsi nə də təhvil-təslim aktı təqdim etmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2019-cu ilin may ayında bağlanmış alqı-satqı müqaviləsində cavabdehin ona "xxxx" markalı generator satması öz əksini tapmır. Həmin müqavilədə sadəcə 330 kv-lıq generatorun satılması qeyd edilmiş, markası ilə bağlı hər hansı şərt müqaviləyə daxil edilməmişdir. Təqdim edilən generatorun markası ilə bağlı elektron qaimədə heç bir məlumat yoxdur. Nə də ki, müqavilə üzrə alınmış generatorun təhvil-təslim aktı yoxdur ki, həmin akt əsasında təqdim edilən generatorun markası müəyyən edilsin. Bu səbəblə də iddiaçının Ədliyyə Nazirliyinə satdığı generatorun onlardan aldığı generator olması sübut olunmur. b) İddiaçı iddia ərizəsində istinad edir ki, bəs üçüncü şəxs kimi işə qoşulmuş ƏN-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, bəs guya həmin generatoru Zamanlı MMC-nin nümayəndələri gəlib quraşdırmışdır. Bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edilməyib. Çünki üçüncü şəxsin nümayəndəsi belə bir rəsmi sənədin olmadığını bildirdi. O, yalnız şifahi olaraq bildirdi ki, guya cavabdehin nümayəndələri həmin generatoru quraşdırmışdır. Bununla bağlı hər hansı sübutun olub-olmadığını soruşduqda o, olmadığını bildirdi. Lap fərz etsələr ki, üçüncü şəxs bu halı sübut etsə belə, yenə də, həmin generatorun cavabdeh tərəfindən iddiaçıya satılan generator olmasını təsdiq edə bilməz. Çünki, cavabdehlə üçüncü şəxs arasında həmin generatorun cavabdehdən alınmasını təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. 2. İddiaçı qeyd edir ki, cavabdeh onu aldadaraq original "xxxx" markalı generator əvəzinə saxta "xxxx" markalı generator satmışdır. (aldatmanın mövcud olması ümumiyyətlə sübut oluna bilmir çünki, birinci hal sübut olunmur.) . Sübutlarla bağlı onu qeyd edə bilərlər ki, yuxarıda da qeyd etdikləri kimi iddiaçı tərəf ilk öncə sübut etməlidir ki, AR ƏN-ə satdığı genarator cavabdehdən aldığı generatordur. Belə ki, iş materiallarında bununla bağlı heç bir sübut yoxdur. Yəni iddiaçı tərəf hər hansı sübut təqdim etməyib ki, cavabdeh tərəf ona saxta "xxxx" markalı generator satmışdır. Belə olduğu halda necə ola bilər ki, cavabdeh tərəf iddiaçı tərəfi aldatmışdır. MM-in 339.2-ci maddəsinə əsasən “Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.” İddiaçı tərəf iddia ərizəsində MM-in qeyd edilən normasının yalnız birinci cümləsini qeyd edib, özünə uyğun şəkildə şərh etmişdir. Hesab edirlər ki, normanın birinci cümləsinə tam diqqət etdikdə müəyyən edilir ki, şəxs o vaxt əqdi mübahisələndirə bilər ki, əqdin bağlanması üçün aldatmanı edən tərəfin qəsdinin olduğunu sübuta yetirsin. Hesab edirlər ki, bu hal sübut olunmur. Həmin normanın məzmunundan görünür ki, aldatmanın birinci şərti aldadan tərəfin qəsdinin olmasıdır. Lakin iş materiallarında bunu sübut edəcək heç bir dəlil yoxdur. Yəni ümumiyyətlə, iddiaçının aldatma qəsdinin nə olması tam aydın deyildir. İddiaçı iddia edir ki, guya cavabdeh onu aldadaraq "xxxx" markalı generator əvəzinə başqa generator vermişdir. Halbuki müqavilə şərtlərində "xxxx" generatorunun verilməsi olması ilə bağlı hər hansı şərt yoxdur. Belə şərt yoxdursa, necə ola bilər ki, iddiaçı tərəf onu aldadıb. Ümumiyyətlə, iddiaçı hələ sübuta edə bilmir ki, cavabdeh tərəf ona "xxxx" markalı generator əvəzinə başqa generator veribdir. Bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin normanın 3-cü bəndini də qeyd etməkdə zərurət vardır. “Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin”. Hər iki normanın məzmunundan görünür ki aldatmada əsas meyar aldadının aldatmaq niyyətinin olmasıdır. Əgər bu yoxdursa bu səbəblə əqd etibarsız hesab edilə bilməz. Aldatma predmeti müqavilənin əsas şərti olmalıdır, yəni aldatma ilə müqavilənin bağlanması arasında səbəbli əlaqə olmalıdır. Aldadan aldanılan tərəfi müqavilə bağlamağa həvəsləndirmək üçün ona bilərək və istəyərək yalan məlumatlar verməlidir.Yəni aldadanda aldatma qəsdi olmalıdır. Aldadan tərəf qarşı tərəfdə meydana gətirdiyi, qüvvətləndirdiyi və qoruduğu aldanmanı bilməli, istəməli və heç olmazsa bilmək məcburiyyətində olmalıdır. Aldatma qəsdinin olmaması halında isə qurucu ünsürün olmaması səbəbi ilə aldantmadan söhbət gedə bilməz. 3. İddiaçı qeyd edir ki, cavabdeh onu aldadaraq orginal "xxxx" markalı generator əvəzinə saxta "xxxx" markalı generator satmışdır. a) Bu halla bağlı ilk öncə onu qeyd edirik ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəf iddiaçıya saxta "xxxx" markalı generator satmamışdır. Bu sadəcə iddiaçının fərziyəsidir. Belə ki, ola bilər ki, iddiaçı özü ƏN-ni aldadıb başqa generatoru alıb üstünə "xxxx" markasını yapışdırıb və satıb. Niyə də olmasın? Bunun qarantiyasını kim verə bilər ki, iddiaçı özü bunu etməyib. İddiaçı indi sadəcə ƏN qarşısında məsuliyyətdən azad olmaq istəyir və bu səbəblə də cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) İddiaçı bildirir ki, onun ƏN-ə satdığı generatorun qüsurlu olması barədə məlumatı 2021-ci ilin aprel ayında olmuşdur. Halbuki, iddiaçı burdada da yalan məlumat verməklə, məhkəməni yanıldır. Belə ki, iddiaçı ƏN-ə satdığı genartorun qüsurlu olması ilə bağlı 2020-ci ilin fevral ayından məlumatlı olmuşdur. Bu səbəblə də iddiaçı yuxarıda qeyd edilən halları sübut etmiş olsa belə müddətin keçməsi səbəbi ilə onun iddiası rədd edilməlidir. Belə ki, MM-in 354.2-ci maddəsində qeyd edilir ki, “Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” Maddənin məzmunundan aydın olur ki, tərəf bilməli olduğu vaxtdan bir illik müddət üçün zaman axımı başlayır. Əgər iddiaçı 2020-ci ilin fevral ayından bilirdisə ki, generator (yəni onların satıb-satmadığı bəlli deyil) xarabdır, həmin vaxtdan bilməli idi ki, aldadılıb. Bu səbəblə də iddiaçı belə tələblə məhkəməyə müraciət etsə də, müddətin keçməsi səbəbi ilə iddia rədd edilməlidir. 02.03.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə verərək, əqdin etibarsız hesab edilməsinə görə ləğv edilməsi əsası ilə deyil, məhkəməyə müraciət edərkən verilmiş ilk iddia tələbinin təmin edilərək alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən 330 KVA gücündə generatorun alınması üçün cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilən 49.147 manat məbləğində pulun, ilkin mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən ödənilmiş haqqın 50% hissəsi kimi 100 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 49.277 manat məbləğində pulun tutularaq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdeh "xxxx" MMC-nin hərəkətlərindəki cinayət əlamətləri daşıyan əməllər barədə məhkəmənin xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, cavabdeh tərəfindən onlara təqdim edilmiş gömrük bəyannaməsində ölkəyə ixrac olunan 330 KVA gücündə generatorun "xxxx" markalı olduğu göstərilir. Məlumdur ki, malın üzərindəki marka və ya digər əlamətin gömrük bəyannaməsində göstərilənlə eyni olduqda gömrük orqanının əməkdaşları malın idxal olunmasına etiraz eləmir və bu generatorun ölkəyə ixrac olarkən həqiqətən üzərində "xxxx" markası yazıldığını təsdiq edir. Lakin cavabdehin nümayəndəsi və vəkili bildirir ki, "xxxx" MMC tərəfindən ümumiyyətlə "xxxx" markalı generatorlar satılmır. Bu fakt da cavabdehin məhkəmədə qeyri-səmimiliyini sübut edir, beləliklə iddianı qəbul etməməklə istinad etdiyi digər halları da şübhə altına qoyur. Hansı ki, cavabdehin həmin gömrük bəyannaməsini iddiaçıya təqdim etməkdə məqsədi generatorun markası ilə bağlı iddiaçıda əminlik yaratmaq, generatorun güya "xxxx" markasına məxsus olduğunu sübut etmək olmuşdur və göstərilənlərin alqı-satqı əqdinin aldatma yolu ilə bağlanmasına xidmət etdiyinə dəlalət edir. Gömrük bəyannaməsində cavabdehə generatoru təqdim edən tərəfin “X3 Hırdavat Sanayi ve Dış Tic. LTD.ŞTİ -nin olduğu, ünvanının isə Türkiyə, İstanbul, Beyoğlu, Arap Cami mah. Tersane Cad. No 64 A olduğu göstərilib. Məlumdur ki, cavabdeh tərəf israrla bildirir ki, iddiaçıya "xxxx" deyil, “Saro” markalı generator satıbdır. Bildirirlər ki, “Saro” markası qeyd olunan “X3 Hırdavat Sanayi ve Dış Tic. LTD.ŞTİ firmasının rəsmi markasıdır və firmanın mərkəzi ofisinin ünvanı da rəsmi veb saytlarına əsasən İstanbul, Beyoğlu, Karaköy, Tersane Cad. No 64/A ünvanıdır. İstər ünvanların eyni olması, istərsə də cavabdehin Saro markalı generatorların alqı-satqısı ilə məşğul olduğunu qəbul etməsini nəzərə alsalar heç bir tərəfin buna etirazı edə bilməməli olduğu qənaətinə gəlirlər. Lakin təəccüblü məqam odur ki, bəyannamədə məlum olmayan səbəbdən "xxxx" markalı generatorun ölkəyə ixrac olunduğu göstərilir. Qeyd edir ki, "xxxx" markalı generatorların rəsmi istehsalçısı olan "xxxx" Jeneratör Sanayi A.Ş-nin rəsmi veb saytına görə ünvanı Rüzgarlıbahçe Mahallesi, Özalp Çıkmazı, No: 10 34805, Kavacık, Beykoz, İstanbuldur və mübahisə predmeti olan generator göstərilən ünvandan alındığı təqdirdə bəyannamədə və mənşə şəhadətnaməsində sözsüz ki, həmin "xxxx"nın qeyd olunan ünvanı yazılmalı idi. Lakin hər hansı bir firmanın digər firmanın loqosunu daşıyan məhsulu öz ofisində satmayacağını nəzərə alsaq, bu zaman sual yaranır ki, nəyə görə cavabdeh bəyannamədə generatoru "xxxx" kimi təqdim edir və bu nəyə xidmət edibdir, hansı məqsədlə belə edilibdir. Göstərilənlər və cavabdehin bəyannaməyə istinad edərək iddiaçını inandırmağa çalışması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlandığı xüsusatını bir daha möhkəmləndirir. Bəyannaməyə sübut kimi istinad olunarkən "xxxx" sözünün bəyannamədə əks olunması cavabdeh tərəfin istinad etdiyi halın əsassız olduğunun aşkarlanmasında rol oynayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (İddiaçı direktoru) Nümayəndə1 nümayəndə və vəkil Nümayəndə2 dedikləri ilə razılaşaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Direktor əlavə olaraq bildirdi ki, müqavilədə generatorun markası cavabdehin xahişi ilə qeyd edilməmişdir. Ödədikləri məbləğ ilə təklif məktubunda qeyd edilən məbləğin fərqli olmasının səbəbi cavabdehin bazarda qiymətlərin dəyişməsini qeyd etməsidir. Məbləğlər arasında cəmi 1.500-1.700 manat fərq var idi. Buna görə də 41.500 manat ödəmək qərarına gəldilər. Şifahi olaraq generatordakı qüsurun aradan qaldırılmasını xahiş etmişlər. Qarşı tərəf onlara generatorun əvəz edilməsi barədə vədlər verirdi. Bu vədlər verilməsəydi, onlar mart ayında iddia irəli sürəcəkdilər. Direktor məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, mart ayının 12-13-də generatorda problem yaranmışdır və cavabdehin əməkdaşı şifahi formada generatorun dəyişdiriləcəyini bildirmişdir. Generatorun cavabdeh tərəfindən quraşdırılması ilə bağlı şifahi təklif edilirdi. Hətta reklamda da belə qeyd edilirdi. AR Ədliyyə Nazirliyi ilə aralarında bağlanılan müqavilə və təhvil-təslim aktında generatorun markası yazılıb, seriya nömrəsi və buraxılış ili isə yazılmayıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, iddia ərizəsinə verdiyi yazılı etirazının məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Vəkil2 həmçinin izahatında iddiaçıya "xxxx" deyil Saro markalı generator satıldığını, Firmanın 20-30 ildir ki, bu istiqamətdə fəaliyyət göstərdiyini, fərqli markalardan olan generatorlar idxal etdiyini, aralarında "xxxx" markalı generatorların da olduğunu və generatorların Türkiyə Respulikasında istehsal olunduğunu qeyd etmişdir. Vəkil2 əvvəlki məhkəmə iclasında təqdim edilən sübutlarla bağlı əlavə edərək bildirdi ki, təqdim edilən təklif məktubunda “Doosan” markalı generator təklif edilmişdir. Həmin təklif məktubunda təklif olunan generatorun qiyməti 23.000 ABŞ dolları yəni 39.100 manat məbləğində göstərilmişdir. İş materiallarından isə iddiaçının 41.500 manat ödədiyi görünür. Burdan belə nəticəyə gəlirlər ki, iddiaçı təklif məktubunda qeyd olunan generatoru almayıb. Onlar dəqiq deyə bilərlər ki, iddiaçıya "xxxx" markalı generator satmamışlar. Yazışmalar ilə bağlı qeyd edir ki, 31.03.2021-ci il tarixdə iddiaçı "xxxx" markalı generatorun məlumatlarını göndərsə belə onlar “Saro” markalı generatorun məlumatlarını göndərmişlər. Bəyannamələri isə 2019-cu ilə aid "xxxx" generatorları ümumiyyətlə satmadıqlarını sübuta yetirmək üçün göndərmişlər. Üçüncü şəxs izahatında generatorun cavabdeh tərəfindən quraşdırıldığını qeyd edir. Müəyyən edilməlidir ki, generatorun quraşdırılması cavabdehin öhdəliyində idi ya yox. Müqavilədə generatorun modelini qeyd etmək istəməyən qarşı tərəf idi. Vəkil2 ona verilən suala cavab olaraq iddiaçının təqdim etdiyi yazışmaların həqiqiliyini qəbul etdiklərini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin nümayəndəsi vermiş olduğu izahatında qeyd etmişdir ki, İddiaçı MMC ilə bağladıqları alqısatqı müqaviləsinə əsasən aldıqları 330 kva-lıq generator "xxxx" MMC tərəfindən onlara (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi) təhvil verilmiş, quraşdırılma idarənin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Quraşdırdıqdan sonra çalışmağa başlaması üçün işə salınma düyməsinə basılmalı idi. Bununla bağlı İddiaçınə müraciət etdilər və onlar da bildirdilər ki, generatoru kim gətiribsə o da işə salmalıdır. "xxxx" MMC-nin işçisi kimi özünü təqdim edən iki şəxs gəldi və generatoru işə saldı. Həmin iki nəfərdən şifahi formada zəmanət talonunu verməyi xahiş etdilər, bildirdilər ki, daha sonra təqdim edəcəklər. Bugünədək hər hansı sənəd təqdim edilməmişdir. Bir müddət sonra, mart ayında servis şirkətinə generatorun yerləşdiyi yerin nəm olması səbəbi ilə müraciət etdilər. Servis şirkəti generatorun mühərrikinin blokunda çat olduğunu bildirdi. Həqiqətən də çat var idi. İddiaçı MMC-yə müraciət etdilər. Araşdırdılar və məlum oldu ki, üzərində "xxxx" yazılmasına baxmayaraq generator həmin firmaya aid deyil. Nümayəndə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, “ona şifahi olaraq da"xxxx" firmasına aid generatorun gətirələcəyi bildirilmişdir. Generatorun üzərində də "xxxx" yazılmışdır. Generator 2019-cu ilin yay aylarında quraşdırılmışdır. Qüsurlu olması 2020-ci ilin mart ayında məlum olmuşdur. Qüsur ondan ibarətdir ki, mühərrikin detalında çat mövcud olmuşdur. Qüsurlu detalı əvəz etmək üçün generatorun mühərriki dəyişməlidir. Generatoru "xxxx" MMC-nin nümayəndəsi işə salmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - **********2567 saylı, 11.03.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, “X4 Hırdavat San ve Dış.Tic.Ltd.Şti” tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 1 ədəd "xxxx" markalı gücü 330 KVA olan sıxılmadan alışan porşenli daxili yanma mühərrikli elektro generator – AD 330KVA (Buraxılış: 2015-ci il) AR-ın gömrük sərhədindən keçirilmişdir. - İddiaçı MMC (icraçı) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi (sifarişçi) arasında 15 aprel 2019-cu il tarixdə 196 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə görə tərəflər təsdiq edirlər ki, sifarişçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi struktur qurumlarına kompüter və digər avadanlıqların satınalınması üçün LOT 3 üzrə icraçının 125.135,46 manat (18% ƏDV ilə birlikdə) məbləğində tender təklifini qəbul etmişdir. 2.2-ci bəndinə görə icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan kompüter və digər avadanlıqların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 7-ci bəndinə əsasən göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş standartlara, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 15 aprel 2019-cu il tarixdə 196 saylı müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların – o cümlədən 1 ədəd Generator 330 KVA "xxxx" dəyəri 58.000 manat olmaqla, ümumi qiymətləri ƏDV daxil 125.135,46 manat müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 23 may 2019-cu il tarixdə 19/2305 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan bütün malların bu müqavilə ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürürlər. 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış müqaviləyə əsasən EVHF və elektron qaimə-faktura əsasında rəsmiləşdirilir. 3.2.2-ci bəndinə əsasən alıcıya satılan malların keyfiyyətli olmasını təmin etməsi; 3.2.5-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü digər vəzifələrin yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürməsi satıcının vəzifələrindəndir. 3.3.2-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb etmək alıcının hüquqlarındandır. 3.4.2-ci bəndinə əsasən malların qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifələrindəndir. 6.1-ci bəndinə əsasən bu müavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və 23.05.2021-ci il tarixədək qüvvədədir. Bu müddətdən sonra tərəflərdən hər hansı birinin təşəbbüsü ilə bir həftə ərzində müqaviləyə xitam verilməzsə, müqavilənin müddəti eyni şərtlərlə və eyni müddətdə uzadılmış hesab edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC tərəfindən müqavilə əsasında ümumilikdə (14.382 manat ƏDV daxil) 94.282 manat (ƏDV-siz 79.900 manat) məbləğində müxtəlif adda malların (1 ədəd - 850212000-Generator 330 KVA; 3 ədəd - **********-Generator 70-77 KVA) təqdim edilməsinə dair 641740 nömrəli, 25.07.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - 23 may 2019-cu il tarixli 19/2305 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların – 1 ədəd Generator 330 KVA qiyməti 41.650 manat, 3 ədəd Generator 70-77 KVA (1 ədədin qiyməti 12.750 manat olmaqla) 38.250 manat, ümumi məbləğ ƏDV daxil 94.282 manat müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş hesab-faktura ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş malın dəyəri ƏDV daxil olmaqla (14.382 manat ƏDV daxil) 94.282 manat (ƏDV-siz 79.900 manat) manat təşkil edir. - 12.06.2019-cu il tarixli 005AZ**********009 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 79.900 manat məbləğində pul vəsaiti ödənilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə 23.02.2020-cı il tarixli 8/125 nömrəli məktub ünvanlanaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 15 aprel 2019-cu il tarixli 196 nömrəli satınalma müqaviləsi əsasında İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş 330 KVA gücündə "xxxx" markalı generatorun işində ciddi qüsurlar aşkara çıxmış, dəfələrlə qəfil dayanmalar, qısa qapanmalar müşahidə edilmiş, generatorun müxtəlif detallarında çatlar yaranmışdır. Təqdim edilən 330 KVA gücündə generatorun qüsurlu olması bu generatorun aralarında bağlanmış 15 aprel 2019cu il tarixli, 196 nömrəli satınalma müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini, lazımi standartlara cavab vermədiyini göstərmişdir. Bu barədə bir neçə dəfə şifahi məlumat verilsə də, məsələnin həlli istiqamətində tərəflərindən heç bir tədbir görülməmişdir. Ona görə də MMC tərəfindən satılmış qüsurlu generatoru 10 gün ərzində yenisi və keyfiyyətlisi ilə əvəz edilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə tədbirlərindən istifadə etmək məcburiyyətində qalacağı qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən "xxxx" şirkətinin idarə heyətinin rəhbərliyinə 31.03.2021-cı il tarixli 8/196 nömrəli məktub ünvanlanaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 07 avqust 2019-cu il tarixdə 2019-cu ildə istehsal olunmuş "xxxx" markalı (model “AD 330”, seriya nömrəsi “AD 7320035”, 330 KVA, alternator seriya nömrəsi “557139524”) generator alınmışdır. Generator quraşdırıldığı vaxtdan bu günədək cəmi 4 saat 12 dəqiqə işləmiş, bu müddət ərzində şaxtalı hava müşahidə edilməmiş, lakin mühərrik blokunun üst hissəsi çatlamış və nəticədə antifriz sızıntısı baş vermişdir. Qeyd olunan hadisənin baş verməsinə səbəb generator istehsal olunduğu zaman keyfiyyətsiz mühərrik blokunun quraşdırılması ehtimal olunur. Bununla əlaqədar qüsurun aradan qaldırılması üçün əvəzsiz ehtiyat hissəsinin təmin edilməsinə köməklik edilməsi xahiş edilmiş və istismar müddəti ərzində generatora daimi texniki servis xidməti göstərilməsi bildirilmiişdir. - "xxxx" Generator Sənayesi A.Ş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 31.03.2021-cı il tarixli 8/196 nömrəli məktubuna 06.04.2021-ci il tarixli məktubla (e-mail: mailto:aksa@aksa.com.trElektron ünvan 1) cavab olaraq bildirmişlər ki, Ədliyyə Nazirliyinin servis tələbindən sonra şirkətlərinin rəsmi distribyutoru X6. tərəfindən 1 ədəd generator dəstinə edilən nəzarətdə, "xxxx" AD330 model 330 KVA generatorun üzərindəki “Doosan” P126Tİ-İİ və AK5240 alternator etiketlərinin bu generatora aid olmadığı aşkar edilmiş, mövcud generatorun alternator və mühərrikinin hansı şirkət tərəfindən istehsal edildiyi müəyyən edilməmişdir. Ədliyyə Nazirliyinin tələbi ilə şirkət tərəfindən mövzu ilə əlaqəli ətraflı araşdırma başladılmış, sözügedən generator və alternatorun üzərində olan şirkətlərinin adı, loqotipi və ticarət nişanı məlumatlarının şirkətlərinin izni və xəbəri olmadan qanunsuz olaraq istifadə edildiyi və sözügedən məhsulların şirkətlərinin istehsalı olmadığı, kabinetin şirkətləri ilə heç bir əlaqəsi olmadığı və saxta olduğu müəyyən edilmişdir. Mühərrikin etiketinin üstündə olan “X5.Ltd” markası ilə bağlı edilən araşdırmalarda da göstərilən seriya nömrəsində mühərrikin qeydiyyatda olmadığı öyrənilmişdir. - 30-31.03.2021-ci il tarixlərində İddiaçı MMC-nin əməkdaşı ilə "xxxx" MMC-nin ("xxxx" MMC-nin rəsmi saytında qeyd edilmiş mobil nömrə +994 50 241 22 22) əməkdaşı arasında aparılmış “WhatsApp” yazışmaları ilə təsdiq edilir ki, İddiaçı MMC-nin əməkdaşı "xxxx" MMC-dən (4 ədəd) "xxxx" generatorlarının rəsmi (real) istehsalçı şirkətinin və həmin şirkətin sözügedən əmtəə nişanından qeyri-qanuni istifadə edib-etmədiyinin dəqiqləşdirilməsini, həmin generatorun hansısa rəsmi alış sənədinin (gömrük bəyannaməsi və digər sənəd) təqdim edilməsini tələb etmiş, istehsalçı şirkət tərəfindən sorğuya rəsmi cavab verilməsi üçün generatorun modelinin və seriya nömrəsinin onlara göndərilməsinin vacib olduğu bildirilmiş, 641740 nömrəli, 25.07.2019-cu il tarixli elektron qaimədə qeyd edilən 4 ədəd generatorun modelinin və seriya nömrəsinin İddiaçı MMC-yə e-maillə göndərilməsi xahiş edilmiş və cavabdeh olaraq "xxxx" MMC tərəfindən "xxxx" markalı generatorun AR-ə gətirilməsini təsdiq edən gömrük bəyannaməsinin, eləcə də digər sənədlərin (mənşə şəhadətnaməsi) şəkilləri İddiaçı MMC-yə göndərilmişdir. - "xxxx" MMC-nin direktoru X1 adından (e-mail:Elektron ünvan 2) elektron poçt vasitəsilə "xxxx" MMC-yə (e-mail:inarai@bakinity/biz) ünvanlanmış 23.05.2019-cu il tarixli təklifdən görünür ki, "xxxx" MMC-yə 1 ədəd motoru “Doosan” markalı, alteratoru "xxxx" markalı, gücü AD330 KVA olan "xxxx" markalı (təklifin yuxarısında powered by: "xxxx" yazılmışdır) generator təklif edilmişdir. Təklifdə həmin generatorun qiyməti ƏDV xaric 23.000 ABŞ dolları göstərilmişdir. - İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 12.07.2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 10 gün ərzində 23 may 2019-cu il tarixli 19/2305 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin vicdanlı icrasının təmin olunmasını, cəmiyyətlərinə satdıqları 330 KVA gücündə qüsurlu generatorun keyfiyyətli generatorla əvəz edilməsi və ya qüsurlu generator üçün cəmiyyətlərinin onlara ödədiyi məbləğin geri qaytarılması xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə tədbirlərindən istifadə ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 23 may 2019-cu il tarixdə 19/2305 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC İddiaçı MMC-yə digər mallarla yanaşı, 1 ədəd 330 KVA-lıq generator təqdim etmiş və İddiaçı MMC tərəfindən həmin generatorun dəyəri olan ƏDV daxil 49.147 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Hazırda İddiaçı MMC "xxxx" MMC ilə aralarında sözügedən müqaviləyə əsasən təqdim ediləcək 330 KVA –lıq generatorun "xxxx" markalı olması barədə razılığa gəldiklərini, sonradan "xxxx" MMC-dən alınmış həmin generatorun tərəflərindən iş üzrə üçüncü şəxs Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə satıldığını, generatorun cəmi 4 saat işlədikdən sonra sıradan çıxdığını, generatorda aşkar edilmiş qüsurun aradan qaldırılması üçün servis şirkətinə müraciət etdikdə generatorun "xxxx" markasına aid olmamasının, üzərinə saxta etiketlərinin vurulmasının aşkar edildiyini əsas göstərərək keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürmüşdür. Cavabdeh "xxxx" MMC isə iddianı qəbul etməmiş və İddiaçı MMC ilə aralarında təqdim ediləcək generatorun markası ilə bağlı heç bir razılaşma olmadığına, alqı-satqı müqaviləsində generatorun markasının göstərilmədiyinə, iddiaçıya "xxxx" markalı generator satmadıqlara, eyni zamanda iddiaçının AR Ədliyyə Nazirliyinə satdığı generatorun onlardan alınmasını sübuta yetirə bilməməməsinə istinad edərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən AR Ədliyyə Nazirliyinə satılmış 330 KVA-lıq generatorun cavabdehdən alınmış generator olub-olmaması, iddiaçı ilə cavabdehin arasında məhz "xxxx" markalı generatorun alğı-satqısı barədə razılığın olub-olmaması və cavabdeh tərəfindən iddiaçıya "xxxx" markalı generatorun əvəzinə üzərinə "xxxx" nişanı vurulmuş istehsalçısı bəlli olmayan generatorun təqdim edilib-edilməməsi kimi hallar işin mübahisəli hallarını təşkil edir. Tərəflər arasında məhz "xxxx" markalı generatorun alğı-satqısı barədə razılaşmanın mövcud olub-olmaması məsələsi ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, mübahisəli alğısatqı müqaviləsində generatorun markası qeyd olunmasa da, müqavilənin bağlandığı tarixdə "xxxx" MMC-nin direktorunun adından elektron poçt vasitəsilə Bakinity Distribution” MMC-yə göndərilmiş məktubda mühərriki “DOOSAN” markalı, alteratoru "xxxx" markalı olan "xxxx" şirkəti tərəfindən istehsal olunmuş 330 KVA-lıq generatorun təqdim edilməsinə dair təklif verilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən Ədliyyə Nazirliyinə satılmış generatorda qüsur aşkar edildikdən sonra (2021-ci ilin martında) tərəflər arasında aparılmış “whatsapp” yazışmalarından da görünür ki, iddiaçının əməkdaşı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə verilmiş e-qaiməyə əsasən təqdim edilmiş generatora aid sənədlərin göndərilməsi xahiş edildikdən sonra cavabdehin əməkdaşı tərəfindən "xxxx" markalı generatorun AR ərazisinə gətirilməsinə dair gömrük bəyannaməsinin şəkli iddiaçı tərəfə göndərilmişdir. Yuxarıda göstərilən e-mail və “whatsapp” yazışmalarının həqiqiliyi cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. MPM-in 89.2-ci maddəsinə görə: faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Beləliklə, hazırkı halda e-mail və “whatsapp” yazışmalarının həqiqiliyi işin mübahisə edilməyən halı olduğundan həmin yazışmalar məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Cavabdehin nümayəndəsinin e-mail yazışmaları ilə bağlı istinad etdiyi - iddiaçıya email vasitəsilə göndərilmiş təklifdə qeyd olunmuş qiymətlə müqavilədə göstərilmiş qiymətin fərqlənməsi və göstərilən halın iddiaçıya həmin təklifdə göstərilmiş generatorun deyil, digər generatorun satılmasını təsdiq etməsi barədə - dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf fərqli markalı generatorun təqdim edilməsi ilə bağlı iddiaçıya təklif verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Whatsapp” yazışmalarına münasibətdə cavabdehin nümayəndəsinin dəlilləri isə ondan ibarət olmuşdur ki, həmin yazışmalardan cavabdeh tərəfin gömrük bəyannaməsinin şəklini iddiaçı tərəfə nə məqsədlə göndərməsi aydın görünmür. Belə olan halda ehtimal edilə bilər ki, iddiaçı tərəf mübahisəli müqaviləyə əsasən satılmış generatora aid olmayan, istənilən "xxxx" generatoruna aid hər hansı bir sənədin göndərilməsini cavabdeh tərəfdən xahiş etmiş və sözügedən şəkil bu xahişə cavab olaraq göndərilmişdir. Və yaxud da həmin şəkil 2019-cu ildə istehsal olunmuş "xxxx" generatorlarını AR-ə gətirmədiklərini iddiaçıya sübut etmək məqsədilə göndərilmiş də ola bilər. Göstərilən dəlillərlə bağlı qeyd edilməlidir ki, “whatsapp” yazışmalarında iddiaçıya gömrük bəyannaməsinin şəklinin məhz cavabdehin nümayəndəsinin iddia etdiyi məqsədlərlə göndərilməsini təsdiq edə biləcək yazışmalar və digər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Əksinə yazışmalarından aydın görünür ki, sözügedən gömrük bəyannaməsinin şəkli məhz mübahisəli müqavilə üzrə verilmiş 641740 nömrəli, 25.07.2019-cu il tarixli elektron qaimədə qeyd edilən 4 ədəd generatorun modelinin və seriya nömrəsini təsdiq edən sənədlərin göndərilməsi barədə iddiaçının xahişinə cavab olaraq göndərilmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında alğısatqı müqaviləsinə əsasən təqdim edilmiş gücü 330 kva olan generatorun markası ilə bağlı müəyyən ziddiyyətli məqamlar nəzərə çarpır. Belə ki, cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında əldə edilmiş razılığa görə iddiaçıya "xxxx" markalı generatorun satılmalı olmasını inkar etsə də, iddiaçıya satılmış generatorun markasını dəqiq göstərə bilməmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddiaçıya “Saro” markalı generator satdıqlarını, sonrakı iclaslarda iddiaçıya satılmış generatorun markası barədə dəqiq məlumatlarının olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər bir generator onu digər eyni adlı mallardan fərqləndirməyə imkan verən identifikasiya vasitələrinə(istehsalçının adı, model, seriya nömrəsi) malik, eləcə də qiyməti kifayət qədər yüksək olan mal olduğundan satıcının tərəfindən satılmış generatorun markası, modeli və identifikasiya nömrəsi ilə bağlı məlumata malik olmaması inandırıcı görünmür. Mülki Məcəllənin: 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, müqavilənin mətnində həmin müqavilənin predmetlərinin biri olan 330 KVA-lıq generatorun markası dəqiq qeyd edilməsə belə, tərəflər arasında müqaviləyə qədərki (e-mail yazışması) və sonrakı yazışmalarına (“whatsapp” yazışması) əsasən tərəflər arasında məhz mühərriki “DOOSAN” markalı, alteratoru "xxxx" markalı olan, "xxxx" şirkəti tərəfindən istehsal olunmuş 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığın mövcud olduğu müəyyən edilir. İkinci mübahisəli halla - İddiaçı MMC ilə Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi arasında bağlanmış müqaviləyə əsasən sonuncuya təqdim edilmiş 330 KVA-lıq generatorun cavabdeh "xxxx" MMC-dən alınmış generator olub-olmaması ilə - bağlı məhkəmə əvvəla qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin nümayəndəsinin verdiyi izahatdan göründüyü kimi mübahisəli generator idarəyə "xxxx" MMC-nin işçiləri tərəfindən təhvil verilmiş, eləcə də generator quraşdırdıqdan sonra isə çalışmağa başlaması üçün işə salınması "xxxx" MMC-nin işçiləri tərəfindən həyata keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, "xxxx" MMC-nin işçilərinin ona aidiyyəti olmayan (tərəfindən "xxxx" MMC-yə satılmamış) generatorun təhvil verilməsində və işə salınmasında iştirak etməsi inandırıcı və ağlabatan görünmür. Digər tərəfdən iş materiallarında olan "xxxx" Generator Sənayesi A.Ş-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladıqları məktubun məzmunundan müəyyən edilir ki, Ədliyyə Nazirliyində quraşdırılmış mübahisəli generatorun üzərində "xxxx" AD330 model 330 KVA, mühərrikinin üzərinə “Doosan” P126Tİ-İİ və alteratorun üzərinə isə “AK5240” etiketləri vurulmuşdur. Göründüyü kimi İddiaçı MMC ilə Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə satılmış mübahisəli generatorun üzərinə vurulmuş etiketlər, eləcə də generatorun texniki göstəriciləri "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış təklifdə qeyd edilmiş generatorun texniki göstəricilərinə və mühərrik və alterator markalarına uyğun gəlir. Yuxarıda göstərilən hallar isə öz növbəsində iddiaçı tərəfindən üçüncü şəxsə satılmış generatorun cavabdeh tərəfin mübahisəli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satdığı generatorla eynilik təşkil etməsinə dəlalət edir. Bununla yanaşı iş materiallarından həmçinin müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə və sonradan İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş mübahisəli generator bir neçə saat işlədikdən sonra generatorun işində ciddi qüsurlar aşkara çıxmış, generatorun müxtəlif detallarında çatlar yaranmış, bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən "xxxx" şirkətinin idarə heyətinin rəhbərliyinə müraciət edilmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, Ədliyyə Nazirliyinin servis tələbindən sonra şirkətlərinin rəsmi distribyutoru X6. tərəfindən 1 ədəd generator dəstinə edilən yoxlamada, "xxxx" AD330 model 330 KVA generatorun üzərindəki “Doosan” P126Tİ-İİ və AK5240 alternator etiketlərinin bu generatora aid olmadığı aşkar edilmiş, mövcud generatorun alternator və mühərrikinin hansı şirkət tərəfindən istehsal edildiyi müəyyən edilməmişdir. Mühərrikin etiketinin üstündə olan “X5.Ltd” markası ilə bağlı edilən araşdırmalarda da göstərilən seriya nömrəsində mühərrikin qeydiyyatda olmadığı öyrənilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, cavabdeh İddiaçı MMC "xxxx" MMC ilə aralarında "xxxx" markalı, mühərriki “Doosan” markalı, alternatoru "xxxx" markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmışdır. Eləcə də hər iki tərəfin və müstəqil tələb irəli sürən üçüncü şəxsin izahatından və iş materiallarında olan sübutlardan müəyyən edilir ki, cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş generatora aid texniki sənədlər (texniki pasport, stifadə təlimatları və s.) iddiaçıya (alıcıya) təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 587-588-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Bununla yanaşı Mülki Məcəllənin: 590.1-ci maddəsinə görə satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. 590.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. 592.1-ci maddəsinə görə komplektsiz əşya verildiyi halda alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər: 592.1.1. alış qiymətinin mütənasib surətdə azaldılması; 592.1.2. əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması. 592.2. Əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 592.2.1. komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etsin; 592.2.2. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 568.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən 330 Kva-lıq mübahisəli generator 25.07.2019-cu il tarixdə (elektron qaimənin verdiyi tarix) İddiaçı MMC-yə təqdim edildiyi halda sonuncu lazımi keyfiyyətdə olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması barədə tələbi ilk dəfə - 12.07.2021-ci il tarixdə (pretenziya məktubu göndərilməklə), yəni qanunvericilikdə göstərilən tələbin irəli sürülməsi üçün nəzərdə tutulmuş 2 illik müddət ərzində irəli sürülmüşdür. Mülki Məcəllənin: 589.1-ci maddəsinə görə gər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə görə əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Belə olan halda cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan (hazırkı halda "xxxx" markalı generatorun əvəzinə markası bəlli olmayan generator təqdim edildiyindən həmin qüsurun aradan qaldırılması qeyri-mümkündür), eləcə də cavabdeh əşyaya aid sənədləri vermədiyindən (komplektlik tələbləri pozulduğundan) iddiaçının (alıcının) alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC-dən ƏDV daxil olmaqla 49.147 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən normanın məzmunundan da göründüyü kimi qanunverici alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin əşyanın qüsurları ilə əlaqədar alıcıya geri qaytarıldığı halda qüsurlu əşyanın satıcıya (hazırkı halda cavabdehə) onun hesabına qaytarılmasını alıcının (hazırkı halda iddiaçının) öhdəliyi kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh 23 may 2019-cu il tarixdə 19/2305 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən cavabdeh “Zamanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 49.147 manat məbləğində pul vəsaiti tutularaq cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa iddiaçı mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı cavabdeh "xxxx" MMC-nin hərəkətlərindəki cinayət əlamətləri daşıyan əməllər barədə məhkəmənin xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə iddiaçının vəsatətinə (vəsatət iddia ərizəsində və iddanın dəqiqləşdirilməsi barədə ərizələrdə göstərilmişdir) münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən edilmədiyindən həmin vəsatət rədd edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Zamanlı" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49.147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar