Məhkəmə qərarları › İş №e-2-2(113)-2535/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2535/2024

12.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2535/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-Yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, əsas borc, faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 50.000 manat məbləğində əsas borcun, 5400 manat məbləğində ƏDV borcunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 5744.90 manat, eləcə də dövlət rüsumu kimi ödənilmiş 273,43 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı (bundan sonra “Cəmiyyət”) arasında xx.xx.2021-ci il tarixində bağlanmış “Müqavilənin” 1-ci bəndinə əsasən, Podratçı, yəni İddiaçı MMC Şərq bazarı layihəsində Skyliht və Körpü (şüşə) işlərinin görülməsini Sifarişçi, yəni Cavabdeh MMC razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, Sifarişçi müqavilə ilə nəzərdə tutulmuş işlərin görülməsinə görə toplam olaraq 140192.86 USD xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən isə müqavilə imzalandıqdan sonra 5 gün ərzində Sifarişçi Podratçıya 70096.43 USD avans ödəməyi öhdəsinə götürür. Müqavilə ilə müəyyənləşdirilmiş müddətin keçməsinə baxmayaraq Cavabdeh MMC hələ də təsdiq edilən elektron qaimə-fakturalar üzrə ödəniləcək ödənişlərə dair öhdəliyin icrasını gecikdirir. Belə ki, Cəmiyyət tərəfindən sifariş üzrə nəzərdə tutulan xidmətlərin icra edilərək Müqavilədə razılaşdırılmış qaydada və müddətdə təhvil verilməsinə baxmayaraq təsdiq edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər Cavabdeh MMC tərəfindən tam şəkildə icra edilməmişdir. Müqavilə üzrə icra ediləcək xidmətlər dair, müvafiq olaraq xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində tərtib edilmiş və təsdiq edilmiş EBBN 189494, EBBN 821363, EBBP 814982 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar üzrə ödənişlər Cavabdeh MMC tərfindən tam şəkildə icra edilsə də xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində tərtib edilmiş və təsdiq edilmiş EBBP 387869 və EBBQ 326203 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar üzrə ödənişlər tam şəkildə Cavabdeh MMC tərfindən icra edilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilə üzrə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarxili, EBBP 387869 nömrəli elektron qaimə-faktura üzrə 20000 manat əsas borc məbləğindən, xx.xx.2022-ci il tarxili EBBQ 326203 nömrəli elektron qaimə-faktura üzrə isə 30000 manat əsas borc məbləğindən, 5400 manat isə ƏDV borcundan olmaqla, ümumilikdə Cəmiyyətin xeyrinə 55400 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 13.1-ci bəndinin tələbinə uyğun olaraq yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yə, 50000 manat məbləğində əsas borc və 5400 manat isə ƏDV borcunun və 5744.90 manat gecikdirmə faizinin, ümumilikdə 61144.90 manat dəyərində borcun ödənilməsinə dair ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda həmin məktubun onlara çatması anından 3 gün ərzində yaranmış borcun ödənilməsi xahiş olunsa da qarşı tərəf cavab verməklə və yaxud borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, iddaçı qeyd edir ki, cavbdeh Cavabdeh MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən iddia ərizəsinin təqdim edildiyi günə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 5744.90 manat pul hesablanmışdır. Məhkəmə xərci olaraq iddia ərizəsi iddianın dəyərinə uyğun olaraq ödənilməli olan 273.43 manat dəyərində dövlət rüsumu məbləği ödənilməklə məhkəməyə göndərilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli İD011121 saylı müqaviləyə əsasən:

8. Müqavilənin 1-ci bəndinə əsasən, sifarişçi Şərq bazarı layihəsində Skyliht və Körpü (şüşə) işlərinin görülməsinə görə podratçıya bu müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə görə, Sifarişçi müqavilə ilə nəzərdə tutulmuş işlərin görülməsinə görə əlavə-1 dəki tanımlanan işlərin toplam olaraq 140.192,86 USD (ƏDV daxil deyil) xidmət haqqı ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən isə müqavilə imzalandıqdan sonra 5 iş gün ərzində Sifarişçi Podratçıya 70096.43 USD (ƏDV daxil deyil) avans ödəməyi öhdəsinə götürür, qalan digər ödəmələr isə forma 2 üsulu ilə olacaqdır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə podratçı tərəfindən görüləcək işlərin müddəti 60 gün müəyyən edilir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən görüləcək işlər avans ödənişindən sonra başlanır.

13. Tərəflər arasında təsdiq edilmiş müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə-1-ə əsasən şərq bazarı – körpü adlı işlərin cəmi dəyəri 81070,50 manat, şərq-bazarı – skylight adlı işlərin cəmi dəyəri 238.327,86 manat müəyyən edilmişdir.

14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən EBBQ 326203 saylı xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 35400 manat, EBBP 814482 saylı xx.xx.2022 eqaiməyə əsasən – 70800 manat, EBBP387869 saylı e-qaiməyə əsasən 47200 manat, EBBN 821363 saylı e-qaiməyə əsasən – 35400 manat, EBBN 189494 saylı e-qaiməyə əsasən – 23600 manat məbləğində xidmətlər cavabdeh şirkətə təqdim edilmişdir.

15. İddiaçı MMC-nin bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixində EBBN 189494 saylı e-qaimə üzrə 20.000 manat, xx.xx.2021-ci il tarixində EBBN 821363 saylı e-qaimə üzrə 15000 manat, xx.xx.2022-ci il tarixində EBBN 821363 saylı e-qaimə üzrə 15000 manat, xx.xx.2022-ci il tarixində EBBP 387869 saylı e-qaimə üzrə 20.000 manat, xx.xx.2022-ci il tarixində EBBP 814482 saylı eqaimə üzrə 60.000 manat ödəniş edilmişdir.

16. ƏDV sub-uçot/ödəniş cədvəlindən görünür ki, Cavabdeh MMC tərəfindən 3600 manat, 5400 manat, 7200 manat və 10800 manat ödənişlər edilmişdir.

17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

21. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

24. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

25. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

26. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

27. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

28. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

31. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 50.000 manat (5400 manat ƏDV) məbləğində borcu ödənilməmiş qalmışdır (EBBP387869 saylı e-qaimə üzrə 47200 manatdan ödənilməyən hissəsi - 20.000 manat və ümumiyyətlə ödənişi olmayan EBBQ 326203 saylı e-qaimə üzrə - 30.000 manat əsas və 5400 manat ədv).

32. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər belə formalaşmışdır ki, iddiaçı işləri gördükcə günlük raporlarını cavabdehin e-mail adresinə göndərmiş və e-qaimələr göndərilərək xidmətləri təhvil vermişdir, cavabdeh isə birbaşa e-qaimələrə istinad edərək ödənişlər etmiş, lakin cəmi beş qaimədən bir qaimə üzrə kəm ödəniş, bir qaimə üzrə ümumiyyətlə ödəniş edilməmişdir.

33. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 55400 manat (ədv daxil) məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 5744,90 manat məbləğində borc hesablanmışdır.

35. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

36. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

38. Belə ki, məhkəmə hesab edir ki, əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla iddia ərizəsinin verildiyi tarixə 5744,90 manat məbləğində borc pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.

39. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 273,43 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

40. MPM-in:

41. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

43. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Odur ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 273,43 manat dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən 50.000 (əlli min) manat əsas borc məbləği, 5400 (beş min dörd yüz) manat ƏDV məbləği, illik 5% ilə hesablanan 5.744,90 (beş min yeddi yüz qırx dörd manat, doxsan qəpik) manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 273,43 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar