Məhkəmə qərarları › İş №e-2-2(113)-254/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-254/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-254/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə əsas kreditə görə 149048,42 manat, faiz borcuna görə 23082,92 manat, cərimə borcuna görə 372,65 manat olmaqla, cəmi 172503,99 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR X7n 1 saylı Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsum və X3 iştirak üçün ödənilmiş 400 manat və 62,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 Abi qızına mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə, bu əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə cəmi 172503,99 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 507,50 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Baş ofis”i ilə Cavabdeh2 MMC arasında bağlanmış 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsinə əsasən illik 15% faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 150000 manat məbləğ limitində cavabdehə bərpa olunan kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 26 aprel 2022-ci il tarixdə İddiaçı ASC ilə digər cavabdeh Qanuni nümayəndə arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə borcunun məbləği kreditə görə 149048,42 manat, faiz borcuna görə 23082,92 manat, cərimə borcuna görə 372,65 manat olmaqla, cəmi 172503,99 manat təşkil edir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 Abi qızına mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzil İddiaçı ASC qarşısında 26 aprel 2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsinə əsasən “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Kredit xətti dövriyyə vəsaitinin alışı məqsədilə açıldığı və Cavabdeh2 MMC VÖEN ödəyicisi olduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” qanunun tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmədən əvvəl cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. İddiaçının müraciətinə əsasən 9 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən mediasiya prosesi təşkil olunmuş, ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Mediasiya xərci kimi hesablanmış 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Mediator tərəfindən İddiaçı ASC-yə “X3 (İMS) iştirak edilməməsi barədə arayış” təqdim edilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə əsas kreditə görə 120978,42 manat, faiz borcuna görə 6935,62 manat, əsas borca illik 5% ilə hesablanmış 9176,53 manat məbləğində əldən çıxmış fayda borcu, dəbbə borcuna görə 372,65 manat, cəmi 137463,22 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR X7n 1 saylı Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və X3 iştirak üçün ödənilmiş 400 manat və 62,50 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun və "xxxx" MMC-nin hesabına ödənilmiş 500 manat qiymətləndirmə xərcinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 Abi qızma mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməldə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə cəmi 137463,22 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 507,50 manat məbləğində pulun, "xxxx" MMC-nin hesabına ödənilmiş 500 manat qiymətləndirmə xərcinin İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1, 427.3, 442, 445.1, 445.2.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası 34.1.1, 36.2, 37.2, 39.1, 59.3-cü maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, rb/km- 1486 nömrəli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan illik 15% faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 150000 manat məbləğ limitində bərpa olunan kredit xətti açılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin alışı məqsədilə 150000 AZN (Bir yüz əlli min Azərbaycan manatı) məbləğdə bərpaolunan kredit xətti açmağı, borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir; 2.2-ci bəndinə əsasən kredit xətti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək açılır. Kredit xəttinin müddəti bitdikdə xəttin istifadə olunmamış hissəsi ləğv olunur.

9. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh3 Abi qızı və borc alan – Cavabdeh2 MMC arasında bağlanmış və Bakı şəhəri 14 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 Abi qızı tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. Cavabdeh-ipoteka qoyan Cavabdeh3 Abi qızının həyat yoldaşı X2 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Eyni zamanda bəyan etmişdir ki, ipoteka qoyanla aralarında ipoteka qoyulan əmlakın rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 47 mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 tərəfindən 410 nömrəli reyestr kitabının 38135 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin Cavabdeh3 Abi qızının kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

14. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdehipoteka qoyan Cavabdeh3 Abi qızına müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.

15. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, RB-02/PK-3398 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin banka 149048,42 manat əsas borc, 23082,92 ABŞ dolları faiz borcu, 372,65 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 172503,99 manat təşkil edir.

16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, RB-02/PK-3235 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 MMC-nin banka 120978,42 manat əsas borc, xx.xx.2023-cü il tarixindək 15% ilə hesablanmış 6935,62 manat faiz borcu, xx.xx.2023-xx.xx.2024-cü il tarixinədək illik 5% ilə hesablanmış əldən çıxmış fayda borcu 9176,53 manat, 372,65 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 137463,22 manat təşkil edir.

17. İddiaçı ASC tərəfindən verilmiş MD250823-400 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 400 manat məbləğində ödəniş edilmişdir.

18. İddiaçı ASC tərəfindən verilmiş MD040724-500 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin AZ30AZRT**********0019299007 nömrəli hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

19. İddiaçı ASC tərəfindən Qanuni nümayəndə və Cavabdeh2nə ünvanlanmış bildiriş (pretenziya) məktublarından görünür ki, kredit müqaviləsi üzrə borcun 3 (üç) iş günü müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9144 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 150000 manat, faiz borcu üzrə 9927,25 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 150000 manat, faiz borcu üzrə 9927,25 manat, illik 5% dərəcəsi ilə faiz borcu üzrə 2729,17 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 150000 manat, faiz borcu üzrə 9927,25 manat, illik 5% dərəcəsi ilə faiz borcu üzrə 3562,50 manat məbləğində müəyyən olunur.

21. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-088/24 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 Abi qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilin likvid dəyəri 502000 manat, bazar dəyəri 558000 manat təşkil edir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

26. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Rabitəbank” ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bankdan illik 15% faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 150000 manat məbləğ limitində cavabdehə bərpa olunan kredit xətti açılmışdır. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh3 Abi qızı və borc alan – Cavabdeh2 MMC arasında bağlanmış və Bakı şəhəri 14 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, rb/km-1486 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Abi qızı tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zamin) kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

27. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada 26 aprel 2022-ci il tarixli, RB/KM-1486 saylı kredit xətti müqaviləsi üzrə 120978,42 manat əsas borc, 6935,62 manat faiz borcunun tutulması təşkil edir.

28. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada 120978,42 manat (yüz iyirmi min doqquz yüz yetmiş səkkiz manat qırx iki qəpik) əsas borc, 6935,62 manat (altı min doqquz yüz otuz beş manat altmış iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas borcun məbləği 150000 manat müəyyən edilmiş, lakin xx.xx.2023-cü ildən başlayaraq cəmi 28070 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir (ümumilikdə isə əsas borcdan 29021,58 manat ödənilib). İddiaçı ona uyğun olaraq iddia tələbinin həcmini (əsas və faiz borcu hissəsində) azaltmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hazırkı nəticəyə gəlmişdir.

29. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada 372,65 manat cərimə borcu borcunun tutulması təşkil edir.

30. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərddən Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada 372,65 manat (üç yüz yetmiş iki manat altmış beş qəpik) iddiaçının xeyrinə tutulmalıdır.

32. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 9176,53 manat məbləğin cavabdehdən tutulması təşkil edir.

33. Ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə illik 5% dərəcəsi ilə faiz borcu üzrə məbləğin 3562,50 manat olduğu müəyyən olunmuşdur. Lakin sonradan iddiaçı həmin hissədə iddianın həcmini artıraraq, xx.xx.2024-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Təqdim olunmuş hesablamalardan görünür ki, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sounua) qalıq borc 149048,42 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixə gecikmə günlərinin sayı 190, illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 3933,22 manat olmuş, xx.xx.2023-cü il tarixdə 3000 manat ödəniş edilmiş, beləliklə, qalıq məbləğ 146048,42 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə gecikmə günlərinin sayı 68, illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 1379,35 manat olmuş, xx.xx.2024-cü il tarixdə 5000 manat ödəniş edilmiş, beləliklə, qalıq məbləğ 141048,42 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə gecikmə günlərinin sayı 153, illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 2997,28 manat olmuş, xx.xx.2024-cü il tarixdə 10000 manat ödəniş edilmiş, beləliklə, qalıq məbləğ 131048,42 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə gecikmə günlərinin sayı 31, illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 564,24 manat olmuş, xx.xx.2024-cü il tarixdə 10070 manat ödəniş edilmiş, beləliklə, qalıq məbləğ 120978,42 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə gecikmə günlərinin sayı 18, illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 302,45 manat olmuşdur. Beləliklə, xx.xx.2024-cü il tarixə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 9176,53 manat (3933,32+1379,35+2997,28+564,24+302,45=9176,53) təşkil etmişdir.

34. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən müştərək qaydada kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 9176,53 manat (doqquz min yüz yetmiş altı manat əlli üç qəpik) iddiaçının xeyrinə tutulmalıdır.

35. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

36. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Abi qızına məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2022-ci il tarixli, rb/km- 1486 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Abi qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 Abi qızına qaytarılmalıdır.

38. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

39. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilin likvid dəyərinin 502000 manat olması müəyyən edilmişdir.

40. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 Abi qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilin ilkin satış qiyməti 502000 manat məbləğində müəyyən edilməlidir.

41. Eləcə də, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR X7n 1 saylı Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, 400 manat mediasiya xərci və 62,50 manat məbləğində ödənilmiş dövlət rüsumu, "xxxx" MMCnin hesabına ödənilmiş 500 manat qiymətləndirmə xərcinin cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

42. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat xidmət haqqı, 500 (beş yüz) manat "xxxx" MMC-yə ödənilən qiymətləndirmə xərci, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 62,50 manat (altmış iki manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

43. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada 120978,42 manat (yüz iyirmi min doqquz yüz yetmiş səkkiz manat qırx iki qəpik) əsas borc, 6935,62 manat (altı min doqquz yüz otuz beş manat altmış iki qəpik) faiz borcu, 372,65 manat (üç yüz yetmiş iki manat altmış beş qəpik) cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 9176,53 manat (doqquz min yüz yetmiş altı manat əlli üç qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat xidmət haqqı, 500 (beş yüz) manat "xxxx" MMC-yə ödənilən qiymətləndirmə xərci, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 62,50 manat (altmış iki manat əlli qəpik) olmaqla, ümumilikdə 138470,72 manat (yüz otuz səkkiz min dörd yüz yetmiş manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 Abi qızına məxsus ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 Abi qızına qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilin ilkin satış qiyməti 502000 (beş yüz iki min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar