Məhkəmə qərarları › İş №e-2-2(113)-2540/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2540/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2540/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, dəbbə pulu, rüsum) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 342303-CNS-40239 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 3.792,87 manat məbləğində əsas borc, 448,3 manat məbləğində faiz borcu, 278,12 manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.519,29 manat, xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 1.028,93 manat məbləğində əsas borc, 112,54 manat məbləğində faiz borcu, 160,84 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.302,31 manat məbləğində borcun, hər iki müqavilə üzrə cəmi 5.821,6 manat vəsaitin və ödənilmiş 78.22 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 342303-CNS-40239saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5600 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 1950 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh 342303-CNS-40239 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 4519.29 manat məbləğində borcu yaranmışdır. 342303-CNS-42601 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 1302.31 manat məbləğində borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 342303-CNS-40239 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5.600 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür.

8. Daha sonra, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 1.950 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür.

9. Kredit müqaviləsi, ödəniş planı hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

10. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 342303-CNS-40239 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3.792,87 manat, faiz borcu üzrə 448,30 manat, cərimə borcu üzrə 278,12 manat olmaqla, cəmi 4.519,29 manat borc hesablanmışdır.

11. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 1.028,93 manat, faiz borcu üzrə 112,54 manat, cərimə borcu üzrə 160,84 manat olmaqla, cəmi 1.302,31 manat borc hesablanmışdır.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, iş materiallarında olan ödəniş cədvəlinin, maliyyə arayışının, hesabdan çıxarışın müqayisəli tədqiqindən aydın olur ki, borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

19. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2022-ci il tarixli 342303-CNS-40239 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.792 (üç min yeddi yüz doxsan iki) manat, 87 (səksən yeddi) qəpik, faiz borcu üzrə 448 (dörd yüz qırx səkkiz) manat, 30 (otuz) qəpik, xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.028 (bir min iyirmi səkkiz) manat, 93 (doxsan üç) qəpik, faiz borcu üzrə 112 (bir yüz on iki) manat, 54 (əlli dörd) qəpik məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

22. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 342303- CNS-40239 saylı kredit müqaviləsi üzrə 3.792,87 manat əsas borcuna münasibətdə 190 manat, xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 kredit müqaviləsi üzrə 1.028,93 manat əsas borcuna münasibətdə 51 manat məbləğində dəbbə pulu daha ağlabatdandır və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Bundan başqa, iş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzə əsasən Bank VTB (Azərbaycan) ASC tərəfindən dövlət büdcəsinə dövlət rüsumunun əvəzi olaraq 78,22 manat məbləğində pul ödənmişdir.

24. Lakin məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 76,23 manat təşkil edir.

25. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 76,23 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 342303-CNS-40239 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.792 (üç min yeddi yüz doxsan iki) manat, 87 (səksən yeddi) qəpik, faiz borcu üzrə 448 (dörd yüz qırx səkkiz) manat, 30 (otuz) qəpik və cərimə borcu üzrə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 4.431 (dörd min dörd yüz otuz bir) manat, 17 (on yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2023-cü il tarixli 342303-CNS-42601 kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.028 (bir min iyirmi səkkiz) manat, 93 (doxsan üç) qəpik, faiz borcu üzrə 112 (bir yüz on iki) manat, 54 (əlli dörd) qəpik və cərimə borcu üzrə 51 (əlli bir) manat olmaqla, cəmi 1.192 (bir min yüz doxsan iki) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar