Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2541/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh İB-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya aktlar əsasında hesablanmış borca görə ödənilmiş 57596,80 manat pulun **********00150 nömrəli abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, iddiaçıya məxsus istixana xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında **********00150 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2018-ci ilin oktyabr, noyabr və dekabr aylarında cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilmişdir. Belə ki, sonradan bizə məlum olduğu kimi 2018-ci ilin oktyabr, noyabr və dekabr aylarında ümumilikdə 57596,80 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. 2018-ci ilin oktyabr ayında 15732,20 manat, noyabr ayında 25258,60 manat və dekabr ayında 16606 manat əsassız borc hesablanmışdır. Cavabdehdən alınmış abonent saldosundan göründüyü kimi qaz sayğacım xx.xx.2018-ci il tarixdə quraşdırılmış və təbii qazdan istifadəyə 2018-ci ilin dekabr ayından başlanmışdır. Buna baxmayaraq cavabdeh təşkilat iddiaçını qazdan istifadə etmədiyi halda aktlar əsasında borclar hesablamışdır. Borcun hesablanmasına əsas olmuş sənədləri cavabdehdən tələb etdikdə bizə heç bir sənəd təqdim edə bilmədilər. Göründüyü kimi aktlar əsasında iddiaçıya ümumilikdə 57596,80 manat məbləğində əsassız borc hesablanmışdır və məlumatsız olaraq bu borc iddiaçı tərəfindən ödənilmişdir. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən edilən ödənişlərdən qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxır. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsinin işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparıldığı və əlavə borc müəyyən edilərək iddiaçının qaz hesabımıza işlənmişdir. Abonent saldosuna baxdıqda aydın görmək olar ki iddiaçı təbii qazdan istifadəyə dekabr ayında başlamış, sayğac isə tam saz vəziyyətdə 2018-ci ilin oktyabr ayında quraşdırılmışdır. Dekabr ayından həmən sayğac vasitəsi ilə təbii qazdan istifadə etmiş və sayğacda heç bir qüsur olmamışdır. Belə olan halda cavabdehin hansı əsaslarla bu borcların hesablaması heç bir hüquqi məntiqə sığmır. Cavabdehin bu qanunsuz əməllərindən 2023-cü ilin noyabr ayında məlumatlı olunmuşdur. Belə bir halın mümkün olmadığı və anlaşılmazlıq olduğu bildirilmişdir. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və iddiaçının aldadıldığı aydın olmuşdur. Aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
8. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında 2018-ci ilin oktyabr ayında 15732,20 manat, 2018-ci ilin noyabr ayında 25258,60 manat və 2018-ci ilin dekabr ayında 16606 manat borc hesablanmışdır.
9. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ildə aktlar əsasında hesablanmış 57596,80 manat borc 2019-cu ildə iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
10. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin oktyabr, noyabr, dekabr aylarında aktlar əsasında ümumilikdə 57596,80 manat borc yazılmışdır.
12. İddiaçı iddia ərizəsində həmin borcun əsassız olduğunu bildirmiş, cavabdeh məhkəməyə həmin borcun hesablanmasına əsas olmuş aktları, mübahisəli borcların hansı qaydada hesablanması barədə sənədləri, mübahisələndirilən borcların əsaslı hesab edilməsinə sübutu məhkəməyə ümumiyyətlə təqdim edə bilməmişdir.
13. Bundan əlavə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
17. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
18. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
19. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
21. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
24. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
25. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair aktlar tərtib edərək borc hesablamışdır.
26. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
27. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 57596,80 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
29. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş ümumilikdə 57596,80 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz.
30. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ildə aktlar əsasında hesablanmış 57596,80 manat borc 2019-cu ildə iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir, belə ki, iddiaçıya həmin borclar yazılan zaman onun ödənilməli borcu olmamış, iddiaçı cavabdehə 2019-cu ilin yanvar ayında 26000 manat, 2019-cu ilin fevral ayında 13000 manat, 2019-cu ilin aprel ayında 16000 manat, 2019-cu ilin may ayında 33000 manat vəsait ödəmişdir.
31. Məhkəmə araşdırması zamanı iddiaçıya hesablanmış 57596,80 manat borcun əsaslı olmaması müəyyən edildiyindən iddiaçı hazırda cavabdehdən ödədiyi həmin vəsaitin geri qaytarılmasını tələb etməklə haqlıdır.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış borca görə ödənilmiş 57596,80 manat məbləğində pul iddiaçıya məxsus abonent koduna geri qaytarılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 263 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı2 əsassız olaraq hesablanmış borca görə ödənilmiş 57596,80 (əlli yeddi min beş yüz doxsan altı manat səksən qəpik) manat pulun İddiaçı2 məxsus olan **********00150 nömrəli abonent koduna geri qaytarılması öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 263 (iki yüz altmış üç) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova