Məhkəmə qərarları › İş №e-2-2(113)-2548/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2548/2021

23.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2548/2021 23.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Nümayəndə1 MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas vəsait ƏDV daxil 149.818,64 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanamqla 14981 manat olmaqla, ümumilikdə 164.799 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında CSG 2019-013 nömrəli, 29.03.2019-cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı (Nümayəndə1 MMC), Sifarişçinin (Cavabdeh MMC) tapşırığına əsasən Sifarişçinin iş yerlərində işləmək üçün qanuni əsaslarla ona məxsus olan texnika ilə xidmət göstərir. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, Sifarişçi İcraçının göstərdiyi xidmətləri bu müqavilədə göstərilən vaxtda və həcmdə ödəməlidir. Lakin Sifarişçi müqavilənin 2.1-ci bəndini kobud surətdə pozaraq indiyədək iddiaçının xidmətlərinin qarşılığında yaranan öhdəliyini icra etməmişdir. Sözügedən öhdəliyin icrası ilə əlaqədar olaraq 15.01.2021-ci il tarixli pretenziya məktubu cavabdehə ünvanlanmışdır. Bundan sonra cavabdeh onları tam ödənişin olunacağı ilə bağlı arxayın etmişdir. 26.01.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qarşılıqlı öhdəliklər ilə bağlı üzləşmə aktı tərtib edilmişdir. Həmin aktda da cavabdehin iddiaçıya 149 818,64 AZN borcları olduğu öz təsdiqini tapmışdır. Həmin 149 818,64 manat (ƏDV daxil) vəsait cavabdeh tərəfindən bugünki günə kimi iddiaçıya ödənilməmişdir. Artıq xeyli müddətdir ki, yuxarıda göstərilən borcun ödənilməsinin təmin ediləcəyi barədə dəfələrlə vəd verilsə də, bugünki günədək sözügedən borcun ödənilməsi təmin olunmamışdır. Qeyd olunan bu vəziyyət isə iddiaçının da kreditorlar qarşısında olan öhdəliklərinin gecikməsinə və bunun da kreditorların onlara qarşı olan haqlı iddialarına səbəb olmuşdur. İddiaçıya olan borcun ödənilməsinin təmin edilməsi üçün cavabdeh müəssisənin aidiyyatı məsul əməkdaşları ilə aralarında danışıqlar aparılsa da, bu danışıqlar indiyədək heç bir müsbət nəticə verməmişdir. Buna görə də hazırkı, iddia ilə məhkəməyə müracət olunması zərurəti yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Abbasov iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Sifarişçi qismində cavabdeh, İcraçı qismində iddiaçının çıxış etdiyi 29.03.2019-cu il tarixli CSG 2019-013 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinDə qeyd edilmişdir ki, icraçı, sifarişçinin tapşırığına əsasən sifarişçinin iş yerlərində işləmək üçün qanuni əsaslarla ona məxsus olan texnika ilə xidmət göstərir. Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçının göstərdiyi xidmətləri bu müqavilədə göstərilən vaxtda və həcmdə ödəməyi, icraçının xidmət göstərdiyi texnikanı yanacaqla və operatorunu nahar yeməyi ilə təmin etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən İcraçı bu müqavilənin 1-ci bəndində göstərilmiş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini öz öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən Xidmət Müqaviləsinə 1 №-li Əlavədə göstərilən məbləğdə xidmət haqqı ödənilir. Xidmət haqqında icraçının yemək və yanacaq xərci və ƏDV-dən başqa bütün təmir, sığorta və operatorun xidmət haqqı və icraçı tərəfindən ödəniləcək vergilər, məcburi ödənişlər daxildir. Xidmətin bir ayı başa çatdıqda xidmətlərin yerinə yetirilməsini təsdiq edən ikitərəfli akt tərtib olunacaq. Xidmət haqqı aylıq olaraq təsdiq edilmiş ikitərəfli akt əsasında növbəti ayın 15-dən gec olmamaq şərti ilə köçürmə yolu ilə həyata keçirilir. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış 29.03.2019-cu il tarixli xidmət müqaviləsinə 1 nömrəli əlavədə həmin xidmət müqaviləsinə əlavə olaraq xidmət haqqı üzrə razılığa gəlinmiş, əlavədə adları çəkilmiş texnikalar və operatoru ilə sifarişçinin iş sahəsində xidmət göstərməyə görə sifarişçi icraçıya cəmi 23300 manat məbləğində pulu (ƏDV daxil olmamaqla) ödəməyi öhdəsinə götürmüşdür. Xidmət müqaviləsinə 1 nömrəli əlavə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. İddiaçı ilə cavabdeh arasında tərtib olunan 26.01.2021-ci il tarixli üzləşmə aktında cavabdeh iddiaçıya 149818,64 manat məbləğində borcunun olmasını etiraf etmiş, həmin akt tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. İddiaçının cavabdehə ünvanladığı CSG-01319 saylı 04.03.2021-ci il tarixli invoysa əsasən 2020-ci ilin fevral ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01261 saylı 08.01.2021-ci il tarixli invoysa əsasən 2020-ci ilin dekabr ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01177 saylı 05.10.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin sentyabr ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01102 saylı 06.08.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin iyul ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01194 saylı 03.11.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin oktyabr ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01022 saylı 05.05.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin aprel ayında göstərilmiş xidmətə görə 8722,87 manat, CSG-00962 saylı 02.03.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin fevral ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-00917 saylı 09.01.2020-ci il tarixli invoysa əsasən 2019-cu ilin dekabr ayında göstərilmiş xidmətə görə 13112,17 manat, CSG-00899 saylı 06.12.2019-cu il tarixli invoysa əsasən 2019-cu ilin noyabr ayında göstərilmiş xidmətə görə 14632,00 manat, CSG-00937 saylı 05.02.2020-ci i tarixli invoysa əsasən 2020-ci ilin yanvar ayında göstərilmiş xidmətə görə 14632,00 manat, CSG-01000 saylı 07.04.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin mart ayında göstərilmiş xidmətə görə 6754,32,00 manat, CSG-01056 saylı 08.01.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin may ayında göstərilmiş xidmətə görə 14632,00 manat, CSG-01077 saylı 09.07.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin iyun ayında göstərilmiş xidmətə görə 8722,91 manat, CSG-01143 saylı 10.09.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin avqust ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01228 saylı 03.12.2020-ci il tarixli invoysa əsasən 2020-ci ilin noyabr ayında göstərilmiş xidmətə görə 7316,00 manat, CSG-01281 saylı 02.02.2021-ci il tarixli invoysa əsasən 2021-ci ilin yanvar ayında göstərilmiş xidmətə görə 7316,00 manat məbləğində vəsait göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçının cavabdehə ünvanladığı 15.01.2021-ci il tarixli 01/21 nömrəli məktubundan aydın olur ki, iddiaçı 31.01.2021-ci il tarixindən cavabdehdən ödənişləri vaxtı-vaxtında ödəməyi tələb etmiş, əks halda onlara məxsus texnikanı layihədən geri çəkməklə borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 29.03.2019-cu il tarixli, CSG 2019-013 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 149.818,64 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 149.818,64 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 14981 manat məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 14981 manat məbləğində pulun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi beş faizlik borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 14981 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 149.818,64 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 149.818,64 manat (bir yüz qırx doqquz min səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə1 MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar