Məhkəmə qərarları › İş №e-2-2(113)-2548/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2548/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2548/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Əsgər oğluna qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Əsgər oğluna qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh Əsgər oğluna (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsini, cavabdehdən xx.xx.2023 - xx.xx.2024-cü il dövr üzrə ödənilməli olan 16146.79 (on altı min yüz qırx altı manat yetmiş doqquz qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ **********0000003944 saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 19035.22 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, , cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-18968/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Rüstəmov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uzun müddətdir ki, müqavilə üzrə ödəniş etmir, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini də icra etmir. Bu səbəbdən yaranmış icarə haqqı borcu cavabdehdən tutulmalı, cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün müqavilə ləğv edilməli, cavabdeh icarə sahəsini iddiaçıya geri təhvil verməlidir. İcarə sahəsi dövlətin mülkiyyətindədir.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, icarə sahəsi cavabdehin vəsaiti hesabına müqavilə bağlanmazdan əvvəl inşa edilmiş, hazırda da cavabdehin sahiblik və istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edilsə də, həmin müraciət cavabsız qalmışdır.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

7. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2153 nömrəli dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır.

10. Müqaviləyə əsasən, icarəyəverən (iddiaçı) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 64 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A (registr ***-*******3-008) ünvanında 1 mərtəbəli tikililər və mansardda yerləşən (158,6 m2 – 1 mərtəbəli tikililər, 98 m2 – mansard) ümumi sahəsi 253,6 m2 təşkil edən AR Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika stadionun balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə cavabdehin istifadəsinə verir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən bir aylıq icarə haqqı 3200 manatdır.

12. Müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “icrarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv olunur.

13. Müqavilənin 8.4-cü bəndinə əsasən müqaviləyə xitam verildikdən sonra icarəçi icarəsində olan sahəni icarəyə verənə qaytarmağa borcludur.

14. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 36667,79 manat təşkil edir.

15. Daşınmaz əmlakın dövlət registrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A (registr ***-*******3-008) ünvanında 1 mərtəbəli tikililər və mansardda yerləşən (158,6 m2 – 1 mərtəbəli tikililər, 98 m2 – mansard) ümumi sahəsi 253,6 m2 təşkil edən AR Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika stadionun balansında olan qeyriyaşayış sahəsi dövlətin mülkiyyətindədir.

16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, iddia iki hissədən ibarətdir: 1. icarə müqaviləsinin ləğv edilməsi və qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi; 2. icarə haqqı borcunun tutulması.

18. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən hər hansı ödəniş edilməmiş, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən qeyri-yaşayış sahəsi cavabdehin sahiblik və istifadəsindədir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

20. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

21. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.

23. Bu səbəbdən iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

25. Belə ki, materiallardan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməli olan icarə haqqı borcu ümumilikdə 36667,79 manat təşkil edir.

26. Həmin borcun xx.xx.2023-cü il tarixə qədər olan hissəsinin (17632,57 manat) Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, icarə haqqı borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ümumilikdə 19035,20 manat tələb edilməsi hissəsində də iddia əsaslıdır və təmin edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi ləğv edilməli, qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməli, cavabdehdən ödənilməli olan 19035,22 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 147,11 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh Əsgər oğlu arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi Cavabdeh Əsgər oğluna həvalə edilsin. Cavabdeh Əsgər oğlundan 19035,22 (on doqquz min otuz beş manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh Əsgər oğlundan 147,11 (bir yüz qırx yeddi manat on bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar