Məhkəmə qərarları › İş №e-2-2(113)-2554/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2554/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2554/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: vurulmuş zərərin ödənilməsi, subroqasiya Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Bənəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Khazar SD” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - Avtomobil) Cavabdeh1 MMC-nin mülkiyyətində olmuşdur. Avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır.

2. Cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən Avtomobil Cavabdeh4 48 ay müddətinə lizinqə verilmiş və xx.xx.2022-ci il tarixdə ona təhvil verilmişdir. Həmçinin, Cavabdeh1 MMC tərəfindən digər Cavabdeh3 xx.xx.2024-cü il tarixdə Avtomobilin Azərbaycan Respublikasının ərazisində idarə edilməsi üçün etibarnamə verilmişdir. Etibarnamənin müddəti 1 ay – xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.

3. Cavabdeh3 Avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə sığorta hadisəsi baş vermiş, o, yol hərəkəti qaydalarını pozaraq X1 idarə etdiyi və "xxxx" ASC tərəfindən sığortalanmış “Kia Optima” minik markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərərə vurmuşdur. Cavabdeh3 Suraxanı rayonu DYPŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR İXM-nin 327.1-ci (327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə təsirli bilinərək barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

4. Dəymiş zərər 2920 manat müəyyən edilməklə "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ZBT178074/24 nömrəli Ödəniş aktına əsasən 2920 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxs Elvin Nəbiyevə ödənilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ İDDİA ƏRİZƏSİNƏ ETİRAZİN DƏLİLLƏRİ: a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı 3389,57 manat sığorta ödənişinin, 320,5 manat vıkil xərcinin və ödənilmiş 53,9 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin balansında olmuş, Cavabdeh3 tərəfindən idarə edilən və "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış Avtomobil və X1 idarə etdiyi, ** UE *** dövlət nömrə nişanlı “Kia Optima minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6cımaddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli, PBA ********** saylı “icbari sığorta” müqaviləsinin surətindən müəyyən olunur ki, Avtomobilin sürücüsü üçüncü şəxslər qarşısında mülki məsuliyyəti iddiaçı tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş ilkin qiymətləndirmə aktı haqqında ümumi məlumatdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** UE *** dövlət nömrə nişanlı “Kia Optima minik” markalı avtomobilə 2920 manat məbləğində zərər vurulmuş, “ həmin avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 2920 manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx"ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 2920 manat qarşılığında 3389.57 manat məbləğində vəsait iddiaçının depozit hesabından "xxxx" ASCnin xeyrinə tutulmuşdur. b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

7. Cavabdeh1 MMC yazılı etirazında qeyd etmişdir ki, 19 may 2022-ci il tarixdə Cavabdeh1 MMC ilə ŞirinliYusif İzzət oğlu arasında MAS-5249 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və istifadəsinə 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhviltəslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüauau lizinq alana keçir, “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Qeyd edilənlərə əsasən Cavabdeh1 MMC törədilmiş yolnəqliyyat hadisəsinə hər hansı aidiyyatının olmaması müyyən edilir. Bununla da Cavabdeh1 MMC-nin hadisə törədilən vaxt avtomobilin mülkiyyətçisi kimi qeydə alınması faktı onun məsuliyyətinin yaranması nəticəsinə gəlməyə əsas verə bilməz. Cavabdeh1 MMC avtomobili lizinq müqaviləsi üzrə Cavabdeh3 müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir.

8. Digər cavabdehlər iddia ərizəsinə etirazlarınını yazılı şəkildə təqdim etməmişlər.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

9. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verrək iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh4 məhkəmə iclasında özünə aid hissədə iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Digər cavabdehlər qqanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə cavabdehlərin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

13. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari sığortlalar haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

18. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Yuxarıda qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə ödənilmiş sığorta ödənişi həcmində tələb hüququnun sığortaçıya keçməsidir. Həmçinin, bu hüquq bir başa dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələb hüququnu özündə ehtiva edir. Mübahisənin xarakteri nəzərə alınmaqla, suboqasiya tələbinin yaranması üçün sığorta hadisəsinin baş verməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və həmin tələbin yaranması üçün qanunla müəyyən edilmiş əsasın mövcud olması əsas şərtlərdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun (tələbinin) yaranması müəyyən edilir.

25. Birinci şərt sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə zərərin vurulması ilə bağlıdır. Sığorta qanunvericilinin də verdiyi anlayışa görə, sığorta hadisəsi, icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta obyekti olan Avtomobil vasitəsi ilə üçüncü şəxsə sığorta hadisəsi nəticəsində zərər dəyməsi işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə icbari sığorta növü üzrə sığortalanmış Avtomobillə sığorta hadisəsi törətmiş, yəni yol hərəkəti qaydalarının pozulması nəticəsində üçüncü şəxs – Elvin Nəbiyevin idarə etdiyi “Kia Optima” minik markalı avtomobilə maddi zərər vurmuş, həmçinin sığorta hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmış, buna görə də Suraxanı rayonu DYPŞ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə barədə Qərarına əsasən AR İXM-nin həm 327.1-ci maddəsi, həm də 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir.

26. Subroqasiya tələbinin yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə (faydalanan şəxsə) dəymiş zərərin ödənilməsi də, iş materialları ilə təsdiq edilir. "xxxx" ASCnin tərtib etdiyi xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi barədə ZBT178074/24 nömrəli Ödəniş aktına əsasən 2920 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxs Elvin Nəbiyevə ödənilmişdir.

27. Subroqasiya tələbinin yaranması üçün üçüncü şərt isə qanunda göstərilən əsasın yaranmasıdır. Məlumdur ki, icbari sığorta üçüncü şəxslərin əmlakına dəymiş zərərin qarşılanmasını təmin etmək məsdəilə sığortalının mülki məsuliyyətinin təminatı mexanizmidir. Bu sığorta növündə subroqasiya tələbi hər bir halda deyil, yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda yaranır. Bu əsaslardan biri də “İcbari sığortlalar haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddəsində qeyd olunmuş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması ilə bağlıdır. Sığorta hadisəsi baş verən zaman Avtomobilin sürücüsü olmuş Cavabdeh3 hadisə yerindən yayınması isə Suraxanı rayonu DYPŞ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə barədə Qərarı ilə öz təsdiqini tapır. Belə ki, həmin Qərarla Cavabdeh3 AR İXM-nin 327.6-cı maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə də inzibati məsuliyyətə cəlb edilmişdir.

28. Beləliklə, məhkəmə hesab edir ki, icbari sığorta növü üzrə sığortalanmış Avtomobillə sığorta hadisəsinin baş verməsinə görə üçüncü şəxsə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, habelə sığorta hadisəsi baş verdikdən sonra sığortalı Avtomobilin sürücüsü Cavabdeh3 hadisə yerindən yayındığından iddiaçının subroqasiya əmələ gəlmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə yalnız Cavabdeh3 münasibətdə məhkəməyə müraciət etməkdə haqlıdır.

29. Məhkəmə hesab edir ki, iddia tələbi "Azərmaş” MMC və Cavabdeh4 aid hissədə təmin edilməməlidir.

30. Belə ki, sığortaçının subroqasiya hüququ sığorta hadisənin törədilməsində təqsiri olan şəxsə qarşı yaranır. Əvvəldə də şərh edilənlərdən görünür ki, sığorta hadisəsi həmin vaxt Avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh3 təqsirli hərəkti nəticəsində baş vermişdir. Cavabdeh1 MMC-nin Avtomobilin mülkiyyətçisi, Cavabdeh4 isə lizinq müqaviləsi əsasında Avtomobilə sahiblik etməsi ilə sığorta hadisəsinin baş verməsində Cavabdeh3 təqsirli hərəkəti arasında heç bir səbəbli əlaqə yoxdur. Mülki Məcəllənin 1108-ci maddəsinin mənasından da görünür ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, .... və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə o halda borcludurlar ki, onlar yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik etmiş olsunlar. Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verdiyi etibarnamə əsasında Cavabdeh3 Avtomobili idarə etmək hüququna malik olmuşdur.

31. İddianın həcminə gəldikdə isə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı sığorta hadisəsi nəticəsində 2920 manat maddi zərər dəydiyini bildirsə də, nettinqin nəticələrinə əsasən cavabdehlərdən 3389,57 manat pul tələb edir. Məhkəmə qeyd edir ki, nettinq digər qarşılıqlı öhdəliklərin hesablaşma yolu ilə birbririndən çıxılması nəticəsində net məbləğin tələb olunmasıdır. Başqa sözlə, digər sığorta hadisələrinə görə sığorta şirkətlərinin qarşılıqlı hesablaşmaları qaydasıdır. Məhkəmə hesab edir ki, ayrı-ayrı şəxslərin iştirakı ilə baş vermiş digər sığorta hadisələrinə görə dəymiş zərərin əvəzinin təqsirli olmadığı halda Cavabdeh3 tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur.

32. Bundan başqa, məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcminə görə də iddia qismən əsaslıdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-165/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, sığorta hadisəsi nəticəsində “Kia Optima” minik markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1884 manat təşkil edir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ :

İddia qismən təmin edilsin. Cavabdeh3 1884 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar