Məhkəmə qərarları › İş №e-2-2(113)-2556/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2556/2022

17.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2556/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab olunması, əsassız hesablanmış cərimənin silinməsi və s.” tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş R 235029 saylı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab olunması, əsassız tətbiq olunmuş 8.516,72 manat məbləğində cərimənin silinməsi və elektrik enerjisindən istifadəyə görə smart kart sayğacının hesab koduna yüklədiyi 40,0 manat məbləğində pul vəsaitindən həmin məbləğin silinməsi üçün tutulmuş 20,0 manat məbləğində pul vəsaitinin qanunsuz hesab edilməsi, cərimə kimi ödənilmiş 2.000,0 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 və Bərpası Müəssisəsi ilə arıçılığın inkişafı məqsəd ilə 1,5 hektar torpaq sahəsinə dair 06 dekabr 2013-cü il tarixdən 2 saylı müqavilə bağlanılmışdır. Arı ailələrinə qulluq etmək, onların mühafizəsini təmin etmək, işçilərin müvəqqəti yaşamaları və istirahətləri üçün Şəki şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin 2014-cü il tarixində təsdiq etdiyi layihəyə əsasən həmin ərazidə yüngül konstruksiyalı ev quraşdırılmışdır. Ev quraşdırıldıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq həmin evə "xxxx" ASC-nin yerli qurumu tərəfindən elektrik xətti çəkilmiş və elektrik sayğacı quraşdırılmışdır. 18 yanvar 2022-ci il tarixdə həmin evdə mühafizəçı kimi yaşayan X1 zəng vuraraq bildirmişdir ki, "xxxx" ASC-nin nümayəndələri evə gələn elektrik naqilini əsas xəttdən açmış və elektrik sayğacını da söküb özləri ilə aparmışlar. Sonradan, yəni 19 yanvar 2022-ci il tarixdə həmin evə yeni sayğac quraşdırılmış, lakin elektrik naqillərini ana xəttə bağlamamışlar. Araşdırma zamanı "xxxx" ASC-nin nümayəndələri bildirmişdir ki, həmin idarənin nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman guya sayğacın baxış şüşəsinin üzərində xüsusi maqnit qoyulduğunu və sayğacın hesablama mexanizminin saxlanıldığını və süni şəkildə mexanizmin dondurulduğu aşkar edilmişdir. Bu səbəbdən də evə gələn elektrik naqilini əsas xəttdən ayrılmış və elektrik enerisinin istifadə qaydalarını pozduğuna görə 18 yanvar 2022-ci il tarixdə 235029 № li AKT tərtib etməklə 8516,12 (səkkiz min beş yüz on altı mamat on iki qəpik) məbləğində cərimə yazılmışdır. Akt təqdim olunmamış sonradan vəkil sorğusuna əsasən əldə olunmuşdur. Elektrik enerjisinin pulunu vaxlı-vaxtında ödəməsinə və həmin tarixədək heç bir borcunun olmamasına baxmayaraq, elektrik enerjisinin verilməsinin bərpa edilməsini cavabdehdən xahiş edilsə də bu bir səmərə verməmiş, ona görə də elektrik enerjisinin verilməməsinin evin işıqlandırılmasında və mühafizənin aparılmasında xüsusi çətinliklər yaratdığını nəzərə alaraq, müvəqqəti təminat tədbiri görülməsi üçün ərizə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-MTT(006)-24/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı əsasında ərizə təmin olunmuş və həmin qərardad dərhal icra olunması üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru X5 tərəfindən e 28660/2022-5-29-003 saylı xx.xx.2022-ci il tarixli tələbin könüllü icra olunması üçün bildiriş "xxxx" ASC-ə göndərmişdir. Lakin "xxxx" ASC tərəfindən məhkəmə qərardadı könüllü icra edilmək əvəzinə 3000 (üç min) manat pulun onların hesabına ödədikdən sonra qərardadın icra olunacağı bildirilmişdir. Məhkəmə qərardadının icra edilməməsi ilə bağlı dəfələrlə Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 qəbulunda olmuş, vəziyyəti bildirmişdir. "xxxx" ASC-nə 28660/22-5-9 saylı xx.xx.2022-ci il tarixli inzibati məsuliyyət haqqında xəbərdarlıq göndərilsə də, həmin orqan məhkəmə qərardadını yenə də icra etməmişdir. Havanın soyuq olduğunu, orada mühafizəçi işləyən şəxsin iki azyaşlı uşağının, (uşağın biri xəstədir) vəziyyətini, evin işıqlandırılmasında və mühafizənin aparılmasında xüsusi çətinliklər yarandığına görə məcburiyyət qarşısında qalaraq 15 fevral 2022-ci il tarixdə 2.000 (iki min) manat pulu onların hesabına ödədikdən sonra həmin təşkilat elektrik enerjisinin verilməsini bərpa etmişdir. Yəni, "xxxx" ASC öz qanunsuz tələblərini həyata keçirərək, yazılmış əsassız cərimənin bir hissəsini ödətdirdikdən sonra işığı bərpa etmişdir. "xxxx" ASC-nin əməkdaşlarının bu qanunsuz hərəkətləri nəticəsində qanunla qorunan hüquqları pozulduğu səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şəki MMBM-in direktoru X6, istifadəçi X2 olmaqla imzalanmış 06 dekabr 2013-cü il tarixli müqaviləyə əsasən X8 və Bərpası Müəssisəsinin kiş meşəbəyliyinin 70 kvartalının 8 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan meşə ilə örtülü sahədən arıçılığın inkişafı məqsədilə 1.5 hektar sahə ayırır. 18 yanvar 2022-ci il tarixli R 235029 saylı aktda qeyd olunmuşdur ki, EEİQ-na uyğun olaraq istehlakçı İddiaçı istifadəsinəd olan sayğac uçot dəstinə baxış keçirilən zaman abonentin sayğacın baxış şüşəsinin üzərinə xüsusi maqnit qoyaraq sayğacın hesablanma mexanizmini saxladığı və süni şəkildə mexanizmi dondurduğu aşkar edilmişdir. İddiaçı məxsus hesabdan çıxarışdan məlum olur ki, qeyd olunan abonentə xx.xx.2022-ci il tarixində ümumilikdə 8.516,72 manat məbləğində cərimə hesablanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən məlum olur ki, 2.000 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18 yanvar 2022-ci il tarixində İddiaçı məxsus sayğaca “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) riayət olunmasına dair yoxlama keçirilmiş və bu yoxlamasnın nəticəsi olaraq R 235029 nömrəli akt tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən aparılan yoxlamanın əsaslı olması ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, "xxxx" ASC İddiaçı qanunsuz olaraq hesablanmış borcun ödənilməsini tələb edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış 8.516,72 manat cərimə silinməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 2.000 manat pul məbləğinin geri qaytarılmasına münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən 2.000 manat məbləğində ödənişin ödənilməsi və qeyd olunan ödənişin cərimə məbləğinin ödənilməsi ilə bağlı olduğu öz təsdiqini tapdığından təmin edilməli, 2.000 manat pul məbləği "xxxx" ASCdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 40 manat pul vəsaitindən 20 manat tutulmasının qanunsuz hesab edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilməmişdir. Bundan başqa, cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə elektrik uçot komplektinə baxış keçirilərkən qanunvericiliyin aşağıda qeyd olunan bir çox tələblərinin pozulduğu müəyyən edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır (Qanun xx.xx.2015-ci il tarixdən qüvvəyə minmişdir). 2.1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 3.1-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra–yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Beləliklə, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı-yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçının tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli R 235029 nömrəli akt əsasında İddiaçı hesablanmış 8.516,72 manat (səkkiz min beş yüz on altı manat, yetmiş iki qəpik) manat borc silinməli, "xxxx" ASC-dən 2.000 (iki min) manat İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli R 235029 nömrəli akt əsasında İddiaçı hesablanmış 8.516,72 manat (səkkiz min beş yüz on altı manat, yetmiş iki qəpik) manat borc silinsin, "xxxx" ASC-dən 2.000 (iki min) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar