Məhkəmə qərarları › İş №e-2-2(113)-2557/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2557/2021

25.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2557/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdeh “xxxx” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “hərracın nəticələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 06.04.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. “X3 Edilməsi Agentliyi” MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “ipotekaya qoyulmuş mənzilə tutmanın yönəldilməsi və kredit borcunun tutulması” tələblərinə dair mülki iş üzrə 2(011)-1509/2018 saylı, 03.08.2018- ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Maraqlı şəxs “İddiaçı" QSC-nin xeyrinə 9732 ABŞ dolları əsas, 3424.97 ABŞ dolları borcu olmaqla, cəmi 13156.97 ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, Maraqlı şəxs məxsus “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “İddiaçı" QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrasının təmin edilməsi məqsədi ilə borclu Maraqlı şəxs məxsus “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracda satılması üçün Xətai Rayon İcra Şöbəsi tərəfindən “xxxx” MMC hərrac təşkilatına hərracın keçirilməsi üçün sifariş göndərmişdir. Cavabdeh hərrac təşkilatı tərəfindən borclu Maraqlı şəxs məxsus “Hyundai Tucson” markalı 90- GB-212 qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracda satılması üçün hərrac təşkil edilsə də, qanunvericilikdə müəyyən edilmiş qaydada tələbkara hərracın yeri və vaxtı barədə bildiriş göndərilməmişdir. Əldə etdikləri şifahi məlumata görə cavabdeh tərəfindən 06.04.2021-ci il tarixində hərrac keçirilmiş və qalib alıcı müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1509/2018 saylı 03.08.2018-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs məxsus “Hyundai Tucson” markalı **- GB-*** qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi olmuşdur. Qeyd olunan avtomobil “xxxx” MMC tərəfindən 6000 manat məbləğində qiymətləndirilmişdir. Lakin Maraqlı şəxs məxsus “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı avtomobilinə qoyulmuş dəyər nəqliyyat vasitəsinin faktiki istismar vəziyyəti və real bazar qiymətindən aşağı qiymətləndirilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, Maraqlı şəxs və X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra – MPM) tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxx” ASC-nin dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “xxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən etməyi və həmin aktivlərin mərhələləi şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı QSC BOKT-un idarəetməsinə verilməsi üçün tədbirlərin görülməsi qərara alınmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(011)-1509/2018 saylı icra vərəqəsinə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9732 9732 ABŞ dolları məbləğində əsas borc, 3424,97 ABŞ dolları məbləğində faiz borcu, cəmi cəmi 13156.97 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı tələbkar “İddiaçı" QSC-yə ödənilməli, tələb Maraqlı şəxs məxsus “Hyundai Tucson” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və avtomobil açıq hərracdan satılmalı, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13156.97 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı “İddiaçı" QSC-yə ödənilməli, qalan məbləğ isə Maraqlı şəxs qaytarılmalıdır. “xxxx” MMC tərəfindən keçirilmiş “Hyundai Tucson” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin müəyyən edilməsi barədə 2909 nömrəli, 23.02.2021-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən olur ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsinə “Hyundai Tucson” minik markalı **-GB- *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 6000 manat müəyyən edilmişdir. 01/765 saylı, 10.03.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişə əsasən Maraqlı şəxs, Xətai rayon İcra və Probasiya Şöbəsinə, “X3 Edilməsi Agentliyi” MMC-yə 06.04.2021-ci il tarixdə saat 10:00-da “Hyundai Tucson” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə açıq hərrac keçiriləcəyi bildirilmişdir. Açıq hərracın keçirilməsinə dair elan Birja qəzetinin 10 mart 2021-ci il tarixli 239 nömrəli buraxılışında dərc olunmuşdur. Hərracın yekunları barədə 26/01 nömrəli protokoldan məlum olur ki, Xətai rayon Məhkəməsinin 2(011)-1509/2018 saylı, 03.08.2018-ci il tarixli icra vərəqəsinə, Xətai rayon İcra Şöbəsinin e206486/2020-5 saylı, 05.03.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Satış günü icra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. Əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmişdir. İpoteka predmetinin ilkin hərrac qiyməti 6000 manat, satış qiyməti isə 6020 manat olmuşdur. 27.04.2021-ci il tarixli TT**********7156020 nömrəli qəbzin surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin bank hesabına Hərracın yekunları barədə 26/01 nömrəli protokola əsasən qalib alıcı X2 tərəfindən 6020 manat məbləğində pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir... Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(011)-1509/2018 saylı icra vərəqəsinə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9732 ABŞ dolları məbləğində əsas borc, 3424,97 ABŞ dolları məbləğində faiz borcu, cəmi cəmi 13156.97 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı tələbkar “İddiaçı" QSC-yə ödənilməli, tələb Maraqlı şəxs məxsus “Hyundai Tucson” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və avtomobil açıq hərracdan satılmalı, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13156.97 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı “İddiaçı" QSC-yə ödənilməli, qalan məbləğ isə Maraqlı şəxs qaytarılmalıdır. Həmin icra sənədinin icra edilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən cavabdehə hərracın keçirilməsi ilə bağlı müvafiq sifariş göndərilmiş, cavabdeh tərəfindən 06.04.2021-ci il tarixdə hərrac keçirilmiş, həmin hərracda qalib gəlmiş alıcı X2 ilə həmin tarixdə hərracın yekunları barədə 26/01 saylı protokol imzalanmışdır. İddiaçı hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişin ona göndərilmədiyini və hərracın keçirilməsindən sonradan xəbər tutduğunu göstərir. Cavabdehin məhkəməyə ünvanladığı açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişin surətindən görünür ki, tələbkar və borcluya Bakı şəhər Xətai rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(011)-1509/2018 saylı icra sənədinə əsasən hərracın keçirilmə yeri və vaxtı barədə bildiriş ünvanlanmışdır. Lakin həmin bildirişin tələbkara çatdırıldığını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “xxxx” MMC tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 06.04.2021-ci il tarixli 26/01 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 06.04.2021-ci il tarixli 26/01 saylı hərrac protokolu etibarsız hesab edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar