Məhkəmə qərarları › İş №e-2-2(113)-2559/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2559/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2559/2023 22.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X7 Bakı Filialının cavabdehlər X3, Cavabdeh2 və Qanuni nümayəndə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı X7 Bakı Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X7 Bakı Filialı cavabdehlər Cavabdeh2 ("xxxx" MMC), Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC, Qanuni nümayəndə və Cavabdeh1 13 aprel 2023-cü il tarixinə olan 19747,67 manat (bundan 16253,05 manat vaxtı keçmiş borc, 3494,62 manat faiz borcu təşkil edir) məbləğində kredit borcu və ödənilmiş 149,24 manat dövlət rüsumunun tutularaq “X7” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X7” Bakı filialı ilə "xxxx" MMC arasında imzalanmış 25 noyabr 2021-ci il tarixli, 1103 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 16% ödəmək şərti ilə 36 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 597,67 manat (beş yüz doxsan yeddi manat altmış yeddi qəpik) ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 13 aprel 2023-ci il tarixə kimi banka olan kredit borcu üzrə 9562,72 manat ödənişi yerinə yetirməli idi. Lakin 13 aprel 2023-cü il tarixə kimi borcalan tərəfindən banka 1199,21 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu ödəməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər gün üçün borcalan banka illik 26% ödəməlidir. 13 aprel 2023-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 19747,67 manat təşkil edir. Bundan 16253,05 manat vaxtı kecmiş kredit borcu və 3494,62 manatı isə faiz borcunu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. "xxxx" MMC ilə bağlanmış 25 noyabr 2021-ci il tarixli, 1103 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Qanuni nümayəndə ilə 192 saylı və Cavabdeh1 ilə 191 saylı saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrnin 1.1-ci bəndinə əsasən zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqavilələrinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında olan kredit borcunu dərhal ödəməyi öz öhdəsinə götürür.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, "xxxx" MMC, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 16253,05 manat, hesablanmış faiz borcu üzrə 3494,62 manat olmaqla, cəmi 19747,67 manat borc və ödənilmiş 149,24 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehlərdən Cavabdeh1 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, iddia tələbini əsas borc hissəsində qəbul edirlər. Müqavilə şərtlərinə əsasən borcalan 90 gün ərzində ödəniş etməzsə, bank borc məbləğinin tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. Borcalan tərəfindən ödəmə qabiliyyətinin olmadığı bildirilsə də, bank uzun müddət sonra məhkəməyə müraciət etmiş və nəticədə faiz borcu həddən artıq hesablanmışdır.

9. X7 Bakı Filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1103 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müqaviləyə əsasən "xxxx" MMCyə bank tərəfindən 36 (otuz altı) ay müddətinə 17000 (on yeddi min) manat məbləğində kredit verilmişdir.

10. X7 Bakı Filialı ilə Qanuni nümayəndə arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli 192 zaminlik müqaviləsinin məzmunundan görünür ki, X7 Bakı Filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1103 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. X7 Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 191 zaminlik müqaviləsinin məzmunundan görünür ki, X7 Bakı Filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1103 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. “X7 Bakı Filialının Cavabdeh1 ünvanladığı 20 aprel 2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubunda 20 aprel 2022-ci il tarixə gecikdirilmiş 1387,13 manat kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

13. “X7 Bakı Filialının "xxxx" MMC-yə ünvanladığı 20 aprel 2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubunda 20 aprel 2022-ci il tarixə gecikdirilmiş 1387,13 manat kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

14. “X7 Bakı Filialının Qanuni nümayəndə ünvanladığı 20 aprel 2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubunda 20 aprel 2022-ci il tarixə gecikdirilmiş 1387,13 manat kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

15. “X7 Bakı Filialı tərəfindən cavabdehlər "xxxx" MMC-yə, Qanuni nümayəndə və Cavabdeh1 12 aprel 2023-cü il tarixli pretenziya məktubu göndərilmiş və cavabdehlərdən kredit müqaviləsi üzrə 19738,83 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. X7 Bakı Filialı tərəfindən tərtib edilmiş 13 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 1103 nömrəli kredit müqaviləsi üzrə 13 aprel 2023-cü il tarixə 16253,05 manat əsas borc, 3494,62 manat faiz borcu, cəmi 19747,67 manat borcu mövcuddur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust.2023-cü il tarixli, 9/5461 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin X7 Bakı Filialına olan borcu 23 yanvar 2023-cü il tarixə 16294,03 manat əsas borc, 2556,35 manat faiz borcu, 13 aprel 2023-cü il tarixə əsas borcu 16294,03 manat, faiz borcu 3135,69 manat, 20 aprel 2023-cü il tarixə 16294,03 manat, faiz borcu 3186,39 manat təşkil edir.

18. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X7 Bakı Filialı ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC-yə bank tərəfindən 36 ay müddətinə 17000 manat kredit verilmişdir. X7 Bakı Filialı ilə Cavabdeh1 və Qanuni nümayəndə arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrlə zaminlər "xxxx" MMC-nin müqavilə öhdəliklərinin icrasını təmin etməyi öz öhdəsinə götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilələr üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtləri və mülki qanunvericiliyin normalarını pozmuşlar.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

23. İddia tələbinin bir hissəsini cavabdеhlər "xxxx" MMC, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada iddiaçı X7 Bakı Filialının xeyrinə 16253,05 manat əsas borc və 3494,62 manat faiz borcunun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında əks olunan hüquqi mövqeyi, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini də nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 ("xxxx" MMC), Cavabdeh1 və X1 müştərək qaydada 16253,05 manat (on altı min iki yüz əlli üç manat beş qəpik) əsas borc, 3186,39 manat (üç min yüz səksən altı manat otuz doqquz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdr. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlərə ilkin olaraq, bildirişlər 2022-ci ilin aprelində göndərilsə də, həmin bildirişlərdə cari borcun ödənilməsi təklif olunmuşdur. Daha sonra pretenziya 2023-cü il 12 apreldə göndərilmiş, 13 apreldə qəbul olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə göstərilən məbləğdə faiz borcunun tutulması qənaətinə gələrkən ekspert rəyindəki 20 aprel 2023-cü il tarixə hesablanan məbləği əsas götürmüşdür.

25. Eləcə də, iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 149,24 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Qeyd olunmalıdır ki, iddianın qiyməti 19747,67 manat, ödənilməli olan dövlət rüsumunun məbləği 149,24 manat olmuşdur. İddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyindən iddiaçı həmin hissədə dövlət rüsumunu ödəməkdən azad olmuş, ödəməli olduğu rüsumun məbləği 49,24 manat olmuşdur. İddiaçı tərəfindən 144,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən ödənilən dövlər rüsumunun ödənilməli olan hissəsi, yəni 49,24 manat manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

27. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh2 ("xxxx" MMC), Cavabdeh1 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 müştərək qaydada 16253,05 manat (on altı min iki yüz əlli üç manat beş qəpik) əsas borc, 3186,39 manat (üç min yüz səksən altı manat otuz doqquz qəpik) faiz borcu, 49,24 manat (qırx doqquz manat iyirmi dörd qəpik) dövlət rüsumu olmaqla, cəmi 19488,68 (on doqquz min dörd yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul X7 Bakı Filialının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar