Məhkəmə qərarları › İş №e-2-2(113)-256/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-256/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-256/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “icarə sahəsinin boşaldılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “icarə sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “icarə sahəsinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 273.240 manat məbləğində icarə haqqının, 60.000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci iyin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 224 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ona vurulmuş maddi ziyana görə 273240 manat məbləğində icarə haqqının, 60000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci ilin iyun ayının 1dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 224 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ona vurulmuş maddi ziyana görə 356040 manat məbləğində icarə haqqının, 80000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci ilin iyun ayının 1dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 326 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ona vurulmuş maddi ziyana görə kompensasiya olaraq 356040 manat pulun (2020-ci ilin iyun ayından 2024-cü ilin fevral ayınadək olan aylar üçün), 80000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci ilin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 326 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanmış 14 aprel 2020-ci il tarixli xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşma aşağıdakı kimi olmuşdur: 1. xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: Bu müqaviləyə görə icarə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N. Vəzirov küçəsinin kəşişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürür. 2. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 3.1. Bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə görə icarəyə verənə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 manat icarə haqqı ödəyir. 3. xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə 8.10 bəndi əlavə edilsin: 8.10 Tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkaməsinin xx.xx.2016-ci il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə ödənilməsinə yönəldilir. Bundan sonra Cavabdeh ASC Bakı Apellyasiya Məhkaməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-129/2020 saylı qərarı ilə müflis elan edilmiş və banka X5 ləğvedici təyin edilmişdir. Daha sonra X2 31 may 2020-ci il tarixli, 200/200601077 saylı məktubu göndərmişdir. Həmin məktubda qeyd edilmişdir ki: Cavabdeh ASC Bakı Apellyasiya Məhkaməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)- 129/2020 saylı qərarı ilə müflis elan edilmiş və banka X5 ləğvedici təyin edilmişdir; Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh ASC ilə aranızda bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli Razılaşmaya 01 iyun 2020-ci il tarixdən tərəfimizdən xitam veriləcəkdir; Nəzərə almağınız xahiş olunur. Cavabdeh ASC ilə aralarında bağlanmış 14 aprel 2020-ci il tarixli xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə 8.10 bəndi əlavə edilmişdir. 8.10 - Tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkaməsinin xx.xx.2016-ci il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə ödənilməsinə yönəldilir. Aylıq icarə haqqını ödəməmək, yəni Cavabdeh ASC-nin üzərinə götürdüyü öhdəliklərdən birdəfəlik azad olmaq üçün X2 məktub göndərərək Razılaşmaya xitam verildiyini bildirmişdir. İlk olaraq bildirmək istəyir ki, X3 məhkəmə qətnaməsi olmadan ləğvedicisi təyin olunduğu Cavabdeh ASC-nin üzərinə götürdüyü öhdəliklərə birtərəfli qaydada xitam verməsi qanunsuzdur. Bundan əlavə bildirmək istəyir ki, mən obyektini cavabdehə görə icarəyə verə bilmir. Belə ki, Cavabdeh ASC obyektin zirzəmisini depozit otağını bağlamaqla və obyektin 1-ci mərtəbəsi isə öz əşyaları ilə zəbt etmişdir. Bu barədə Cavabdeh ASC-ni və X4 nə qədər xəbərdar etsə də, bu problem hələ də aradan qaldırılmamışdır. Nəticə etibarilə, X3 təqsirli hərəkətləri nəticəsində obyektini icarəyə verə bilmədiyinə görə icarə haqqından və əldə edəcəyi faydadan məhrum olmuşdur. Bu səbəbdən cavabdeh X1 273.240 manat məbləğində icarə haqqını (aylıq 8280 manat olmaqla), 60.000 manat məbləğində əldən çıxmış faydanı və qətnamə icra edildiyi gün 2020-ci iyin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizini iddia və tələb edir. Həmin borc məbləği tam olaraq mənə qaytarılmalıdır. Lakin üstündən bu qədər müddət keçməsinə və onun cavabdehə dəfələrlə xəbərdarlıq etməyisinə baxmayaraq cavabdeh onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Bundan başqa işin məhkəməyə verilməsi üçün də 400 manat mediasiya xərci 224 manat dövlət rüsumu ödəmişdir. Halbuki, cavabdeh öz öhdəliyini yerinə yetirsə idi, bu xərclər ortaya çıxmayacaqdı. Buna görə də məhkəmədən çəkilmiş xərclərin də cavabdehdən alınaraq ona qaytarılmasını xahiş edir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-256/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO Cavabdeh ASC (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir.

Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2020-ci ilin 1 iyun tarixindən icarə müqaviləsinə xitam verilməsi barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona bildiriş göndərilmiş, lakin icarə sahəsi ona təhvil verilməmişdir. İcarə sahəsi cavabdehin kamera müşahidəsi altında olmuş, mühafizə idarəsinin əməkdaşları tərəfindən mühafizə edilmiş, birinci mərtəbədə olan əşyalar (əməliyyat masası və sairə) oradan çıxarılmamış (hazırda da oradadır), zirzəmidə isə çoxsaylı seyflər, saxlanc, depozit yeşikləri qalmış, xx.xx.2024-cü il tarixdə bəzi əşyalar oradan çıxarılsa da, sahə tam olaraq ona təhvil verilməmişdir. Bu səbəbdən o, həmin qeyri-yaşayış sahəsini yenidən icarəyə verə bilməmiş, ona ziyan dəymiş, ona cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə görə 2020-ci ilin iyun ayından etibarən isə ümumiyyətlə hər hansı vəsait ödənilməmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Nəsibov iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsinə cavabdeh tərəfindən 2020-ci ilin 1 iyun tarixindən xitam verilmiş, bank müflis elan edildiyi və həmin tarixdən fəaliyyət göstərmədiyi üçün icarə sahəsindən tərəflərindən təyinatı üzrə istifadə edilməmiş, bu səbəbdən həmin tarixdən etibarən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə qalan əşyalar oradan çıxarılmış, 2 ədəd metal qapının çıxarılmamasının səbəbi həmin qapıların divara bərkidilməsi və çıxarılan zaman sahənin zədələnəcəyidir. Birinci mərtəbədə onlara məxsus yalnız əməliyyat masası (şüşə arakəsmələri olan dairəvi masa) qalmış, həmin əşya da iddiaçıya ödəniş müqabilində təklif edilmiş, razılıq əldə ediləcəyi təqdirdə iddiaçıya təhvil veriləcəkdir.

II. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı (icarəyə verən) və “X7” ASC (icarəçi) arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsini – Azadlıq prospekti 124 icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 2.2.8-ci bəndinə əsasən icarə götürdüyü əmlakı icarəyə verənə təhvil verənə kimi təyinatı üzrə və vicdanlı istifadə edir, icarə verənin razılığı olmadan tamamilə sökmür və icarəyə verənin razılığı olmadan başqasına subicarəyə vermir.

13. Bu müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə görə icarəyə verənə ödəniləcəkə bütün vergilər də daxil olmaqla, hər ay 18314 manat icarə haqqı ödəyir.

14. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə 25 yanvar 2017-ci il tarixindən qüvvəyə minir və 25 yanvar 2017-ci il tarixdən 18 sentyabr 2018-ci il tarixədək etibarlıdır.

15. Müqavilənin 8.4-cü bəndinə əsaəsn bu müqavilə imzalandıqdan sonra 18 fevral 2018-ci il tarixdən 18 sentyabr 2018-ci il tarixədək olan müddət üçün 7 aylıq icarə haqqı məbləği icarəçi tərəfindən icarəyə verənə ödənilir.

16. İddiaçı və Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli “xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşma”ya əsasən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndi aşağıdakı kimi verilmişdir: Bu müqaviləyə görə icarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahəni icarəçinin istifadəyə verməyi, icarəçi isə həmin icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürür.

17. Razılaşmanın 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə görə icarəyə verənə ödəniləcək bütün vergilər də daxil olmaqla hər ay 8280 manat icarə haqqı ödəyir.

18. Razılaşmanın 8.10-cu bəndinə əsasən tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə yönəldilir.

19. Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 14 aprel 2020-ci il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmaya əsasən bank Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən borcludan tələb olunan 713555 ABŞ dolları məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1,05 manat məzənnəsi üzrə hesablanaraq, ümumilikdə 749235,75 manat təşkil etdiyinə etiraz etmir.

20. Borclu bankla bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən hər ay ona ödənilən aylıq icarə haqqının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən banka olan kredit borcuna ödənilməsinə etiraz etmir. Borclu tərəfindən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş məbləğin 138333 manat ödənilmiş qalan 610902,75 manatın isə gələcəkdə ödənilməsi təmin olunacaqdır. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən tələb olunan və bu razılaşmanın 1-ci bəndinə əsasən 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanmış 749235,75 manat məbləğində kredit borcu ödənildikdən sonra bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-nin borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılması barədə öhdəlik götürür. Əgər tərəflərdən hər hansı biri bu razılaşmanın bəndlərindən birini pozarsa digər tərəf birtərəfli qaydada bu razılaşmaya xitam verə bilər.

21. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 31 may 2020-ci il tarixli **********077 nömrəli məktubdan görünür ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanan 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli razılaşmaya 01 iyun 2020-ci il tarixindən etibarən tərəflərindən xitam veriləcək.

22. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli təklifdən görünür ki, iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq prospekti və Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və zirzəmi hissəsini götürülmüş reklamdan 450 m2 sahəsini ƏDV daxil 9500-10000 manat sığorta şirkəti, bank, o cümlədən internet telekommunikasiya, şəbəkə provayderi üçün icarəyə götürülməsini təklif edir.

23. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 05 nömrəli təklifdən görünür ki, mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq prospekti və Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və zirzəmi hissəsini götürülmüş reklamdan 450 m2 sahəsini ƏDV daxil 10500 manat məbləğinə qeyri-bank təşkilatın icarəyə götürülməsini təklif edir.

24. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin zirzəmisindən Əmanətlərin Sığortalanması Fonduna məxsus 1 ədəd “Avanqard UPS” firmasının istehsalı olan “UPS cihazı” (Bar kod: 0********) və 87 ədəd metal depozit yeşikləri (saxlancı, seyfi) (Bar kod: 070000***-*******19) Əmanətlərin Sığortalanması Fondu tərəfindən götürülmüş, zirzəminin bunker otağı, depozit otağı və server otağı qeyriyaşayış sahəsinin mülkiyyətçisinə təhvil verilmiş, bunker otağının və depozit otağının iki ədəd metal seyf qapıları götürülməmişdir.

25. xx.xx.2024-cü il tarixli obyektin texniki möhkəmliyinə dair profilaktik müayinə aktına əsasən Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinin taqım komandiri E.Hacalıyev cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin texniki möhkəmliyinə görə müayinəsini həyata keçirmişlər.

26. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Belə ki, iddia tələbi üç hissədən ibarətdir: 1. icarə sahəsinin boşaldılaraq təhvil verilməsi; 2. icarə sahəsinin vaxtında boşaldılmamasına görə kompensasiya ödənilməsi;

3. 80000 manat əldən çıxmış faydanın ödənilməsi; 4. ödənilməsi gecikdirilən vəsaitə görə illik 5 faiz hesablanmaqla borcun ödənilməsi.

28. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.

29. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə müqavilə, həmin müqaviləyə əlavələr imzalanmış, icarə müqaviləsi cavabdeh (icarəçi) tərəfindən xx.xx.2020-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş, həmin tarixdən iddiaçıya hər hansı vəsait ödənilməmişdir.

30. Cavabdeh iddia ərizəsinə bu hissədə etiraz edərək, icarə sahəsinin iddiaçıya geri təhvil verildiyini, bank müflis elan edildiyi üçün faktiki olaraq həmin sahədən istifadə edilmədiyini bildirir.

31. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır, belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin sahədə olan və cavabdehə məxsus əşyaların bir qismi yalnız həmin tarixdə qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Bundan əlavə, həmin qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həm də zirzəmisində cavabdehə məxsus əşyaların tam şəkildə boşaldılmadığını tərəflərin nümayəndələri də məhkəmə iclasında təsdiq etmişlər. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Nəsimi Rayon Mühafizə İdarəsi ilə cavabdeh arasında olan müqavilə əsasında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir.

32. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4167/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, icarə sahəsinə cavabdehin giriş-çıxışına qadağa qoyulmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8342/2020 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4167/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək iddiaçının ərizəsi təmin edilməmişdir.

33. İcarə sahəsinin müqaviləyə birtərəfli xitam verildikdən sonra geri təhvil verildiyi halda, cavabdehin sahəyə giriş-çıxışına qoyulmuş qadağa ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərardaddan hansı səbəbdən şikayət verilməsini cavabdehin nümayəndəsi ağlabatan şəkildə izah edə bilməmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

35. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

36. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, icarə sahəsi boşaldılaraq iddiaçıya geri təhvil verilməlidir.

38. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

39. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

40. İddia ərizəsindən görünür ki, iddiaçı 2020-ci ilin 1 iyun tarixindən 2024-cü ilin fevral ayına qədər kompensasiya olaraq 43 aylıq müddət üçün 356040 manat vəsait tələb edir.

41. Məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildikdən sonra qeyri-yaşayış sahəsi iddiaçıya geri qaytarılmadığından iddia həmin hissədə təmin edilməli, cavabdehdən 356040 manat məbləğində pul (aylıq icarə haqqı 8280 manat * 43 ay) tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə iddia tələbini 80000 manat əldən çıxmış faydanın ödənilməsi hisəsində əsassız hesab edir.

43. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

44. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

46. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

47. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

48. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

49. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

50. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

51. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

52. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

53. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

54. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

55. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

57. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

58. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

59. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

60. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırkı tələb qeyri-müəyyən olduğundan, tələb edilən məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

61. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 356040 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, icarə sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, qalan 326 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən 356040 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 356440 (üç yüz əlli altı min dörd yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsi və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.metr sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 326 (üç yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar