Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-256/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: şərik müqaviləsi, borc müqaviləsi, əsassız varlanma) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi kimi 15600 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 136,80 manat və hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 800 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə aralarında uzun müddətdir ki, yaxşı münasibətlər var və cavabdeh hər dəfə ona taksi biznesində kifayət qədər gəlir olduğunu bildirərək həmin biznesə pul yatırmağı təklif etmiş, Firuz onu bu işə qoşulmağa və gəlir əldə etməyə dəvət etmişdir. İddiaçı cavabdehə inandıqdan sonra 1 ədəd ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və 1 ədəd ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobilləri almış və həmin avtomobilləri cavabdehin tanışı olan Orxan və Şahin adlı şəxslərin idarə etdiyi “Flit Uber” şirkətinə icarəyə vermişdir. Bir müddət şirkətdən gəlir əldə etdikdən sonra cavabdeh ona bildirdi ki, onun özünə məxsus avtomobili şirkətdə taksi kimi fəaliyyət göstərir, lakin maddi durumu aşağı olduğundan avtomobili satmaq məcburiyətindədir. Əgər cavabdehə maddi tərəfdən dəstək olsa və 6500 manat pul versə, cavabdeh də öz növbəsində onu özünə məxsus avtomobilə şərik etməklə aylıq gəlirləri yarı böləcəkdir və eyni zamanda avtomobilin 50 % mülkiyyətçisi edəcəkdir. Bundan sonra Cavabdeh tərəfindən avtomobil 13000 manat dəyərində qiymətləndirildiyindən, iddiaçı tərəfindən 6500 manat cavabdehə verilmişdir. Cavabdeh bir müddət sonra ona avtomobilin qəza törətdiyini və hazırda cərimə meydançasında olduğunu bildirmişdir. Avtomobilin ordan çıxarılması üçün 5000 azn maddi vəsait tələb olunur. İddiaçı həmin vaxt buna etiraz etmiş və avtomobilin cərimə meydançasından qanuni yolla çıxarılmasını təklif etmişdir. Cavabdeh isə öz növbəsində ona vədlər vermiş və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Lakin bir müddət cavabdeh həmin avtomobili cərimə meydançasından çıxarıb satmışdır. İddiaçı belə olan halda cavabdehdən ilkin olaraq ona ödədiyi 6500 manatı və avtomobilin satışından əldə edilmiş pulun yarısını tələb etdikdə cavabdeh pulları ona geri ödəməmişdir. Beləliklə cavabdehə şəriklik üçün verilmiş 6500 manat və avtomobilin satışından əldə edilmiş 4600 manat ümumilikdə 11100 manat pul ona geri qaytarılmamışdır. Cavabdeh tərəfindən aldadıldığını bildikdə bununla bağlı Nəsimi rayon Pİ-nə müraciət etmişdir. Nəsimi Pİ-nin istintaq şöbəsində araşdırma aparılmış və həmin vaxt izahatı alınmış Cavabdeh bildirmişdir ki, ona 5850 manat borcu vardır və pulu olmadığı üçün həmin pulu ona geri qaytarmamışdır. Nəsimi rayon Pİ-nin 27 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddia tələbi əsaslıdır və cavabdeh tərəfindən alınmış pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə pretenziya ünvanlanaraq pul vasaitinin geri qaytarılması tələb edilmiş lakin cavabdeh tərəfindən pretenziyada göstərilən müddətdə pul vəsaiti geri qaytarılmamışdır. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21.1, 21.2-ci və 385.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya taksi biznesində kifayət qədər gəlir olduğunu bildirərək həmin biznesə pul yatırmağı təklif etmiş, bu işə qoşulmağa və gəlir əldə etməyə dəvət etmişdir. İddiaçı cavabdehə inandıqdan sonra cavabdeh bildirmişdir ki, onun özünə məxsus avtomobili şirkətdə taksi kimi fəaliyyət göstərir, lakin maddi durumu aşağı olduğundan avtomobili satmaq məcburiyətindədir. Əgər iddiaçı ona maddi tərəfdən dəstək olsa və 6500 manat pul versə, o, da öz növbəsində iddiaçını özünün biznesinə şərik etməklə aylıq gəlirləri yarı böləcək və eyni zamanda biznesin 50% mülkiyyətçisi edəcəkdir. Bundan sonra Cavabdeh tərəfindən avtomobil 13000 manat dəyərində qiymətləndirildiyindən, iddiaçı cavabdehə 6500 manat vermişdir. Firuz bir müddət sonra iddiaçıya bildirdi ki, avtomobilin sürətlər qutusu sıradan çıxıb və bunun üçün 1500 manat vəsait tələb olunur. İddiaçı həmin pulun yarısı olan 750 manat pulu Firuza ödəmişdir. Qısa bir müddət sonra cavabdeh yenə iddiaçıya bildirdi ki, avtomobilin mühərriki xarab olub və onun təmir edilməsinə 1500 manat vəsait lazımdır. “UBER” şirkətinin sahibi kimi tanıdığı Orxan və Şahın adlı şəxsə vermişdi. Qalan borc iddiaçı tərəfindən ödənilməlidir. Beləliklə cavabdeh iddiaçıdan 750 manat mühərrikin təmiri üçün əlavə pul almışdır. İddiaçı cavabdehdən dəfələrlə hər hansı sənəd və sübut tələb etməyinə baxmayaraq heç biri cavabdeh tərəfindən təqdim edilməmişdir. Daha sonra isə avtomobilin radiator hissəsinin xarab olduğunu bəhanə edərək cavabdeh iddiaçıdan 250 AZN pul almışdır. Qısa bir müddət sonra isə cavabdeh bildirdi ki, avtomobil qəza törədib və hazırda cərimə meydançasındadır. Avtomobilin ordan çıxarılması üçün 5000 AZN maddi vəsait tələb olunduğunu bildirmiş, iddiaçı həmin vaxt etiraz etmiş, cavabdehə avtomobilin cərimə meydançasından qanuni yolla çıxarılmasını təklif etmişdir. Cavabdeh isə öz növbəsində iddiaçıya vədlər vermiş və müxtəlif bəhanələr gətirmişdir. Lakin bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin avtomobili cərimə meydançasından çıxarıb satmışdır. Daha sonra həmin avtomobilin cavabdehin mülkiyyətin olmadığını, cavabdeh həmin avtomobili mülki etibarnamə üzrə idarə etdiyini öyrənmişdir. İddiaçı cavabdehdən ilkin olaraq ona ödədiyi 6500 manatı və avtomobilin təmirinə çəkdiyi xərci 1750 manat pulu və iddiaçıdan borc olaraq aldığı 2850 azn pulu tələb etməsinə baxmayaraq cavabdeh pulu iddiaçıya ödəməmişdir. Eyni zamanda artıq tərəflər arasında bağlanılmış şifahi razılaşmadan 13 ay müddət keçmişdir. Cavabdeh tərəfindən iddiaçıya şifahi razılaşma ilə hər ay üçün 350 manat pul vəd edilmişdir. Cavabdeh iddiaçını “FİT UBER” taksi parkın sahibləri kımı tanıdığı Orxan və Şahin adlı şəxslərlə tanış etmiş, sonradan iddiaçıya məlum olmuşdur ki, həmin şəxslər cavabdehin dostlarıdır. Cavabdeh həmin şəxslərin yanında iddiaçıya aylıq minimum 700 manat gəlir olacağını həmin məbləğin 50%-nin, yəni 350 manatının ona çatacağını bildirmişdir. Lakin artıq 13 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən buna əməl edilməmişdir. Eyni zamanda biznesin təşkilində istifadə edilən avtomobil iddiaçının razılığı olmadan satılmış, yəni biznes cavabdehin səhlənkarlığı və istəyi üzərinə bağlanmışdır. Hansı ki, cavabdeh biznesdən çıxmaq və şərikliyə xitam vermək istəyirdisə bunu ilk olaraq iddiaçıya təklif etməli, iddiaçı razı olmadıqda digər hərəkətləri etməli idi. Beləliklə cavabdeh tərəfindən biznesə qoşulmaq və şərik olmaq uçün iddiaçının verdiyi 6500 manat, avtomobilin təmiri üçün ödənilən 1750 azn, şəxsi ehtiyacları üçün iddiaçıdan borc olaraq alınan 2850 manat və 13 ay üçün hər ay 350 azn gəlir olmaqla 4550 manat pul, ümumilikdə 15.600 azn pul vəsaiti cavabdehdən iddiaçıya geri qaytarılmamışdır. İddiaçı cavabdeh tərəfindən aldadıldığını bildikdən sonra bununla bağlı Nəsimi rayon Pl-nə müraciət etmiş, Nəsimi Pİnin istintaq şöbəsində araşdırma aparılmış və həmin vaxt cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya 5850 manat borcu vardır və pulu olmadığı uçun geri qaytarmamışdır. İddiaçının cavabdehlə “Whatsapp” yazışmaları mövcuddur. Nəsimi rayon Pİ-nin 27 yanvar 2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin iddiaçıdan aldığı pul məbləği iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanmış, pul vasaitinin geri qaytarılması tələb edilmiş, lakin cavabdeh tərəfindən pretenziyada göstərilən müddətdə pul vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, satılan avtomobil Firuzun mülkiyyətində olmamış, digər şəxsin adına aid olan avtomobildir və bununla bağlı müvafiq sənədi də e-sistemə əlavə etmişdir, axırıncı etibarnamə ilə Firuza səlahiyyətlər verilmişdir. Avtomobil bu işin predmeti deyil, onların iddia tələbi avtomobilə qoyulmuş pul deyil, biznesə qoyulmuş pulun yarısıdır. Onlar avtomobil almaq üçün cavabdehə pul verməmişlər, biznesə qoşulmaq üçün pul vermişlər. Həmçinin avtomobilin təmirinə 2 dəfə xərc tələb olunmuş və iddiaçı tərəfindən ödənilmişdir. Biznesə qoşularkən tərəflər arasında razılığa gəlinib ki, cavabdeh tərəfindən gəlir olaraq hər ay 350 manat ödəniş olunacaq və biznes pozulduğu təqdirdə iddiaçı 6500 manat maya pulunu götürəcəkdir. 6 ay ərzində iddiaçıya avtomobilin qəzalı olması barədə cavabdeh tərəfindən heç bir məlumat verilməmişdir. İddiaçı 1750 manat məbləği avtomobilin təmiri üçün hissə-hissə, sürətlər qutusunun təmiri üçün 750 manat, mühərrikin təmiri üçün 750 manat, radiator-soyuducu hissənin təmiri üçün 250 manat olmaqla cavabdehə vermişdir. 6500 manat verib avtomobilə şərik olaraq qoşulduğunuzu qeyd edirsiniz. İddiaçı ziyana görə qarşı tərəfə ödənilmiş məbləğlərlə bağlı harada düzəldilməsi, konkret olaraq nə qədər xərc çəkilməsi barədə cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh maşınla bağlı çəkilmiş xərcləri sübut edəcək hər hansı bir şey sənəd, məlumat təqdim etməmişdir. İkinci dəfə 750 manat verdikdə Firuz bildirmişdi ki, mühərrikin düzəldilməsi ilə bağlı 750 manatı Orxan və Şahin adlı şəxslərə vermişdir. Orxan və Şahin adlı şəxslər də mühərrikin harda düzəldilməsi, nə qədər xərc çəkilməsi barədə məlumat verməmişlər. İddiaçı düşünür ki, avtomobilin hər hansı detalı xarab olmamış, sadəcə pul vəsaiti iddiaçıdan bu məqsədlə alınmış, özlərinə əlavə gəlir əldə etmişlər. Ona görə də iddiaçı şərik olmasına baxmayaraq avtomobilə dəymiş ziyan üçün ödədiyi məbləği geri tələb etmişdir. Avtomobilin satışından da götürülmüş məbləğdən iddiaçıya pul verilməmişdir. Avtomobilin təmirinə görə pul ödəmədiyi təqdirdə cavabdeh maşının düzəlməyəcəyini bildirmiş və bunula da iddiaçının sahibkarlıq fəaliyyətinə zərər dəyəcəyi üçün avtomobilin təmiri ilə bağlı heç bir nəticə iddiaçıya deyilməsə də, iddiaçı yenidən təmir üçün pul ödəmişdir. Avtomobil üzərində sərəncam vermək hüququ cavabdehə məxsus olduğundan təmir olunacağı yerə iddiaçı gedib baxmamışdır. Əslində avtomobil cavabdehin də mülkiyyətində olmamışdır. Onlar bu barədə sonradan məlumatlı olmuşlar. Vəkil sorğusu verərək X3 aldıqları məlumata əsasən əldə etmişlər ki, avtomobl ümumiyyətlə cavabdehin adına olmamışdır. Avtomobil cavabdehə etibarnamə ilə verilmiş, o, da həmin etibarnamə əsasında müəyyən şəxslərə idarə etmək üçün vermiş, daha sonra isə avtomobili digər bir şəxsə satmışdır. Cavabdeh avtomobilin alğı-satqısı ilə bağlı hər hansı sənəd təqdim etmədiyi üçün onlar da avtomobilin ilkin dəyərini, 13000 manat məbləğində qiymətləndirdiyi məbləği əsas götürərək avtomobilin həmin dəyərə satıldığını iddia edirlər. Cavabdeh avtomobilin xarab olması barədə iddiaçıya heç nə deməmiş, sadəcə avtomobilin qəza keçirtdiyini, hazırda qəza meydançasında olduğunu və 5000 manat məbləğin lazım olduğunu bildirmişdir. İddiaçı cavabdehə təklif etmişdir ki, birgə gedib çıxarsınlar. Lakin cavabdeh tərəfindən maneələr yaradılmağa başlanılırdı. Cərimə meydançasında olan avtomobil də mülkiyyətçidən və ya etibarnaməsi olan şəxsdən başqa digər şəxslərə təqdim oluna bilməz. Daha sonra həmin dönəmdə Anton ona yaxınlaşmış və o, da bu barədə Bakı Yol Polisinə sorğu göndərmişdir. Sorğu əsasında müəyyən olunmuş ki, avtomobil Firuzun mülkiyyətində deyildir. Belə olan halda Firuz onlara bildirmişdir ki, artıq avtomobili satmışdır. Bəlkə də avtomobil çox daha öncədən satılmışdır və onlara məlumat verilməmişdir. Artıq hər şey aydın olduqda Firuz yeni satdığını etiraf etmişdir. Hər ay 350 manat ödənilməsi barədə tərəflərin razılaşması barədə bildirmişdir ki, “Flit Uber” şirkətində Antonun özünəməxsus taksi kimi fəaliyyət göstərən avtomobili olmuşdur. Anton artıq bilirdi ki, orda gələn gəlir nə qədər olur. Gələn gəliri tərəflər özləri müəyyənləşdirməyiblər, “Flit Uber” şirkəti özü bildirib ki, avtomobilə görə hər ay sizə 700 manat gəlir gələcək, lakin “Flit Uber” şirkəti ilə aralarında bu barədə müqavilə olmamışdır. Şahid kimi dindiriləcək olan Şahin də “Flit Uber” şirkətinin idarəçilərindən biridir, sonuncu özü də aylıq 700 manata yaxın gəlir olacağını bildirmişdir. Sonda isə o, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edib, nümayəndəsinin izahatında göstərilənləri təsdiq edərək bildirmişdir ki, cavabdeh ona avtomobili fevralda satdığı bildirmiş, nəqliyyat hadisəsi isə martda baş vermiş, həmin vaxt 1 ay idi ki, avtomobil olmamışdır. Cavabdeh avtomobili Şahid adlı şəxsə satmışdır. Cavabdeh, Şahid və Orxan İsmayılov ilə iddiaçını görüşə çağıraraq, iddiaçıya bildirmişlər ki, yol nəqliyyat hadisəsi baş vermiş, avtomobili cərimə meydançasından götürmək lazımdır. Avtomobili cərimə meydançasından çıxartmaq üçün 5000 AZN lazım olduğunu, üstəlik avtomobilə dəymiş zərər ilə bağlı tərəflər təmir etməli olduqlarını ona bildirmişlər. Belə ki, yol nəqliyyat hadisəsi törədən sürücü həbsxanadadır və onun xərcləri qarşılamağa vəsaiti yoxdur. Onlar üçü də avtomobilin onda olmadığını bilmələrinə baxmayaraq, avtomobili onun təmir etməsini və bəxtləri gətirsə cərimə meydançasından götürmək üçün 5000 AZN pul verməsini istəmişlər. İddiaçı onların əməllərində pul tələb etməyə davam etmək məqsədilə əlbir olduğu cinayətin (dələduzluq) tərkibini görmüşdür. Cavabdehdən avtomobilinin yarısını alanda bilirdi ki, cavabdeh 7-8 ay əvvəl onu Şahindən 13000 manata almışdır. Sonradan guya, avtomobilin mühərriki dəyişdirildi, Orxana 750 AZN ödəmiş, sonra sürətlər qutusu xarab olmuş və o, yenidən 750 AZN ödəmiş, sonra radiator xarab olmuş, təmir üçün 250 AZN ödəmiş, lakin təmir barədə ona heç bir sənəd təqdim olunmamışdır. Ekspert avtomobili 10000 AZN-dən yuxarı qiymətləndirmişdir. Firuz avtomobili Şahindən 13000 AZN-ə almışdı, o, özü Şahindən daha iki ədəd maşın (Prius) almış, hər iki maşını 13000 AZN-ə almışdır (həmin dövrdə bu maşınların bazar qiyməti 12 000-13 000 arası idi). Qeyd olunan avtomobil biznesdə idi, yəni lazımi sığortası var idi, üzərinə lazımi reklam yerləşdirilmişdi, artıq taksi şirkətində rəsmiləşdirilmişdi və fəaliyyət göstərməyə hazır idi. Bəlkə daha ucuz avtomobil də tapa bilərdi, lakin o zaman əlavə işlər görməli olacaqdı: sığorta etdirmək, reklam yapışdırmaq, taksi sahəsində fəaliyyət göstərməsi üçün sənədlər düzəltmək. Buna görə də, avtomobil biznesdə olanda, avtomobilin xırda zədələnmələrinə elə də əhəmiyyət verilmir və taksi kimi fəaliyyət göstərmək üçün bütövlükdə alınır. Firuz isə onun xəbəri olmadan maşını satmış, avtomobili ondan oğurlamışdır. Bu avtomobili sənədləri, sığortası və reklamı olan avtomobil kimi yox, sadəcə 4 təkərli bir dəmir parçası kimi qiymətləndirmək ədalətsizlik olardı. Firuz, Şahin və Orxanın həmin avtomobilin ötürmə qutusunu təmir etdiyini, mühərrikini dəyişdirdiyini, radiatorunu təmir etdiyini, həm də özlərinin (təmir edənin) aldığını söyləməsini nəzərə alaraq onlar bilməlidir ki, bu maşın, demək olar ki, təp-təzədir və 13000 AZN-ə dəyir. 2 ildən artıqdır ki, Firuzun ona 2850 AZN borcu vardır. Əvvəlcə cavabdeh söz vermişdi ki, iki aya, sonra üç aya, sonra yenə iki aya, sonra yayda, sonra payızda, sonra isə qışda qaytaracaqdır. Bu müddət ərzində cavabdeh dəfələrlə son model “iPhone” markalı telefonlar alıb, istirahət etmək üçün istirahət evlərinə, rayonlara gedib və s. Onun pulunu isə qaytarmaq niyyəti yoxdur. O, cavabdehlə “Maxprint”də bir şöbədə işləyir, sonuncu 1500 AZN məbləğdə maaş alır, üstəgəl 2-3 aydan bir 4000-5000 AZN məbləğdə bonuslar alır. Bu vaxta qədər ona olan borcunu yüz dəfə qaytara bilərdi, lakin qaytarmadı, ona boş vədlər verdi, yalanlar danışdı və 2850 AZN məbləğdə borcu hal-hazıra qədər qaytarmamışdır. Bəziləri üçün bu gülməli məbləğdir, lakin onun üçün bu qanla və tərlə qazanılan puldur və bu 2 il ərzində onun həmin pula ehtiyacı olmuşdur. Cavabdeh onun olan pula “iPhone” markalı telefonlar almış və dostları ilə rayonlara gəzməyə getmişdir. Faizlə borca pul verən insanlardan maraqlanıb öyrənmişdir ki, ayda 15-20 faizlə borc verirlər, buna görə də aylıq 10% kompensasiya cavabdeh üçün ədalətli cəza olacaqdır. Belə adamların o qədər sərt cəzalandırılmasını istəyir ki, növbəti dəfə hansısa bir yazıq insanın pulunu oğurlamazdan əvvəl 100 dəfə fikirləşsinlər. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia qismən qəbul edərək bildirmişdir ki, 2850 manat şəxsi borcu ilə əlaqədar hissədə iddianı qəbul edir və avtomobil öz adına olduğundan 6000 manata sınmış vəziyyətdə satmış, ondan da 3000 manat məbləği vermək niyyəti var, ümumilikdə iddia tələbinin 5850 manat hissəsini qəbul edir. O, bu biznesdə bir neçə ay idi ki, işləyirdi. İddiaçı yaxınlaşıb maraqlandıqda iş qrafikini və qazancını göstərmiş, iddiaçı da bu biznese qoşulmaq istədiyini bildirmişdir. O, da Şahin və Orxan adlı şəxslə iddiaçını tanış etmiş, onun işlədiyi kimi Antonun da sonuncularla işləyəcəyini bildirmişdir. Onların avtomobilindən əlavə həmin müddətdə qarajda 27 avtomobil fəaliyyət göstərirdi. İndiyə kimi heç kəsdə heç bir problem çıxmamışdır. Yeganə Anton idi ki, onda bu qədər narazılıqlar və problemlər ortaya çıxmışdır. Anton qarajdan 1 maşın götürərək sahibkarlıq fəaliyyətinə başladı. Daha sonra avtomobildən gəlir götürdüyünü gördükdə 2-ci avtomobili də götürdü. Əgər bu biznes ona əvvəldən gəlir gətirmirdisə insan gedib 2-ci dəfə eyni biznesə qoşulması qeyri-mümkün olardı. “Flit Uber”də Orxanla özləri danışıb daha sonra ona bildirmişdi ki, belə bir təklif var, avtomobilə şərik qoşulmaq istəyir. 7-8 ay idi ki, iddiaçı bu bizneslə məşğul olmasına baxmayaraq artıq 2 maşın almış, 3-cü maşına da onunla birgə şərik qoşulmuşdu. Qazancları var idi və bununla bağlı qaimələr də mövcuddur. Onlar özləri, yəni o, Şahin, Orxan və Antonun bir qrupu vardı. Orada avtomobillə bağlı bütün problemlər, nasazlıqlar qeyd olunurdu. Sırf avtomobilin xarab olması ilə bağlı məlumatlar onun özü tərəfindən deyilmirdi. “Whatsapp” qruplarında bu deyilirdi və müzakirə olunurdu. Maşın xarab olduqda qrupda 3 təklif verilirdi. Birinci təklif o idi ki, pulu ödəyin maşın təmir olunsun, ikinci təklif pulla razı deyilsinizsə servis xidmətinə yaxınlaşın, usta ilə özünüz razılığa gəlin, sonuncu təklif isə bu idi ki, əgər usta ilə razılaşmırsınızsa maşınınızı götürün başqa yerdə təmir elətdirib düzəldin. Bütün yazışmalar var və bunlar hamısı Orxanda qalmalı idi. Maşın qəza keçirtdikdə də qrupda bu barədə məlumat verilmişdi. Avtomobil baş etibarnaməyə əsasən ona verildiyi üçün o, maşını sata bilərdi. O, da maşını Şahinə satmışdır. İddiaçının nümayəndəsinin iddia etdiyi avtomobilin hər ay 700 manat gəlir gətirəcəyi söhbəti də olmamışdır. O, iddia üzrə şəxsi borcu olan 2850 manat məbləği etiraf edir və maşını 6000 manat məbləğə satdığı üçün həmin məbləğdən də 3000 manat ödəməyə hazırdır. O, bu barədə Antona da təklif etmiş, lakin sonuncu razılaşmamış, bildirmiş ki, polisə gedəcəkdir. O, dostluq xatirinə köməklik etmək istəyirdi. Halbuki satdığı məbləğdən iddiaçıya verməyə də bilər. Çünki maşın onun öz adınadır və satmışdır. Onun iddiaçıya 2850 manat məbləğdən savayı borcu yoxdur. İddianı qalan hissədə qəbul etmir. Əlavə olaraq suallara cavabında bildirmişdir ki, 2850 manat borc məbləği, 1500 manat və Antonun şərik kimi qoşulduğu 6500 manatla birlikdə Antona 10500 manata avtomobili tam satılması barədə təklif etmişdir. Həmin ərəfədə maşın qəza keçirtməmişdi, işləyirdi, biznes fəaliyyəti davam edirdi. Maşın qəza keçirdən zaman iddiaçıdan pul alınmamışdı, qəzadan qabaq maşının radiatoru su buraxırdı, xarab olmuşdu, servisdə Orxan tərəfindən şəkillər də atılmış və 3 təklif olmuşdu. Onlara tam çəkilən xərc deyilmişdi, onlar da məbləği yarıyarı ödəmişlər. O, dəfələrlə Antona maşının satılması barədə təklif etmiş, lakin sonuncu razılaşmamış, satılmasını istəməmiş, biznesin davam eləməsini istəmişdir. Razılığa gəlmədikdə o, iddiaçıya bildirmişdir ki, 1000-1500 manat ödəniş eləsin, maşını iddiaçının adına keçirsin. Anton maşının satılmasını istəmədiyi təqdirdə, sonuncunun razılığı olmadan, qanuni olaraq maşın onun öz adına olduğu üçün o, avtomobili sata bilərdi. Heç bir sənəd əsasında onlar şərik deyillər, etibarnamə əsasında maşın təkcə onun adınadır. Anton 6500 manat məbləği ona görə vermişdi ki, maşından gələn gəlirin 50%-nı, xeyrini və xərcini də onunla yarı bölsün. O, maşını qiymətləndirib 6500 manat məbləğ alaraq Antonu biznesdən gələn gəlirin 50%-nə şərik etmişdir. Anton avtomobilə yox, avtomobilin gəlirinə şərik olmuşdur. Qazancda standart məbləğ yox idi, hər ay 350 manat Antona verilməsi absurd məsələdir. O, Antonla bir yerdə iş qurmuş, xəbər verərək ona yaxşılıq etmək istəmiş, satdığı məbləğdən 3000 manat təklif etməyi də dostluq naminə idi. Avtomobil qəza meydançasında olduqdan sonra iddiçıya bu barədə 3-4 ay sonra demişdir, avtomobil onun idi və sata bilərdi, bu barədə mütləq iddiaçıya demək məcburiyyətində deyildir. İlk dəfə Anton tərəfindən 6500 manat məbləğ 2022-ci ilin sentyabr-oktyabr aylarında verilmiş, avtomobili 2023-cü ilin ortalarında satmışdır. Həmin vaxtı avtomobil Bakı-Sumqayıt yolunda yüksək surətlə hərəkət edərək insan vurmuş, avtomolbilin qabağı, dam hissəsi əzilmişdir. Bunların hamısı qeydə alınmışdır. Sığorta gəlib həmin halları qeyd etmişdir. Bununla bağlı sənədlər onda yoxdur. Avtomobil 1 il işləməyib, qəza keçirtdikdən sonra təmiri üçün çox xərc tələb edilirdi. Ustaya apardıqda usta təqribən 3500 manat xərc çəkilməli olduğunu demişdi. O, Antona borcu olduğu ərəfədə maşının sonuncuya satılması barədə də təklif etmiş, demişdir ki, onun iddiaçıya olan borcunu çıxmaqla cüzi məbləğdə ona ödəniş eləsin avtomobili sonuncunun adına keçirsin. Lakin Anton buna da razılıq verməmişdir. Avtomobili satarkən ona görə Antona deməmişdir ki, satmamışdan qabaq Antona dəfələrlə demiş, sonuncu razılaşmamış. Satan ərəfədə isə onlar artıq danışmamışlar, onu polisə vermişdir. 3-4 ay sonra iddiaçını çağırmış, söhbət eləmiş, şəxsi borcu və maşını satdığı məbləğin 3000 manatının ona verilməsi ilə bağlı təklif etmiş, lakin Anton razılaşmamış, yüksək məbləğ istəmişdir. Tərəfin istədiyi 13 ay ərzində 350 manat məbləğ isə əsassızdır. Çünki avtomobil heç 13 ay bu fəaliyyətlə məşğul olmamışdır. Maşını təmir edərkən o, da pul qoyurdu, bununla bağlı haqq-hesab edirdilər. Avtomobilin satılması barədə rəsmi alğı- satqı müqaviləsi yoxdur. Antona 1000-1500 manat ödəməklə avtomobilin adına keçirilməsi barədə təklifi qəza keçirtməmişdən qabaq təklif etmişdir. Sonda o, iddianı yalnız 2850 manat şəxsi borcu olan hissədə qəbul etdiyini, ötən məhkəmə proseslərində avtomobilin dəyərinin yarısını iddiaçıya ödəmək fikri olduğunu və iddia tələbinin həmin hissəsinə də etiraz etmədiyini, lakin hazırkı vəziyyətdə həmin hissəni qəbul etmədiyini bildirmişdir. Nəqliyyat vasitəsi onun şəxsi əmlakıdır. Vaxtilə nəqliyyat vasitəsi işlək vəziyyətdə olduğu dönəmdə şərik olaraq iddiaçıya aylıq gəlirdən vermişdir. Şərik olaraq, avtomobilin həm gəlirinə, həm də xərcinə şərik olmalı idi. Həmçinin yol nəqliyyat hadisəsindən sonra avtomobilin satılması barədə iddiaçıya təklif irəli sürsə də, sonuncu bununla razılaşmamışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti əsasında Şahid qismində dindirilərkən bildirmişdir ki, tərəflər arasında olan münasibətdən məlumatı vardır. “Flit Uber” parkı yaradılmışdı, sahibkarlara məxsusdur. “Flit”də minimum 5 maşın olmalı idi. Həmin park yaradılan zaman da 5 avtomobil işləyirdi. Daha sonra Firuz 2 avtomobil gətirib parka qoşulmuşdu. Anton onlara qoşularkən artıq 26 avtomobil fəaliyyət göstərirdi. Anton 2 maşından əlavə 3-cü maşınla bağlı Firuzla şərik olmuş, şərikli biznes qurmuşdular. Sonradan aralarında problemləri yaranmışdır. Öz aralarında olan münasibətlərə o, qarışmamışdır. Mübahisəli avtomobili o, almışdır. Avtomobil qəza keçirtmiş və qəza nəticəsində adam vurmuşdur. Qəza olduqdan sonra Firuz ona bildirdi ki, pul lazımdır və maşını satmaq istəyir. Daha sonra ustanı da qəza meydançasına apararaq xərcini hesablamışlar, təmirə lazım olan məbləği bildikdən sonra maşının ümumi qiymətindən çıxaraq 6000 manat ödəniş edib maşını o, öz adına keçirmişdir. Avtomobilin təmirinə 3300-3500 manat xərc tələb olunurdu. O, avtomobili alarkən Antonla Firuzun həmin maşında biznesinə şərik olduqlarını bilirdi. Onlar bir VÖEN altında fəaliyyət göstərirdilər, vəsaitin çıxarılmasında da imza səlahiyyəti ona məxsus idi. 1 maşına görə aylıq standart gəlir yox idi, bu biznesdə ortalama bir məbləğ də çıxartmaq olmur. Firuzdan aldığı avtomobil üzrə əvvəllər taksiparkda işləyərkən sürətlər qutusu, mühərriklə bağlı hər hansı təmir işləri aparılması barədə nəsə xatırlamır. Onun özünün heçkimə borcum yoxdur. Bizneslə bağlı Antondan borc almamışdır. Sürücülərlə işləmək bir az çətin proses olduğu üçün sonuncularla Orxan əlaqə saxlayıb fəaliyyətlərinə nəzarət yetirirdi, təmirə ehtiyacı olan maşınları “Mega Servis” xidmətinə aparırdı. Təmir olunmamışdan qabaq “whatsapp” qrupunda tərəfə bu barədə şəkillər göndərilir və təmiri ilə bağlı 3 təklif irəli sürülürdü. Lakin nə Anton, nə də Firuz maşının təmiri ilə əlaqədar heç zaman təmir servisinə getməyiblər. “Mega Servis” avtomobili təmir etdikdən sonra onlara təmir, çəkilən xərclə bağlı qaimə verirdilər. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, İddiaçı “Flit Uber” parkına özünə məxsus avtomobilləri icarəyə verərək qazanca əldə etdiyinə, sonra həmin avtomobilləri özü şirkətdən götürərək satdığına və “Flit Uber” parkına şərik olduğu üçün həmin parkdan 1 il 6 ay müddətində qazanc əldə etdiyinə, bundan sonra Cavabdeh avtomobilnə şərik olaraq bir müddət icarə pulu əldə etdiyinə və Cavabdeh öz mülkiyyətində olan avtomobili satdığını və həmin şəxslər arasında olan pul mübahisəsi mülki məsələ olduğuna görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli və İddiaçı gələcəkdə yuxarıda adları çəkilən şəxslərə qarşı tələbləri olarsa mülki qaydada məhkəməyə müraciət etməlidir. "xxxx" MMC-nin QCM/A 02-014/25 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində (hesabatı) qeyd edilmişdir ki, 2005-ci il buraxışlı “Toyota Prius” markalı avtomobilin 2023-cü ilin fevral ayına orta bazar qiyməti 10200 (on min iki yüz) manat təşkil edirdi. Qiymətləndirici qarşısında qoyulmuş 2-ci sualın cavablandırılması üçün dəfələrlə cavabdehlə görüşüb lazımı məlumatları əldə etmək üçün telefon əlaqəsi yaradılmış, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək görüşə gəlməmişdir. Bu səbəbdən 2-ci sualı cavablandırmaq mümkün olmamışdır. “Flash Card”da olan, cavabdehin razılığı ilə dinlənilmiş səs yazılarından aydın olur ki, tərəflər arasında olan şərik biznesə görə iddiaçı cavabdehdən nə üçün borcunu qaytarmadığını və avtomobili ondan xəbərsiz satdığını soruşur, cavabeh isə hər hansı əsaslı cavablar vermir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı 123,50 manat və 13,50 manat olmaqla cəmi 137 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. (xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki redaksiyası) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. (xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki redaksiyası) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki redaksiyası) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, iddiaçı 2 ildən artıq müddətdir ki, cavabdehə 2850 manat məbləğində borc pul vermiş, cavabdeh isə bu günə kimi həmin borcu qaytarmamışdır. Bu fakt cavabdehin özünün həmin hissədə iddianı qəbul etməsi ilə də təsdiq olunmuş, cavabdeh həmin hissədə iddianı qəbul etmişdir. Ona görə də iddiaçının borc verdiyi 2850 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ vardır, onun tələbi haqlıdır və həmin hissədə iddia təmin olunmalıdır. Bundan başqa, tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, 2022-ci ilin sentyabr-oktyabr aylarında iddiaçı ilə cavabdeh arasında şifahi qaydada şəriklik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 13000 manat dəyərində qiymətləndirilmiş “Toyota Prius” markalı avtomobilin dəyərinin yarısını, 6500 manat məbləğində pulu ödəməklə, həmin avtomobilin taksi fəaliyyətinə şərik olmuşdur. Avtomobil 2023-cü ilin ortalarında iddiaçının məlumatı olmadan cavabdeh tərəfindən satılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə şəriklik müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan şəriklik müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər şifahi qaydada həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. İşin faktiki hallarından və tərəflərin məhkəmədəki izahatlarından məlum olur ki, tərəflərin razılaşmasına əsasən şərik qoşulduqları avtomobildən gələn gəliri və çəkiləcək xərcləri bərabər bölüşəcəklər. Hazırda iddiaçı iddia tələbində, şərik olaraq qoşularkən ödədiyi 6500 manat, avtomobilin təmiri adı ilə ondan alınmış 1750 manat və 13 ay üçün hər ay 350 manat gəlir olmaqla 4550 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh avtomobilin qəza keçirdiyini, buna görə də 6000 manata satdığını, əvvəlcə, həmin pulun yarısı olaraq 3000 manat iddiaçıya ödəməyə razı olduğunu, lakin sonda avtomobilin onun sahibliyində olduğunu, iddiaçıya pul verməli olmadığını bildirmişdir. Əvvəla qeyd edilməlidir ki, tərəflər şərik olaraq avtomobilin taksi fəaliyyətindən əldə ediləcək gəlirə şərik olduqları kimi, həmin avtomobilə çəkilməli xərclərə və baş verə biləcək qəzalara da şərik olmalıdırlar. Çünki ölkə ərazisində təşəkkül tapmış işgüzar ədatlərə əsasən şərik olan şəxslər şərik olduqları işin həm gələn gəlirinə, həm də dəyən ziyanına şərik olurlar, birgə xərc çəkib, birgə qazanc götürüb, birgə ziyan çəkirlər. Odur ki, cavabdehin avtomobilin etibarnamə əsasında onun sahibliyində olmasını əsas gətirərək avtomobilin satışından əldə edilmiş vəsaitin yalnız ona məxsus olmasını bildirməsi nə mülki qanunvericiliyin prinsipləri, nə işgüar adətlər, nə də ədalət, insaf və mənəviyyat baxımından doğru deyildir. Çünki, əks təqdirdə, cavabdeh əsassız varlanmış şəxs sayılır. Buna görə də iddiaçı haqlı olaraq 6500 manat ödəyərək şərik qoşulduğu avtomobilin satışından əldə edilmiş vəsaitin yarısını tələb edir. Cavabdeh avtomobili qəzalı vəziyyətdə 6000 manata satıldığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh avtomobilin qəzalı vəziyyəti ilə bağlı zəruri məlumatların qiymətləndirici mütəxəssisə təqdim edilməsindən də yayınmışdır. Hətta məhkəmə iclasında dindirilmiş şahid də inandırıcı olmayan ifadə vermişdir. Baxmayaraq ki, şahid həm iddiaçının, həm də cavabdehin avtomobillərinin fəaliyyət göstərdiyi taksi parkını işlədir, onun barəsində iddiaçı digər avtomobillərinə görə polisə şikayət etmişdir, odur ki, şahidin işin gedişində müəyyən şəxsi maraqlarının olması istisna deyildir. Eyni zamanda iddiaçının satılarkən avtomobilin dəyərini 13000 manat qiymətləndirməsi də ağlabatan deyildir. Çünki hər kəsə məlumdur ki, mütəmadi istifadə edilən avtomobilin dəyəri hər il azalır və 2022-ci ildə müqavilə bağlanarkən 13000 manata qiymətləndirilmiş avtomobilin də 2023-cü ildə satılarkən dəyərinin müəyyən qədər azalması normaldır. Buna görə də məhkəmə qiymətləndirici mütəxəssisin rəyini əsas götürərək hesab edir ki, avtomobilin 2023-cü ildə satılarkən dəyəri 10200 manat hesablanmalı və həmin məbləğin yarısı, 5100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı avtomobilin təmiri üçün cavabdehin ondan aldığı cəmi 1750 manat təmir xərclərini də tələb etmişdir. Bununla bağlı bir daha qeyd edilməlidir ki, şərik olaraq qoşulduqları fəaliyyətə uyğun olaraq avtomobilin zəruri xərcləri tərəflər arasında bərabər şəkildə qaşılanmalı idi. Digər tərəfdən, iddiaçı həmin xərclərin avtomobilə çəkilmədiyini, əsassız olaraq alındığını bildirş, lakin bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, avtomobilin təmirinə birgə çəkdikləri xərcin yarısını iddiaçı tələb etməkdə haqlı deyil, həmin hissədə iddia təmin olunmamalıdır. Bundan başqa iddiaçı razılaşmaya əsasən hər ay 350 manat aylıq gəlir ödənilməli olduğunu bildirərək 13 ay üçün 4550 manat pul tələb etmiş, lakin belə bir razılaşmanın olması barədə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda avtomobilin taksi fəaliyyətində stabil olaraq hər ay 700 manat gəlirin olması da ağlabatan deyildir. Çünki taksi fəaliyyəti müştəri sifarişindən asılı olaraq qeyrimüntəzəm gəlir verir, həmçinin avtomobil təmir, qəza və s. səbəbdən günlərlə fəaliyyət göstərməyə bilər ki, bu da aylıq gəlirin azalmasına səbəb olur. Buna görə də həmin hissədə də iddia təmin olunmamalıdır. Beləliklə məhkəmə iddianın qismən təmin olunduğunu, nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 137 manat dövlət rüsumu 99,5 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 98 manatı İddiaçı, 102 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 800 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 7950 manat pul vəsaiti, ödənilmiş vəkil xərcinin 500 (beş yüz) manatının, dövlət rüsumunun isə 99 (doxsan doqquz) manat 50 (əlli) qəpiyinin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 102 (bir yüz iki) manatı Cavabdeh, 98 (doxsan səkkiz) manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin (VÖEN **********, AZ06AİİB400600C**********103, "xxxx" ASC, Yasamal filialı 200037, VÖEN**********, S.W.İ.F.T.: AİBAZ2X, AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-256/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-256/2025
29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver