Məhkəmə qərarları › İş №e-2-2(113)-2568/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2568/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2568/2025 22.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 12179,21 AZN əsas, 50,71 AZN faiz, cəmi 12229,92 AZN borcun və ödənilmiş 126,69 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx/xx/2022-ci il tarixli KBMK8583051A123 saylı kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 21 000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx/xx/2022-ci il tarixli ZMKBMK8583051A123 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehlərin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 12179.21 AZN əsas, 50.71 AZN faiz, cəmi 12229.92 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 385.1, 448.1 və 472.1-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Bank” İddiaçı ASC ilə “Müştəri” Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, **********09122022 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə”yə əsasən həmin müqavilə Bank tərəfindən Müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində Bank və Müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Qoşmada əks olunmuşdur. Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; c) Korporativ kart. Müştəri, Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Müştəri Müqaviləni və Müqavilənin İİ hissəsinə dair müvafiq Əlavəni imzaladıqdan sonra Bank tərəfindən Müqavilə üzrə təqdim olunan digər xidmət və məhsullardan istifadə etmək, habelə bu Müqavilə və (və ya) onun müvafiq Əlavəsi(ləri)nə dair əlavə və dəyişiklik(lər) etmək istədikdə Bankın filialına (şöbəsinə) müraciət edir. Borcalan Kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri Müqavilə ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borcalan Krediti yalnız Xüsusi Şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir. “Bank” İddiaçı ASC ilə “Borcalan” Cavabdeh1 arasında imzalanmış Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK858305İAİ23 saylı Əlavəyə əsasən həmin Əlavə xx.xx.2022-ci il tarixli, **********09122022 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə”nin ayrılmaz tərkib hissəsi hesab olunur. Bank illik 22% faizlə 36 ay müddətinə 21000 manat məbləğində borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Kreditin qaytarılma müddətləri pozulduqda illik 22%-dən əlavə gündəlik 0,5% faiz dərəcəsi tətbiq olunacaqdır. Cavabdeh2 (zamin) ilə İddiaçı ASC (Bank) arasında imzalanmış xx.xx.2022-ci il tarixli ZM-KBMK8583051A123 saylı zaminlik müqaviləsinə əsasən zamin Borcalanın (Cavabdeh1) Bank qarşısında yaranmış xx.xx.2022-ci il tarixli, **********09122022 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə”nin Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK858305İAİ23 saylı Əlavəsi üzrə kreditin qaytarılması və digər borcların ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, Zamin Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır. Abbasov İsa Ehtibar oğlunun İddiaçı ASC-də olan hesabdan çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə Abbasov İsa Ehtibar oğlunun hesabına KBMK858305İAİ23 saylı müqaviləyə sasən 21000 manat kredit köçürülmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən Abbasov İsa Ehtibar oğlu 15000 manat krediti İddiaçı ASC-nin kassasından nağd şəkildə məxaric etmişdir. xx.xx.2022-ci il tarixli KBMK858305İAİ23 saylı kredit müqaviləsinə Əlavə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 21000 manat olan illik faiz dərəcəsi 22% olmaqla verilmiş kreditə görə Abbasov İsa Ehtibar oğlu 09 yanvar 2023-cü il tarixdən 09 dekabr 2025-cü il tarixinə qədər hər ayın 9-u (və ya 10, 11) 802 manat, sonuncu ay 814,13 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə müştərisi olan Abbasov İsa Ehtibar oğlunun xx.xx.2022-ci il tarixli KBMK858305İAİ23 saylı kredit müqaviləsi üzrə 12179,21 AZN əsas borcu, 50,71 qəpik borcu olmaqla, cəmi 12229,92 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı ASC 105,31 manat və 21,38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixli, **********09122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli KBMK858305İAİ23 saylı Əlavəsinə əsasən Abbasov İsa Ehtibar oğluna illik 22% faizlə 36 ay 21000 manat məbləğində kredit verməyi, sonuncu isə ödəniş cədvəlinə uyğun olaraq krediti faizləri ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşlər. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ZM-KBMK8583051A123 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 21000 manat krediti versə də, cavabdehlər öhdəliklərini tam icra etməyərək aylıq ödənişlərini ödəməmişlər, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini icra etmədiklərini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də iddia təmin olunaraq 12179,21 manat əsas, 50,71 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 126,69 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12179,21 manat əsas, 50,71 manat faiz, cəmi 12299 (on iki min iki yüz doxsan doqquz) manat 92 (doxsan iki) qəpik borc və ödənilmiş 126 (yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar