Məhkəmə qərarları › İş №e-2-2(113)-257/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-257/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-257/2023 03.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 19.635 manat icarə haqqı, 01 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 15.680 manat icarə haqq, 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 15.715 manat icarə haqqı, 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 17.675 manat icarə haqqı olmaqla, cəmi 68.705 manat icarə haqqının, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 3.193,40 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 01 sentyabr 2021-ci il tarixli, 01 oktyabr 20221-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli və 01 dekabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin, maşın və mexanizmin icarəyə götürülməsi müqavilələrinə əsasən müqaviləyə əlavə olunan protokolda göstərilən maşın mexanizmləri və nəqliyyat vasitələrini 1 ay müddətinə Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikinti işləri üçün icarəyə verilmişdir. Müqaviləyə əlavə edilən qiymət razılaşdırma protokoluna əsasən hər bir reysin qiyməti 35 (otuz beş) manat olmaqla dövlət qeydiyyat nişanı 10- BJ- 750 olan “KAMAZ 5410” markalı və dövlət qeydiyyat nişanı **-RV-*** olan “KAMAZ 5511” markalı yük maşınları icarəyə verilmişdir. Həmin icarə müqavilələrinə əsasən tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli, 01 dekabr 2021-ci il tarixli və 05 yanvar 2022-ci il tarixli aktlara əsasən 68.705 manat məbləğində icarə haqqının ödənilməli olduğu görünür. Belə ki, 1 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, 1 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 561 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 19.635 manat icarə haqqı, 1 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 1 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 448 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 15.680 manat icarə haqqı, 1 dekabr 2021-ci il tarixli aktdan görünür ki, 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 449 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 15.715 manat icarə haqqı, 5 yanvar 2022-ci il tarixli aktdan görünür ki, 1 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 505 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 17.675 manat icarə haqqı olmaqla, cəmi 68.705 manat icarə haqqı hesablanmış və bu günə kimi həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günədək borcu qaytarmaqdan boyun qaçırır. Öhdəliyin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmiş, mübahisənin məhkəmədənkənar qaydada mediasiyada həll edilməsi ilə bağlı təklif də göndərilmiş lakin, nəticəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023 tarixli e-2-2(113)-257/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023 tarixli e-2-2(113)-257/2023 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 19.635 manat icarə haqqı, 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 14.395 manat icarə haqqı, 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 17.675 manat icarə haqqı olmaqla, cəmi 51.705 manat icarə haqqının, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarmm şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 3.729,53 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etmişdir ki, 21 iyul tarixində cavabdeh tərəfindən 17.000 manat məbləğində 2 müqavilə üzrə ödəniş olmuşdur. Digər aylar üzrə hesablanmış borc məbləğlərini isə müəssisə mübahisələndirmir. Cavabdehin nümayəndəsi və vəkili gecikdirilmiş vaxt üçün hesablanmış pulun tutulması ilə bağlı qeyd etmişdir ki, pandemiya ilə bağlı işlərdə müəyyən gecikmələr yaranmış nəticədə borcların ödənilməsi ilə bağlı çətinliklər yaranmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: X4 və Cavabdeh MMC arasında imzalanmış 1 sentyabr 2021 tarixli müqaviləyə əsasən, icarəyəverən müqaviləyə əlavə olunan protokolda göstərilən maşın-mexanizmləri və nəqliyyat vasitələrini 1 sentyabr 2021-ci il tarixdən 2021-ci il 30 sentyabradək, 1 oktyabr 2021 tarixli müqaviləyə əsasən, icarəyəverən müqaviləyə əlavə olunan protokolda göstərilən maşın-mexanizmləri və nəqliyyat vasitələrini 1 oktyabr 2021-ci il tarixdən 2021ci il 31 oktyabradək, 1 noyabr 2021 tarixli müqaviləyə əsasən, icarəyəverən müqaviləyə əlavə olunan protokolda göstərilən maşın-mexanizmləri və nəqliyyat vasitələrini 1 noyabr 2021-ci il tarixdən 2021-ci il 30 noyabradək, 1 dekabr 2021 tarixli müqaviləyə əsasən, icarəyəverən müqaviləyə əlavə olunan protokolda göstərilən maşın-mexanizmləri və nəqliyyat vasitələrini 1 dekabr 2021-ci il tarixdən 2021-ci il 30 dekabradək Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikintisi işləri üçün icarəyə verir. Müqavilələrin 2.3-cü bəndinə əsasən icarə haqqı ikitərəfli qiymət razılaşma protokoluna əsasən təyin olunur. İcarə haqqı məbləğinə bütün vergilər daxildir. Müqavilələrə əlavə olunan qiymətlərin razılaşdırılması protokollarından məlum olur ki, “KAMAZ 5410” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə bir reysin qiyməti 35 manat, “KAMAZ 55111” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə bir reysin qiyməti 35 manat tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh MMC-nin baş mexaniki E.T.Məhərrəmov, 1 saylı İDYM-nin rəis müavini V.P.Hüseynov, 1 saylı İDYM-nin baş mexaniki S.K.Məmmədov, 1 saylı İDYM-nin tikinti ustası R.N.Sarıyev, “icarəyəverən” X4 qeyd olunmaqla tərtib edilmiş 1 sentyabr 2021 tarixli müqavilə üzrə 1 oktyabr 2021 tarixli aktda cəmi 561, 1 oktyabr 2021 tarixli müqavilə üzrə 1 noyabr 2021 tarixli aktda cəmi 448, 1 noyabr 2021 tarixli müqavilə üzrə 1 dekabr 2021 tarixli aktda cəmi 449, 1 dekabr 2021 tarixli müqavilə üzrə 5 yanvar 2021-ci il tarixi qeyd olunan aktda cəmi 561 reys icarəyə götürülmüş maşınlar üzrə olmuşdur. 205OPEX222020019 nömrəli xx.xx.2022 tarixli ödəniş qəbzində 17.000 manat məbləğində ödəniş X3 məxsus hesaba köçürülmüş, ödənişin təyinatında xx.xx.2021, xx.xx.2021 ci il tarixli 17/DYS, 21/DYS müqavilələri üzrə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X4 və Cavabdeh MMC arasında 4 icarə müqaviləsi imzalanmış, həmin müqavilələr əsasında “KAMAZ 5410” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı və “KAMAZ 55111” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh 01 oktyabr 2021 tarixli müqavilə üzrə öhdəliklərini tam, 01 noyabr 2021 tarixli müqavilə üzrə öhdəliklərini qismən icra etmiş və müqavilələr üzrə yaranmış borc məbləğlərini mübahisələndirməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə qeyd olunan bir reys üzrə 35 manat icarə haqqı olmasını, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında imzalanmış müqavilələr əsasında tərtib edilmiş aktları, həmçinin cavabdeh tərəfindən borc məbləğlərinin də mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi icarə haqqı borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, 01 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 19.635 manat icarə haqqı, 01 noyabr 2021-ci il tarixli müqavilə üzrə 14.395 manat icarə haqqı, 01 dekabr 2021-ci il tarixli müqavilə üzrə 17.675 manat icarə haqqı cavabdehdən tutulmalıdır. Bundan əlavə iddiaçı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 3.729,53 manat məbləğində pulunun tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən icarə haqqı borcunun ödənilməməsi öz təsdiqini tapdığından iddiaçı qeyd edilən tələbi irəli sürməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən borcun ödənilməməsi il bağlı faizlər artıq hesablanmışdır. Belə ki, 01 sentyabr 2021-ci il tarixli müqavilə üzrə borc 19.635 manat olmuş tərəflər arasında bununla bağlı akt 01 oktyabr 2021-ci il tarixində tərtib edilmişdir. 01 noyabr 2021-ci il tarixli müqavilə üzrə borc 15.680 manat hesablanmış və bununla bağlı akt 01 dekabr 2021 tarixində akt tərtib edilmişdir, daha sonra 21 iyul 2022-ci il tarixində həmin müqavilə üzrə ödəniş olmuşdur. 01 dekabr 2021-ci il tarixli müqavilə üzrə borc 17.675 manat hesablanmış bununla bağlı akt 05 yanvar 2022-ci il tarixində tərtib edilmiş, eyni zamanda 01 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 02 noyabr 2021-ci il tarixində borcla bağlı akt tərtib edilsə də ödəniş 21 iyul 2022-ci il tarixində olmuşdur. Belə olan halda məhkəmə iddiaçı tərəfindən 21 oktyabr 2022-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyini nəzərə alaraq hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.000 (üç min manat) manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 19.635 (on doqquz min altı yüz otuz beş manat) manat icarə haqqı, 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 14.395 (on dörd min üç yüz doxsan beş manat) manat icarə haqqı, 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 17.675 (on yeddi min altı yüz yetmiş beş manat) manat icarə haqqı, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.000 (üç min manat) manat, 400 (dörd yüz manat) manat mediasiya xərci tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar