Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2570/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, İddiaçı cavabdeh X6 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıdair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 “Planet Palace” şadlıq sarayında mətinli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, müəllif qonorarı kimi ödənilməmiş 25800 manat və 45000 manat kompensasiyanın iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X4 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İB-yi Ümumdünya Bəstəkar və X2 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar “Azərbaycan Müəllifləri” İB xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən cavabdeh :X9 o. “Planet Palace” şadlıq sarayına rəsmi olaraq 05 iyun 2023-cü il tarixdə №AM-2023/0083 nömrəli məktub-müraciət təqdim olunmasına baxmayaraq bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrinə isə qonarar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 43 ay ərzində Toy şənliklərində istifadə olunan musiqilər üçün 25.800 manat ziyan dəymişdir. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən iddiaçının tələbi ilə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib, bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxarda bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-410/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair e-2(007)- 410/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan məhkəmə hesab edir ki, mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddia ərizəsindən görünür ki, tərəflər arasındaki mübahisə, İddiaçı nizamnaməsi üzrə qeyrikommersiya təkilatı olaraq müəlliflər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmışdır. Göründüyü kimi iddaçı təşkilatın yaradılması zamanı ixtisaslaşmış hüquq norması tətbiq edilmişdir. Həmçinin İddiaçı nizamnaməsinin 2.4-cü bəndinə əsasən birliyə əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflər könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilata üzv olmaqla verirlər. Belə olan halda təşkilatın səlahiyyətlərinin əhatəsinin Nizamnamədə göstərilmiş digər xüsusi formada müəlliflərlə könüllü müqavilələrin bağlanması üzrə müəyyən edilməsi tələbin predmetinin kommersiya mübahisəsi olmasını təsdiq edir. Hazırda irəli sürülümüş tələb üç hissədən “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya ödənilməsindən ibarət olmuşdur ki, qeyd olunan tələbin ikisi “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması” və “kompensasiya ödənilməsi” cavabdeh fərdi sahibkar X1 fəaliyyəti ilə bağlıdır. İddiaçı cavabdeh X6 məxsus “Planet Palace” şadlıq sarayı (sahibkar kimi qeydiyata alınmışdır) sahibkarlıq fəaliyyətini həyata keçridiyi zaman iddaçının nizamnaməsi üzrə fəaliyyətinə mane olmuş hərəkət və hərəkətsizlik göstərməsini iddia edir. Göründüyü kimi iş üzrə tərəflərin subyektiv tərkibi qüvvədə olan qanunvericliyin tələblərinə uyğun olmaqla yanaşı həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteridə ixtisaslaşmış məhkəmənin aiddiyyətini özündə birləşdirir. Belə olan halda hazırki iddia tələbinə ümumi məhkəmədə baxılmamalıdır.» Məhkəmə hesab edir ki, hazırkı iş, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə hesab edir ki, iddiaçı qeyri-kommersiya təşkilatıdır və “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatın kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığından, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri yalnız, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə kommersiya mübahisəsinin subyekti ola bilərlər. Belə olan halda isə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. “X5 Əmlak Hüquqlarının İdarəçiliyi” ictimai birliyinin Nizamnaməsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi, prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyrihökümət təşkilatıdır və fəaliyyəti ölkdə ərazisini əhatə edir. Nizamnamənin 2.6-cı bəndində qeyd edilmişdir ki, birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Həmçinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 18-ci bəndinə əsasən işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: ailə-nikah münasibətlərindən irəli gələn tələblər; əmək münasibətlərindən irəli gələn tələblər; mənzil münasibətlərindən irəli gələn tələblər; xüsusi icraat qaydasında baxılan işlər (MPM-in 26.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla), renta münasibətlərindən irəli gələn tələblər; vərəsəlik münasibətlərindən irəli gələn tələblər; istehlak münasibətlərindən irəli gələn tələblər; müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblər (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ); xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələr; oyun və mərclərin keçirilməsindən irəli gələn tələblər; xüsusi mükafatlandırmanın açıq elan edilməsi, müsabiqənin keçirilməsindən irəli gələn tələblər; qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər). Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aid olmaqla işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə məhkəmələr arasında fikir ayrılığı olduğundan məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X6 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2570/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2570/2025
18.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver