Məhkəmə qərarları › İş №e-2-2(113)-2571/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2571/2025

18.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2571/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin cavabdeh X5 qarşı “pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi cavabdeh X5 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehə “Neon” şadlıq sarayında mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olaraq 38700 manat, kompensasiya olaraq 90000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, “X3 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. İddiaçı Ümumdünya Bəstəkar və X2 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar iddiaçı xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri iddiaçı ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdeh “Neon” restoran, şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq xx.xx.2023-cü il tarixli məktubla müraciət təqdim olunmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 43 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün 25800 manat, restoran fəaliyyətində isə 12900 manat ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əlavə olaraq, iddiaçı əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. İddia ərizəsində hüquqi əsas kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15, 42, 43-cü və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı Qərarı və s. göstərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-413/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddia ərizəsindən görünür ki, tərəflər arasındakı mübahisə, iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin nizamnaməsi üzrə qeyri-kommersiya təkilatı olaraq müəlliflər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmışdır. Göründüyü kimi, iddaçı təşkilatın yaradılması zamanı ixtisaslaşmış hüquq norması tətbiq edilmişdir. Həmçinin iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin nizamnaməsinin 2.4-cü bəndinə əsasən birliyə əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflər könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilata üzv olmaqla verirlər. Belə olan halda təşkilatın səlahiyyətlərinin əhatəsinin Nizamnamədə göstərilmiş digər xüsusi formada müəlliflərlə könüllü müqavilələrin bağlanması üzrə müəyyən edilməsi tələbin predmetinin kommersiya mübahisəsi olmasını təsdiq edir. Hazırda irəli sürülümüş tələb üç hissədən “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması”, “ödənilməmiş qonorarların ödənilməsi” və “kompensasiya ödənilməsi”ndən ibarət olmuşdur ki, qeyd olunan tələbin ikisi “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması” və “kompensasiya ödənilməsi” cavabdeh fərdi sahibkar X1 fəaliyyəti ilə bağlıdır. İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi cavabdeh X5 məxsus “Neon” şadlıq sarayı (sahibkar kimi qeydiyata alınmışdır) sahibkarlıq fəaliyyətini həyata keçridiyi zaman iddaçının nizamnaməsi üzrə fəaliyyətinə mane olmuş hərəkət və hərəkətsizlik göstərməsini iddia edir. Göründüyü kimi iş üzrə tərəflərin subyektiv tərkibi qüvvədə olan qanunvericliyin tələblərinə uyğun olmaqla yanaşı, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteridə ixtisaslaşmış məhkəmənin aiddiyyətini özündə birləşdirir. Belə olan halda hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmamalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-413/2025 nömrəli qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 30, 32-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya kommersiya məhkəməsində baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarında ümumi aidiyyət qaydaları və müstəsna məhkəmə aidiyyət qaydaları ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır. Belə ki, ümumi aidiyyət qaydalarının tətbiqi zamanı hər bir konkret iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kimi üç meyar əsasında araşdırma aparılır və işin məhkəmə aidiyyəti bu araşdırmaya uyğun olaraq müəyyən edilir. Lakin müstəsna məhkəmə aidiyyət qaydalarının tətbiqi zamanı bir sıra kateqoriya işlərin hüquq münasibətinin xarakteri baxımından öz təbiətləri etibarilə ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyəti birbaşa olaraq müəyyənləşdirilir. Başqa sözlə, bu zaman hər bir konkret iş üzrə yuxarıda qeyd edilən üç meyar üzrə qiymətləndirilmənin aparılmasına ehtiyac olmur, belə işlər kateqorial olaraq ümumi və yaxud kommersiya məhkəməsinin aidiyyəti olur. Bu mənada məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin əvvəla müstəsna aidiyyət kateqoriyasına aid olub-olmaması yoxlanılır, əgər belə bir aidiyyət yoxdursa, ümumi aidiyyət qaydaları tətbiq edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarınım icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblərə (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ) ümumi məhkəmələr, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla) kommersiya məhkəmələri baxır. Göründüyü kimi, əvvəlcə hazırkı işin müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblərə və ya sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə aid olub-olmaması müəyyən edilməlidir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən: – əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ). – Əmlak hüququ isə müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin isə əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququdur və müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). Göründüyü kimi, hazırkı mübahisə nə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, nə də sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə aiddir. Başqa sözlə, iddiaçının tələbi qeyri-əmlak hüququnun realizəsi ilə bağlı olmadığından birinci kateqoriyaya aid tələb kimi ümumi məhkəməyə, sənəye mülkiyyəti obyektinin istifadəsi və müdafiəsi ilə bağlı olmadığından ikinci kateqoriyaya aid tələb kimi kommersiya məhkəməsinə aid deyildir. Bu isə hazırkı işin aidiyyətinin müstəsna məhkəmə aidiyyəti qaydasında deyil, ümumi məhkəmə aidiyyəti qaydasında müəyyən edilməli olduğunu göstərir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 21-ci bəndində həmçinin göstərilmişdir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia cavabdehin sahibkarlıq fəaliyyəti fəaliyyəti ilə aşkar surətdə bağlı olduğundan mübahisəyə kommersiya məhkəməsində baxılması mübahisənin bilavasitə iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi halda mümkün olacaqdır. İş materiallarında olan qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi müəlliflərin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin nizamnaməsindən (2-ci redaksiya) görünür ki, Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri- hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir (1.1). Birliyin əsas məqsədi musiqili əsər müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir (2.1). Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir (2.2): yığılmış qonorarı müəlliflik hüququnun sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək (bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflərin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır); yığılan qonorarı bu bəndin l-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin laktik istifadəsinə uygun şəkildə bölmək və müntəzəm olaraq ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək; Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək. Birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur (2.6). Məhkəmə qeyd edir ki, qanunverici əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara münasibətdə xüsusi nizamasalma aparmış, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarını məhdudlaşdırmışdır. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Göründüyü kimi, iddiaçının ictimai birlik kimi fəaliyyəti müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyinin həyata keçirilməsidir və Birliyin qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Hazırkı iddia isə bilavasitə ictimai birliyin nizamnamə məqsədinin realizəsi ilə bağlıdır. Belə olan halda, ümumi aidiyyət qaydalarının tətbiqi zamanı hazırkı mübahisəyə subyektiv tərkib meyarına əsasən kommersiya məhkəmələrində baxılması istisna edilir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından və aidiyyəti müstəsna aidiyyət qaydasında müəyyənləşdirilən işlərə daxil edilmədiyindən hazırkı işə kommersiya məhkəməsində baxılmasını istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin cavabdeh X5 qarşı “pulun tutulması və s.” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin cavabdeh X5 qarşı “pulun tutulması və s.” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova İş № e-2-2(113)-2571/2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 18 fevral 2025-ci il Bakı şəhəri Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin cavabdeh X5 qarşı “pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Prosessual hərəkət saat 15:30-da başlayır. Hakim daxil olmuş mülki iş materiallarını araşdırır. Hakim yerində müşavirə edərək işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edir. Prosessual hərəkət saat 15:40-da qurtarır. Protokol 18 fevral 2025-ci il tarixdə tərtib edilmişdir. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar