Məhkəmə qərarları › İş №e-2-2(113)-2576/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2576/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2576/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilə üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında xx.xx.2021-ci il tarixli HİS-22-21 nömrəli (nəqliyyat vasitələrinin icarəyə götürülməsinə dair) icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, cədvəldə göstərilmiş nəqliyyat vasitələri (Ekskavator Yükləyici nəqliyyat vasitəsi 10-P-884, JCB3CXS, 2011, U1877111, 28 iş günü üçün vergi xaric olmaqla 4.500 manat; Tırtıllı ekskavator nəqliyyat vasitəsi 10-P-842, JCBJS220, 2011, 01461778, 1 iş günü üçün vergi xaric olmaqla 550 manat və Ekskavator Monoboom nəqliyyat vasitəsi 10-0-085, JS160W, 2012, JS320/40424 41803912, 1 iş günü üçün vergi xaric olmaqla 300 manat) ilə müqavilə obyektinin təyinatına uyğun işlərini yerinə yetirməyi, icarədar isə bunun müqabilində icarəyəverənə, cədvəldə qeyd edilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilədə qeyd olunan məbləğ işlənmiş ay üçün nəzərdə tutulduğuna görə əgər icraçı tərəfindən boşdayanmalar baş verərsə (hava şəraiti ilə əlaqədar və s. kimi hallar üzrə) həmin günlər üzrə ödəmələr həyata keçirilməlidir. 4.2-ci bəndinə əsasən sifarişçi (icarəyə götürən) müqavilənin qüvvədə olduğu müddətdə, xidmət haqqının vaxtında ödənilməsini təmin edir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2021ci il tarixədək qüvvədədir. 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə tərəflərdən hər hansı birinin müqaviləyə əvvəlcədən xitam edilməsi ilə bağlı yazılı bildiriş verilməzsə, müqavilə 1 (bir) il müddətinə uzadılmış hesab olunacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən HİS-22-21 nömrəli icarə müqaviləsi üzrə 6-10-cu aylar (iyun-oktyabr) üçün ümumilikdə (ƏDV daxil) 58.643,90 manat dəyərində xidmətlərin göstərilməsinə (yük avtomobillərinin sürücüsü ilə birlikdə icarəsi xidməti) dair, o cümlədən (740,57 manat ƏDV daxil) 4.854,86 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 169112 saylı, (2.394 manat ƏDV daxil) 15.694 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 169179 saylı, (2.365,71 manat ƏDV daxil) 15.508,57 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 020675 saylı, (2.346,11 manat ƏDV daxil) 15.380,04 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 523784 saylı və (1.099,29 manat ƏDV daxil) 7.206,43 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 350555 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

3. xx.xx.2021-ci il tarixli HİS-22-21 nömrəli müqaviləyə əsasən göstərilən xidmətlərə dair arayışa əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 58.643,90 manat dəyərində xidmətlər göstərilmiş, bundan cəmi 47.048,86 manat ödəniş edilmiş və Cavabdeh MMC-nin İddiaçı MMC-yə yekun olaraq 11.595,04 manat borcu vardır.

4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2021ci il tarixli, EBBG seriyalı, 169179 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 13.300 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

5. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2021ci il tarixli, EBBG seriyalı, 169112 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 4.114,29 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

6. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2021ci il tarixli, EBBJ seriyalı, 020675 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 10.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

7. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2021ci il tarixli, EBBK seriyalı, 523784 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun 5 gün ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 10.283,94 manat məbləğində əsas borc və 1.311,10 manat məbləğində ƏDV, yekun olaraq 11.595,04 manat məbləğində borcun, gecikdirilməyə görə 579,75 manat dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 320 manatın və dövlət rüsumuna görə ödənilmiş 130 manatın Cavabdehndən tutularaq İddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2021-ci il tarixli HİS-22-21 nömrəli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı Cavabdehnə müqavilə ilə müəyyən olunmuş nəqliyyat vasitələrini icarə verməyi, öz növbəsində Cavabdeh isə İddiaçınə müqavilə üzrə razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Belə ki, iddiaçı 27 aprel 2021-ci il tarixli HİS-22-21 nömrəli icarə müqaviləsinin 1 və 2-ci bəndlərində və nəqliyyat vasitələri və xüsusi texnikaların Cavabdeh tikinti obyektlərində işləməsi barədə tabellərdə nəzərdə tutulmuş xidmətləri lazımınca və vaxtında icra etmişdir. Bu xidmətlərin müqabilində xx.xx.2021-ci il tarixli EBBK 523784 nömrəli elektron faktura-qaiməyə əsasən 15.380,04 manat; 2. xx.xx.2021-ci il tarixli EBBM 350555 nömrəli elektron faktura-qaiməyə əsasən 7.206,43 manat; Cəmi 22.586,47 manat məbləğində kreditor borcu yaranmışdır. Yuxarıda qeyd olunan borca münasibətdə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ƏDV ilə birlikdə 10.991,43 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin Cavabdeh tərəfindən müəyyənləşdirilmiş 10.283,94 manat məbləğində əsas borc və 1.311,10 manat məbləğində ƏDV ödənilməmişdir. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməməsinə görə iddiaçı şirkət digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (malmaterialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqqlarının ödənilməsi) vaxtında və lazımınca yerinə yetirə bilməmiş və buna görə də iddiaçıya qarşı ayrı-ayrı məhkəmələrdə dəymiş ziyan ödənilməsi və digər əsaslarla iddialar qaldırılmışdır. Əlavə olaraq bildirirlər ki, gecikdirilən ƏDV daxil 11.595,04 manat borca uyğun olaraq 579,75 manat dəbbə pulu hesablanmışdır. Həmçinin iddiaçı hazırki mübahisənin həlli ilə bağlı 320 manat xərc (vəkilə ödənilmiş xidmət haqqı), 130 manat məbləğində dövlət rüsumu və digər xərclər çəkmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 389, 390, 399, 425, 442 və 445.7-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

12. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi dəbbə pulunu illik 5%-lə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablamışdır.

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, Astara şəhərində cinayət işinə dair istintaq hərəkətlərinin aparılmasında iştirak zərurətim yarandığından hazırki təyin edilmiş məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

19. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli HİS-22-21 nömrəli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə göstərilmiş nəqliyyat vasitələri (ekskavatorlar) ilə cavabdehə xidmət göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh göstərilmiş xidmətlərə görə muzdu vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli HİS-22-21 nömrəli icarə müqaviləsi üzrə İddiaçı MMC-yə olan cəmi borcu 11.595,04 manat (10.283,94 manat məbləğində əsas məbləğ və 1.311,10 manat məbləğində ƏDV) təşkil edir.

22. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələrinə (ekskavatorlar) görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 11.595,04 manat məbləğində icarə haqqı borcu (10.283,94 manat məbləğində əsas məbləğ və 1.311,10 manat məbləğində ƏDV) tutularaq iddiaçıya ödənilməlidir.

23. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 11.595,04 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 579,75 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür..

24. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin icarə müqaviləsinə əsasən icarə haqlarının ödənilməsini 2 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 579,75 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 130 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 126,52 manat təşkil edir.

27. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,52 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

28. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli HİS-22-21 nömrəli müqaviləyə üzrə 11.595,04 manat (10.283,94 manat məbləğində əsas məbləğ və 1.311,10 manat məbləğində ƏDV) məbləğində borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 579,75 manat məbləğində faiz olmaqla cəmi 12.174,79 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,52 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar