Məhkəmə qərarları › İş №e-2-2(113)-2576/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2576/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2576/2025 04.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi X2 Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 50.000 manat, kredit limitinin müddəti 120 ay olmaqla razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında xx.xx.2023-cü il tarixli, müvafiq olaraq Z/09362/23 saylı, Z/09363/23 saylı, Z/09364/23 və Z/09365/23 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23/1 saylı kredit verilməsinə dair müqaviləyə əsasən kreditor borc alana biznes məqsədli ilə 15.000 manat məbləğində kredit verir, kreditin müddəti 36 ay, kredit üzrə aylıq faiz dərəcəsi 1.75%, kredit üzrə gündəlik cərimə faiz dərəcəsi 0.20% təşkil edir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23/1 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 224,96 manat məbləğində ödəniş edilmiş və xx.xx.2024-cü il tarixinə əsas borcu 11,363.94 manat, faiz borcu 1323,33 manat, cərimə borcu 294,58 manat olmaqla cəmi borc 12,981.85 manat təşkil edir.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11363.94 manat əsas borc, 1323.33 manat faiz borcu və 73.65 manat cərimə borcu olmaqla, cəmi 12760.92 manat borcun və 128.28 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh5 İddiaçı ASC-nin “11 saylı” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh5 İddiaçı ASC-dən illik 21 % olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin noyabrın 21-dək Cavabdeh5 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11363.94 manat əsas borc, 1323.33 manat faiz borcu və 294.58 manat cərimə borcu olmaqla cəmi 12981.85 manat borcu vardır. Cavabdeh5nın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 294.58 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 73.65 manat məbləğində tələb olunur.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iclasında Cavabdeh5 izahatında borcun olması faktını qəbul etdiyini bildirmişdir.

11. Məhkəmə iclasında Cavabdeh2 izahatında ödənişin hissə-hissə icra edilməsi və aylıq ödənişin azaldılması barədə köməklik göstərilməsini xahiş etdi.

12. İş üzrə iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iş həcminin çoxluğunu nəzərə alaraq baxış iclasının iştirakları olmadan keçirilərək, iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digər cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

13. Məhkəmə işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023cü il tarixli, 23-MCR-1-558-23/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh5 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh5 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh5 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

21. Cavabdeh5 məhkəməyə borcun etirafı barədə ərizə təqdim edərək İddiaçı ASCyə12760.92 manat məbləğində kredit borcunun olması faktını qəbul etmişdir.

22. Belə olan halda məhkəmə Cavabdeh5 xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23/1 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdeh X1 xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23/1 saylı kredit müqaviləsi 11363.94 manat məbləğində əsas və 1323.33 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

23. Bununla yanaşı iddiaçı Yelo Bank” ASC kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh5 hesablanmış 73.65 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

24. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh5 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulunun əsas borc məbləğinə qeyri-mütənasib hesab edilməsi üçün əsaslar olmadığından Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərin əsasən mübahisəli kredit müqaviləsi üzrə 73.65 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

25. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında xx.xx.2023-cü il tarixli, müvafiq olaraq Z/09362/23 saylı, Z/09363/23 saylı, Z/09364/23 və Z/09365/23 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit alan Cavabdeh5 xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar.

26. Məhkəmə zaminlər Cavabdeh5 xx.xx.2023-cü il tarixli, 23-MCR-1-558-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.

27. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 128,28 manat təşkil edir.

28. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 128,28 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11363.94 manat məbləğində əsas bоrcu, 1323.33 manat məbləğində faiz bоrcu və 73.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12760.92 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 128.28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar