Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-258/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən 22.870 (iyirmi iki min səkkiz yüz yetmiş) manat məbləğində və 159 (yüz əlli doqquz) manat məbləğində mediasiya və dövlət rüsumu xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o fiziki şəxs kimi Saatlı rayonu ərazisində torpaq sahəsi icarəyə götürüb orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, xırdabuynuzlu heyvan saxlayır. Heyvanların saxlanılması üçün zəruri olan dərmanları bir qayda olaraq özü alır. Lakin heyvanların məcburi peyvəndi üçün nəzərdə tutulan dərmanlar ərazi üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X17 X10 sağlamlığı və Baytarlıq İdarəsi tərəfindən təmin və tətbiq edilir. 2022ci ilin iyun-avqust aylarında X17 X10 sağlamlığı və Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən heyvanlar çiçək xəstəliyi əleyhinə məcburi peyvənd olunmadığı üçün tələf olmağa başladılar. O bununla bağlı X17 X10 sağlamlığı və Baytarlıq İdarəsinə müraciət etdikdə idarənin rəisi Bəhmən Namazov tələfatın səbəbinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vaksinlərin lazımi sayda və vaxtında göndərilməməsinin olduğunu bildirmişdir. Ancaq əldə edilən məlumata əsasən idarə tərəfindən vaksinlərin təsərrüfatlarda, o cümlədən ona məxsus təsərrüfatda tətbiq olunması barədə saxta sənədlər tərtib olunmuşdur. Heyvanların tələf olma faktları tərəfindən akt tərtib olunması ilə sənədləşdirilmişdir. Hər dəfə akt tərtib olunmamışdan əvvəl cavabdehin - X17 X10 sağlamlığı və Baytarlıq İdarəsinin nümayəndəsinin dəvət olunmasına baxmayaraq, onlar təsərrüfata gəlməkdən və akt tərtib olunmasında iştirak etməkdən imtina etmişlər. Bundan başqa, heyvanların çiçək xəstəliyindən tələf olması ilə bağlı iddiaçının müraciəti əsasında “Redaktor az” internet saytının jurnalistləri Saatlı rayonunda təsərrüfata gələrək videoçəkiliş aparmışlar. Heyvanların çiçək xəstəliyi əleyhinə məcburi peyvənd olunmaması səbəbindən tələf olmaları nəticəsində ona bu günə kimi 22870 (iyirmi iki min səkkiz yüz yetmiş) manat məbləğində ziyan vurulmuşdur. Belə ki, təsərrüfatda 107 baş 2-3 aylıq quzu, 20 baş ana qoyun, 1 baş damazlıq qoç və 1 baş ana keçi həmin xəstəlikdən tələf olmuşdur. Saatlı rayonu Mərkəzi bazarda fəaliyyət göstərən “Araz-şöhrət” şirkəti tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli 18 saylı məktubla müəyyən edilmişdir ki, bazarda 1 baş 2-3 aylıq quzunun satış qiyməti 150-160 manat, bir baş doğar qoyunun satış qiyməti isə 230-250 manat olmuşdur. Bazar qiymətlərinə görə ona vurulmuş ziyan 107 baş quzu x 160 manat = 17120 manat, 20 baş qoyun x 250 manat = 5000 manat, 1 baş damazlıq qoç 550 manat, 1 baş ana keçi 200 manat, cəmi 22870 manat təşkil etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında səhhətiylə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0 və 19.0.6-19.0.7-ci bəndlərinə əsasən yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək və heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələridir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydalarının” 2.9-cu bəndinə əsasən heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla, epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir. - 2.10-cu bəndinə əsasən karantin müddətində yeni gətirilən heyvanlar arasında hər hansı bir xəstəlik aşkar edilərsə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinə təcili məlumat verilməlidir və əhalinin, eləcə də heyvanların sağlamlığına təhlükə yaradan heyvanların zərərsizləşdirilməsi təmin edilməlidir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısının 1-ci bəndindən görünür ki, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərdən biridir.
V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
9. Məhkəmə ilk növbədə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).
10. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).
11. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.
12. İddia ərizəsinin məzmunundan və məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçı tərəfin izahlarından aydın olur ki, iddiaçı ona məxsus olan təsərrüfatda Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən çiçək xəstəliyinə qarşı peyvəndləmə işləri aparmadığını, ona görə də, ona məxsus olan heyvanların tələf olduğunu və nəticədə ona 22.870 manat zərər dəydiyini bildirir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddiaya etiraz etdiyini qeyd edərək İddiaçı1 məxsus təsərrüfatda tələfat faktından əvvəl həmin təsərrüfatın mövcudluğu barədə məlumatlarının olmadığını, xx.xx.2022-ci il tarixdə X2 müraciəti əsasında heyvanlara baxış keçirildiyini, xəstəliyin kliniki xüsusatlarının müəyyən edildiyini və xx.xx.2022-ci il tarixdə aidiyyəti tədbirlərin həyata keçirildiyini, tədbirlərlə bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib etdiklərini, təsərrüfatın mövcudluğundan xəbərdar olduqdan sonra 2023-cü ilin epizootik planına uyğun olaraq həmin təsərrüfatda dabaq və çiçək xəstliyinə qarşı vaksinasiyanın aparıldığını, xx.xx.2023cü il tarixli məktuba əsasən təsərrüfatın mövcudluğu və baş sayı barədə quruma məlumat verilmədiyi üçün təsərrüfatda vaksinasiya aparıla bilinməməsinin çoban X4 izah olunduğunu bildirmiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. İşə iddiaçı tərəfindən əlavə edilmiş İddiaçı1, İmişli rayon sakini X7, Saatlı rayon sakini X3, Saatlı rayon sakini X8 tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı1 məxsus təsərrüfatda 06 baş qoyun, 14 baş quzunun, xx.xx.2022-ci il tarixli aktdan görünrü ki, 11 baş qoyun, 33 baş quzu, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 3 baş qoyun, 1 baş ana keçi və 32 baş quzu, X7, X3, X8 tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 9 baş quzu, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 5 baş quzu, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 3 baş quzu tələf olmuşdur.
15. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş, Saatlı HSBXİ-nin rəisi Bəhmən Namazov, Saatlı HSBXİ-nin epizootik şöbə müdiri Mürsəlov və qeyrilərinin imzalayaraq tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Tarverdiyev Malikin xidmət etdiyi (İddiaçı1 məxsus) təsərrüfatda 225 baş qoyun və 120 baş quzuda klinik sağlam heyvanlarda çiçək xəstəliyinə qarşı vaksinasiyanın aparılmış və Tarverdiyev Malikə xəstə heyvanların sağlam heyvanlardan ayrı saxlanılması tapşırılmışdır.
16. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Saatlı rayonu X16 Fondunda yerləşən qoyunçuluq təsərrüfatı barədə həmin təsərrüfatın rəhbəri İddiaçı1 tərəfindən məlumat verilmədiyi üçün 2022-ci il tarixdə həmin təsərrüfatda epizootik tədbirlər aparılmamışdır.
17. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qoyunçuluq təsərrüfatına baxış keçirilməsi nəticəsində 05 baş quzu və 01 baş qoyunda çiçək xəstəliyinin əlamətlərinin aşkar olunmuş, 01 baş ölmüş quzu cəsədi müəyyən edilmiş, həmin təsərrüfatda Hİ-7 məhlulu ilə dezinfeksiya işləri aparılmışdır.
18. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı1 məxsus qoyunçuluq fermasında qoyunlarda çiçək xəstəliyinə qarşı vətəndaşın müraciəti əsasında qoyun və quzulara baxış keçirilmiş, 14 quzu ölümüş və 07 baş xəstə quzunun aşkar olunmuşdur.
19. Göründüyü kimi, cavabdeh tərəf təsərrüfatın mövcuduluğundan xəbərdar olmadıqlarını, xəbərdar olan kimi isə bütün məcburi peyvəndləmə işlərinin görüldüyünü bildirir.
20. Məhkəmə hazırlıq iclaslarında, iddiaçı tərəfindən müvafiq quruma qoyunçuluq təsərrüfatının mövcudluğu barədə hər hansı bir müraciətin edilib-edilməsi soruşulmuş, iddiaçı tərəf də, rəsmi yazılı müraciətin olmadığını bildirmişdir.
21. Həmçinin də, həmin təsərrüfatda 2022-ci ildən əvvəlki tarixlərdə, yəni heyvanlar tələf olmamışdan öncə də, həmin qurum tərəfindən peyvəndləmənin (hər hansı növünün) aparııb-aparılmadığı barədə də, məhkəmənin sualına dəqiq cavab verə bilməmişdir.
22. Məhkəmə tərəfindən həmçinin heyvanların tələf olmağa başladığı 2022-ci ilin dekabr ayından öncəki ayları və illəri əhatə edən, Saatlı rayonunda müvafiq təsərrüfatlarda peyvəndləmə işlərinin aparılması ilə bağlı qeydiyyat kitabları tələb edilmiş, məhkəmə hazırlıq iclasında qeyd edilmiş kitablara baxış keçirilmiş və qeyd edilmiş tarixdən öncə nə İddiaçı1 nə də ki, qeyd edilmiş təsərrüfatda çoban kimi fəaliyyət göstərən Tarverdiyev Malikin adı aşkar edilməmişdir.
23. Məhkəmə iclasında iştirak edən X5 və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi X9 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə peyvəndləmədən sonra xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixli akt üzrə) 14 quzunun tələf olması onunla əlaqədardır ki, çiçək xəstəliyinə qarşı vaksin vurulduqdan sonra heyvanlarda minimum 21 gün müddətində immunitet formalaşır. Çiçək xəstəliyinin həm ağır, həm yüngül forması olduğu üçün heyvanların bəzisinin tələf olması ehtimalı vardır.
24. Göründüyü kimi, iddiaçı 2022-ci ilin dekabr ayında ilk dəfə cavabdeh qurumun müvafiq bölməsinə müraciət etdikdən sonra, X17 X10 sağlamlığı və Baytarlıq İdarəsi tərəfindən profilaktik tədbirlər və peynvəndləmə işləri aparılmışdır.
25. Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli heyvanlarda dabaq xəstəliyinə qarşı aparılmış peyvəndləmənin adlı siyahısında və xx.xx.2023-cü il tarixli xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı aparılmış peyvəndləmənin adlı siyahısında “heyvan sahibinin adı, soyadı” qrafasında çoban X2 adının qeyd olunması 2023-cü ilin epizootik planına uyğun olaraq həmin təsərrüfatda dabaq və çiçək xəstliyinə qarşı vaksinasiyanın aparıldığını sübut edir.
26. Buna görə də, yəni, cavabdeh qurum tərəfindən iddiaçıya məxsus təsərrüfatdan xəbərləri olmadıqları və ona görə də, orada çiçək xəstəliyinə qarşı peyvəndlənmənin də, aparılmasının qeyri-mümkün olmaması səbəbindən iddiaçıya məxsus olan heyvanların tələf olmasına görə cavabdeh qurumun hər hansı bir məsuliyyəti mövcud deyil və heyvanların tələf olması ilə cavabdeh qurumun hərəkət və ya hərəkətsizliyi arasında hər hansı bir səbəbli əlaqə mövcud deyildir.
27. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 Azərbaycan Respublikası Kənd Təsürrafatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov