Məhkəmə qərarları › İş №e-2-2(113)-2583/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2583/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2583/2025 23.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsyliyyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli 023/23 №-li İcarə müqaviləsinə görə ödənilməli olan ƏDV xaric 33 553,85 manat (ƏDV daxil 39 593,54 manat) məbləğində icarə haqqının, ƏDV xaric 46 776,71 (ƏDV daxil 55 196,52 manat) cərimənin, iddia ərizəsi ilə bağlı ödənilmiş 375,00 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitələrinin icarəsinə dair 023/23 №-li İcarə müqaviləsi bağlanmışdır. Nəqliyyat vasitələri Cavabdeh MMC-yə təhvil verilmiş, müqavilənin 4.5-ci maddəsinə müvafiq olaraq icarə müddəti başa çatdığından 2024-cü ilin aprel ayının sonunda geri qaytarılmışdır. Ötən müddət ərzində icarə haqqı olaraq ƏDV xaric 77.269,23 manat ödəniş edilmişdir. Tərəflər arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən qeyd edilən tarixə qalıq borc məbləği ƏDV xaric 52.400,00 manat təşkil etmişdir. Üzləşmə aparıldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ƏDV xaric 12.400,00 manat, xx.xx.2024-cü il tarixdə isə ƏDV xaric 6446,15 manat ödəniş edilmişdir. Hazırda ƏDV xaric 33.553,85 manat icarə haqqı ödənilməmiş qalmaqdadır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (icarəyə verən) "xxxx" MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən bu müqaviləyə 1 nömrəli Əlavədə göstərilən avtomobil və texnikaları “İcarəçi”nin müvəqqəti istifadəsinə verir, “İcarəçi” isə icarə haqqını “İcarəyə verənə” ödəyir.

12. Müqaviləyə 1 nömrəli Əlavə ilə X1 təsdiq edilmişdir.

13. Protokola əsasən tərəflər icarəyə verilən avtomobil və texnikaların tipi, markası və aylıq icarə haqqı barədə razılığa gəlmişlər.

14. Müqavilə və 1 nömrəli Əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 816598 nömrəli dəyəri 29.545,38 manat, xx.xx.2023-cü il tarixli EBDW seriyalı 004917 nömrəli dəyəri 39.393,85 manat, xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00050189 nömrəli dəyəri 22.238,46 manat, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00286562 nömrəli dəyəri 22.932,12 manat, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11564373 nömrəli dəyəri 16.661,42 manat olan elektron qaimələr göndərilmişdir.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən tərəflər xx.xx.2024-cü il tarixinə "xxxx" MMC-nin Azital İnşaat MMC-nin ƏDV xaric 52.400 AZN borcu olduğunu təsdiq etmişlər.

19. Hazırda iddiaçı üzləşmə aktından sonra cavabdeh tərəfindən ödənişlər edildiyini və nəticədə 33.553,85 manat (ƏDV xaric) borcunun qaldığını bildirərək, cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir.

20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli (üzləşmə aktının imzalanmasından sonra) ödəniş sənədlərindən məlum olur ki, cavabdeh tərəfindən müvafiq olaraq ƏDV xaric 12.400 manat və 6.446,15 manat məbləğində ödənişlər edilmişdir.

21. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.

22. Belə olan halda Məhkəmə hesab edir ki, 33.553,85 (52.400-18.846,15) manat əsas borc və ƏDV borcu daxil olmaqla, ümumilikdə 39.593 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

23. Bundan başqa, məhkəmə 55.196,52 manat məbləğində cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarə haqqının ödənişində gecikmələrə yol verərsə, icarəçi gecikdirilən hər gün üçün icarəyə verənə ödənişi gecikdirilən məbləğin 0,5%-i miqdarında cərimə ödəyəcək.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 375 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

28. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 214,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 39.593 (otuz doqquz min beş yüz doxsan üç) manat, cərimə borcu üzrə 2.000 (iki min) manat olmaqla ümumilikdə, 41.593 (qırx bir min beş yüz doxsan üç) manat məbləğində pul "xxxx" MMCdən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 214 (iki yüz on dörd) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar