Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-259/2022 11.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh Mənzil Tikinti Kooperativinə (MTK) qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi üzrə 15 iyun 2021-ci il tarixə yaranmış ******* icarə haqqı borcu, həmin məbləğin gecikdirilməsinə görə 331500 manat cərimə olmaqla ümumilikdə ******* manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə işguzar münasibətlərin mövcud olmasını nəzərə alaraq, cavabdeh 2018-ci sentyabr ayında iddiaçıya müraciət edərək, müvafiq hüquqverici sənədləri təqdim etmiş və bildirmişdir ki, qeyd edilən ərazi rəsmi olaraq notarial qaydasnda təsdiq edilmiş müqavilələr və torpaq sahəsindən imtina edilməsi haqqında məktub əsasında cavabdehin istifadəsinə verilib, həmin sənədlərə əsasən cavabdeh ərazidə 5 bloklu 16 mərtəbəli yaşayış binaları inşa edəcək və bunun üçün ona hündürmərtəbəli yaşayış binalarının inşa edilməsində istifadə edilən bütün müvafiq avadanlıqlar və texniki vasitələr lazımdır və həmin avadanlıqların və texniki vasitələrin icarəyə verilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya təqdim etdiyi 26 dekabr 2014-cü il tarixli “öhdəliklər haqqında” müqavilənin sürətindən iddiaçı müəyyən etmişdir ki, qeyd edilən müqavilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan X3 ilə “Azərbaycan Karlar Cəmiyyəti” İB arasında imzalanıb, müqavilə notariat qaydasında təsdiq edilib, müqavilənin şərtlərinə əsasən fərdi sahibkar X3 ünvan 1 ünvanda yerləşən və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitunun 22 dekabr 2014-cü il tarixli aktına əsasən texniki vəziyyəti istismara yararsız hesab edilən 3 mərtəbəli qeyri-yaşayış binasını sökərək, əvəzində həmin ərazidə yeni qeyri - yaşayış sahəsi inşa edib və yaxud inşa edilməsini təşkil edib “Azərbaycan Karlar Cəmiyyəti” İB-nə təhvil verməli, bunun əvəzində isə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi ümumi sahəsi 0,7239 ha təşkil edən ərazinin istifadəsindən X1 xeyrinə imtina edilməsi haqqında məktubu müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bundan başqa cavabdehin iddiaçıya təqdim etdiyi 08 yanvar 2015-ci il tarixli “öhdəliklər haqqında” müqavilənin sürətindən müəyyən olunmuşdur ki, qeyd edilən müqavilə Cavabdeh MTK ilə ünvan 2 ünvanda daimi qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan X3 arasında imzalanıb, müqavilə notariat qaydasında təsdiq edilib, müqavilənin şərtlərinə əsasən cavabdeh Yasamal rayonu, Şərifzadə küçəsi 3 ünvanda yerləşən ümumi sahəsi 0,7239 ha təşkil edən ərazidə 5 bloklu, 16 mərtəbəli yaşayış binaları inşa edir. Həmçinin cavabdehin təqdim etdiyi “Azərbaycan Karlar Cəmiyyəti” İB-nin02/03 saylı, 09.01.2015-ci il tarixli məktubunun sürətindən müəyyən olunmuşdur ki, qeyd edilən məktub birliyin prezidenti vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, 1-ci vitse prezident Musa Tukanov tərəfindən imza edilib və məktub Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanaraq, 26 dekabr 2014-cü il və 08 yanvar 2015-ci il tarixli müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 27 saylı, 27 mart 1970-ci il tarixli qərarı ilə “Azərbaycan Karlar Cəmiyyəti” İB-nə ayrılmış və ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0,74 ha təşkil edən torpaq sahəsindən Cavabdeh Mənzil Tikinti Kooperativinin xeyrinə imtina edilmiş, torpaq sahəsindən imtina edilməsinin məqsədi həmin torpaq sahəsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən hündürmərtəbəli yaşayış binalarının inşa edilməsi və həmin binalardan “Azərbaycan Karlar Cəmiyyəti” İB-nin qeyri-yaşayış sahələri ilə təmin edilməsidir, bu məqsədlə torpaq sahəsində Cavabdeh MTK tərəfindən hündürmərtəbəli yaşayış binalarının tikilməsi üçün müvafiq Sərəncamın verilməsi xahiş edilmişdir. Cavabdehin iddiaçıya təqdim etdiyi 27 dekabr 2014-cü il tarixli razılaşmanın sürətindən iddiaçı müəyyən etmişdir ki, “Azərbaycan Karlar Cəmiyyəti” İB ilə X1 arasında imzalanmış Razılaşmaya əsasən sonuncunun üzərinə ğötürdüyü öhdəliklərin icrası Cavabdeh MTK tərəfindən aparılması nəzərdə tutulur və həmin ərazidə məhz Cavabdeh MTK tərəfindən 5 bloklu hündürmərtəbəli yaşayış kompleksinin inşa ediləcəyini nəzərə alaraq tərəflər razılığa gəlirlər ki, “Azərbaycan Karlar Cəmiyyəti” İB-nə ayrılması nəzərdə tutulan qeyriyaşayış sahəsi həmin kompleksin 2-ci blokunun 1-ci və 2-ci mərtəbələrində nəzərdə tutulan, sahəsi 1500 kvadrat metrədən az olmamalıdır. Bundan başqa cavabdehin təqdim etdiyi Bakı şəhər X4 İcraiyyə Komitəsinin 552 saylı, 27.03.1970-ci il tarixli qərarının və Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin **********1000011 saylı, 19 oktyabr 2006- cı il tarixli Kadastr planının sürətlərindən müəyyən olmuşdur ki, ümumi sahəsi 0.7239 ha təşkil edən ərazi Azərbaycan Karlar Cəmiyyətinin daimi istifadəsinə ayrılmışdır. Həmçinin cavabdehin təqdim etdiyi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitunun 22 dekabr 2014-cü il tarixli Aktının sürətindən iddiaçıya məlum olmuşdur ki, Yasamal rayonu, Şərifzadə küşəsi 3 ünvanda yerləşən 3 mərtəbəli qeyriyaşayış binanın texniki vəziyyəti istismara yararsızdır. Cavabdehin iddiaçıya təqdim etdiyi “X5” MMC ilə “elmi-texniki məhsulun yaradılması barədə” 17 dekabr 2014-cü il tarixli müqavilənin sürətindən müəyyən edilmişdir ki, “X5” MMC cavabdehin tapşırığı əsasında ünvan 6 ünvanda 5 bloklu, 16 mərtəbəli yaşayış binalarının layihə işlərinin görülməsini öz üzərinə götürür, layihə işlərinin dəyəri hər kvadrat metrə üçün 3 manat müəyyən edilir, ərazidə 75162 kvadrat metrə təşkil edən sahələrin tikilməsi nəzərdə tutulur, Cavabdeh MTK tərəfindən MMC-yə 10000 manat beh verilmişdir. Cavabdehin təqdim etdiyi Səbail Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsinin sürətindən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 3 ünvanda yerləşən ərazidə X2 “Azərbaycan Karlar Cəmiyyəti” İB tərəfindən yaradılmış bütün məhdudiyyətlər aradan qaldırılmışdır. Bundan başqa cavabdehin təqdim etdiyi 25 sentyabr 2018-ci il tarixli “sahələrin sahibliyə verilməsi və təhvil-təslim edilməsinə dair” aktın sürətindən müəyyən olmuşdur ki, ünvan 1 ünvanda yerləşən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan X3 tərəfindən ümumi sahəsi 0,7239 ha təşkil edən ərazidə inşa edilmiş bütün sahələr Cavabdeh MTKnın qanuni sahibliyinə verilərək, həmin sahələr cavabdehə təhvil - təslim edilmişdir. Nəticədə əlavə olaraq yuxarıda qeyd edilən əraziyə cavabdehin, iddiaçının Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən aidiyyatı mütəxəssislərlə bir daha baxış keçirildikdən sonra, cavabdehin təqdim etdiyi sənədlərə əsaslanaraq cavabdehlə 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi imzalayaraq, 5 bloklu 16 mərtəbəli yaşayış binalarının inşa edilməsi üçün tələb olunan və adları müqaviləyə əlavə edilən təhvil-təslim aktında qeyd edilən bütün tikinti-quraşdırma avadanlıqları və müvafiq texniki vasitələr aylıq icarə haqqı 65000 manat ödənilməklə, 5 il müddətinə cavabdehə icarəyə verilmişdir. Qeyd edilən müqavilədə nəzərdə tutulmuş tikinti-quraşdırma avadanlıqları və müvafiq texniki vasitələr cavabdehə 25 oktyabr 2018-ci il tarixli təhvil-təslim aktlarına əsasən təhvil verilmişdir. Cavabdeh 2018-ci ilin dekabr ayında oktyabr ayı üçün icarə haqqı təşkil edən 65000 manat vəsaiti icarəçiyə ödədikdən sonra müqavilənin şərtlərinə əməl etməmiş, icarə haqqlarını ödəməmiş, nəticədə iddiaçı 22 may 2019-cu il tarixli pretenziya ilə cavabdehə müraciət edərək, icarə haqqı üzrə yaranmış borcların ödənilməsi xahiş edilmişdir. Cavabdeh iddiaçının pretenziyasına cavab olaraq təqdim etdiyi 28 may 2019-cu il tarixli ərizəyə “cinayət işinin başlanılması haqqında”, 07 yanvar 2019-cu tarixli Yasamal rayon prokurorluğunun qərarını qoşma edərək, iddiaçıya rəsmi bildirmişdir ki, Şərifzadə küçəsi 3 ünvanda yerləşən ərazidə yeni məhdudiyyətlər yaradılıb, ərazi və sahələr yenidən kənar şəxslər tərəfindən zəbt edilib və bu səbəbdən hələ ki tikinti işlərinə başlaya bilmir, binaların özülünün qazılması işlərinə başlayanda yaranmış icarə haqqı borclarını hissə-hissə ödəyəcəkdir. İddiaçı 25 noyabr 2019-cu il tarixli 2-ci, 30 may 2020-ci il tarixli 3cü, 15 fevral 2021-ci il tarixli dördüncü və 05 iyun 2021-ci il tarixli pretenziyalarla cavabdehə müraciət edərək, icarə haqqları üzrə yaranmış borcların və icarə haqqlarının gecikdirilməsinə görə yaranmış cərimələrin ödənilməsini tələb etmişdir. Hər dəfə cavabdeh iddiaçıya təqdim etdiyi pretenziyalara rəsmi və qeyri-rəsmi olaraq, müsbət cavab verərək, yaxın müddət ərzində tikinti işlərinə başlayacağını, icarə haqqları üzrə yaranmış borcları və cərimələri ödəcəyini bildirir, hətta bunu rəsmi təsdiq etmək məqsədi ilə iddiaçı ilə cavabdeh arasında 15 iyun 2021-ci il tarixli üzləşmə aktı imzalamışdır. Akta əsasən cavabdeh etiraf edir ki, cavabdehin 15 iyun 2021-ci il tarixə ******* manat icarə haqqı üzrə borcunun və qeyd edilən məbləğin gecikdirilməsinə görə 331500 manat təşkil edən cərimənin, ümumi hesabla İddiaçı MMC-yə ******* manat borcun olmasını təsdiq etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, müqavilə üzrə iddiaçıya 200000 manat məbləğində depozit və 1 ayın icarə haqqı olaraq 65000 manat məbləğində ödəniş olunmuş, hesablaşma nağd şəkildə həyata keçirilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən elektron qaimənin tərtib edilməsi nəzərdə tutulmamışdır. Müqavilələr kitabında tərəflər arasında bağlanmış müqavilənin əks olunub - olunmaması barədə məlumatı yoxdur. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh MTK məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, tikinti aparılmalı olan sahə kənar şəxslər tərəfindən zəbt olunduğundan tikinti işlərinə başlaya bilmədiklərinə görə İddiaçı MMC qarşısında götürülən öhdəliklərin icrası mümkün olmamışdır. Cavabdeh MTK-dan tikinti işləri başlanana qədər icarə haqqının hesablanmasının dayandırılması, cərimənin tələb olunmaması və icarə haqqı borcunun ödənilməsi üçün müddət verilməsi xahiş olunsa da, razılıq əldə edilməmişdir. İş materiallarında olan: - 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh MTK yaşayış binalarının inşa edilməsi üçün bütün avadanlıqları və texniki vasitələri İddiaçı MMC-dən icarəyə götürərək aylıq icarə haqqı 65000 manat müəyyən olunmaqla icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 25 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən avadanlıqlar Cavabdeh MTK tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. - 15 iyun 2021-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin imzalanmasından 33 ay müddət keçmiş, cəmi 1 ayın icarə haqqı ödənilmiş, 15 iyun 2021-ci il tarixə ******* manat icarə haqqı borcu, 331500 manat cərimə borcu olmaqla ümumilikdə ******* manat borcu vardır, Cavabdeh MTK öhdəlik götürür ki, 3 ay ərzində həmin vəsaitin 30 faizinin ödənilməsini qeyd – şərtsiz olaraq təmin edəcəkdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 5.2-ci bəndində qeyd olunmuşdur ki, “Avadanlıqların və texniki vasitələrin istismara yararlı və texniki cəhətdən qənaətbəxş (saz) vəziyyətdə saxlanmasını təmin etmək məqsədi ilə icarəçi 200000 manat vəsaiti depozit olaraq icarəyə verənə təhvil – təslim aktı ilə ödəyir.” 15 iyun 2021-ci il tarixli üzləşmə aktında da 1 ayın icarə haqqının ödənilməsi qeyd olunmuşdur. Qeyd olunan xüsusatlar iddiaçının nümayəndəsinin izahatında da qeyd edilmişdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. - 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək sahibkarın vəzifəsi kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 99.3 və 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir sahibkarlıq fəaliyyətindən gəlirə aid edilmişdir. - 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Lakin iddiaçı tərəfindən məhkəməyə ödənilmiş icarə haqqına uyğun vergi ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. - 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. - 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesabfakturasını verməyə borcludur. Qeyd olunan normaların məzmununa əsasən elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə də əməl olunmamış, müqavilənin bağlanmasından 3 ildən artıq müddət keçsə də elektron qaiməfaktura göndərilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin, 25 oktyabr 2018-ci il tarixli təhvil – təslim aktının və 15 iyun 2021-ci il tarixli üzləşmə aktının əsillərini nəzərdən keçirərkən görünür ki, həmin sənədlər müxtəlif tarixlərdə, hətta 15 iyun 2021-ci il tarixli üzləşmə aktı digər sənədlərdən 2 il 8 ay sonra tərtib olunmasına baxmayaraq adi vizual baxış keçirməklə də sənədlərin eyni vaxtda hazırlanması qənaətinə gəlmək mümkündür. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçıya kargüzarlıq qaydalarına uyğun olaraq müqavilələrin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabının təqdim olunması təklif edilsə də, həmin qeydiyyat kitabı da məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilənin və digər sənədlərin həmin vaxt deyil, sonradan tərtib olunması imkanı da istisna edilmir. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunur ki, tikinti işləri başlamadığına görə həmin texnikalardan ümumiyyətlə istifadə olunmamışdır. Lakin Cavabdeh MTK 3 ildən artıq müddət ərzində 65000 manat məbləğində icarə haqqının hesablanmasının dayandırılması, icarəyə götürdüyü əmlaklardan istifadə olunması qeyri – mümkün olduğu üçün müqavilənin ləğvi və ya digər təkliflə İddiaçı MMC-yə müraciət etmək imkanı olduğu halda bu hüquqlarından da istifadə etməmiş, borcun məbləğinin artmasına şərait yaratmış, məhkəməyə müraciət olunduqdan sonra isə ******* icarə haqqı borcunun olduğunu etiraf etmiş, cərimə borcunun hesablanması ilə razı olmadığını bildirmişdir. Buna görə də məhkəmə qeyd olunan xüsusatları da inandırıcı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə təqdim olunmuş bütün sübutların məcmusunu şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 05 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi yalnız görünüş üçün bağlanmış əqd olmaqla əhəmiyyətsizdir və hər hansı bir hüquqi nəticə yarada bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edilməli və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-259/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-259/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver