Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-259/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə, xidmət və daşıma müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə, xidmət, daşıma müqaviləsi, dəymiş zərər, sübutetmə vəzifəsi, hüquqi yardım xərci, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq müəyyən edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə, xidmət və daşıma müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 29/03 saylı icarə, xx.xx.2021-ci il tarixli 15/98 saylı xidmət və xx.xx.2021-ci il tarixli AD-027 saylı daşıma haqqında müqavilələr əsasında yaranmış 96 322,66 manat borcun, icarə obyekti olan əmlakların yararsız hala salınması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 9889 manat pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 150 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında xx.xx.2021-ci il tarixli, 29/03 saylı müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəyə verilməsinə dair, xx.xx.2021-ci il tarixli, 15/98 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsinə dair, xx.xx.2021-ci il tarixli, AD-027 saylı avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair müqavilələr bağlanmışdır. Hər üç müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən ödənilməmiş 96 322,66 manat borc məbləği müəyyən edilmişdir. 2.2. Bundan başqa, müqavilələr üzrə təhvil verilmiş əmlaklardan bir neçəsi cavabdeh tərəfindən yararsız hala gətirilmiş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Cavabdehin iddiaçıya məxsus əmlakları yararsız hala salması nəticəsində xx.xx.2022-ci il tarixli akta əsasən 748 manat, xx.xx.2023-cü il tarixli akta əsasən isə 9141 manat olmaqla cavabdeh iddiaçıya ümumilikdə 9889 manat maddi ziyan vurmuşdur. 2.3. Cavabdehə pretenziya qaydasında xx.xx.2023-cü il tarixdə müraciət edilərək müqavilələr və ziyan aktları üzrə yaranmış borcların ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin sonuncu tərəfindən qeyd olunan borc məbləğləri ödənilməmişdir. Bundan sonra iddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, təklifə cavab verilmədiyi üçün Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş, müvafiq arayış təqdim edilmişdir. 2.4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 443.1, 1096.1-ci və s. maddələri göstərilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq qeyd etdi ki, dəymiş maddi ziyanla bağlı tələblərinin əsasını təşkil edən xx.xx.2023-cü il tarixli akt cavabdeh tərəfindən təsdiq olunsa da, xx.xx.2022-ci il tarixli akt ödənişlərlə bağlı problem yarandığından təsdiq olunmamışdır. Məhkəmənin sonuncu baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə icraatının gedişi zamanı cavabdeh tərəfindən edilmiş 10 000 manat ödəniş nəzərə alınmaqla iddianı müdafiə etdiyini bildirmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında müqavilələr üzrə borcun olduğunu, əsas borc hissəsində iddianı qəbul etdiklərini, lakin dəqiqləşdirmə aparılmasına ehtiyac olduğunu, tam məbləğin ödəniləcəyini bildirmişdir.
6. Məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. Məhkəmə təqdim olunan sübutlar əsasında aşağıdakıları müəyyən edir: - İddiaçı (icarəyə verən qismində) ilə Cavabdeh MMC (icarəçi qismində) arasında xx.xx.2021-ci il tarixdə 29/03 saylı avadanlıqların icarə müqaviləsi bağlanmış, icarəyə verən müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemini tikinti, təmir-bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüş, müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı, xx.xx.2021-ci il tarixli 3 saylı, xx.xx.2021-ci il tarixli 3 saylı Əlavələrlə tərəflər icarə predmetinin çeşidi və qiymətlərini razılaşdıraraq təsdiq etmişlər. - İddiaçı (icraçı qismində) ilə Cavabdeh MMC (sifarişçi qismində) arasında xx.xx.2021-ci il tarixdə avtomobil nəqliyyatı ilə yüklərin daşınması haqqında AD-027 saylı müqavilə bağlanmış, sifarişçi avtomobil nəqliyyatı ilə yüklərin daşınması ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış daşınma haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada avtomobil nəqliyyatı ilə yüklərin daşınması xidmətləri öhdəsinə götürmüş, müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən tərəflər daşımaların qiymətinin məsafədən asılı olaraq təyin olunmasını razılaşdıraraq təsdiq etmişlər. - İddiaçı (icraçı qismində) ilə Cavabdeh MMC (sifarişçi qismində) arasında xx.xx.2021-ci il tarixdə müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında 15/98 saylı müqavilə bağlanmış, sifarişçi müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürmüş, müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən tərəflər xidmətin qiymətini razılaşdıraraq təsdiq etmişlər. - xx.xx.2021-ci il tarixli 29/03 saylı, AD-027 saylı, 15/98 saylı müqavilələr üzrə tərəflərin möhürü və nümayəndələrin imzası ilə təsdiq edilmiş təhvil-qəbul aktlarına və hesabatlara əsasən xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərdə həyata keçirilmiş daşımanın, göstərilmiş xidmətin və icarə haqqının ümumi dəyəri 158 816,07 manat təşkil edir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə daşımanın həyata keçirilməsi, xidmətin göstərilməsi və icarə haqqının rəsmiləşdirilməsi üçün 158 816,07 manat dəyərində elektron qaimə təqdim edilmiş, elektron qaimələr cavabdeh və sistem tərəfindən təsdiqlənmişdir. - Məhkəmə icraatının gedişində (xx.xx.2023-cü il) cavabdeh EBCL 171300 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 10 000 manat ödəniş etmişdir.
11. İddiaçı tərəf xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 96 322,66 manat pulun cavabdehdən tutulmasını iddia tələbində irəli sürür, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 10 000 manat ödəniş həyata keçirildikdən sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini 86 322,66 manat hissəsində müdafiə edir.
12. Cavabdeh tərəf qeyd olunan müqavilələr üzrə əsas borc hissəsində iddianı qəbul etdiklərini bildirir.
13. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən əsaslıdır və qeyd edir ki, iddianın faktiki əsasını təşkil edən münasibətlər icarə, daşıma, xidmət, müqavilələrindən irəli gəldiyi üçün iddianın hüquqi əsası qismində qeyd olunan müqavilələrin ayrı-ayrılıqda hüquqi məzmununun şərh edilməsini zəruridir.
14. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə və daşıma müqavilələrinin hüquqi məzmununun şərh edilməsini və iddianın qeyd olunan müqavilələr üzrə hüquqi əsası qismində çıxış edən normalarının təsbit edilməsini zəruri sayır.
15. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin tələb edilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
17. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
18. Məhkəmə qeyd edir ki, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir. Bu zaman daşıyıcı tərəfindən daşınma haqqının ödənilməsinin tələb edilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 850.1-ci maddəsi nəzərdən keçirilməlidir.
19. Məhkəmə qeyd olunan müqavilələrdən irəli gələn hüquq münasibətləri üzrə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 29/03 saylı müqavilə icarə, AD-027 saylı müqavilə yük daşınması müqaviləsi olub, cavabdeh qeyd olunan müqavilələr üzrə öz öhdəliklərini tam icra etməyərək icarə və daşınma haqlarını tam ödəməmiş, belə olan halda da iddiaçının cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
20. Məhkəmə xx.xx.2021-ci il tarixdə müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında 15/98 saylı müqavilə ilə bağlı qeyd edir ki, qeyd olunan müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Mülki Məcəllənin 11.1-ci və Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müqavilə üzrə tələbə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun qiymət verilməlidir.
21. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Hazırkı işdə iddiaçı 15/98 saylı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, xidmətləri göstərmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçı qeyd olunan müqavilə üzrə pulun tutulmasını tələb etməyə haqlıdır.
23. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli məhkəmənin baxış iclasında əsas borcu qəbul etdiklərini, lakin məbləğin dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində, bir qayda olaraq, borclu müqavilə münasibətlərinin mövcud olmadığını və ya kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh borc məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olması ilə bağlı formal mülahizə irəli sürmüş, lakin müqavilələrin dəyərini iddia tələbində ödənilən hissə qismində qeyd olunandan artıq ödədiyinə dair hər hansı sübut təqdim etməmiş, əksinə, xx.xx.2023cü il tarixli məhkəmə iclasından sonra (xx.xx.2023-cü il tarixdə) ödəniş edərək əsas borcu mübahisələndirməmişdir.
24. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. Beləliklə, məhkəmə hesab edir ki, icarə, daşma, xidmət müqavilələri üzrə razılaşdırılmış icarə, daşıma və xidmət haqlarının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
29. Göstərilənləri və məhkəmə icraatı gedişi zamanı cavabdeh tərəfindən 10000 manat ödəniş edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 01 may 2021-ci il tarixli müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında, avtomobil nəqliyyatı ilə yüklərin daşınması haqqında müqavilələr və avadanlıqların icarə müqaviləsi üzrə 86 322,66 (96 322,66-10 000) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Dəymiş zərərin tutulması tələbi ilə bağlı
30. İddiaçı icarə obyekti olan əmlakların yararsız hala salınması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 9889 manat pulun da cavabdehdən tutulmasını tələb edir və tələbinin əsasını təşkil edən sübutlar qismində xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlara istinad edir.
31. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “avadanlıqların yararsız (itirilmiş) hala gətirildiyi haqqında” aktdan görünür ki, tərəflər iddiaçıya məxsus avadanlığın icarəçinin (cavabdehin) öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi nəticəsində yararsız (itirilmiş) hala gətirildiyini, yararsız (itirilmiş) hala gətirilmiş qiyməti 33 manat olan 277 ədəd “Dirək 6 m” avadanlığına görə iddiaçıya dəymiş zərərin 9141 manat olduğunu təsdiqləmişlər. Akt hər iki tərəfin möhürü və nümayəndələrinin imzası ilə təsdiq edilmişdir.
32. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “avadanlıqların yararsız (itirilmiş) hala gətirildiyi haqqında” aktdan görünür ki, akt 748 manat zərər ilə bağlı tərtib olunmuş, lakin tərəflər qeyd olunan aktı təsdiq etməmişlər.
33. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 5.3.3-cü bəndinə əsasən icarəçi icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyə verəndən təhvil alıb işlək vəziyyətdə icarəyə verənə geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi, yaxud lazımi qaydada yerinə yetirilməməsi halında təqsirli tərəf qüvvədə olan qanunvericilik əsasında digər tərəfə zərəri ödəməyə borcludur.
34. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində qismən əsaslıdır.
35. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
36. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
37. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli “avadanlıqların yararsız (itirilmiş) hala gətirildiyi haqqında” aktla iddiaçıya dəymiş zərərin 9141 manat olmasını hər iki tərəf təsdiq etmiş və iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd olunan hissədə sübutetmə vəzifəsini yerinə yetirmişdir. Lakin iddiaçının dəymiş zərərlə bağlı tələbinin əsasını təşkil edən digər sübut qismində istinad etdiyi xx.xx.2022-ci il tarixli aktı tərəflər təsdiq etmədiyindən həmin sübutu mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı isə həmin aktda qeyd olunan 748 manat zərərin dəyməsini təsdiq edən başqa sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi 748 manat zərərin əvəzinin ödənilməsi hissəsində əsaslı hesab oluna bilməz.
40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddia qismən təmin olunmalı, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 9141 (9889-748) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
41. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 150 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
42. İddia ərizəsinə əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixli, MŞB/18/2023-01177 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
43. İş materiallarına əlavə edilmiş 261846 nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 150 manat məbləğində pul iddiaçı tərəfindən Vəkil1 ödənilmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 115.0, 115.0.9 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
46. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
47. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
48. Mülki Prosessual Məcəllənin 119.3-ci maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
49. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. İş materialları ilə müəyyən olunur ki, tələb olunan pul vəsaitinin ödənilməsi ilə əlaqədar cavabdehə pretenziya ilə müraciət olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
51. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını və vəkilin əksər iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
52. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 150 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 may 2021-ci il tarixli müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında, avtomobil nəqliyyatı ilə yüklərin daşınması haqqında müqavilələr və avadanlıqların icarə müqaviləsi üzrə 86322 (səksən altı min üç yüz iyirmi iki) manat 66 (altmış altı) qəpik məbləğində əsas borc, dəymiş zərərin əvəzi olaraq 9141 (doqquz min yüz qırx bir) manat pul olmaqla ümumilikdə 95463 (doxsan beş min dörd yüz altmış üç) manat 66 (altmış altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçın ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova