Məhkəmə qərarları › İş №e-2-2(113)-2590/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2590/2023

27.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2590/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 2882.70 manat borcun və mediasiya xərci üçün ödənilmiş 70 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 iyul 2021ci il tarixli 72 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən “Satıcı”ya sözügedən müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə-fakturaya əsasən müəyyən edilərək ödənilməlidir. Müqavilənin 3.2 bəninə əsasən “satıcı” tərəfindən “alıcı” ya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 10 iş gün ərzində “satıcı” nın hesablaşma hesabına ödənilir. Cavabdeh müqaviləyə əsasən müxtəlif tarixlərdə təhvil-təslim aktına əsasən götürdüyü mallara dair ödənişlər etmişdir, lakin sonuncu dəfə tərəflər arasında tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən ödənilməli olan 2882.7 manat pul hazıradək ödənilməmiş olaraq qalmaqdadır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Kərəmli iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya əsas borc üzrə 600 manat pul nağdsız qaydada ödənilmiş (200 manat və 400 manat olmaqla), 1175 manat məbləğində pul nağd qaydada ödənilmiş, qalıq borc ödənilməmiş qalmışdır. Tərəflərindən cavabdehə təqdim edilmiş elektron qaimələrin biri isə (374,76 manat) cavabdeh tərəfindən təsdiq edilməyərək düzəlişə göndərilmiş, hazırda da həmin statusdadır.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsi S.Kərəmlinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 08 iyul 2021-ci il tarixli 72 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı 2-ci maddədə göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2-ci bəndinə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə-fakturaya əsasən müəyyən olunur.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən alınmış malın qiyməti öncədən razılaşdırılmış qiymətə əsasən müəyyən olunur və alıcı satıcının məhsullarını satmağı öhdəliyinə götürür.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 10 iş günü ərzində satıcının hesablaşma hesabına ödənilir.

12. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 29 noyabr 2022-ci il tarixli qarşılıqlı borcların üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya 2882,7 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBBE 626353 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 483739 nömrəli xx.xx.2021-ci il tarixli, EBAT 955016 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 151616 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 472103 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 338477 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 653840 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir.

14. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 110220-2379 nömrəli satış fakturasından görünür ki, həmin faktura ilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 374,76 manat məbləğində mal satılmış, cavabdehin iddiaçıya 1253,81 manat məbləğində borcu qalmışdır.

15. "xxxx" ASC-dən verilmiş 05 iyun 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBE 626353 nömrəli elektron qaimənin əsas məbləği üzrə 200 manat ödəniş edilmişdir.

16. "xxxx" ASC-dən verilmiş 05 iyun 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBE 626353 nömrəli elektron qaimənin əsas məbləği üzrə 200 manat və 400 manat ödəniş edilmişdir.

17. 19.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh EBBE 626353 nömrəli elektron qaimənin ƏDV ödənişi üzrə 180 manat məbləğində ödəniş etmişdir.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli 72 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya sözügedən müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2882.70 (iki min səkkiz yüz səksən iki manat yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar