Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2599/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 90.000 əsas borc, 11.250 manat gecikdirmə faizləri, 226 manat hüquqi xidmət haqqı, 360 manat dövlət rüsumu olmaqla, cəmi 101.836 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin əvvəlindən tanışı Araz adlı şəxsin ona yaxınlaşaraq tanışı Cavabdeh bzineslə məşğul olduğunu, biznesini artırmaq istədiyini və istərsə onu da, həmin biznesə qoşmasını bildirmişdir. İlkin görüş zamanı Afat Şəmkir şəhərində parniklərinin olduğunu, Bakıda broyler şirkətinin olduğunu və şirkətini artırmaq istədiyini bildirmişdir. Daha sonra o, yaxşı gəlir əldə edə biləcəyini bildirirərək, bu işə pul qoymaq istədiyini bildirmişdir. O da, bu məsələdə onunla razılaşmış bu biznesin daha da inkişaf etməsi üçün 90.000 manat pulu ona verəcəyini bildimişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh ilə arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi imzalandığı gündən müəyyən müddət küçdikdən sonra o Cavabdeh pulun ödənilməsini tələb etdikdə o, işlərinin düzgün getmədiyi, parniklərin işəmədiyini bildirmiş və borcunu ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında, nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçı tərəfin xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır.
11. Tərəflər arasında bağlanmış borc müqaviləsinin 1-ci bəndinə əsasən borc verən, borc alana 90.000 manat məbləğində pulu verməyi öhdəsinə götürmüşdür.
12. Müqavilənin 2-ci bəndinə əsasən borc alan pulu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.
13. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 90.000 manat məbləğində pul İddiaçı tərəfindən notarisun depozit hesabına köçürülmüş, bundan sonra notariusun məktubu əsasında 90.000 manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür.
14. Göründüyü kimi, borc müqaviləsi üzrə 90.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, müqavilə üzrə borcu qaytarmaq öhdəliyi yaranmışdır.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarların ləğv edildiyini qeyd edərək, qeyd edilmiş borcun ödənilmədiyini bildirdi.
16. Cavabdeh tərəf də, heç bir məhkəmə iclasında iştirak etməmiş və qeyd edilmiş borcun ödənilməsi barədə sənədi Məhkəməyə təqdim etməmişdir.
17. Ona görə də, Məhkəmə hesab edir ki, iddia 90.000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır.
18. Məhkəmə həmçinin hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 11.250 manat məbləğində pulun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
19. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndindən də, görünüyü kimi, cavabdeh tərəf borcu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürsə də, qeyd edilmiş tarixdən 2 il 6 ay (30 ay) küçməsinə baxmayaraq borcunu qaytarmamışdır.
20. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 11.250 (90.000x5/100=4.500 ( 12 ay üçün) 4.500/12=375 (1 ay üçün) 375x30=11.250 (30 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 226 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 360 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 90.000 (doxsan min manat) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 11.250 (on bir min iki yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 226 (iki yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov