Məhkəmə qərarları › İş №e-2-2(113)-260/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-260/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-260/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər SNN Express MMC və Cavabdeh3: “H004KK19-H00816” saylı kredit sazişi üzrə 32931 (otuz iki min doqquz yüz otuz bir) manat əsas, 10243.68 (on min iki yüz qırx üç manat, altmış səkkiz qəpik) manat faiz, 1451.19 (bir min dörd yüz əlli bir manat, on doqquz qəpik) manat cərimə olmaqla, cəmi 44625.87 (qırx dörd min altı yüz iyirmi beş manat, səkkiz yeddi qəpik) manat, H022KX18-H00816 saylı kredit sazişi üzrə isə 10000 (on min) manat əsas, 3313.33 (üç min üç yüz on üç manat, otuz üç qəpik) manat faiz, 10150 (on min yüz əlli) manat cərimə olmaqla, cəmi 23463.33 (iyirmi üç min dörd yüz altmış üç manat, otuz üç qəpik) manat, - hər iki saziş üzrə isə ümumi borc məbləği 68089.2 (altmış səkkiz min səksən doqquz manat, iyirmi qəpik) manat məbləğində borcların və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borcun ödənilməsini təmin etmək məqsədilə tələbin 16 mart 2016cı il tarixli, 3M-90 saylı“İpoteka müqaviləsi”nə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın (ipoteka predmeti) açıq hərracda satılması və əldə olunan vəsaitin birgə cavabdehlər SNN Express MMC və Cavabdeh3 iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı АSC ilə cavabdeh “SNN Express MMC” arasında bağlanılmış 16 mart 2016-cı il tarixli, “H00816” saylı “Kredit limitinin ayrılması haqqında Müqavilə müqavilə daxilində 24.01.2019-cu il tarixli, H004KK19- H00816 saylı kredit sazişinə əsasən, Bank borcalana 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 38 000 (otuz səkkiz min) manat, və həmin limit müqaviləsi daxilində 19.03.2018-ci il tarixli, H022KX18-H00816 saylı kredit sazişinə əsasən isə, borcalana 12 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə, 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli, “Z1-H004KK19” saylı “Zaminlik Müqaviləsi”nə əsаsən Cavabdeh3 “16 mart 2016-cı il tarixli, H00816 nömrəli “Kredit limitinin ayrılması haqqında Müqaviləsi üzrə SNN Express MMC-nin öhdəliklərinin icrаsına dair Bаnk qаrşısındа üzərinə məsuliyyət götürmüşdür. Bundan başqa, “Kredit limitinin ayrılması haqqında Müqaviləsi üzrə “SNN Express MMCnin pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, 16 mart 2016-cı il tarixli, 3M-90 saylı “İpoteka müqaviləsi”nə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü (0838979 saylı yüklülük çıxarışı) edilmişdir. Borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə Banka müvafiq faizləri ödəməyi öhdəsinə götürməsinə baxmayaraq müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəllərinə müvafiq olaraq, 17.09.2020-ci il tarixinə borcalan Banka H004KK19-H00816 saylı kredit sazişinə əsasən borc məbləği 32.931 (otuz iki min doqquz yüz otuz bir) manat əsas, 10243.68 (on min iki yüz qırx üç manat, altmış səkkiz qəpik) manat faiz, 1451.19 (bir min dörd yüz əlli bir manat, on doqquz qəpik) manat cərimə olmaqla, cəmi 44625.87 (qırx dörd min altı yüz iyirmi beş manat, səkkiz yeddi qəpik) manat, H022KX18-H00816 saylı kredit sazişinə əsasən isə borc məbləği10000 (on min) manat əsas, 3313.33 (üç min üç yüz on üç manat, otuz üç qəpik) manat faiz, 10150 (on min yüz əlli) manat cərimə olmaqla, cəmi 23463.33 (iyirmi üç min dörd yüz altmış üç manat, otuz üç qəpik) manat, hər iki saziş üzrə isə ümumi borc məbləği 68089.2 (altmış səkkiz min səksən doqquz manat, iyirmi qəpik) manat təşkil edir. Yaranmış borcla bağlı Kredit alana dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi bu günədək təmin edilməmişdir. Sonuncu dəfə borcalana 10 avqust 2020-ci il tarixli, 5160 nömrəli bildirişlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Beləliklə, Bank tərəfindən Kredit alanla mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, bu bir nəticə verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehin nümayəndəsi və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (kredit alan) arasında bağlanmış 16 mart 2016-cı il tarixli H00816 nömrəli “kredit limitinin ayrılması” müqaviləsindən görünür ki, “bank” “kredit alana” 300.000 (üç yüz min) manat məbləğində 84 (səksən dörd) ay müddətinə (bundan sonra “kredit limiti müddəti”) illik maksimum 30 (otuz) % dərəcəsi ilə (“Faiz(lər)”) ilə kredit limiti ayırır, “kredit alan” isə bu müqavilə və kreditin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri limitindən istifadə etməyi və götürülmüş krediti “kredit sazişi”nin ayrılmaz hissəsi olan “ödəniş cədvəli”nə əsasən qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “bank” “kredit alan”ın adına kreditin istifadə edilməsi və ödənilməsi üçün rekvizitləri “kredit sazişi”ndə göstərilən cari hesab (bundan sonra “hesab”) və kreditin uçotunun aparılması üçün ssuda hesabı açır. -16 mart 2016-cı il tarixli H00816 saylı “kredit limitinin ayrılması haqqında müqavilə daxilində” kredit sazişinin H004KK19-H00816 saylı kreditin və ona hesablanmış fazilərin ödəniş cədvəlinə əsasən 38.000 manat kredit məbləği Cavabdeh1 MMC-yə 24 ay müddətinə 24% illik faiz dərəcəsi olmaqla 24.01.2019-cu il tarixində verilmişdir. -19 aprel 2018-ci il tarixli H00816 saylı “kredit limitinin ayrılması haqqında müqavilə daxilində” H022KX18-H00816 nömrəli kredit sazişinə əsasən 10.000 (on min manat) manat kredit məbləği 12 ay müddətinə illik 21 faiz (faktiki illik faiz dərəcəsi 23.3%) olmaqla H097KK17-H00816 saylı kredit müqaviləsi üzrə 2018-ci ilin mart, aprel və may aylarına güzəşt müddəti şərti ilə verilmişdir. Qeyd olunan “kredit sazişi” H00816 saylı16 mart 2016-cı il tarixli “kredit limitinin ayrılması haqqında müqavilə” əsasında imzalanmışdır. -24 yanvar 2019-cu il tarixli H00816 saylı “kredit limitinin ayrılması haqqında müqavilə daxilində” H004KK19-H00816 nömrəli kredit sazişinə əsasən 38.000 (otuz səkkiz min) manat kredit məbləği 24 ay müddətinə illik 24 faiz (faktiki illik faiz dərəcəsi 25.1% ) olmaqla H047KR18-H00816 saylı kredit sazişinin tam bağlanılması məqsədilə verilmişdir. Qeyd olunan “kredit sazişi” H00816 saylı 16 mart 2016-cı il tarixli “kredit limitinin ayrılması haqqında müqavilə” əsasında imzalanmışdır. -16 mart 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən “ipoteka qoyan” (Cavabdeh2) öz mülkiyyətində olan və bu müqavilənin 2-ci maddəsində təsvir olunan əmlakı (bundan sonra “ipoteka predmeti” adlandırılacaq) “kredit alan”ın “bank” qarşısında olan və bu müqavilənin 1.2-ci bəndində təsvir olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “bank”ın xeyrinə ipoteka ilə yüklü edir. 1.2-ci bəndə əsasən “kredit alan”ın “bank”la bağladığı 16 mart 2016-cı il tarixli H00816 saylı kredit limitinin ayrılması haqqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəlikləri “bank” qarşısında olan bütün öhdəliklərdir. Kredit limitinin ayrılması haqqında müqavilə üzrə “kredit alan”ın “bank” qaşrısında öhdəliyi aşağıdakı kimi müəyyən olunur. Limitin məbləği 300.000 manat, limitin müddəti 84 ay, maksimal faiz dərəcəsi illik 30%. Kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri ilə müəyyən olunur. 2.1-ci bəndə əsasən ipoteka predmeti Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzil (3 otaq; 46.0 kv.m yaşayış sahəsi, 21.5 kv.m yardımçı sahə, 67.5 kv.m ümumi sahədən ibarət). -24 yanvar 2019-cu il tarixli Z1-H004KK19 saylı zaminlik müqaviləsinə əsasən “zamin” (Cavabdeh3) 2.2-ci maddədə göstərilən öhdəlik üzrə “kredit alan”ın “bank” (İddiaçı ASC) qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və həmin öhdəliyin tamamilə icra edilməsinə görə “kredit alan” ilə birlikdə “bank” qarşısında məsuliyyət daşıyır. 2.2-ci bəndə əsasən bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC, qanuni təmsilçisi X3 ilə “bank” arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli, H004KK19-H00816 saylı “kredit limitinin ayrılması haqqında müqavilə” daxilində kredit sazişi”ndən və (kredit məbləği 38.000 manat, kreditin müddəti 24 (iyirmi dörd) ay, kreditin faiz dərəcəsi illik 24 (iyirmi dörd) % ona edilmiş əlavələrdən irəli gələn tələbdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX sseriyalı ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan 21.08.2020-ci il tarixli HD-85/20 nömrəli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında rəsmi bildiriş ipoteka qoyanın ünvanına 17 avqust 2020-ci il tarixində təqdim edilmiş, buna əsasən həmin bildirişin qeydə alınması xahiş olunmuşdur. -17.08.2020-ci il tarixli HD-83/20 nömrəli Cavabdeh2 və Cavabdeh1 MMC-yə ünvanlanmış bildirişdə kredit alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, tutmanın ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzilə yönəldilməsinə başladılması bildirilmişdir. "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş 29.01.2021-ci il tarixli, ƏEM/D 73-073/21 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, analoq obyektlərin müqayisəli satışı, mənzilin sahəsi, yerləşdiyi ərazi, mərtəbəliliyi, alternativ istifadə imkanları, təmirliliyi, tikililərin konstruksiyası, aşınması və s. xüsusiyyətlə nəzərə almaqla aparılmış hesblamalara və təhlillərə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzilin 29 yanvar 2021-ci il tarixinə likvid dəyəri 90.000 (doxsan min) manat, bazar dəyəri 85.000 (səksən beş min) manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 ünvanlanmış 5160 nömrəli 10.08.2020-ci il tarixli pretenziya məktubunda “H004KK19-H00816” saylı kredit sazişi üzrə 32931 (otuz iki min doqquz yüz otuz bir) manat əsas, 10243.68 (on min iki yüz qırx üç manat, altmış səkkiz qəpik) manat faiz, 1451.19 (bir min dörd yüz əlli bir manat, on doqquz qəpik) manat cərimə, H022KX18- H00816 saylı kredit sazişi üzrə isə 10000 (on min) manat əsas, 3313.33 (üç min üç yüz on üç manat, otuz üç qəpik) manat faiz, 10150 (on min yüz əlli) manat cərimə borcunun olması bildirilmiş, qeyd olunan borc məbləğinin qısa zamanda ödənilməsi ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş 07 iyun 2021-ci il tarixli, 9/2153 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli “H00816” saylı kreditin ayrılması haqqında” müqavilə daxilində 24.01.2019-cu il tarixli, “H004KK19-H00816” saylı və 19.03.2018-ci il tarixli, H022KX18-H00816 saylı kredit sazişlərinin şərtlərinə əsasən suallar üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu hər saziş üzrə ayrıayrılıqda aşağıdakı kimi müəyyən edilir. 24.01.2019-cu il tarixli, “H004KK19-H00816” saylı kredit sazişi üzrə 17 sentyabr 2020-ci il tarixinə əsas borc üzrə 32919,81 manat, faiz borcu üzrə 10.172,86 manat. 24 yanvar 2021-ci il tarixinə əsas borc üzrə 32.919,81 manat, faiz borcu üzrə 12.960,08 manat. 19.03.2018-ci il tarixli, H022KX18-H00816 saylı kredit sazişi üzrə 19 mart 2019-cu il tarixinə əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 228,14 manat, 17 sentyabr 2021ci il tarixinə əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 3366,48 manat. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə (“Bank”) ilə Cavabdeh1 MMC (“Kredit alan”) arasında 16 mart 2016-cı il tarixli H00816 nömrəli “kredit limitinin ayrılması haqqında müqavilə” kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “bank” “kredit alana” 300.000 (üç yüz min) manat məbləğində 84 (səksən dörd) ay müddətinə (bundan sonra “kredit limiti müddəti”) illik maksimum 30 (otuz) % dərəcəsi ilə (“Faiz(lər)”) ilə kredit limiti ayırır, “kredit alan” isə bu müqavilə və kreditin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri limitindən istifadə etməyi və götürülmüş krediti “kredit sazişi”nin ayrılmaz hissəsi olan “ödəniş cədvəli”nə əsasən qaytarmağı öhdəsinə götürmüşdür. 16 mart 2016-cı il tarixli H00816 nömrəli “kredit limitinin ayrılması haqqında müqavilə” kredit müqaviləsi daxilinə 19.03.2018-ci il tarixli H022KX18-H00816 nömrəli və 24.01.2019-cu il tarxili H004KK19-H00816 nömrəli kredit sazişləri bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh tərəf bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2021-ci il tarixli, 9/2153 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, həmin rəydə qeyd edilənlərə əsasən 24.01.2019-cu il tarixli, H004KK19-H00816 saylı kredit sazişi üzrə 32.919,81 manat əsas borc, 10.223 əsas borc məbləği və faiz məbləğləri cavabdehdən tutulmalıdır. 19.03.2018-ci il tarixli, H022KK18-H00816 saylı kredit sazişi üzrə isə 10.000 manat əsas, 228,14 manat isə faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, 24.01.2019-cu il tarixli, H004KK19-H00816 saylı kredit sazişi üzrə tələb olunan 1.451 manat cərimə məbləğinin 329 manat həddinədək, 19.03.2018-ci il tarixli, H022KK18-H00816 saylı kredit sazişi üzrə tələb olunan 10.150 manat cərimə məbləğinin isə 1.000 manat müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən tutulması tələbinə münaibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC və Cavabdeh3 “H004KK19-H00816” saylı kredit sazişi üzrə 32.919,81 (otuz iki min doqquz yüz on doqquz manat səksən bir qəpik) manat əsas, 10.243,68 (on min iki yüz qırx üç manat, altmış səkkiz qəpik) manat faiz, 329 (üç yüz iyirmi doqquz manat) manat cərimə olmaqla, cəmi 43.492,49 (qırx üç min dörd yüz doxsan iki manat, qırx doqquz qəpik) manat, H022KX18-H00816 saylı kredit sazişi üzrə isə 1.0000 (on min) manat əsas, 228,14 (iki yüz iyirmi səkkiz manat, on dörd qəpik) manat faiz, 1000 (min) manat cərimə İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzilə yönəldilməli,həmin daşınmaz əmlak (ipoteka predmeti) açıq hərracda satılmalı və əldə olunan vəsaitin birgə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, qiymətləndirmə işinə görə 200 manat cavabdehlərdən müştərək qaydada tuutlaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh1 MMC və Cavabdeh3 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 “H004KK19-H00816” saylı kredit sazişi üzrə 32.919,81 (otuz iki min doqquz yüz on doqquz manat səksən bir qəpik) manat əsas, 10.243,68 (on min iki yüz qırx üç manat, altmış səkkiz qəpik) manat faiz, 329 (üç yüz iyirmi doqquz manat) manat cərimə olmaqla, cəmi 43.492,49 (qırx üç min dörd yüz doxsan iki manat, qırx doqquz qəpik) manat, H022KX18-H00816 saylı kredit sazişi üzrə isə 10000 (on min) manat əsas, 228,14 (iki yüz iyirmi səkkiz manat, on dörd qəpik) manat faiz, 1000 (min) manat cərimə olmaqla, cəmi 11228,14manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat və və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak (ipoteka predmeti) açıq hərracda satılsın və əldə olunan vəsaitin birgə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 iddiaçıya olan borclarının ödənilməsinə yönəldilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 79 nömrəli mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən olunsun Cavabdeh1 MMC və Cavabdeh3 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar