Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-260/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pultələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsi əsasında yaranmış 13604 (on üç min altı yüz dörd) manat borcun, hüquqi yardım üçün vəkilə ödənilən 150 (bir yüz əlli) manat və mediasiya xərci olan 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfdən tam şəkildə yerinə yetirilmişdir. Cavabdehin müqavilə üzrə ümumi borc məbləği 13604 manat müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh MMC-yə pretenziya qaydasında xx.xx.2023-cü il tarixdə müraciət edilərək, müqavilələr üzrə yaranmış borcların ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin qeyd olunan borc məbləği ödənilməmişdir. Müraciətlərinə cavab verilmədiyi üçün Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Təklifə cavab verilmədiyinə görə Mediasiya Şurasının Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müracət edilmiş və Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma\sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarə müddətinin ilk ayı tam olaraq hesablanılır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən əmlakın təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir.
8. Tərəflər arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli, 01 nömrəli Əlavədən (Razılaşma protokolu) görünür ki, tərəflər ayaqaltı iskələrin (Altrad) 1 aylıq icarə haqqını 1 kv.m üçün 2 manat məbləğində müəyyən etmişlər.
9. Tərəflər arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 01 nömrəli təhvil-təslim haqqında aktdan görünür ki, aktda qeyd edilən mallar (1500 kv.m ölçüdə ayaqaltı iskələ və ləvəzimatları) tərəflər arasında təhvil-təslim edilmiş və aktda avadanlıqların sayında heç bir qüsur və çatışmazlıqların müəyyən edilmədiyi qeyd edilmişdir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
15. İddia tələbini cavabdehdən tərəflər arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, 1029 saylı icarə müqaviləsi əsasında yaranmış 13604 (on üç min altı yüz dörd) manat borcun tutulması təşkil edir.
16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, müqavilə tərəflər arasında icarə predmetlərinin icarəyə verilməsi ilə yanaşı, həmçinin icarə predmetlərinin daşınma, quraşdırma\sökmə işlərinin görülməsi ilə bağlı münasibətləri də tənzimləyir.
17. Hazırkı mübahisə icarə müqaviləsi üzrə icarəyə verilmiş icarə predmetlərinə görə məhz icarə haqqının ödənilməməsi ilə bağlı yaranan mübahisədir.
18. Müqavilədə müqavilənin imzalandığı gündən qüvvəyə minməsi qeyd olunur. Müqavilənin şərtlərinə əsasən icarə haqqı icarə müddətinin ilk ayı tam olaraq hesablanır, eyni zamanda icarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır.
19. Müəyyən olunduğu kimi, icarə predmeti olan ayaqaltı iskələlərin 1 kv.m üçün 1 aylıq icarə haqqı 2 manat məbləğində müəyyən edilmiş, cavabdehə 1500 kv.m ölçüdə ayaqaltı iskələ və ləvəzimatları 05 oktyabr 2022-ci il tarixdə təhvil verilmişdir. Həmin iskələlərin aylıq icarə haqqı 3000 manat (1500 kv.mx2 manat=3000 manat) təşkil edir.
20. İşin həmçinin müəyyən olunmuş hallarından göründüyü kimi, icarə predmeti olan əşyalar müqavilə bağlanan gün icarəçi olan cavabdehə təhvil verilmişdir. Həmin hal tərəflər arasında tərtib olunmuş təhvil təslim aktı ilə öz təsdiqini tapır. Həmin əşyaların geri qaytarılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 13604 (on üç min altı yüz dörd) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
22. Eləcə də, iddiaçı məhkəməyə ödənilmiş mediasiya xərclərinə görə 200 (iki yüz) manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 150 (yüz əlli) manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 150 (yüz əlli) manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, 1029 nömrəli icarə müqaviləsi üzrə 13604 (on üç min altı yüz dörd) manat borc, 150 (yüz əlli) manat hüquqi yardım və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 13954 (on üç min doqquz yüz əlli dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova