Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2608/2021 23.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu 131829 olan qeyri-yaşayış sahəsinə hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 21.12.2012-cil tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyində Fiziki Şəxsin Sahibkarlıq uçotu haqqında Şəhadətnamə VÖEN (**********) əldə edərək vergi ödəyicisi olaraq sahibkar olaraq qeydiyyata alınmışdır. Faəliyyət göstərdiyi obyekt cavabdeh ilə müqavilə kodu 131829 nömrəsi altında su təchizatı və kanalizsiya xidmətləri göstərməsi üçün müqavilə bağlanmışdır. 02.05.2018-ci il tarixdə cavabdehin əməkdaşları sözügedən obyektə baxış keçirmiş, obyektdə olan “50105957” saylı smart tipli su sayğacına baxış zamanı da açıq aydın qeyd edilmişdir ki, sayğacın cavabdehə məxsus plombu və zavod plombu üzərində olmuşdur. Lakin buna baxmayaraq cavabdehin X2 İdarəsinin 07.05.2018-ci il tarixdə sayğacın hesablama mexanizminə müdaxilə aşkar olunduğuna dair rəy verilmişdir. Cavabdehin X2 İdarəsinin tərtib etdiyi rəydə də açıq aşkar göstərilmişdir ki, STKM məxsus plombun və Dövlət plombunun movcudluğu tam olaraq yerindədir. Əgər bütün plomblar tam olaraq yerində idisə, müdaxilə etməyin nə dərəcədə əsaslı olduğu şübhə altında qalır. İddiaçıya yalnız 20.08.2018-ci il tarixdə məlum olmuşdur ki, yoxlama nəticəsində 4104 manat cərimə hesablanmış və bunun ödənilməsi ondan tələb edilir. Bütün bunlardan əlavə sözügedən tarixdə yoxlamanın hansı əsasla keçirilməsinə dair heç bir sənəd və səbəb göstərilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Bağırov iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 131829 saylı, 23.04.2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçını tələbatına uyğun məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. Cavabdeh tərəfindən tərtib olunmuş 27 Smart-Kart tipli su sayğacının dəyişdirilməsi haqqında ******* saylı aktdan məlum olur ki, 02.05.2018-ci il tarixində 50105957 saylı smart tipli su sayğacının mexaniki hissəsi xarab olduğundan, tərəflərindən çıxardılaraq NÖCİ-yə göndərildi. Sayğacın Cavabdeh və zavod plombları üzərindədir. 02.05.2018-ci il tarixində abonentin öz vəsaiti hesabına alınmış 155510 saylı smart tipli su sayğacı tərəflərindən quraşdırılaraq plomblandı. Cavabdeh ASC X2 İdarəsi “Suölçən cihazların kalibrləmə Laboratoriyası” tərəfindən tərtib olunmuş 11.05.2018-ci il tarixli 05957/00344839 nömrəli rəydən məlum olur ki, abonent kodu 131829 olan qeyri-yaşayış sahəsində quraşdırılmış 50105957 nömrəli smart-kart tipli su sayğacına baxışın ilkin nəticəsi olaraq S.C-in laborator avadanlıq üzrə yoxlaması nəticəsində kipliyə davamlığı normada olması, S.C-in hesablama mexanizmində müdaxilənin aşkar olunması, Batareya (E=3.6v)-2,8v) (K=6.0v)-5.1v) S.C təmirə və istismara yararsız olması aşkar olunmuşdur. İddiaçı cavabdehə ərizə ünvanlayaraq 02.05.2018-ci il tarixdə cavabdehin əməkdaşlarının ona məxsus obyektə baxış keçirməsi nəticəsində qanunsuz olaraq ona yazılmış 4104 manat cərimənin silinməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 11.05.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış smart-tipli su sayğacının istismara və təmirə yararsız olması aşkar olunmuşdur. ******* saylı 27 Smart-Kart tipli su sayğacının dəyişdirilməsi haqqında ******* saylı aktda isə 50105957 saylı smart tipli su sayğacının mexaniki hissəsinin xarab olduğu qeyd olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyi, nəticədə sayğacın mexaniki hissəsinin xarab olduğu və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Cavabdeh ASC X2 İdarəsi “Suölçən cihazların kalibrləmə Laboratoriyası” tərəfindən tərtib olunmuş 11.05.2018-ci il tarixli 05957/00344839 nömrəli rəyə münasibətdə məhkəmə hesab edir ki, həmin rəy iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 4104 manat məbləğində borc silinməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2608/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2608/2021
23.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver