Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2612/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı “akt əsasında hesablanmış pulun silinməsi ” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya münasibətdə tərtib edilmiş MXD-10882 nömrəli inventar aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 13,734 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 27275 qeydiyyat nömrəsi ilə xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış AR Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə şöbəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə 0204-S14-2972 saylı şəhadətnamə ilə dövlət qeydiyyatından keçməklə “xxxx” MMC təsis edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 25 manat həcmində müəyyən edilməklə hər biri 1 manat olmaqla 25 paydan ibarətdir. MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X2 xx.xx.2004-cü il tarixdə ( VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ASC-nin X4 əməkdaşları xx xxxx 2019-cu il tarixdə fəaliyyət göstərilən müəssisədə əsassız olaraq yoxlama apararaq sudan qanunsuz istifadə etdiklərini iddia edərək müəssisəsinin normal iş fəaliyyətini pozmuş, su xəttini kəsərək işin gedişinə maneə törətmişlər Daha sonra məlum olmuşdur ki, MXD 10882 nömrəli inventar akt tərtib edilərək onlara 13,734 manat cərimə hesablanmışdır. Halbuki, sudan istifadə nəticəsində hər ay 400-500 manat smart karta öncədən ödəməklə sudan istifadə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010cu il 13 aprel tarixli 246 nömrəli və xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyatda alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə ki, Cavabdeh ASC bu sahədə inhisarçı mövqe tutmaqla reyestrdə qeydiyyat aparmadan yoxlama aparması bu qanunun tələblərinə ziddir. xx xxxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh ASC tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş MXD 10882 nömrəli inventar akt əsasında hesablanmış 13,734 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, tərəflər arasında xx.xx.2007-ci il tarixində 19391070 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. İddiaçıya göstərilən xidmət haqqının dəyərinin hesablanması xx.xx.2017-ci il tarixdən həmin ünvana quraşdırılmış SMART CSS markalı sayğac vasitəsilə aparılır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” MMC-yə məxsus obyektin su təchizatına iddiaçı tərəfindən d=50 mm-lik boru ilə sayğacdan kənar qeyri-qanuni su xəttinin qoşulması aşkar edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş akta əsasən cəmi 13,734 manat məbləğində olması müəyyən edilmişdir. Qanunsuz qoşulmanın olduğunu sübut edən video görüntülər də qeydə alınmışdır və sübuta yetirilmişdir. Bundan əlavə onu qeyd edir ki, iddiaçı iddia ərizəsində sudan qanunsuz istifadə olmaması faktını iddia etsə də, heç bir sübutla əsaslandıra bilməmişdir. Hal-hazırda Azərbaycan Respublikasında ərazisində su çatışmazlığı ilə bağlı problemlər yaranmışdır. Yaranmış vəziyyətin başlıca səbəblərindən biri də su itkiləridir. Su itkiləri aradan qaldırılması ilə bağlı çıxışında Azərbaycan Respublikası Prezidenti də müvafiq göstərişlər vermişdir. Həmin göstərişlər əsasında Cəmiyyət tərəfindən aparılan yoxlamalar nəticəsində qanunsuz qoşulma faktları aşkar edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən aşkar edilən qanunsuz su xətti “xxxx” MMC-nin ərazisində yerləşmir. Bu səbəbdən hesablanmış borc məbləği əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatda bildirdi ki, xx xxxx 2019-cu il tarixində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “xxxx” MMC-də yoxlama aparılmışdır və aparılan yoxlama zamanı həmin müəssisədə qeyri-qanuni su xətti aşkar olunmuşdur.Həmin su xətti Cavabdeh” ASC-nin əməkdaşları tərəfindən ləğv edilmişdir.Bu səbəbdən “X5”-nın müddəalarına əsasən Cavabdeh ASC tərəfindən 13 734 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan: -Cavabdeh ASC Müştəri Xidmətləri Departamenti tərəfindən tərtib edilən xx xxxx 2019-cu il tarixli, MXD 10882 nömrəli inventar aktdan məlum olur ki, dəri istehsalı fəaliyyət növü ilə məşğul olan ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin su təchizatına və su sayğacına baxış keçirilən zaman sayğacdan kənar d=50 mm su xətti ilə qeyri-qanuni sudan istifadə halı aşkar edilmiş və qeyri-qanuni su xətti kəsilərək ləğv edilmişdir. Sonda akt X3 nümayəndələri Seyidov Manaf və Şamıyev Tahir tərəfindən imzalanmış, obyektin nümayəndəsi olan Teymur adlı şəxs isə aktı imzalamaqdan imtina etmişdir. - xx.xx.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən “xxxx” MMC tərəfindən 13734 m3 miqdarında (7,63 m3 x 5 saat x 30 gün x 12 ay) 13,734.00 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. - Abonent haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin Cavabdeh ASC-yə çirkab suya görə 516.93 manat, içməli suya görə isə 12,595.74 manat olmaqla cəmi 13,112.67 manat borc hesablanmışdır. Göründüyü kimi, hazırkı mübahisə “xxxx” MMC-də sayğacdan keçməyən su xəttində istifadəyə görə yaranmış borcla əlaqədardır. İddiaçı, Cavabdehin iddiaçıya hesabladığı 13,734 manat borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (386.1-ci maddə). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. "Su təchizatı və tullantı suları haqqında" qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Məhkəmə iddiaçının Azersu ASC-yə maddi zərərin vurulmamasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh ASCnin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin su təchizatına və su sayğacına baxış keçirilən zaman iddiaçı tərəfindən d=50 mm-lik boru ilə sayğacdan kənar qeyri-qanuni su xətti aşkar edilmişdir. Cavabdeh ASC-nin nümayəndələri tərəfindən video çəkiliş aparmaqla xx.xx.2019-cu il tarixli 10882 saylı akt tərtib olunmuşdur. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdeh İddiaçının hərəkətləri nəticəsində ona ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş Aktda İddiaçının törətmiş mülki hüquq pozuntusunun halları, sənədlərə istinadən bu halları təsdiq edən (video) digər məlumatlar göstərilməlidir. Zəruri məlumatlar yoxlama aktında və ona edilən videoda əks olunmuşdur. Sudan istifadə nəticəsində Cavabdeh ASC-yə real zərər vurulmuşdur. Belə ki, iddiaçının yerləşdiyi ərazidə sayğacdan kənar qoşulmuş diametri 50 mm-lik olan su borusunun mövcudluğu işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfi “xxxx” MMC-nin nümayəndəsi həmin borunun cəmiyyətin ərazisində yerləşmədiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilən faktın müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixə yerli baxış təyin edilərək borunun yerləşdiyi əraziyə baxış keçirilmişdir. Lakin yerli baxış zamanı xx xxxx 2019-cu il tarixdə cəmiyyətə məxsus su sayğacına baxış keçirən mütəxəssilərinin üzrlü səbəbdən iştiraklarının təmin edilməsi mümkün olmamış, yerli baxışda iştirak edən “xxxx” MMC-nin müvafiq işçisi isə akt tərtib edilən vaxt orada olmadığından dəqiq məlumat verə bilməmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin ərazisi əhəng daşı ilə 1,5-2.5 hündürlüyündə hörülmüşdür. MMC-nin ərazisində yerləşən istehsalat sexində dəri materialından geyim məmulatları hazırlanır. Əsas su xətti İddiaçının ərazisinə dəmir yolu tərəfindən daxil olur və sayğaca birləşir. Sayğaca birləşdikdən sonra MMC-nin istehsal sexi və digər struktur bölmələri su ilə təmin edilir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən “xxxx” MMC tərəfindən sudan bir il ərzində qeyri-qanuni şəkildə istifadə etməklə 13,734 manat dəyərində su itkisinə yol verilməsi Cavabdeh ASC tərəfindən əsaslandırılmamışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. “X5”nın 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. Göründüyü kimi cavabdehin, iddiaçının su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulmanı müəyyən etdiyi halında itirilmiş suyun həcmini “X5”nın 4 nömrəli əlavəsinə uyğun olaraq 1 il üçün hesablamaq hüququ olmuşdur. Lakin "Cavabdeh" ASC tərəfindən Akta əlavə edilmiş hesabatda İddiaçının 12 ay ərzində sayğacdan kənar su xəttindən istifadə etməklə 13,734 manat dəyərində su itkisinə yol verilməsi ehtimalından çıxış edilmişdir. Halbuki iş materiallarında “xxxx” MMC-nin məhz 12 ay ərzində həmin qanunsuz xətdən istifadə etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Digər tərəfdən, "Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən “xxxx” MMC-yə verdiyi suyun dəyərini tam hesablamaq və hər ay sonuncuya məlumat (hesab) təqdim etmək öhdəliyi "Su təchizatı və tullantı suları haqqında" qanunun 30-cu maddəsindən irəli gəlir. Lakin "Cavabdeh" ASC bu öhdəliyini lazımınca icra etməmişdir. Bundan başqa, iddiaçının X5nın pozulmasında ifadə olunan hərəkətləri, yəni sayğacdan kənar su xəttindən istifadəsi gözlə görünən qüsurdur və onun əvvəlki aylarda aşkarlanması (əgər mövcud olmuşdusa) mümkün ola bilərdi. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehin itirilmiş suyun həcmini 1 ay üçün "Cavabdeh" ASC tərəfindən hesablanması əsaslıdır. Yuxarıda qeyd edilənləri və iddiaçı “xxxx” MMC tərəfindən qanunsuz qoşulmuş diametri d=50 mm-lik su xəttindən saatda keçən suyun həcminin 7,63 m3, gün ərzində 5 saat olmaqla, 30 gün müddətində hesablanmış aylıq su sərfiyyatının həcminin 1144.5 m3 təşkil edilməsi nəzərə almaqla müəyyən olunur ki, "Cavabdeh" ASC-yə iddiaçı tərəfindən sudan qanunsuz istifadəyə görə 1,144.5 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh tərəfindən 12,589 manat borc məbləği isə artıq olaraq hesablanmışdır. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçıya hesablanmış 12,589.5 (13,734-1,144,5) manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş MXD-10882 nömrəli inventar akt əsasında “xxxx” MMC-yə hesablanmış 12,589.5 ( on iki min beş yüz səksən doqquz manat əlli qəpik) borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2612/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2612/2020
24.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver