Məhkəmə qərarları › İş №e-2-2(113)-2615/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2615/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2615/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit, zaminlik müqaviləsi, ekspert rəyi, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2024-cü il tarixə Banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 31.769,42 manat, dəbbə pulu üzrə 628 manat, ümumilikdə iddia tələbi 394.358, 41 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2.400 manat hüquqi xidmətə görə haqqın və 06 fevral 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə 400.000 (dörd yüz min) manat pul vəsaiti 36 ay müddətinə illik 15% ödənilməsi şərti ilə verilmişdir. Həmin kredit vəsaitləri Bank tərəfindən cavabdehlər Cavabdeh5 MMC", “Çəşni" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 zaminlikləri əsasında verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə hər hansı daşınmaz əmlakın ipotekası olmamışdır. Lakin, borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 MMC və zaminlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin 06 fevral 2024-cü il tarixə Banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 31.769,42 manat, dəbbə pulu üzrə 628 manat, ümumilikdə iddia tələbi 394.358, 41 manat məbləğində borcu yaranmışdır. Bankla cavabdehlər Cavabdeh5 MMC", “Çəşni" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin 1.4-cü bəndinin tələbinə görə zamin qəbul edir və bəyan edir ki, bu müqavilənin imzalandığı tarixə özünün mülkiyyətində olan bütün əmlakı (daşınar və daşınmaz əmlak, banklarda əmanətlər, qiymətli kağızılar və s., lakin bununla məhdudlaşmamaqla), habelə həmin tarixdən sonra əldə etmiş və əldə edəcək bütün əmlakı, bundan əlavə ümumi birgə mülkiyyətdə və paylı mülkiyyətdə olan əmlakı və hüquqi şəxslərin nizamnamə kapitalında olan payları (səhmləri) ilə Bank qarşısında cavabdehdir və bütün əmlakı ilə Borcalanın Bank qarşısındakı öhdəlikləri həcmində məsuliyyət daşıyır. Cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də, öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

3. 19 iyul 2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 11 iyul 2024-cü il tarixə Banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 51.912,42 manat, dəbbə pulu üzrə 5.841, 65 manat, ümumilikdə iddia tələbi 419.715, 06 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2.400 manat hüquqi xidmətə görə haqqın və 11 iyul 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, 09 fevral 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kredit müqaviləsi üzrə 23191.26 manat dəbbə pulu hesablanmış, cavabdeh tərəfindən isə 15575 manat ödəniş həyata keçirilmişdir, həmin ödənişlər bütünlükdə dəbbə pulundan silinmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müqavilənin ləğv edilməsi barədə qarşı tərəfə bildiriş göndərildiyi andan müqaviləyə xitam verilir. İddiaçı faiz borcunu və dəbbə pulu yalnız ləvğetmə barədə bildiriş göndərildiyi ana qədər tələb edə bilərdi. Odur ki, faizlər və dəbbə pulu xx.xx.2024-cü il tarixədək hesablanmalıdır. İddia tələbi 11 iyul 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun tutulması hissəsində əsassızdır. Həmçinin 2400 manat hüquqi yardım xərci həddindən artıq yüksəkdir, vəkil xərcinin 300 manat müəyyən edilməsi ağlabatandır.

6. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**- MF-*** saylı kredit müqaviləsinin: 1.2-ci bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması – 400.000 AZN (300.000 AZN-lik hissəsi təsisçiyə borc kimi veriləcək) məqsədilə verilir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: - kreditin məbləği - 400.000 (dörd yüz min) manat; - Kreditin müddəti – 36 (otuz altı) ay; - Güzəşt müddəti – 0 (sıfır) ay; - Kreditin illik faiz dərəcəsi – 15 (on beş) %; - Rəsmiləşdirmə komisyon haqqı – 1 (bir) %; - Nağdlaşdırma komisyon haqqı - Bankın tariflərinə uyğun olaraq; - Dəbbə pulu (cərimə) – illik 30 (otuz) %; - Gecikmə olduğu halda zaminlərin hesabından aksepsiz silinmə edilməsi. 2.9-cu bəndinə əsasən borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir. 7.1-ci maddəsinə əsasən, müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır.

9. İddiaçı ASC ilə zamin X3 arasında bağlanan xx.xx.2022-ci il tarixli 1**-MF-***/3 nömrəli, Cavabdeh4 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələrinin: 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda, həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. 1.3-cü bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. 5.2-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə borcalan bank qarşısında öz öhdəliyini tamamilə icra edənədək bu müqavilə qüvvədədir.

10. İddiaçı ASC-nin nümayəndəsi, eyni zamanda LCG vəkil bürosunun direktoru Nümayəndə tərəfindən imzalanan və Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 göndərilən xx.xx.2024-cü il tarixli 246/24 nömrəli bildiriş –xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün banka olan kredit borcunun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq tutulması üçün aidiyyəti dövlət orqanlarına və məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. İddiaçı ASC tərəfindən iddia tələbi dəqiqləşdirildikdən sonra verilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 361.960,99 manat, faiz üzrə borcu 51.912,42 manat, cərimə borcu 5.841,65 manat olmaqla, cəmi borcu 419.715,06 manat təşkil edir.

12. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilən arayışdan görünür ki, Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə 23191.26 manat dəbbə pulu hesablanmış, 9945 manat ödəniş olunmuşdur.

13. "xxxx" Bank ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 MMC tərəfindən ümumilikdə 15575 manat ödəniş həyata keçirilmişdir.

14. Bakı 18 Saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası 20 may 2023-cü il tarixdə keçirilmiş İddiaçı ASC tərəfindən ilkin mediasiya xərci olaraq 400 manat ödəniş edilmişdir.

15. X6-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə LCG vəkil bürosunun hesabına AFB Bank tərəfindən 2400 manat ödəniş həyata keçirilmişdir.

16. **********98 nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 285 manat dövlət rüsumu ödənilmişdir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza xərclərinə dair məhkəməyə təqdim edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir.

18. Beləliklə, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsi və zaminlik müqavilələrindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 15 faiz olmaqla 36 ay müddətinə 400000.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla digər cavabdehlər X3 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/3 nömrəli, Cavabdeh4 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli 246/24 nömrəli bildiriş əsasında cavabdehlərə kredit müqaviləsinin ləğv edilməsi barədə bildiriş göndərmişdir, kredit müqaviləsinə xitam verilikdən (xx.xx.2024cü il tarixdən) sonra Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə 15575 manat ödəniş olunmuş, həmin ödənişlər iddiaçı tərəfindən bütünlükdə dəbbə pulundan silinmişdir.

21. Məhkəmə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 iyun 2022ci il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla əsas və faiz borcu məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği 362.197,49 manat, faiz borcu 31.780,49 manat məbləğində müəyyən edilmişdir.

22. Məhkəmə əsas borca münasibətdə İddiaçının 361.960,99 manat əsas borc tələb etdiyini, mübahisəli kredit müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini, Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərində 15575 manat ödəniş həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan silinməli, nəticədə cavabdehlərdən müştərək qaydada 346385.99 manat əsas borc tutulmalıdır. (3619xx.xx-15575=346385.99).

23. Faiz borcu ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmadığından, məhkəmə ekspert rəyini sübut kimi qəbul etmişdir. Həmin rəyə əsasən, 11 iyul 2024-cü il tarixə faiz borcunun məbləği 31780.49 manat müəyyən edilmişdir, lakin müqavilə xx.xx.2024-cü il tarixdə ləğv edildiyindən məhkəmə xx.xx.2024-cü il tarixədək olan faiz borcunun məbləğinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, ekspert rəyinə əlavə olunmuş faiz borcunun hesablanma qaydasına dair cədvəldən görünür ki, xx.xx.2024cü il tarixə faiz borcu 16975.33 manat, 33 gün sonraya – yəni, xx.xx.2024-cü il tarixə isə 18640.55 manat hesablanmışdır. Belə olan halda 1 gün üçün hesablanmış faiz borcunun məbləği 50.46 (186xx.xx-16975.33):33=50.46) manat təşkil etmişdir. Beləliklə xx.xx.2024-cü il tarixdən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixə 14 gün keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun məbləği 17681.77 manat (16975.33+(50.46x14)) müəyyən edilməlidir.

24. İddiaçı tələbində həmçinin əsas və faiz borcu məbləğlərindən əlavə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 5.841,65 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb edir.

25. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

26. Belə ki, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, müqavilə ləğv edildikdən sonra iddiaçı tərəfindən 23191.26 manat dəbbə pulu hesablanmış və cavabdehin 15575 manat ödənişi bütünlükdə dəbbə pulundan silinmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, öhdəliyin icrasını təmin etmə üsullarından biri olaraq dəbbə pulu müqavilənin qüvvədə olduğu müddət ərzində gecikdirilmiş hər gün üçün ödənilən pul məbləğidir. Odur ki, iddiaçı müqaviləyə xitam verildikdən sonra cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqqlı olmamışdır. İş materiallarından görünür ki, 06 fevral 2024-cü il tarixə iddiaçı tərəfindən 628 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənləri və dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq məhkəmə cavabdehlərdən 628 manat dəbbə pulunun tutulmasını məqsədəuyğun hesab edir. 27.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur.

28. Məhkəmə iddia tələbini 11 iyul 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab etmir.

29. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 439,445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MMin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”.

30. Göründüyü kimi, MM-in 445-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.

31. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 346385.99 manat əsas borc, 17681.77 manat faiz borcu, 628 manat dəbbə pulu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

32. İddiaçı eyni zamanda ödənilmiş 490 manat rüsum və 2.400 manat hüquqi xidmət haqqının da cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

33. İş materiallarına əlavə edilmiş **********98 nömrəli qəbz əsasında iddiaçı tərəfindən 285 mana dövlət rüsumu ödənildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, 285 manat dövlət rüsumu tutulmalıdır. Hüquqi xidmətə görə haqqın tutulmasına münasibətdə məhkəmə işin konkret hallarını qiymətləndirilməklə cavabdehlərdən 800 manat hüquqi yardım xərcinin tutulmasını ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əla- qədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. V Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 09 fevral 2024-cü il tarixə 346385.99 manat əsas borc, 17681.77 manat faiz borcu, 628 manat dəbbə pulu olmaqla, cəmi 364695.76 (üç yüz altmış dörd min altı yüz doxsan beş manat yetmiş altı qəpik) manat borc, 285 manat dövlət rüsumu, 800 manat hüquqi xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar