Məhkəmə qərarları › İş №e-2-2(113)-2616/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2616/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2616/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 6.140,13 manat əsas borcun, 844,27 manat faiz borcunun, cəmi 6984,40 (altı min doqquz yüzsəksən dörd manat qırx qəpik) manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı“QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı arasında bağlanmış 14 mart 2019-cu il tarixli 208QM/19 saylı kredit müqaviləsinə əsasən dənəvər qarğıdalı istehsalı üçün 9 ay müddətinə illik 10 faizlə 13650,0 (on üç min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə birgə zamin olmuş şəxs Cavabdeh2 arasında 14 mart 2019-cu il tarixli 208CT/19 saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxs borcalanın 14 mart 2019-cu il tarixli 208QM/19 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Cavabdeh1 ilə bağlanmış müqaviləyənin 2.2.2-ci bəndinə görə Borcalan aşağıdakılar üçün məsuliyyət daşıyır: 2.2.2.a. Borclan istehsal etdiyi dənəvər qarğıdalını 15 noyabr 2019-cu il tarixindən gec olmamaqla yalnız tədarükçüyə təhvil vermək, 2.2.2.d. Dənəvər qarğıdalını digər fiziki və hüquqi şəxslərə satmamaq, 2.2.2.i. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yarana biləcək bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, dənəvər qarğıdalı istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal Borcverənə məlumat vermək. Cavabdeh1 “xxxx” MMC-yə təhvil verdiyi qarğıdalının dəyəri onun Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməsinə kifayət etməmiş, bu səbəbdən öhdəlik icra edilməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 13650,0 manat əsas borcu və ona hesablanmış faiz borcunu ödəyə bilməmiş, 7509,87 manat əsas borcdan, 683,42 manat isə faiz borcundan ödəmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 6140,13 manat, faiz borcu 844,27 manat,cəmi borcu 6984,40 (altı min doqquz yüz səksən dörd manat qırx qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zaminlərinə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdeh1a bildirdiyinə görə hazırkı maliyyə vəziyyəti borcu tam ödəməyə kifayət etmir. Bu hal isə kredit müqaviləsinin icrasını təhlükə altında qoyur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə (11.06.2021-ci il tarixində daxil olmuşdur) verərək, iddia ərizəsinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 6.140,13 manat əsas borcun, 844,27 manat faiz borcunun, cəmi 6984,40 (altı min doqquz yüzsəksən dörd manat qırx qəpik) manat məbləğin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutularaq “İddiaçı“ QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə iddia ərizəsinə sadələşdirilmiş iddia icraatı qaydasında baxaraq müvafiq qətnamə qəbul edəsiniz” hissəsində düzəliş edilərək, “6.140,13 manat əsas borcun, 844,27 manat faiz borcunun, cəmi 6984,40 (altı min doqquz yüzsəksən dörd manat qırx qəpik) manat məbləğin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutularaq “İddiaçı“ QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə işə iddia icraatı qaydasında baxaraq müvafiq qətnamə qəbul edəsiniz” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, qeyd etdi ki, tərəflərə pretenziya məktubu göndərilmiş, lakin daha sonra 2020-ci ilin oktyabr-noyabr aylarında pandemiya səbəbindən Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, işçilərin 30%-i işə çıxa bilmiş, bu səbəbdən də, məhkəməyə müraciət etmələri yubanmışdır. İddiaçının nümayəndəsi əlavə etmişdir ki, Cavabdeh1 onlara müraciət edərək, mövcud borcu 1 ay ərzində ödəyəcəyini bildirmiş, lakin daha sonra ödəməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə zaminliyin hansı müddətlərdə olmasının dəqiq tarixi qeyd olunmamışdır. Həmin müqavilələrdə müqavilənin qüvvədə olduğu dövr kimi öhdəliklərin tam yerinə yetirildiyi vaxt yazılmışdır. Bununla bağlı olaraq zaminə qarşı tələb irəli sürülməsi üçün müddət bitmişdir. Əlavə olaraq nümayəndə qeyd etmişdir ki, heç bir bank və ya bank olmayan kredit təşkilatlarında məhkəmə mübahisələri ilə məşğul olan əməkdaşların sayı azaldılmır və qanunvericiliyin tələbləri əsasında kommersiya mübahisələri üzrə məhkəmələrə elektron qaydada müraciət olunmalıdır. Bununla bağlı olaraq iddiaçının onlara qarşı qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi irəli sürməməsi əsassızdır. Sonda cavabdehin nümayəndəsi, iddia tələbində borcun Cavabdeh2 MMC-dən tutulması hissəsində iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 qeyd etmişdir ki, iddiaçı tərəfindən onlara dənəvər qarğıdalı istehsalı üçün kredit ayrılmış, krediti təyinatı üzrə istifadə etmişlər. Əkin işlərinin aparılması zamanı düzgün suvarma işləri aparılmadığından toplamalı olduqlarından daha az məhsul toplamışlar. Pandemiya ilə əlaqədar olaraq, maliyyə vəziyyəti çətinləşmiş, iddiaçıya olan borcunu ödəməkdə gecikmişdir. Qeyd olunan borcu hazırda ödəmək iqtidarında deyildir. Cavabdeh sonda iddia ərizəsinə etiraz edərək, kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini təxirə salınmasını və kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı QSC BOKT ilə cavabdehlər “borcalan” Cavabdeh1 və “alıcı” Cavabdeh2 MMC arasında 14 mart 2019-cu il tarixli, 208QM/19 saylı kredit müqaviləsi imzalanmışdır. - Həmin müqavilənin 1.1.a bəndinə əsasən borcverən borcalana qarğıdalı istehsalı üçün 31 dekabr 2019-cu il tarixinədək, təşkilatın öz vəsaiti hesabına illik 10 faizlə 13.650 (on üç min altı yüz əlli) manat kredit verir, 1.1.b bəndinə əsasən borcalan aldığı krediti təyinatı üzrə yalnız dənəvər qarğıdalını yalnız alıcıya satır. 1.1.c bəndinə əsasən alıcı qəbul olunmuş dənəvər qarğıdalının dəyərini öyrənməklə borcalanın borcverəndən dənəvər qarğıdalı istehsalı üçün almış olduğu kredit üzrə borcu (əsas və faiz borcu) bağlayır, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi hesaba köçürür və ya nağd olaraq ödəyir. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünə məxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada təsdiq edilmiş və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində 15 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı dənəvər qarğıdalı əkib-becərmək və əldə edilmiş dənəvər qarğıdalını alıcıya təhvil verməyi, alıcı məhsulu qəbul etməyi və məhsulun dəyərini bu müqavilənin 3-cü maddəsinin 3-cü bəndi ilə müəyyən edilmiş qiymətlə, borcalana ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 2.2.2.a bəndinə əsasən borcalan toxumlarını alıcıdan almaqla, istehsal etdiyi “at dişi” formalı “Pioner” növlü dənəvər qarğıdalını nəmliyi 13%-dən, zibilliyi 3%-dən, qırıntısı 2%-dən çox olmamaqla, 15 noyabr 2019-cu il tarixindən gec olmayaraq yalnız alıcıya satmaq və bu məqsədlə qarğıdalını bu müqavilənin 3.3-cü bəndinə əsasən müəyyənləşdirilmiş həcmdən az olmamaqla təhvil vermək; 2.2.2.e bəndinə əsasən borcverəndən aldığı krediti faizlərlər birlikdə 30 noyabr 2019cu ildən gec olmamaqla, tam həcmdə və vaxtında ödəmək borcalanın öhdəliyidir. - Həmin müqavilənin 3.3-cü bədinə əsasən alıcı qəbul etdiyi dənəvər qarğıdalı barədə gündəlik olaraq borcverənə məlumat verir və 10 bank günü ərzində dənəvər qarğıdalının 1 tonunun dəyəri, sahədən zavoda daşınma xərci daxil olmaqla 300 (üç yüz) manata (qurutma xərci xaric olmaqla) borcalanın borcverəndə olan hesabına köçürür. İş materiallarında olan 14 mart 2019-cu il tariхli, 208CT/19 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit təşkilatı ilə Cavabdeh1 arasında arasında bağlanmış 14 mart 2019-cu il tariхli, 208QM/19 nömrəli kredit müqaviləsi əsasında borcalana veriləcək 13.650 (on üç min altı yüz əlli manat) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icra müddəti: borcalanın kredit Təşkilatı qarşısında 14 mart 2019-cu il tarixli 208QM/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın 14 mart 2019-cu il tarixli 208QM/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin müqavilənin 3.6.1-ci maddəsinə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 3 (üç) iş günü ərzində tam həcmdə icra edir. İş materiallarında olan Cavabdeh1 adına olan hesabdan çıxarışdan məlum olur ki, ümumilikdə 13.650 manat məbləğində kredit tranşı təyinatı üzrə iddiaçı tərəfindən verilmiş, 01.11.2019-cu il tarixində 7692.40 (yeddi min altı yüz doxsan iki manat, qırx qəpik) manat və 15.11.2019-cu il tarixində 500 manat məbləğində kredit müqaviləsi üzrə ödəniş həyata keçirilmişdir. Məhkəməyə təqdim olunmuş Cavabdeh1 “Aqrarkedit” Səhmdar Təşkilatına qarğıdalı əkib-becərmək məqsədilə verilmiş kredit üzrə 16.10.2020-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə maliyyə arayışının təsdiqlənmiş surətindən məlum olur ki, qeyd olunan kredit müqaviləsi üzrə 13.650 manat məbləğində kredit ayrılmış, 7509,87 manat əsas borcdan və 683,42 manat faiz borcundan ödənilmiş, əsas borc üzrə 6140,13 manat və 562,85 maant faiz borcu üzrə olmaqla cəmi 6702,98 manat ödənilməmiş məbləğ qalmışdır. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə 7509.87 manat əsas, 683,42 manat faiz borcu ödənilmiş və hal-hazırda 6.140,13 manat əsas borc, 168,85 faiz borcu olmaqla, cəmi 6309,98 manat kredit borcu ödənilməmiş qalması bildirilmiş, cavabdehlərdən borcun 10 təqvim günü ərzində banka ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında 14 mart 2019-cu il tarixli, 208QM/19 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh1 31 dekabr 2019-cu il tarixədək illik 10 faizlə yaşıl dənəvər qarğıdalı istehsalı üçün 15000,0 manat kredit vermişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı Cavabdeh2, arasında 18 mart 2019-cu il tarixli 208CT/19 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 14 mart 2019-cu il tarixli, 208QM/19 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc üzrə 6.140,13 manat, faiz borcu üzrə 168,85 manat borcu yaranmışdır. Belə olan halda məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının iddiası əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddianın Cavabdeh2nə qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 ilə bağlanılmış 14 mart 2019-cu il tarixli 208CT/19 saylı müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 208QM/19 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, Borcverən Borcalana tütün istehsalı üçün 31 dekabr 2019-cu il tarixədək, Təşkilatın öz vəsaiti hesabına illik 10 faizlə 15000 manat kredit verir. Beləliklə, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı qarşısında 31 dekabr 2019-cu il tarixdən ödənilməmiş borcları yaranmışdır. Məhkəmə hesab edir ki, həmin vaxtdan müqavilə üzrə pozuntu yarandığından zaminlik müqaviləsi üzrə də məsuliyyət yaranmışdır və həmin vaxtdan da zamin Cavabdeh2 borclu ilə birgə məsuliyyət daşımalıdır. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdığı 31 dekabr 2019-cu il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin Cavabdeh2nə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia Cavabdeh2nə aid hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 14 mart 2019-cu il tariхli, 208QM/19 nömrəli kredit müqaviləsi üzrə 6.140,13 (altı min yüz qırx manat, on üç qəpik) manat məbləğində əsas bоrc və 844,27 (səkkiz yüz qırx dörd manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 6984,40 (altı min doqquz yüz səksən dörd manat, qırx qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, iddia Cavabdeh2nə aid hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 6.140,13 manat əsas bоrc və 844,27 manat faiz bоrcu оlmaqla, cəmi 6984,40 (altı min doqquz yüz səksən dörd manat, qırx qəpik) manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia Cavabdeh2nə aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar