Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2622/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun cavabdehlərdən tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zamin və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və zamin olmuş şəxs Cavabdeh2 müştərək qaydada 13950,0 manat əsas borc, müqavilə müddəti ərzində hesablanmış faiz borcu 1185,75 manat, cərimə borcu 1839,60 manat, müddət bitdikdən sonra hesablanmış illik 5% borcu 1085,0 manat olmaqla, cəmi 18060,35 manat məbləğin və ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fermer Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında tütün istehsalı üçün illik 8,5%-lə 13950 manat məbləğində kredit verilməsinə dair 19 may 2021-ci il tarixli TM-397/21 saylı kredit müqaviləsi bağlanmış və ona 19 may 2022-ci ilədək 13950 manat kredit verilmişdir. Kredit müqaviləsi ilə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə zamin olmuş şəxs Cavabdeh2 arasında 19 may 2021-ci il tarixli ZT1-397/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxs borcalanın 19 may 2021-ci il tarixli TM- 397/21 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Cavabdeh1 ilə bağlanmış müqavilənin 2.2.2-ci bəndinə görə Borcalan aşağıdakılar üçün öhdəlik daşıyır: 2.2.2.c Mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 9 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini və becərilməsini həyata keçirmək və qüvvədə olan standartların tələblərinə uyğun olaraq becərilən yaşıl tütünü hər hektardan “Virciniya” sortundan olan NC291 botaniki növü üzrə 12 ton və CC143 botaniki növü üzrə isə 14 tondan az olmamaq şərtilə tam həcmdə istehsal edib 15 dekabr 2021-ci il tarixindən gec olmayaraq yalnız Alıcıya təhvil vermək; 2.2.2.e. Əkin sahələrindən yaşıl tütün məhsulunu Alıcı tərəfindən müəyyən edilmiş qrafik üzrə dərimini aparmaq və vaxtında Alıcıya təhvil verilməsini təmin etmək; 2.2.2.g. Bu müqavilə üzrə kredit şəklində verilmiş vəsait üzrə istehsal etdiyi yaşıl tütün yarpağını digər fiziki və hüquqi şəxslərə satmamaq, təhvil verməmək, satışına cəhd etməmək; 2.2.2.k. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.p. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal Borcverənə və Alıcıya məlumat vermək. Cavabdeh1 Kredit Təşkilatı ilə bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı kredit borcundan heç bir ödəniş etməmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 13950,0 manat, müqavilə müddəti ərzində hesablanmış faiz borcu 1185,75 manat, cərimə borcu 1839,60 manat, müddət bitdikdən sonra hesablanmış illik 5% borcu 1085,0 manat olmaqla, cəmi borcu 18060,35 (on səkkiz min altmış manat 35 qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Belə ki, Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-02821 saylı X4 Etdirilə Bilməməsi barədə Arayışa əsasən Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi bildirdi ki, Cavabdeh2 həmin iş üzrə zamin qismində iştirak etmişdir. Hazırda həmin iş üzrə nəzərdə tutulan 1il iddia müddəti keçdiyinə görə Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Onu da bildirir ki, götürülmüş kredit tütün məmulatların qurudulması ilə bağlı olmuşdur. Lakin kredit götürülən zaman güclü quraqlıq olması səbəbindən tütün məmulatları məhv olmuşdur. Bununla bağlı məhkəməyə əlavə sübut təqdim edib. Bu səbəbdən hesab edir ki, hər iki cavabdehə münasibətdə faiz və cərimə borcu ilə bağlı tələb ümumiyyətlə irəli sürülməməli idi.
5. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli TM-397/21 saylı kredit müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən borcalana tütün əkini üçün illik 8,5%-lə, 12 ay müddətinə, faiz borcunun ödənişi hər ay, əsas borcun ödənişi 7-ci aydan başlayaraq, xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 13950 manat məbləğində kredit verir;
10. Müqavilənin 1.1-ci.B bəndinə əsasən kredit vəsaiti alıcının borcverənə təqdim etdiyi müvafiq sənədlər əsasında rəsmiləşdirilir.
11. Müqavilənin 1.1-ci C bəndinə əsasən kredit məbləği tütünün istehsalı prosesində tələb olunan dövrü xərclər üzrə aidiyyəti şəxslər tərəfindən aparılmış müvafiq monitorinqlərin nəticələri və alıcının təqdim etdiyi məktublar əsasənda tranşlarla verilir;
12. Müqavilənin 1.1-ci F bəndinə əsasən verilmiş kreditin borcalan tərəfindən öz təyinatı üzə xərclənmədiyi borcverən, alıcı və tədarükçü tərəfindən müəyyən edilərsə, bu zaman, kredit xətti üzrə vəsaitin ayrılması dayandırılır, borcalan bu müqavilənin 4.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cərimə ödəyir;
13. Müqavilənin 2.1-ci bəndinə əsasən borcverənin hüquq və öhdəlikləri: 1) Bu müqavilənin 1.1-ci maddəsinin “a” bəndində qeyd edilmiş kreditin əsas məbləğinin 20%-i miqdarında birdəfəlik cərimənin ödəməsini tələb etmək; 2) Kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq borcu vaxtından əvvəl tələb etmək və təminata iddia yönəltmək;
14. Müqavilənin 1.2-ci bəndinə əsasən borcverən aşağıdakı öhdəlikləri daşıyır: a) Bu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Borcalana 13950 manat məbləğində kredit vermək;
15. Müqavilənin 2.2-ci bəndinə əsasən borcalanın hüquq və öhdəlikləri:
16. Müqavilənin 2.2.2-ci bəndinin a yarımbəndinə əsasən aldığı krediti təyinatı üzrə, yalnız bu müqavilənin şərtlərinə uyğun olaraq yaşıl tütün istehslı üçün istifadə etmək;
17. Müqavilənin 4.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olumuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir.
18. Müqavilənin 4.9-cu bəndinə əsasən borcalan üzərinə düşən öhdəliklərin icra edilməməsinə görə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır.
19. xx.xx.2021-ci il tarixli ZT1-397/21 saylı zaminlik müqaviləsinə əsasən TM- 397/21 kredit müqaviləsi zaminliklə təmin olunmuş və zamin qismində Cavabdeh2 qeyd olunmuşdur.
20. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2021-ci il tarixli, TM-397/21 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 13950 manat kredit ilə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
21. Cavabdeh1 məxsus xx.xx.2021-ci il tarixli hesabdan çıxarışın surətinə əsasən 13950 manat məbləğində pul vəsaiti onun hesabına köçürülmüşdür.
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2622/2024 saylı qəraradı ilə İddiaçı QSC BOKT-un Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TM-397/21 saylı kredit müqaviləsi üzrə 1) müqavilənin müddətinin bitdiyi tarix əsas, faiz və cərimə borcu məbləği və 2) müqavilə müddətinin bitdiyi tarixdən sonra maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixə illik 5% hesabı ilə faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 39/3617 saylı rəyinə əsasən Cavabdeh1 müqavilə üzrə borcu xx.xx.2022-ci il tarixə əsas borcu 13650 manat, faiz borcu 1185,75 manat, xx.xx.2023-cü il tarixinə illik 5% ilə faiz borcu 1067,56 manat müəyyən edilmişdir.
24. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında tütün istehsalı üçün illik 8,5%lə 13950 manat məbləğində kredit verilməsinə dair 19 may 2021-ci il tarixli TM-397/21 saylı kredit müqaviləsi bağlanmış və ona 19 may 2022-ci ilədək 13950 manat kredit verilmişdir. Kredit müqaviləsi ilə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə zamin olmuş şəxs Cavabdeh2 arasında 19 may 2021-ci il tarixli ZT1-397/21 saylı zaminlik müqaviləsi bağlanmışdır.
26. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
27. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
32. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
33. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
34. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
35. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil edir, lakin illik 5% ilə olan borc məbləği iddia tələbində ekspert rəyində göstərilən məbləğdən yuxarı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə 19 may 2021-ci il tarixli TM-397/21 saylı kredit müqaviləsi üzrə əsas və faiz borc məbləği iddia ərizəsində göstərilən məbləğdə, illik 5 faiz ilə hesablanan faiz borcu isə ekspert rəyində müəyyən edilən məbləğdə, yəni 1067,56 manat olmaqla Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.
36. Məhkəmə iddia tələbinin zamin kimi Cavabdeh2 yönəldilməsi hissəsində iddianı qanunsuz və əsasız hesab edir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
38. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. - 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir:
42. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
43. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”.
44. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.»
45. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZT1-397/21 saylı zaminlik müqaviləsinin 6-cı maddəsinə əsasən Bu müqavilənin qüvvədə olma müddəti borcalanın 19 may 2021-ci il tarixli TM-397/21 saylı kredit müqqaviləsindən irəli gələn öhdəliklərinin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür.
46. Belə ki, xx.xx.2021-ci il tarixli TM-397/21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2022-ci il tarixədək (kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir) iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir.
47. Göründüyü kimi, iddaçı iddia ərizəsini xx.xx.2024-cü il tarixində qaldırmaqla zaminə qarşı qanunda nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Bununla belə, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
48. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 210 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
50. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
51. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Beləliklə, məhkəmə hesab edirki, iddia qismən təmin edildiyi üçün (təmin edilən hissəyə mütənasib olaraq) mediasiya xərcinin əvəzi olaraq 139 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 100 manat cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh1 19 may 2021-ci il tarixli TM-397/21 saylı kredit müqaviləsi üzrə 13950 manat əsas borc məbləği, 1185,75 manat faiz borcu və illik 5% ilə hesablanan 1067,56 manat faiz borcu və mediasiya xərcinin əvəzi olaraq 139 manat tutularaq İddiaçı QSC BOKT-na ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova