Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-263/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X4, X2, X3, X8, X9, X5 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarantiya müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 41695,13 ABŞ dolları əsas borc, 826.58 ABŞ dolları faiz borcu, 34.57 ABŞ dolları cərimə, habelə ödənilmiş 400 manat mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı qarantiyanın verilməsinə dair xx.xx.2022 il tarixli razılaşmaya əsasən prinsipal Cavabdeh1 MMC-yə onun kreditoru olan "xxxx" LTD Şirkəti qarşısında 60000 ABŞ dolları məbləğində öhdəliklərinin təminatı üçün qarantiya verməyi öhdəsinə götürüb. Razılaşmanın 1.3 bəndinə görə qarantiya çərçivəsində benefisiarın tələbi qarant (bank) tərəfindən ödənilərsə, bu, qarant tərəfindən prinsipala tələbin ödənildiyi məbləğdə kreditin verilməsi hesab olunur və həmin kredit üzrə münasibətlər Razılaşmanın 4-cü maddəsi ilə tənzimlənir. Razılaşmanın 4.2 bəndinə görə prinsipal ona verilmiş kredit məbləğini 24 ay müddətinə illik 10% dərəcəsindən artıq olmamaq şərtilə qaranta qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faizlər qarantiya məbləğinin benefisiara ödənildiyi gündən hesablanacaq və razılaşmanın tərkib hissəsi sayılan, qarant tərəfindən tərtib edilmiş ödəniş cədvəli üzrə prinsipal tərəfindən ödəniləcək. Qarantiya çərçivəsində benefisiarın 49233 ABŞ dolları məbləğn tələbi qarant (bank) tərəfindən ödənildiyi üçün həmin məbləğ Razılaşmanın 1.3 və 4.1 bəndlərinə uyğun olaraq principal Cavabdeh1 MMC-nin bank qarşısında kredit öhdəliyi kimi rəsmiləşdirilib və tərəflər arasında xx.xx.2023-cü ildə ödəniş cədvəli tərtib olunub. Cavabdeh1 MMC krediti və ondan istifadəyə görə faizləri ödəniş cədvəlinə uyğun olaraqhər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməyib. Onun xx.xx.2023 il tarixə Banka olan borcun məbləği: əsas borc üzrə 41695,13 ABŞ dolları, faizlər üzrə 826.58 ABŞ dolları və cərimə üzrə 34.57 ABŞ dolları olmaqla, cəmi 42556,28 ABŞ dolları təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün Cavabdeh1 MMC-yə və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (Qarant) və Cavabdeh1 MMC (Prinsipal) arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Qarantiyanın verilməsinə dair” Razılaşmaya əsasən Qarant Prinsipalın xahişi ilə Prinsipalın kreditoru olan, bundan sonra Benefisiar adlanan, MFİ Logistics LTD aralarında olan müqavilələrin şərtlərinə uyğun olaraq Benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Razılaşmanın 1.2 və 1.3-cü bəndilərinə əsasən Prinsipalın Benefisiar qarşısında xx.xx.2023-ci il tarixədək 60000 (altmış min dollar) ABŞ dolları məbləğində öhdəliklərin lazımınca icra etməsini təmin edilməsi şərtləşdirilmişdir, qarantiya çərçivəsində Benefisiarın tələbi "Qarant" tərəfindən ödənilərsə, bu "Qarant" tərəfindən "Prinsipal”a tələbin ödənildiyi məbləğdə kreditin verilməsi hesab olunur və həmin kredit üzrə münasibətlər bu Razılaşmanın 4-cü maddəsi ilə tənzimlənir. Razılaşmanın 4.1 və 4.2ci bəndilərinə əsasən qarantiya çərçivəsində Benefisiarın tələbi “Qarant” tərəfindən ödənilərsə, bu, “Qarant" tərəfindən “Prinsipal” tələbin ödənildiyi məbləğdə və valyutada kreditin verilinəsi hesab olunur. Bu Razılaşma üzrə “Prinsipial”a verilən kreditlərin ümumi məbləği bu Razılaşmanın 1.1-ci bəndində qeyd edilmiş məbləğdən artıq olmayacaqdır, 4.1-ci bəndinə uyğun olaraq, "Prinsipial” ona verilmiş kredit məbləğini 24 (iyirmi dörd) ay müddətə, illik 10 faiz dərəcəsindən artıq olmamaq şərti ilə “Qarant”a qaytarmağı öhdəsinə götütür. Qeyd edilən halda Faktiki illik faiz dərəcəsi (FİFD) 10 (on) % olacaqdır. Razılaşmanın 4.3-cü bəndinə əsasən Razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 10 (on) % üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. “Prinsipal” bu Razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Qarant’a gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı “Qarant” dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-cu il tarixli 2FİZAM173774402 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə Borclunun Qarant (Kreditor) qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün və müqavilənin 1.2-ci bəndində göstərilən qarantiyanın şərtlərinə uyğun olaraq bu müqavilənin 1.4-cü bəndinə əsasən verilmiş kreditin təminatı qismində Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında qarantiya müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə. Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 MMC-nin 41695,13 ABŞ dolları məbləğində əsas bоrcu, 826,58 ABŞ dolları məbləğində faiz borcu, əsas borc üzrə hesablanmış cərimə borcu 11,56 ABŞ dolları, faiz üzrə hesablanmış cərimə məbləği 23,01 ABŞ dolları, cəmi 42556,28 ABŞ dolları borcu vardır. Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 49233 ABŞ dolları olan aylıq faiz dərəcəsi 10% olan kredit üzrə Cavabdeh1 MMC 23 fevral 2023-cü il tarixdən 23 yanvar 2025-ci il tarixinə qədər hər ayın 13-ü (və ya 25-i) 2272,28 ABŞ dolları, sonuncu ay 2272,27 ABŞ dolları ödəməlidir. Cavabdehlərin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/9160 saylı rəyi ekspert rəyi ilə cavabdehlərin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli “Qarantiyanın verilməsinə dair” Razılaşmaya əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə banka ödənilməli olan əsas borcu 41695,13 ABŞ dolları, faiz üzrə borcu 885,06 ABŞ dolları olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Qarant) və Cavabdeh1 MMC (Prinsipal) arasında imzalanmış xx.xx.2022-ci il tarixli Qarantiyanın verilməsinə dair Razılaşmaya əsasən Bank Cavabdeh1 MMC-nin (Prinsipal) "xxxx" LTD Şirkəti (Benefisiar) qarşısında xx.xx.2023-ci il tarixədək 60000 (altmış min dollar) USD məbləğində öhdəliklərin lazımınca icra etməsinin təmin edilməsinə dair öhdəlik götürmüş, Cavabdeh1 MMC Qarantın Benefisiarın tələblərini ödədiyi təqdirdə həmin Razılaşma ilə nəzərdə tutulmuş qaydada Qarantın reqress tələblərini, ona vurulmuş bütün ziyanlar daxil olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-cu il tarixli 2FİZAM173774402 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı “Qarantiyanın verilməsinə dair” Razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin qarantiya (daha sonra kredit) və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı qarantiya (kredit) və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli “Qarantiyanın verilməsinə dair” Razılaşma üzrə ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş əsas borc eyni olmaqla, faiz borcu məbləği iddia ərizəsində tələb edilən məbləğdən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, qarantiya (kredit) müqaviləsi üzrə faiz borcu məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcları “Qarantiyanın verilməsinə dair” Razılaşma üzrə iddia tələbinə uyğun, ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə hesablanmaqla 41695,13 ABŞ dolları əsas borc və 826,58 ABŞ dolları faiz borcu məbləğində tutulmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən 34,57 ABŞ dolları cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında cərimə barədə razılaşmanın olmasını, tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 34,57 ABŞ dolları məbləğində cərimə məbləği tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə “Qarantiyanın verilməsinə dair” Razılaşmaya əsasən 41695,13 ABŞ dolları əsas borc, 826,58 ABŞ dolları faiz borcu, 34,57 ABŞ dolları cərimə olmaqla pul vəsaiti borcu tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında müqavilə ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehlərdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 03 avqust 2022ci il tarixli, “Qarantiyanın verilməsinə dair” Razılaşmaya əsasən 41695,13 ABŞ dolları əsas borc, 826,58 ABŞ dolları faiz borcu, 34,57 ABŞ dolları cərimə olmaqla, cəmi 42556,28 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-263/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-263/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver