Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2639/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 9494.29 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 61 ünvanında yerləşən 1273.7 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə ödənilməli olan 9494.29 (doqquz min dörd yüz doxsan dörd manat iyirmi doqquz qəpik) manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13- cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-10059/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərindəndir. 4.03.2020-xx.xx.2021-ci il tarixlərində idman zalları 17 ay Koronavirus (COVİD-19) pandemiyasına görə işləməyib.İddiaçının nümayəndəsi hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı cavabdehdən Koronavirus (COVİD-19) pandemiyasına görə işləmədiyi dövrün icarə haqqını tələb etmir.2019-cu ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər 43 ay edir. Yəni icarə müddəti 43 ay olmuşdur. xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində idman zalları 15 ay pandemiyaya görə işləməyib.Ümumilikdə bu müddət ərzində ClimBaku 25 ay və 2019-cu ilin iyun ayının bəzi günlərini işləyib (buna görə iyun ayı üçün 1166,67 manat icarə haqqı ödəyib).2019-cu ilin iyun ayının bəzi günləri üçün ödənilmiş 1166,67 manat və digər 25 ay üçün 135000 manat olmaqla ödənilməli idi 136166,67 manat.Halbuki cavabdeh tərəfindən 156833,67 manat yəni 20717,0 manat artıq ödəniş olub. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edib təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2108/11171 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 61 ünvanında yerləşən ümümi sahəsi 1273.7 m2 təşkil edən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti “Geoloq” idman klubunun balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 60 000 manat, aylıq icarə haqqı 5 000 manat müəyyən edilir. “İcarəçinin” “icarəyə verənə” xx.xx.2021-ci il tarixinə 14833 manat borcu var. - 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. 24.05.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinin icarə haqqı üzrə borcunun 7 iş günü müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir.
11. Cavabdeh MMC-nin sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixinə (aylıq icarə haqqı 5000 manat olmaqla) cəmi ödənilməli olan icarə haqqı borcu 9494,29 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. - 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 14.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15-cü maddəsinə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. - 19-cu maddəsinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək icarəverənin hüquqlarına daxildir. 15.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. 16.Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
17.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 61 ünvanında yerləşən ümümi sahəsi 1273.7 m2 təşkil edən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti “Geoloq” idman klubunun balansında olan qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir.Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı borcununun – 9494.29 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasını tələb edir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin mövcud olması, icarə münasibətlərinin xx.xx.2023-cü ilədək davam işin mübahisəedilməyən hallarıdır və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla təsdiqlənmişdir.
22. Belə ki, xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqaviləsinin şərtlərinə əsasən müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə müəyyən edilmiş, həmin müqavilə bir il müddətinə bağlanılmış,həmin müddət üçün aylıq icarə haqqı 5000, illik icarə haqqı məbləği 60 000 manat manat təşkil etmiş, müqavilənin 2.1-ci bəndinin qeyd hissəsində əvvəlki dövr üçün borc 14833 manat borc müəyyən edilmişdir. Beləliklə iş materiallarından və işin mübahisəsiz hallarından görünür ki, xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqaviləsi üzrə cəmi 74833 manat ( müqavilə üzrə illik icarə haqqı 60000 manat + 14833 manat əvvəlki dövr üçün borc)təşkil edir.
23. İddiaçının özü tərəfindən təqdim olunmuş şəxsi hesab vərəqəsinə, “icarə ödənişi” qrafasına nəzər yetirdikdə aydın görünr k, xx.xx.2022-xx.xx.2023-cü il üçün dövr üzrə cavabdeh tərəfindən 75500 manat məbləğində ödəniş olub.
24. Qeyd olunan halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqaviləsində ümumi müqavilə üzrə 1 illik ödəniş haqqı 60000 manat, əvvəlki dövr üçün borc məbləği 14833, cəmi borc 74833 manat müəyyən edildiyindən, iddiaçının hazırki tələbi qeyd edilən müqavilə üzrə icarə haqqı tələbi olduğundan və həmin müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində 75500 manat icarə haqqının ödənilməsi işin mübahisəli halı olduğundan, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 2108/11171 nömrəli icarə müqaviləsi üzrə cavabdehin iddiaçıya icarə haqqı borcu qalmamışdır və iddia ərizəsi təmin edilməməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova