Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2643/2023 26.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun və itirilmiş qazancın qaytarılması, dividentin ödənilməsi t tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borc müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun və itirilmiş qazancın qaytarılması, dividentin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”G.A.Com” MMC tərəfindən borcun və itirilmiş qazancın geri qaytarılması, "xxxx" MMC-də audit yoxlamasının həyata keçirilməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, təsisçisi olduğu ”G.A.Com” MMC-yə nağd və köçürmə yolu ilə cəmi 20778,30 manat pulu 12 may 2022-ci il tarixli borc müqaviləsi əsasında borc vermiş və borcun qaytarılma müddətləri tamamən keçmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat, xx.xx.2022-ci il tarixdə 7850 manat, xx.xx.2022-ci il tarixdə 1450 manat, xx.xx.2022-ci il tarixdə 1600 manat, xx.xx.2022-ci il tarixdə 6878,30 manat borc olaraq təsisçi kimi pulu şirkətə təhvil vermişdir. Bu puldan xx.xx.2022-ci il tarixdə CXS 322951 saylı kassa mədaxil orderinin qəbzi ilə 1450 manat, xx.xx.2022-ci il tarixdə CXS 322952 saylı kassa mədaxil orderinin qəbzi ilə 3000 manat, xx.xx.2022-ci il tarixdə CXS 322953 saylı kassa mədaxil orderinin qəbzi ilə 7850 manat kassaya qalan hissə isə bank hesabına qoyulmuşdur. Borcun qaytarılma vaxtları: 3000 manatı xx.xx.2022-ci il tarixdə, 7850 manatı xx.xx.2022-ci il tarixdə, 1450 manatı xx.xx.2022-ci il tarixdə, 1600 manatı xx.xx.2022-ci il tarixdə, 6878,30 manatı xx.xx.2022-ci il tarixdə geri qaytarmağı şirkət öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsinə əsasən həmin borcu geri qaytarmağı cəmiyyət öhdəsinə götürmüşdür. Lakin aşkar edilmişdir ki, şirkət əldə etdiyi borcun bir hissəsini, yəni nağd hissəsini şirkətin bank hesabına belə köçürməmişdir. Bundan başqa, AR Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən təsisçi olaraq bir sıra hüquqları var və bu hüquqlara cəmiyyətin fəaliyyəti, gəlirləri, xərcləri, xalis mənfəəti barədə məlumat və sənədlər əldə etməkdir. Cəmiyyətin bank hesablarından əldə edilən çıxarışlardan da görünür ki, təsisçisi olduğu şirkətin müflisləşmə əlamətləri vardır. Belə ki, həmçinin uzun illər əməkdaşlıq etdiyi şirkətlərdən də əməkdaşlıqdan imtina məktubları gəlmişdir ki, bu da düzgün olmayan siyasətin nəticəsidir. Eləcə də, şirkətdə mənimsəmə ehtimalları üzrə şübhələr çoxdur. Belə ki, müqavilə bağladığı auditor tərəfindən verilən məlumatlara əsasən audit yoxlamasının keçirilməsinə şirkət tərəfindən şərait yaradılmamışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdeh "xxxx" MMC-nin 12 may 2022-ci il tarixli borc müqaviləsi üzrə ödəməli olduğu 20778,30 manat pulun və illik 5% dərəcəsi ilə həmin məbləğin faizi olaraq 1040 manat pulun iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən "xxxx" MMC-də audit yoxlamasının keçirilməsinin təmin edilməsi və cavabdehin “X1 Limited” və “X2 LTD” şirkəti ilə münasibətlərə xitam verilməsi nəticəsində itirilmiş qazancın müəyyən edilərək iddiaçıya ödənilməsi, təsisçi olaraq iddiaçıya ödənilməli olan 2022-ci il üzrə divident məbləğinin müəyyən edilərək, cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə vermiş, cavabdeh "xxxx" MMC-nin 12 may 2022-ci il tarixli borc müqaviləsi üzrə ödəməli olduğu 20778,30 manat pulun və iddiaçıya aid pul vəsaitinin geri qaytarılmaması nəticəsində illik 5 faiz dərəcəsi ilə həmin məbləğin faizi qismində 1040 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınması, cavabdehin “X1 Limited” və “X2 LTD” ilə 2022-2023-cü illər ərzində münasibətlərə xitam verməsi və işgüzar əlaqələri pozması nəticəsində itirilmiş qazancın, eləcə də 2022-2023-cü illər üzrə dividend məbləğinin müəyyən edilərək iddiaçıya ödənilməli olan pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə alınıb verilməsi, məhkəmə xərcləri qismində ödənilmiş 100 (yüz) manat rüsum məbləği, etibarnaməyə ödənilmiş 18 (on səkkiz) manat, vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 739-cu maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, 20778,30 manat borc vəsaitinin 19500 manatı qaytarılmışdır. Borc verilmə aralıqlarına da nəzər yetirdikdə məlum olur ki, fasiləli vaxtlarla borc verilmişdir. Əgər borc qaytarılmırdısa, 6 dəfə necə ola bilər ki, durmadan borc verilmişdir. Belə ki, hər dəfə borc geri qaytarılmışdır. Borcu qaytarsa da, iddiaçı sənəd imzalamaqdan boyun qaçırmış və etibardan sui-istifadə etmişdir. Fasiləli şəkildə təsisçiyə hesabatlar göndərilmiş, lakin təsisçi durmadan müəssisənin fəaliyyətinə ciddi müdaxilələr etmiş və cəmiyyətin fəaliyyətinə zərər vurmuşdur. Belə ki, iddiaçı kobud şəkildə müdaxilə edərək, cəmiyyətin ofis əşyaları və digər əşyaları “166 daşıma” xidmətinə yüklədib aparmış, bu barədə heç nə deməmişdir. Həyat yoldaşı boş ofisi görərək, 10 gün şok keçirmişdir. İşləri dayandırmaq məcburiyyətində qalmışdır. "xxxx" MMC-yə məxsus **********-15001 saylı ofis obyektinə buraxılmamış, halbuki vergisini ödəmişdir. İş gördüyü 2 kompüter oğurlanmışdır ki, bu barədə polisin arayışı da var, bu barədə təsisçiyə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. İddiaçı yuxarıda sadalanan hərəkətləri ucbatından gələn müştərilər qarşısında cəmiyyət biabır olmuş və vizyon itirmişdir. Bir cəmiyyətə bundan daha çox necə zərər vurmaq olar. İddiaçı müəssisənin fəaliyyətinə yuxarıda sadalanan zərərləri vurduqdan sonra hansı üzlə hələ də ona hər hansı hesabat verilmədiyini bildirir və müştərilərdən gələn narazılıqlara görə ittiham edir, anlamış deyil. Müştəri gəlib görürsə ki, dünən gəldiyi obyektdə o, bomboş oturmuşdur, nə etməlidir? İşləri apara bilmədiyi üçün çox əziyyətlər çəkmiş və əməkhaqqı da ala bilməmişdir. Cəmiyyət İddiaçı yuxarıda sadalanan hərəkətlərindən sonra 50000 manat miqdarında zərərə uğradığını hesab edir. Bir çox müqavilələri yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Auditor tərəfindən “whatsapp” vasitəsilə müraciət olundu və ödənişi cəmiyyətə edəcəyini bildirdi. Təsisçi ilə aralarındaki müqaviləsini və ödəniş qəbzini tələb etmiş, lakin heç biri təmin edilməmişdir. Cəmiyyətin rəhbəri olaraq bildiyi qədərilə 2 cür audit yoxlaması olur məcburi və könüllü. Məcburini dövlət vergi xidməti təyin edir, lakin könüllünü müəssisə rəhbəri təyin edir. Müəssisədə İddiaçı nəsə saxlasa idi, əvəzi də ona ödənilərdi. Həmçinin təsisçinin öz müəssisəsinə borc vermək onun öhdəliyidir. 500000 manat borc veriləcəyi müqavilə üzrə söz verilmiş, lakin aldatmış və bir çox müştərilər qarşısında onu biabır etmişdir. Sadəcə 20778,30 manat vermişdir. Borcun məbləği az olduğu üçün cəmiyyət üçün planlaşdırılan bir çox işləri aparmaq mümkün olmamışdır. Elə maaşın 6 ayı bu qədər edir ki, maaşı da ala bilməmişdir. “X1 Limited” və “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialları ilə iş 3 il əvvəl dayandırılmışdı. Bu barədə elektron qaimələrin siyahısı yüklənmişdir və oradan da görünür ki, onlar bərpa edilmişdir. Həmçinin müəssisə rəhbəri olaraq hansı müəssisə ilə işin davam yaxud dayandırılması məsələsi rəhbərə məxsus siyasətdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2643/2023 nömrəli qərardadı ilə iddia tələbi “X1 Limited” və “X2 LTD” ilə 2022-2023-cü illər ərzində münasibətlərə xitam verməsi və işgüzar əlaqələri pozması nəticəsində itirilmiş qazancın cavabdehdən tutulması hissəsində baxılmamış saxlanılmış, eyni zamanda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2643/2023 nömrəli qərardadı ilə iddia tələbinə 2022-2023-cü illər üzrə dividend məbləğinin müəyyən edilərək iddiaçıya ödənilməli olan pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə alınıb verilməsi hissəsində xitam verilmişdir.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
10. İş materiallarından görünür ki, “təsisçi” qismində İddiaçı (“borcverən) “borc alan” qismində "xxxx" MMC olmaqla 12 may 2022-ci il tarixli borc müqaviləsi bağlanmışdır. 1.1ci bəndə əsasən “borc verən” 500000 (beş yüz min) manat pul vəsaitinə mülkiyyət hüququnu “borc alan”a verməyi, “borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “borc verən”ə geri qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndə əsasən borc məbləğinin verilməsi “borc verən” tərəfindən “borc alan”ın bank hesabına köçürmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin “borc alan”ın bank hesabına köçürüldüyü an hesab olunur.
11. 12 may 2022-ci il tarixli borc müqaviləsinə 13 may 2022-ci il tarixli 1 №-li əlavə razılaşmadan məlum olur ki, 1600 manat borc İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindək qaytarılma şərti ilə "xxxx" MMC-yə verilmişdir.
12. 12 may 2022-ci il tarixli borc müqaviləsinə 14 iyul 2022-ci il tarixli 2 №-li əlavə razılaşmadan məlum olur ki, 6878,30 manat borc İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindək qaytarılma şərti ilə "xxxx" MMC-yə verilmişdir.
13. 12 may 2022-ci il tarixli borc müqaviləsinə 01 sentyabr 2022-ci il tarixli 3 №-li əlavə razılaşmadan məlum olur ki, 3000 manat borc İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindək qaytarılm a şərti ilə "xxxx" MMC-yə verilmişdir.
14. 12 may 2022-ci il tarixli borc müqaviləsinə 01 sentyabr 2022-ci il tarixli 4 №-li əlavə razılaşmadan məlum olur ki, 1450 manat borc İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindək qaytarılma şərti ilə "xxxx" MMC-yə verilmişdir.
15. 12 may 2022-ci il tarixli borc müqaviləsinə 08 sentyabr 2022-ci il tarixli 5 №-li əlavə razılaşmadan məlum olur ki, 7850 manat borc İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindək qaytarılma şərti ilə "xxxx" MMC-yə verilmişdir.
16. "xxxx" MMC-yə məxsus 08 sentyabr 2022-ci il tarixli CXS seriyalı 322951 nömrəli kassa mədaxil orderindən məlum olur ki, 1450 manat X4 tərəfindən 12 may 2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşma 4 əsasında mədaxil olmuşdur.
17. "xxxx" MMC-yə məxsus 01 sentyabr 2022-ci il tarixli CXS seriyalı 322952 nömrəli kassa mədaxil orderindən məlum olur ki, 3000 manat X4 tərəfindən 12 may 2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşma 3 əsasında mədaxil olmuşdur.
18. "xxxx" MMC-yə məxsus 08 sentyabr 2022-ci il tarixli CXS seriyalı 322953 nömrəli kassa mədaxil orderindən məlum olur ki, 7850 manat X4 tərəfindən 12 may 2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşma 5 əsasında mədaxil olmuşdur.
19. "xxxx" MMC-nin Bank "BTB”-dəki hesabından çıxarışdan görünür ki, 12 may 2022-ci il tarixli borc müqaviləsi üzrə "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 1632 manat, xx.xx.2022-ci il tarixdə 6878,30 manat daxil olmuşdur.
20. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan məlum olur ki, İddiaçı "xxxx" MMC-nin təsisçisidir.
21. Azərbaycan Respubliaksı Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 15 fevral 2008-ci il tarixində ********** nömrə ilə təsdiq edilmiş nizamnamədən məlum olur ki, Cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 5 (beş) manat olmaqla 2 paydan ibarətdir. 2.2-ci bəndə əsasən İddiaçı 100%- 10 (on) manat, 2 pay, pul şəklində paya sahibdir.
22. Tədqiq olunan sübutlar əsasında müəyyən edildi ki, İddiaçı "xxxx" MMC-nin təsisçisidir. Onlar arasında 12 may 2022-ci il tarixdə borc müqaviləsi bağlanmış, eyni zamanda həmin müqaviləyə əlavə razılaşmalara əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 20778,3 manat məbləğində borc verilmişdir. Həm hal işdə olan sübutlarla öz təsdiqini tapır. Beləliklə, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcu qaytarmamışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
26. İddia tələbinin bir hissəsini 12 may 2022-ci il tarixli müqavilə üzrə 20778,30 manat pulun pulun "xxxx" MMC-dən tutulması təşkil edir.
27. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış borc müqaviləsinə əlavələr üzrə cavabdehə ümumilikdə 20778,30 manat məbləğində (1 №-li əlavə üzrə 1600 manat, 2 №-li əlavə üzrə 6878,30 manat, 3 №-li əlavə üzrə 3000 manat, 4 №-li əlavə üzrə 1450 manat, 5 №-li əlavə üzrə 7850 manat olmaqla, ümumilikdə 20778,30 manat) borcun verilməsi işdə olan sübutlarla öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, 12 may 2022-ci il tarixli borc müqaviləsi üzrə qaytarılmayan 20778,30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh 20778,30 manat borc vəsaitinin 19500 manatının qaytarıldığını bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin etirazını əsassız sayır.
28. İddiaçı eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1040 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə icranın gecikdirilməsi ilə bağlı faizlərin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh 1600 manat borc məbləğini xx.xx.2022-ci il tarixinədək, 6878,30 manat borc məbləğini xx.xx.2022-ci il tarixinədək, 3000 manat borc məbləğini xx.xx.2022-ci il tarixinədək, 1450 manat borc məbləğini xx.xx.2022-ci il tarixinədək, 7850 manat borc məbləğini xx.xx.2022-ci il tarixinədək qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq, həmin borc məbləğlərini qaytarmamışdır. Məhkəməyə xx.xx.2023-cü ildə müraciət olunmuşdur. Belə olan halda məhkəmə, hər bir borc məbləğinin gecikdirildiyi müddəti ayrıca nəzərə alaraq (müvafiq olaraq, 9 ay 14 gün, 6 ay 14 gün, 5 ay 14 gün, 5 ay 14 gün, 6 ay 19 gün) hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və ≈565,10 manat (gecikmə müddəti nəzərə alınaraq, yuxarıda qeyd olunan məbləğləri illik 5%-lə hesablamaqla) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Eləcə də, iddiaçı məhkəmə xərcləri qismində ödənilmiş 100 (yüz) manat rüsum məbləğinin, etibarnaməyə ödənilmiş 18 (on səkkiz) manat, vəkilə ödənilmiş 100 manat pulu cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, 100 (yüz) manat mediasiya xərci, 17,25 manat (on yeddi manat iyirmi beş qəpik) etibarnamə üçün ödənilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 100 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etsə də, həmin məbləğin ödənilməsi ilə bağlı sübutunu məhkəməyə təqdim etməmişdir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia “borcun tutulması” hissəsində qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 may 2022-ci il tarixli borc müqaviləsi üzrə 20778,3 manat (iyirmi min yeddi yüz yetmiş səkkiz manat otuz qəpik) əsas borc, icranın gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 565,1 manat (beş yüz altımış beş manat on qəpik), 100 (yüz) manat mediasiya xərci, 17,25 manat (on yeddi manat iyirmi beş qəpik) etibarnamə üçün ödənilmiş xərc olmaqla, ümumilikdə 21460,65 manat (iyirmi bir min dörd yüz altmış manat altımış beş qəpik) İddiaçı xeyrinə tutulsun. “Borcun tutulması”na dair iddia qalan hissədə təmin edilməsi. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova