Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2645/2023 18.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, prosessual maraq, əqdin forması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 152 093 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Adıçəkilən borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 152 093 manat maliyyə yardımı məqsədi ilə borc pul verilmişdir. Borcun verilməsi ilə bağlı həmin tarixdə arayış da təsdiq olunmuşdur. Qeyd edilən müqaviləyə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə iddiaçı borcunu tələb edərsə, cavabdeh ən gec 3 ay ərzində borcu qaytarmalıdır. İddiaçı öz ehtiyaclarını qarşılamaqda çətinliklərlə üzləşdiyi üçün həmin borcun geri tələb edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli tələbnamə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir cəhd borcu ödəməmişdir. Hazırda cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün və borcun ödənilməsi ilə bağlı iddiaçının səyləri nəticəsiz qaldığı üçün iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442-ci maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2645/2023 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddiaçının əvvəlki direktoru ilə cavabdehin rəhbəri arasında uzun müddət münasibət olmuş, cavabdehin təcili pula ehtiyacı olduğu üçün sonuncuya 152 093 manat borc verilmişdir. Lakin borc bu günədək qaytarılmamışdır.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, cavabdehə 152 093 manat pulun verilməsini təsdiq edən sənəd kimi xx.xx.2019-cu il tarixli arayış çıxış edir. Tərəflər arasında borc münasibəti isə notarial qaydada rəsmiləşdirilməmiş, yalnız sadə yazılı qaydada müqavilə bağlanmışdır. Borc məbləğinin tələb edilməsi ilə bağlı cavabdehə ilk tələb xx.xx.2022-ci il tarixdə poçt rabitəsi vasitəsilə yollanmış, lakin poçt göndərişi çatdırılmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi (AVİS) vasitəsilə cavabdehdən elektron qaydada borc məbləğinin 3 ay ərzində ödənilməsi tələb olunmuşdur.
7. Cavabdehin hüquqi ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, AVİS-də yaradılan elektron kabinetinə məhkəmə bildirişləri yerləşdirilmiş, qanuni təmsilçisinin yaşayış yerinə məhkəmə bildirişləri, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmişdir. Lakin məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin iştirakını təmin edilməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (Borcverən qismində) ilə Cavabdeh MMC (Borcalan qismində) arasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənərək sadə yazılı formada bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinin 1-ci hissəsinə əsasən, Borcverən 152 093 manat məbləğində pul vəsaitini Borcalana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir. Borcalan isə borcu bu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürür (1.1). Borcverən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi Borcalana verir (1.2). Borc məbləğinin verilməsi anı pul vəsaitinin Borcalanın kassasına mədaxil edildiyi və ya həmin məbləğin Borcalanın bank hesabına köçürüldüyü an hesab edilir (1.3). Bu müqavilənin şərtlərinə görə götürülən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur (1.4).
12. Adıçəkilən müqavilənin “tərəflərin öhdəlikləri” adlanan 2-ci hissəsinə əsasən, Borcverən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə imzalanan tarixdə Borcalana verir və ya bank hesabına köçürür (2.1). Borc alan bu Müqavilənin 1.1ci bəndində qeyd olunan pul məbləğini tərəflərin razılaşdığı müddətdə geri qaytarır (2.2). Müqavilənin qüvvədə olduğu müddətdə Borcverən borcunu tələb edərsə, Borcalan ən gec 3 ay ərzində borcu Borcverənə qaytarmalıdır (2.3).
13. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənən xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən Borcverən 152 093 manat məbləğində pulu maliyyə yardımı kimi xx.xx.2019-cu il tarixdə Borcalana verib, Borcalan isə həmin borcu qəbul edib.
14. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təqdim edilən çıxarışdan görünür ki, İddiaçı QSC xx.xx.2016-cı il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir.
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 20 nömrəli tələbnamədən görünür ki, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc verilmiş 152 093 manat məbləğində pulun qaytarılması xahiş edilmişdir.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, tələbnamə və digər sənədlər AVİS vasitəsilə cavabdehə göndərilmişdir.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (hazırda İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi kimi) ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli borc müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən iddiaçı 152 093 manat məbləğində pul vəsaitini cavabdehə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verməyi, cavabdeh isə borcu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında 152 093 manat məbləğində pul cavabdehin mülkiyyətinə verilmişdir (xx.xx.2019-cu il tarixli arayışla təqdim edilməsi təsdiqlənir). İddiaçı 2022-ci ilin noyabr ayında tələbnamələr yollamaqla qeyd edilən borc məbləğinin qaytarılmasını tələb etmiş, lakin borc məbləği qaytarılmamışdır.
18. İddiaçı xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 152 093 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
19. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
27. Göründüyü kimi, borc müqaviləsi konsensual müqavilə olmaqla qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə malikdir. Belə ki, iştirakçısı hüquqi şəxs olan borc müqavilələri hər bir halda yazılı formada bağlanmalıdır. Hazırkı əqd üzrə qeyd edilən tələbə əməl edilmişdir.
28. Mülki Məcəllənin 742-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır (742.1). Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır (742.2).
29. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
30. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı müqavilədə (2.3-cü bənd) borc müqaviləsinin ləğv edilməsi imkanı və qaydası nəzərdə tutulmuşdur.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
32. İddiaçı qeyd edilən normaların və borc müqaviləsinin tələblərinə uyğun olaraq 2022-ci ilin noyabr tarixində borc məbləğinin ən gec 3 ay ərizində qaytarılması barədə xx.xx.2022-ci il tarixdə cavabdehə tələbnamə göndərməklə borc müqaviləsinin ləğv edilməsinə yönələn iradə ifadəsini bildirmiş, beləliklə borc müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, lakin cavabdeh qeyd edilən borc məbləğini qaytarmamışdır.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə Mülki Məcəllənin 739.1 və 742.1-ci maddəsində nəzərdə tutulmuş hüququnu realizə edir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsində də borcverənin borcunu tələb etdiyi halda, borcalanın ən gec 3 ay ərzində borcunu qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə verilmiş borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, qanun və müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (borcalan) müqavilə üzrə yaranmış borcunu cavabdehə ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 152 093 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
39. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, dövlət rüsumu kimi ödənilmiş 43 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
40. İddia ərizəsinə əlavə edilmiş 10 aprel 2023-cü il tarixli MŞB/18/2023-00464 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddia ərizəsinin verilməsi üçün 43 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
44. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
45. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan mediasiya xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 152 093 (yüz əlli iki min doxsan üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova