Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2645/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin icra olunmaması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16195 (on altı min yüz doxsan beş) manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh MMC arasında 30 sentyabr 2019-cu il tarixində “İş və Xidmətlərin görülməsi haqqında” müqavilə bağlanılmışdır. Müqavilənin 2.2.5-ci maddəsinə əsasən icraçının üzərinə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişləri həyata keçirmək öhdəliyi qoyulmuşdur. İddiaçı öhdəliyini yerinə yetirsə də, Cavabdeh MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl olunmayaraq, bu günə kimi sifarişçinin bank hesabına 16195 manat məbləğ ödənilməmişdir. Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli 18/94-01 saylı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı bir əməli tədbir görülməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, müəyyən edilməli hallar aydınlaşdırılıb, elektron sistemə sənədlər yüklənilib, təqdim edilən 2 elektron qaimənin biri sistem tərəfindən, digəri cavabdeh tərəfindən təsdiq edilib. 2280 manat olan qaimə sistem, digər qaimə isə özləri tərəfindən təsdiq edilib. Bizim iddia tələbimiz əsaslıdır.
7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi, qanuni təmsilçisi Qanuni nümayəndə2 iddianı izahat verərək bildirdi ki, iddianı 2280 manat hissədə qəbul edir, digər hissədə isə qəbul etmir, belə ki, onlar tərəfindən göstərilən məbləğdə mal qəbul olunmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı ASC-də baş mühəndis vəzifəsində işləyir Cavabdeh ilə metal qırıntısı ilə bağlı müqavilə bağlanılmışdır. Cavabdeh tərəf öhdəlik götürmüşdü ki, metal qırıntısını götürəcək və dəyərini ödəyəcəklər. Cavabdeh tərəf metalı özü sökürdü, daşıyırdı, dəyərini ödəyirdi. Metalı götürsələr də, pulunu vermədilər. Hadisələr təxmini 5, 6 il olar ki, baş veribdir. Siyahı verilirdi və cavabdeh həmin siyahı əsasında ünvanlarda olan metallara baxır və onu qane edirdisə, bu zaman müqavilə bağlanılırdı. Cavabdehlə bir dəfə müqavilə bağlanılmışdı. Neçə dəfə mal götürülməsini dəqiq bilmir, təxmini 3, 4 dəfə mal götürülmüşdür. Mallar müxtəlif rayonlarda müxtəlif həcmlərdə olurdu. Bir dəfə maşın tutur və doğradıqları malları aparırdılar. Elə rayon var idi ki, orada 4, 5 ton, eləsi vardı ki, 6, 7 ton, elə rayonlar da vardı ki, 10, 12 ton mal olurdu. Dəfələrlə cavabdehlə əlaqə saxlanıldı, telefonu açmadılar.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı ASC-də İstilik sistemlərinin istismarı idarəsinin rəisi vəzifəsində işləyir. Cavabdehlə bağlanmış müqaviləyə əsasən təxmini 2018, 2019-cu ildə Bərdədə metal götürülübdür. Cavabdeh tərəfdən gəlirdilər, metalları doğratdırıb, aparırdılar. Onlardan bir dəfə mal götürüblər. Gəlirdilər, metallara baxırdılar, sonra da cavabdeh tərəf nümayəndəsini göndərirdi, metalları doğrayub aparırdılar. Onlar hər hansı işçi qüvvəsi vermirdilər, cavabdeh tərəfin özləri doğrayıb aparırdılar. Ödənişlərin necə olunmasını dəqiq bilmir.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı ASC ilə icraçı qismində Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 60 nömrəli iş və xidmətlərin görülməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə məxsus istismar sahələrində istismardan çıxarılmış qazan aqreqatları və polad borularının sökülməsi, çeşidlənməsi, qablaşdırılması və təkrar emal müəssisələrinə təhvil verilməsi ilə bağlı işlər görməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə öhdəliklərin icrasını icraçıdan tələb edə bilər. Müqavilənin 2.2.5-ci maddəsinə əsasən icraçı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür; 3.1-ci maddəsinə əsasən icraçı istismardan çıxarılmış qazan aqreqatları və polad boruların sökülməsi, çeşidlənməsi, qablaşdırılması və təkrar emalı müəssisələrinə təhvil verilməsi ilə bağlı xərcləri qarşılamaqla, 1 ton metal üçün sifarişçiyə 200 manat ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə hüquqi və maddi məsuliyyət daşıyırlar; 4.2-ci bəndinə əsasən işlərin görülməsi zamanı yüklərin itirilməsinə, korlanmasına və zədələnməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraçı birbaşa məsuliyyət daşıyır. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə xx.xx.2019-cu il tarixədək qüvvədədir.
12. İddiaçı tərəfindən hər iki tərəfin imzalayıb möhürlədiyi, cədvəl formasında əlavələr təqdim edilmişdir.
10. xx.xx.2019-ci il tarixli, EBAC seriyalı, 147734 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən, Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13915 manat (ƏDV daxil) təşkil edir. Xidmətin adı qrafasında “istismardan çıxarılmış metal qırıntısı” sözləri qeyd olunmuşdur.
11. xx.xx.2019-ci il tarixli, EBAE seriyalı, 470865 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən, Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2280 manat (ƏDV daxil) təşkil edir. Xidmətin adı qrafasında “istismardan çıxarılmış metal qırıntısı” sözləri qeyd olunmuşdur.
13. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli 18/94-01 məktubdan görünür ki, Cavabdeh MMC-yə müraciət edilərək 16195 manat borcun qısa zamanda ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 60 nömrəli iş və xidmətlərin görülməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə şərtlərinə əsasən icraçı sifarişçiyə məxsus istismar sahələrində istismardan çıxarılmış qazan aqreqatları və polad borularının sökülməsi, çeşidlənməsi, qablaşdırılması və təkrar emal müəssisələrinə təhvil verilməsi ilə bağlı işlər görməyi öz öhdəsinə götürmüş və cavabdeh istismardan çıxarılmış qazan aqreqatları və polad boruların sökülməsi, çeşidlənməsi, qablaşdırılması və təkrar emalı müəssisələrinə təhvil verilməsi ilə bağlı xərcləri qarşılamaqla, 1 ton metal üçün sifarişçiyə 200 manat ödəmək öhdəliyi müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.
17. İddia tələbi cavabdehdən Cavabdeh MMC-dən 16195 məbləğində borcun tutulması təşkil edir.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsini iddianı 2280 manat hissədə qəbul etdiyini, digər hissədə isə qəbul etmədiyini bildirmişdir. Beləliklə, mübahisə xx.xx.2019-ci il tarixli, EBAC seriyalı, 147734 nömrəli elektron qaimə ilə bağlı olmuşdur. Həmin qaimədən görünür ki, istismardan çıxarılmış metal qırıntısının çəkisi 69,575 ton olmuş və ona görə 13915 manat hesablanmışdır. Həmin rəqəmi müqavilədə 1 ton üçün nəzərdə tutulan məbləğə (ƏDV daxil 200 manat) vurduqda (69,575x200=13915) 13915 manat təşkil edir.
19. Məhkəmə cavabdehin nümayəndəsinin həmin məbləğlə bağlı etirazını əsassız sayır. Belə ki, müəyyən olunur ki, cavabdehə göndərilmiş həmin qaimə sistem tərəfindən deyil, cavabdehin özü tərəfindən təsdiqlənmiş və qəbul edilmişdir. Beləliklə, cavabdeh həmin məbləğdə metal qırıntısını qəbul etdiyini təsdiq etmişdir.
20. Belə olan halda məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 16195 (13915+2280=16195) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
19. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 16195 (on altı min yüz doxsan beş) manat borc, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 16225 (on altı min iki yüz iyirmi beş) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova