Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2646/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18398,14 manat əsas borc, 3311,67 manat ƏDV borcunun, 21709,81 manat məbləğində borca görə 1702,78 manat 5 % illik hesablanmış faiz məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat xidmət haqqının, 320 manat vəkilə ödənilmiş vəkil xidmət haqqının, məhkəməyə ödənilmiş 160,24 manat dövlət rüsumunun, ümumilikdə 24892,83 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh MMC arasında 01/12 nömrəli 22 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, İddiaçı MMC Cavabdeh MMC-yə yük və minik avtomobillərinin ehtiyat hissələrinin topdan və pərakəndə satışını öhdəsinə götürür, Cavabdeh MMC bunun müqabilində İddiaçı MMC-yə ödəniş edir. Müqavilənin 12.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satın alınan yük və minik avtomobillərinin ehtiyat hissələrinin topdan və pərakəndə satışını “satıcı” satmağı, “alıcı” isə malların dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr alıcı tərəfindən bu müqavilənin tələblərinə uyğun olaraq satıcının təqdim etdiyi, razılaşma protokolu əsasında 45 gün ərzində bank hesabına ödəniş etmək, mallar, işlər, xidmətlər, ödəniş həyata keçirildikdən sonra ən qısa müddət ərzində sifarişçiyə təqdim edir. Təhvil alınandan sonra aşağıdakı sənədlər sifarişçiyə təqdim olunur: - elektron qaimə-faktura – 1 nüsxə (elektron variant) və 1 nüsxə (çap variant); hesab-faktura – 1 nüsxə əsli. Alıcı mallara aid həmçinin digər zəruri sənədləri də (mənşə sertifikatı, keyfiyyət sertifikatı, istismar üzrə təlimat, texniki pasport, zəmanət talonu və s. sənədlər) tələb edə bilər. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə satıcı və ya alıcı tərəfindən ləğv olunarsa, tərəflər müqavilədə göstərilən qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 5 bank günü müddətində ödənilir. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2020-ci il tarixdən 1 il müddətinə bağlanır. Müqavilə üzrə tərəflər arasında alqısatqı əməliyyatları davam etmiş və hər il avtomatik olaraq 1 il uzadılmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilənin müddəti qurtardıqdan sonra onun ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi haqqında tərəflərdən birinin yazılı bildirişi olmadıqda o, eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab edilir. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edilir ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan ehtiyyat hissələrini cavabdehə satmış, mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, bəzi ehtiyyat hissələrinin dəyəri ödənilsə də, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən 21709,81 manat (18398,14 manat əsas borc, 3311,67 manat ƏDV borcu) pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş, cavabdehin iddiaçıya 21709,81 (18398,14 manat əsas borc, 3311,67 manat ƏDV borcu) manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə EBCA 006209 nömrəli, xx.xx.2022-ci il tarixli 5231,50 manat əsas, 941,67 manat ƏDV olmaqla ümumi 6173,17 manat dəyərində , EBDY 267374 nömrəli, xx.xx.2024-cü il tarixli 1823 manat əsas, 328,14 manat ƏDV olmaqla ümumi 2151,14 manat dəyərində, EBDZ 394974 nömrəli, xx.xx.2024-cü il tarixli 7118,64 manat əsas, 1281,36 manat ƏDV olmaqla ümumi 8400 manat dəyərində EBDZ 847308 nömrəli, xx.xx.2024-cü il tarixli, EBDZ 847308 nömrəli 100 manat əsas, 18 manat ƏDV olmaqla ümumi 118 manat dəyərində EBEB 577467 nömrəli, xx.xx.2024-cü il tarixli, 1665 manat əsas, 299,70 manat ƏDV olmaqla ümumi 1964,70 manat dəyərində, EBEB 412745 nömrəli, xx.xx.2024-cü il tarixli, 1740 manat əsas, 313,20 manat ƏDV olmaqla ümumi 2053,20 manat dəyərində MT2409 11722855 nömrəli, xx.xx.2024-cü il tarixli 720 manat əsas, 129,6 ƏDV olmaqla ümumi 849,6 manat dəyərində elektron qaimələr vurulmuşdur. Həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmin e-qaimələr əsasında mallar cavabdehə satılmış və təhvil verilmişdir. Həmin elektron qaimələrdə göstərilən məbləğləri cavabdeh müqaviləyə əsasən ümumi 21709,81 manat pulu iddiaçıya ödəməli idi. Lakin 21709,81 manat (18398,14 manat əsas borc, 3311,67 manat ƏDV borcu) pul bugünədək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göründüyü kimi 21709,81 manat (18398,14 manat əsas borc, 3311,67 manat ƏDV borcu) məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMCilə Cavabdeh arasında bağlanmış 01/12 nömrəli 22 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılan malların dəyəri 21709,81 AZN (iyirmi bir min yeddi yüz doqquz manat səksən bir qəpik) (18398,14 manat əsas borc, 3311,67 manat ƏDV borcu) olmuşdur. Bu məbləğ isə hələ də iddiaçıya ödəməmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış mallara görə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən satılan mallara görə olan ödəniş hələ də ödənilməmiş qalır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək 3 iş günü müddətində 21709,81 manat borcu ödəməyi tələb etmişdir. Lakin cavabdeh əsassız olaraq borcu ödəməkdən yayınmışdır. Cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyinə görə qanunverciliyə əsasən illik 5 %, yəni 6173,17 x 5% x 3 il = 925,95 ; 15536,64 x 5% x 1 il = 776,83; 925,95 + 776,83 = 1702,78 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim olunmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində həm 320 manat vəkilə ödənilmiş vəkil xidmət haqqının, həm də hüquqi xidmətə görə ödənilmiş 1000 manat xidmət haqqının cavabdehdən tutulmasını məhkəmədən tələb etmişdir. Hüquqi xidmətə görə ödənilmiş 1000 manat xidmət haqqının tələb edilməsi əsassızdır. Çünki, vəkilin məhkəmədə işləri aparmaq hüququ var. Burada görülən iş yalnız iddia ərizəsinin hazırlanmasından və məhkəməyə təqdim edilməsindən ibarətdir. Bununla əlaəqdar olaraq, hüquqi xidmətə görə ödənilmiş 1000 manat xidmət haqqının tələb edilməsi əsassızdır. Cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyinə görə tələb olunan 1702,78 manat cərimə yanlış hesablanmışdır və ümumilikdə borc vaxtında ödənilmədiyinə görə cərimənin məbləği 1379,65 manat təşkil edir (hesabat qoşmada təqdim edilir). İddiaçı elektron qaimlərə əsasən 21709,81 manat pulun ödənilmədiyini iddia etsə də, iddiaçı tərəfindən 2020-2024-cü illərdə təqdim edilən elektron qaimlərin ümumi məbləği 72371,51 manat təşkil edir. Bu məbləğin isə 51814,40 manatı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Beləliklə, əsas borc 17421,27 ədv borcu isə 3185,84 olmaqla cavabdehin borcu ümumilikdə 20557,11 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/12 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə tərəflər təsdiq edirlər ki, satın alınan yük və minik avtomobillərinin ehtiyat hissələrinin topdan və pərakəndə satışını satıcı satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.2-ci bəndinə görə təhvil veriləcək malın adı, çeşidi, qiyməti, miqdarı, ümumi məbləği, təhvil verilmə müddəti və digər xüsusi şərtlər tərəflər arasında imzalanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılma protokolları ilə müəyyə edilir.
11. Müqavilənin 2.3-cü bəndinə görə göndərilmiş mallar bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmalıdır. Şərtlərə uyğun olan mal-materialları təhvil-təslim aktı ilə müştəriyə satıcı tərəfindən təhvil verilir.
12. Müqavilənin 6.1-ci bəndinə görə müqavilə üzrə ödəmələr alıcı tərəfindən bu müqavilənin tələblərinə uyğun olaraq satıcının təqdim etdiyi, razılaşma protokolu əsasında 45 gün ərzində bank hesabına ödəniş etmək, mallar, işlər, xidmətlər, ödəniş həyata keçirildikdən sonra ən qısa müddət ərzində sifarişçiyə təqdim edir. Təhvil alınandan sonra aşağıdakı sənədlər sifarişçiyə təqdim olunur: - elektron qaimə-faktura – 1 nüsxə (elektron variant) və 1 nüsxə (çap variant); hesab-faktura – 1 nüsxə əsli. Alıcı mallara aid həmçinin digər zəruri sənədləri də (mənşə sertifikatı, keyfiyyət sertifikatı, istismar üzrə təlimat, texniki pasport, zəmanət talonu və s. sənədlər) tələb edə bilər.
13. Materiallarda olan elektron qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 849,60 manat, xx.xx.2024-cü il tarixdə 118 manat, xx.xx.2024-cü ildə 2053,20 manat, xx.xx.2024-cü ildə 8400 manat, xx.xx.2024-cü ildə 1964,70 manat, xx.xx.2024-cü ildə 3083,27 manat, xx.xx.2024-cü ildə 2151,14 manat, xx.xx.2022-ci ildə 674,96 manat, xx.xx.2022-ci ildə 1821,92 manat, xx.xx.2020-ci ildə 9829,40 manat, xx.xx.2020-ci ildə 8950,30 manat, xx.xx.2023-cü ildə 696,20 manat, xx.xx.2023-cü ildə 725,70 manat, xx.xx.2023-cü ildə 2017,80 manat, xx.xx.2022-ci ildə 236 manat, xx.xx.2022-ci ildə 123,90 manat, xx.xx.2022-ci ildə 191,99 manat, xx.xx.2022ci ildə 6173,17 manat, xx.xx.2022-ci ildə 289,10 manat, xx.xx.2022-ci ildə 519,20 manat, xx.xx.2020-ci ildə 5923,60 manat, xx.xx.2020-ci ildə 4956 manat, xx.xx.2021-ci ildə 2612,52 manat, xx.xx.2021-ci ildə 298,54 manat, xx.xx.2021-ci ildə 147,50 manat, xx.xx.2021-ci ildə 955,80 manat, xx.xx.2021-ci ildə 448,40 manat, xx.xx.2021-ci ildə 35,40 manat, xx.xx.2021-ci ildə 389,40 manat, xx.xx.2021-ci ildə 1899,80 manat, xx.xx.2021-ci ildə 1132,80 manat, xx.xx.2021-ci ildə 1852,60 manat, xx.xx.2021-ci ildə 507,40 manat, xx.xx.2021-ci ildə 342,20 manat dəyərində mal verilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, iddiaçıya həmin müqavilə üzrə xx.xx.2022-ci ildə 3758 manat, xx.xx.2023-cü ildə 2612,94 manat, xx.xx.2023-cü ildə 2915 manat, xx.xx.2023-cü ildə 1152,70 manat, xx.xx.2022-ci ildə 676,44 manat, xx.xx.2024-cü ildə 470,33 manat, xx.xx.2023-cü ildə 524,70 manat, xx.xx.2022-ci ildə 2170 manat, xx.xx.2021-ci ildə 360 manat, xx.xx.2023-cü ildə 1152,70 manat, xx.xx.2021-ci ildə 396 manat, xx.xx.2021-ci ildə 2000 manat, xx.xx.2021-ci ildə 5020 manat, xx.xx.2021-ci ildə 2200 manat, xx.xx.2021-ci ildə 8330 manat, xx.xx.2020-ci ildə 7585 manat, xx.xx.2022-ci ildə 2570 manat, xx.xx.2021-ci ildə 2620 manat, xx.xx.2021-ci ildə 903,60 manat, xx.xx.2020-ci ildə 1365,30 manat, xx.xx.2021-ci ildə 1499,40 manat, xx.xx.2022-ci ildə 462,60 manat, xx.xx.2021-ci ildə 471,60 manat, xx.xx.2022-ci ildə 390,60 manat, xx.xx.2023-cü ildə 207,49 manat vəsait ödənilmişdir.
15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/12 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etsə də, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilməmiş, bununla da cavabdeh öz öhdəliklərini pozmuşdur.
27. İddiaçı iddia ərizəsində əsas borcun məbləğinin 21709,81 manat olmasını göstərsə də, materiallarda olan elektron qaimələrə əsasən ümumilikdə 72371,51 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən həmin malların müqabilində ümumilikdə 51814,40 manat vəsait ödənilmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 20557,11 manat (72371,51 manat - 51814,40 manat) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 1769,82 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
33. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
34. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
35. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
36. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
40. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
41. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.
42. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 1379,65 manat müəyyən edilməlidir.
43. Belə ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən cavabdeh aldığı malların dəyərini hesab fakturanı aldıqdan sonra 45 gün ərzində ödəməlidir.
44. Cavabdeh tərəfindən ödənilməyən xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödəniş 899 gün, xx.xx.2024-cü il tarixli qaimə üzrə 331 gün, xx.xx.2024-cü il tarixli qaimə üzrə 313 gün, xx.xx.2024-cü il tarixli qaimə üzrə 306 gün, xx.xx.2024-cü il tarixli qaimə üzrə 273 gün, xx.xx.2024-cü il tarixli qaimə üzrə 254 gün, xx.xx.2024-cü il tarixli qaimə üzrə 100 gün gecikdirilmişdir.
45. Bu səbəbdən həmin qaimələr üzrə ödənişin gecikdirilməsi ilə əlaqədar olaraq ümumilikdə 1379,65 manat (760,53 manat + 97,45 manat + 360,36 manat + 4,94 manat + 73,28 manat + 71,45 manat + 11,64 manat) faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
46. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20557,11 manat əsas borc, 1379,65 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Bundan başqa iddia ərizəsində nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 1000 manat və 320 manat vəkil xərcinin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş 1000 manat hüquqi yardımla bağlı xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 320 manat xərc iddiaçının özünə aid edilməlidir.
48. Belə ki, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən xx.xx.2025-ci ildə 1000 manat vəsait "xxxx" MMC-yə, 320 manat vəsait isə xx.xx.2025-ci ildə isə Bakı şəhəri 17 saylı Vəkil Bürosuna ödənilmişdir.
49. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 155,81 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 4,43 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20557,11 manat əsas borc, 1379,65 manat faiz borcu, 155,81 manat dövlət rüsumu, 1000 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 23092,57 (iyirmi üç min doxsan iki manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,43 (dörd manat qırx üç qəpik) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat hüquqi yardımla bağlı xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova