Məhkəmə qərarları › İş №e-2-2(113)-2653/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2653/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2653/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Əliyev Rafiq Saleh oğlu, Cavabdeh3, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2” ASC (bundan sonra – iddiaçı) cavabdehlər Bu Bu” MMC, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə (bundan sonra cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 49Y/23 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 29999,14 manat, faiz üzrə 1080 manat, cərimə üzrə 600,12 manat, cəmi 31679,26 manat və dövlət rüsumu kimi ödənilmiş 185,59 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsinə əsasən, borcluya xx.xx.2024-cü il tarixədək, illik 18 % ödəmək şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 49YZ/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kredtitin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri və bu müqavilə ilə müəyyən edilir. Lakin Cavabdeh1 MMC müqavilənin şərtini pozaraq ödəməli оlduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 29999,14 manat, faiz üzrə 1080 manat, cərimə üzrə 600,12 manat, cəmi 31679,26 manat məbləğində banka borcu vardır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.Babayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən müqavilə üzrə heç bir ödəniş edilməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, illik 18 faiz ödəmək şərtilə 30000 manat məbləğində kredit verilir.

13. Cavabdeh1 MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 30000 manat məbləğində kredit cavabdehə məxsus hesaba köçürülmüşdür.

14. İddiaçı (kreditor), cavabdeh Qanuni nümayəndə (zamin), Cavabdeh2 (zamin), Cavabdeh3 (zamin) və Cavabdeh1 MMC (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 49YZ/23 saylı zaminlik müqaviləsinə görə zaminlər kreditor qarşısında xx.xx.2023cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət götürmüşlər.

15. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 29999,14 manat, faiz borcu 1080 manat, cərimə borcu 600,12 manat təşkil edir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

19. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 30000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit verilmiş, digər cavabdehlərlə Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, göstərilən şəxslər kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 29999,14 manat məbləğində əsas bоrc, 1080 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

24. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 600,12 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə 29999,14 manat əsas bоrc, 1080 manat faiz borcu, 600,12 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 185,19 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə birgə (müştərək) qaydada 29999,14 manat əsas borc, 1080 manat faiz borcu, 600,12 manat cərimə, 185,19 manat dövlət rüsumu, ümumilikdə 31864,45 (otuz bir min səkkiz yüz altmış dörd manat qırx beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X2” ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar