Məhkəmə qərarları › İş №e-2-2(113)-2659/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2659/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2659/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında açıq baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 26833,84 manat (iyirmi altı min səkkiz yüz otuz üç manat səksən dörd qəpik) əsas, 4401,91 manat (dörd min dörd yüz bir manat doxsan bir qəpik) faiz borcu olmaqla, cəmi 31235,75 manat (otuz bir min iki yüz otuz beş manat yetmiş beş qəpik) manat pul, iddiа ərizəsinə görə ödənilmiş 184,11 manat (bir yüz səksən dörd manat on bir qəpik) dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 40 (qırx) manat ödənişin tutulması, ipoteka predmeti olan X2 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 2 ipoteka saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi və ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X3 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 007-KRM-026-2020 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə X2 məxsus, ünvan 1 ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 3208 nömrəli reyestr kitabının 299519 nömrəli vərəqində (reyestr nömrəsi **********79- 05301- 093037, qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli 007-KRM-026-2020 saylı Krеdit Müqаviləsinin şərtlərinə əsаsən Cavabdeh1 xx.xx.2022-ci il tarixə 26833,84 manat (iyirmi altı min səkkiz yüz otuz üç manat səksən dörd qəpik) əsas, 4401,91 manat (dörd min dörd yüz bir manat doxsan bir qəpik) faiz olmaqla, cəmi 31235,75 manat (otuz bir min iki yüz otuz beş manat yetmiş beş qəpik) manat borcu ödənilməmiş qаlmışdır. Göründüyü kimi, cаvаbdеh xx.xx.2020-ci il tarixli 007-KRM-026-2020 saylı Krеdit müqаviləsinin 1.2-ci bəndini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətini müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC cavabdeh X1 ipoteka ilə təmin olunmuş 26 fevral 2020-ci il tarixli, 007-KRM-026-2020 №-li Kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsi barədə onun adına rəsmi olaraq pretenziya məktubu daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Bundan başqa, mübahisəyə mediasiyada baxılması ilə əlaqədar X2 mediasiyanın tətbiqi barədə təklif gəlməmişdir və ümumiyyətlə mediasiya prosesi “Mediasiya haqqında” AR Qanununun tələbinə uyğun aparılmamışdır. Bununla da, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək hüququ pozulmuşdur. Bununla yanaşı, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişi X2 təqdim olunmamışdır. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 37.1 -ci maddəsinə əsasən İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bundan başqa, İddiaçı ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.4.1-ci maddəsinin tələbini pozmuşdur, belə ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etməli idi. İş materiallarında iddiaçının DƏDRX-də xx.xx.2022-ci il tarixli ərizənin qeydiyyatının xx.xx.2022-ci il tarixini əks etdirən sübutlar vardır. Yəni ərizənin tarixindən 18 gün sonra ərizənin qeydiyyatına müraciət edilmişdir ki, bununla da tutmanın yönəldilməsi proseduru davam edə bilməzdi. MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) və 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Əlavə olaraq, İddiaçı ASC AR MPM-nin 150.2-ci maddəsinin də tələblərini pozmuşdur, çünki bu tələblərin yerinə yetirilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. MPM 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bildirir ki, cavabdeh X2 mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair sənəd, məhkəməyə müraciət etməzdən əvvəl mediasiyanın tətbiqi barədə təklif və mediasiya prosesində iştirak ilə bağlı bildiriş, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş təqdim edilməmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə etdi və işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mediasiya prosesini həyata keçirmiş mediatora etiraz edirlər. Çünki mediasiya prosesinin tətbiqi barədə təklif nümayəndə və vəkili olduğu ipoteka qoyan X1 Bakı şəhəri ərazisində olan ünvanına göndərilmiş və təklifdə mediatorun adı qeyd olunmuşdur. Sözügedən təklifi X3 almamış və məhkəmədə müəyyən edilmişdir ki, təklifdə qeyd olunan mediator mediasiya prosesini aparmış və arayış vermişdir. Bununla da, ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilməmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia ərizəsinin yuxarıda göstərilən əsaslara görə baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizədə qeyd edilənlər tamamilə əsassızdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda sadalanan əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 21.9-cu və 21.9.1-ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. 23.2-ci maddəsinə əsasən tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehlərə göndərilmiş və həmin təklifdə nın mediator kimi təyin edilməsi təklif edilmişdir. Sözügedən təklif barədə məktubu X3 almamışdır. Buna baxmayaraq, mediator mediasiya təşkilatı tərəfindən təyin edilməli olduğu halda mediasiya prosesi əvvəlcədən iddiaçının seçdiyi mediator tərəfindən həyata keçirilmişdir. Mediasiya prosesinin yekunu olaraq mediator tərəfindən tərəflərə xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. Bununla da, işin faktiki hallarından da göründüyü kimi, mediasiya prosesi zamanı Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmiş və sözügedən qanunun tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində verildiyindən, həmin arayış iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdeh X2 münasibətdə mübahisənin məhkəməyə qədər (pretenziya qaydası) nizama salınması qaydasına və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi ilə əlaqədar qanunvercilik normalarına riayət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin həyata keçirilməsi ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddia ərizəsinin digər əsasslarla baxılmamış saxlanılmasına dair cavabdehin nümayəndəsinin dəlillərini əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar