Məhkəmə qərarları › İş №e-2-2(113)-2661/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2661/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2661/2021 16.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul öhdəliyin icra edilməsi tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Nizami Plaza” Biznes Mərkəzi) 1-ci mərtəbəsində ümumi sahəsi 994.4 kv.m təşkil edən fitnes zalının və həmin binanın yerüstü avtodayanacaq sahəsində 5 ədəd ödənişsiz dayanacaq yerinin icarəyə /istifadəyə verilməsi haqqında” tərəflər arasında bağlanmış 14 aprel 2017-ci il tarixli, L-14/04/17/119 nömrəli müqavilə üzrə 02.09.2019-cu il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4,322.69 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank komissiyası haqqı, cəmi 4,353.09 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 994.4 kv.m təşkil edən fıtnes zalının və həmin binanın yerüstü avtodayanacaq sahəsində 5 ədəd ödənişsiz dayanacaq yerinin icarəyə/istifadəyə verilməsi haqqında 14 aprel 2017-ci il taıixli, L -14/04/17/119 JVs-li müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq 14 aprel 2017-ci il tarixindən 13 may 2017-ci il tarixinədək olan dövrdə ƏDV daxil 7,000.00 AZN, 14 may 2017-ci il tarixdən 13 aprel 2018-ci il tarixinədək olan dövrdə isə ƏDV daxil 7,700.00 AZN aylıq icarə haqqının Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Lakin daha sonra müqavilə tərəfləri arasında imzalanmış əlavə razılaşmalar əsasında müəyyənləşdirilmiş aylıq icarə haqqı məbləğinə çoxsaylı dəyişikliklər edilərək, Cavabdeh tərəfındən təmin edilməli olan aylıq icarə haqqı məbləği xeyli azaldılmışdır. Belə ki, İcarə Müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 iyun 2017-ci il tarixli Əlavə Razılaşma ilə İcarə Müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək, 14 iyun 2017-ci il tarixindən 13 iyul 2017-ci il tarixinədək olan dövrdə ƏDV daxil 6,900.00 AZN , 14 iyul 2017-ci il tarixdən etibarən isə ƏDV daxil 5,600.00 AZN aylıq icarə haqqının ödənilməsi şərti müəyyənləşdirilib. X2 dəyişikliklər və əlavələrin edilməsi barədə 13 aprel 2018-ci il tarixli, 2 nömrəli Əlavə Razılaşma ilə İcarə Müqaviləsinin 3.1-ci bəndi dəyişdirilməklə, aylıq icarə haqqı 14 aprel 2018-cı il tarixindən etibarən ƏDV daxil 5,000.00 AZN kimi razılaşdırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş 26 dekabr 2018-ci il tarixli, 3 nömrəli Əlavə Razılaşma ilə İcarə Müqaviləsinin 3.1-ci bəndi yenidən dəyişdirilməklə, “14 aprel-31 dekabr 2018-ci il tarixləri aralığında hər ay üçün ƏDV daxil 5,000.00 AZN aylıq icarə haqqı kimi təsbit edilmişdir. Əlavə olaraq, sözügedən bəndə “2019-cu ilin yanvar ayı üçün ƏDV daxil 4,000.00 AZN, 2019-cu ilin fevral ayı üçün ƏDV daxil 3,000.00 AZN, 2019-cu ilin mart ayı üçün ƏDV daxil 2,000.00 AZN aylıq icarə haqqı məzmunlu 4-cü abzas əlavə edilmişdir. Həmçinin icarə müqaviləsinə edilmiş növbəti dəyişikliklər ümumiləşdirilərək bildirilir ki, icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 29 mart 2019-cu il taıixli, 4 nömrəli Əlavə Razılaşma, 07 may 2019-cu il tarixli, 5 nömrəli Əlavə Razılaşma və 01 iyul 2019-cu il tarixli 6 nömrəli Əlavə Razılaşma ilə icarə müddətinin davam etdiyi 2019-cu ilin aprel - iyul ayları aralığı üçün İcarəyə Verilən Əmlak(lar)a görə aylıq icarə haqqı ƏDV daxil 2,000.00 AZN məbləğində müəyyənləşdirilmişdir. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən icarə haqqı və Müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 10 günü ərzində həyata keçirilərək. Cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən İddiaçının müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməli idi. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən İcarə haqqına İcarəyə Verilən Əmlak(lar)da İcarə Müddəti ərzində 24 saat mühafizə, təhlükəsizlik kamerası və videonəzarət, ümumi ictimai sahələrin yığışdırıİması və təmizlənməsi, ümumi ictimai sahədə elektrik lampalarının təminatı, mərkəzi havalandırma sisteminin və liftlərin saz vəziyyətdə saxlanması və təbii qazdan istifadəyə görə xərclər daxildir. 2 nömrəli Əlavənin 4-cü bəndinə əsasən Cavabdeh 14 aprel 2018-ci il tarixindən etibarən İcarəyə Verilən Əmlak(lar)da istifadə etdiyi su və çirkab sularının axıdılmasına, həmçinin elektrik enerjisindən istifadəyə görə kommunal xərclərin ödənilməsi öhdəliyini daşıyır. İcarə Müqaviləsinin 5.1.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtmda təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (11 sentyabr 2017-ci il tarixli. FMG 01/68 N°-li və 09 avqust 2019-cu il tarixli, FMGO1/19/335 N°-li xəbərdarlıq məktubları Cavabdehə göndərilmişdir) Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən suiistifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Beləliklə,icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi və Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 6,322.69 AZN əsas borc məbləği yığılmışdır. İcarə müqaviləsinin 8.8-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər.4 nömrəli Əlavədə Tərəflərin qarşılıqlı razılığı ilə İcarə müqaviləsinin 31 may 2019-cu il tarixində qüvvədən düşməsi göstərilsə də, sonradan müqavilənin qüvvədə olma müddəti 31 iyul 2019-cu il tarixinə kimi uzadılmışdır. Bununla da, 6 nömrəli Əlavənin 2-ci bəndinə istinadən Tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsi əsasında İcarə Müqaviləsinə 31 iyul 2019-cu il tarixində xitam verilmişdir. Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməli idi. Həmçinin İddiaçı xitam səbəbindən asılı olmayaraq istənilən halda xitam tarixinə kimi hesablanmış, lakin ödənilməmiş Müqavilədən irəli gələn bütün ödənişləri Cavabdehdən almaq hüququna malikdir. İcarə Müqaviləsinə xitam verilməsi heç bir vəchlə Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh Xitam tarixinə kimi yerinə yetirilməmiş öhdəliklərin icrasından Xitam tarixindən soma da yayınmışdır. Belə ki. Cavabdeh tərəfindən ödənilməmiş ƏDV daxil 6,322.69 AZN borc məbləğindən 02 sentyabr 2019-cu il tarixində yalnız ƏDV daxil 2,000.00 AZN məbləğində ödənişin icrası təmin edilmişdir. Bununla belə, ƏDV daxil 4,322.69 AZN məbləğində qalıq borc ödənilməmiş olaraq qalmışdır.Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 20 dekabr 2019-cu il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən kifayət qədər çox müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Həmçinin borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə İddiaçı və Cavabdeh arasında İcarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 02 mart 2020-ci il tarixli Razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci və 2-ci bəndlərinə əsasən İcarəyə Verilən Əmlak(lar)ın icarəsi ilə əlaqədar Razılaşmanın imzalandığı tarixə ödənilməmiş borc məbləğinin ƏDV daxil 4,322.69 AZN təşkil etdiyi və müvafiq borc məbləğinin ödənişinin Cavabdeh tərəfindən 2020-ci ilin mart ayından başlayaraq ardıcıl gələn hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 720.50 AZN-dən az olmayan həcmdə (yalnız 2020-ci ilin avqust ayı üçün ödəniləcək aylıq ödənişin məbləği ƏDV daxil 720.19 AZN müəyyənləşdirilib) ödənilməklə, 2020-ci ilin avqust ayının sonunadək tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Razılaşmanın 4-cü bəndinə əsasən cavabdeh borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir.Göründüyü kimi, İddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün Cavabdehə bütün güzəştlər edilmiş və uzunmüddətli olsa belə, hissə-hissə ödəməklə Cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Qeyd olunan Razılaşmanın 5-ci bəndinə əsasən İddiaçı Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində Cavabdeh tərəfindən yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 6-cı bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onlann tutulması üzrə məhkəmə xərclərinin və Cavabdehin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Cavabdeh İddiaçı qarşısında tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 7-ci bəndinə uyğun olaraq Cavabdeh bu Razılaşmadan irəli gələn öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı pretenziya irəli sürülməsi, bildiriş/xəbərdarlıq göndərilməsi, danışıqlar və digər üsullardan istifadə etmədən öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün birbaşa məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Lakin Cavabdeh Razılaşma ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da yayınmış və İddiaçının etibarını bir daha tam itirmişdir. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında Razılaşmadan irəli gələn öhdəliklərini (hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 720.50 AZN-dən az olmayan həcmdə müəyyən olunmuş qrafik üzrə ödənişlərin edilməsinə dair) yerinə yetirməmiş, onları kobud şəkildə pozmuş və İddiaçının xeyrinə ümumiyyətlə heç bir etməmişdir. Bununla da, Razılaşma üzrə ümumi borc dəyişməmiş, ƏDV daxil 4,322.69 AZN olaraq qalmışdır.Beləliklə, Cavabdeh İddiaçının mövcud mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq üçün etdiyi cəhdlərə, göstərdiyi bütün səylərə məhəl qoymamış və xitam tarixindən təqribən 1 il 10 aya yaxın bir müddətin seçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənişi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatda bildirdi ki, pandemiya ilə bağlı ödənişdə müəyyən çətinliklər olması barədə qarşı tərəfə məlumat verilmişdir. Bundan sonrakı dövrlərdə də ödənişləri həyata keçirəcəkdir. İcarə müddəti bitdikdən sonra da ona məxsus olan 7000 manat dəyərində avadanlıq iddiaçı tərəfindən girov saxlanılmışdır. Həmin avadanlığı satıb iddiaçının ödənişini həyata keçirəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən bundan sonra icarəyə verən adlandırılacaq İddiaçı MMC ilə, digər tərəfdən bundan sonra icarəçi adlandırılacaq Cavabdeh arasında bağlanmış 14 aprel 2017-ci il tarixli, L- 14/04/17119 FMG 01/96 nömrəli qeyri yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Nizami küçəsi 1 ünvanında yerləşən Biznes Mərkəzində yerləşən qeyri-yaşayış sahəsini (binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 994.4 kv.m olan fitnes zalı) və bu müqaviləyə Əlavə 1-də göstərilən əmlak və avadanlıqlarla birlikdə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakları qəbul edib icarə haqqını müəyyən edilmiş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti 14 aprel 2017-ci il tarixdən başlayır və hazırki müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 13 aprel 2018-ci il tarixdə başa çatacaq. Müqavilənin 3.1-ci bəndinə əsasən 14 aprel 2017-ci il tarixdən 13 may 2017-ci il tarixədək olan dövrdə aylıq icarə haqqı ƏDV daxil 7000 manat, 14 may 2017-ci il tarixdən 13 aprel 2018-ci il tarixədək olan dövrdə aylıq icarə haqqı ƏDV daxil 7700 manat təşkil edir. - 14 aprel 2017-ci il tarixli L-14/04/17/119 nömrəli müqaviləyə edilmiş 1 saylı əlavədə öz əksini tapan icarəyə verilən əmlaklarda olan inventarların siyahısı X4” MMC-nin direktoru Kamran Məmmədov və icarəçi Cavabdeh tərəfindən imzalanmaqla və hüquqi şəxsin möhürü vurulmaqla təsdiq edilmişdir. - 14 aprel 2017-ci il tarixli L-14/04/17/119 nömrəli müqaviləyə dəyişiklik edilməsi haqqında 14.06.2017-ci il tarixli Əlavə razılaşmaya əsasən tərəflər 14 iyun 2017-ci il tarixdən 13 iyul 2017-ci il tarixədək olan dövrdə aylıq icarə haqqının ƏDV daxil 6900 manat və 14 iyul 2017-ci il tarixdən etibarən ƏDV daxil 6600 manat məbləğində olması barədə razılığa gəlmişlər. - Müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə 26.12.2018-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər 14 aprel -31 dekabr 2018-ci il tarixləri aralığında hər ay üçün aylıq icarə haqqının ƏDV daxil 5000 manat, 2019-cu il yanvar ayı üçün ƏDV daxil 4000 manat, 2019cu ilin fevral ayı üçün ƏDV daxil 3000 manat, 2019-cu ilim mart ayı üçün ƏDV daxil 2000 manat olması barədə razılığa gəlmişlər. - Müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 29.03.2019-cu il tarixli 4 nömrəli Əlavə razılaşmaya əsasən tərəflər 2019-cu ilin aprel-may ayları üçün aylıq icarə haqqının ƏDV daxil 2000 manat məbləğində müəyyən olunması barədə razılığa gəlmişlər. Razılaşmanın 2-ci bəndinə əsasən icarə müqaviləsi 31 may 2019-cu il tarixində qüvvədən düşmüş hesab ediləcəkdir. - Müqaviləyə əlavə və dəyişiklik edilməsi haqqında 01.07.2019-cu il tarixli 6 nömrəli Əlavə razılaşmaya əsasən tərəflər 2019-cu ilin iyul ayı aylıq icarə haqqının ƏDV daxil 2000 manat olması barədə razılığa gəlmişlər. - Müqaviləyə dəyişiklik edilməsi 02 mart 2020-ci il tarixli əlavə razılaşmaya əsasən icarə müqaviləsinə 31 iyul 2019-cu il tarixində müvafiq müqavilənin şərtlərinə uyğun olaraq xitam verilmişdir. Nəzərə alaraq ki, xitam tarixinə icarəçi tərəfindən icarə haqqı və digər müvafiq ödənişlər üzrə ödənilməmiş ümumi borc məbləği ƏDV daxil 6,322.69 manat təşkil etmiş və bu borcun müəyyən hissəsi ödənildiyindən hazırda qalıq ümumi borc ƏDV daxil 4,322.69 manat məbləğindədir. Tərəflərlər razılaşmaya əsasən icarəyə verilən əmlakların icarəsi ilə əlaqədar bu razılaşmanın imzalandığı tarixə ödənilməmiş borc məbləği ƏDV daxil 4,322.69 manat təşkil edir və müvafiq borc məbləğinin icarəçi tərəfindən hər ay 720.50 manat, avqust ayı üçün 720.19 manat olmaqla 2020-ci ilin avqust ayının sonunadək tam həcmdə təmin edilməsi barədə razılığa gəlmişlər. - İddiaçı MMC tərəfindən 11 sentyabr 2017-ci il tarixdə Cavabdeh FMG01/68 nömrəli xəbərdarlıq ünvanlanaraq 07 sentyabr 2017-ci il tarixinə ƏDV xaric 4,144.58 manat təşkil edən icarə haqqının ödənilməsi təlb edilmişdir. -İddiaçı MMC tərəfindən tərəfindən 20 dekabr 2019-cu il tarixdə Cavabdeh FMG- 01/19/594 nömrəli pretenziya bildirişi ünvanlayaraq 4.322.69 manat təşkil edən icarə haqqının ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət oluncağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 14 aprel 2017-ci il tarixli, L- 14/04/17/119 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 14.04.2017-ci il tarixli, L-14/04/17/119 nömrəli müqaviləyə əsasən „X4“ MMC tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası icarəyə verilmiş, həmin müqavilə və müqaviləyə edilmiş əlavə razılaşmalara əsasən icarə haqqı tərəflər arasında razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam olaraq icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməyərək icarə haqqını tam şəkildə ödəməmişdir. Belə ki, son olaraq tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli razılaşmaya əsasən tərəflər 4,322.69 manat məbləğində icarə haqqının ödənilməmiş qalması və növbəti aylarda hissə-hissə ödənişin həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin özü də borcunun olması faktını təsdiqləmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 4,322.69 manat məbləğində icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank komissiyası haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Nizami Plaza” Biznes Mərkəzi) 1-ci mərtəbəsində ümumi sahəsi 994.4 kv.m təşkil edən fitnes zalının və həmin binanın yerüstü avtodayanacaq sahəsində 5 ədəd ödənişsiz dayanacaq yerinin icarəyə /istifadəyə verilməsi haqqında” tərəflər arasında bağlanmış 14 aprel 2017-ci il tarixli, L- 14/04/17/119 nömrəli müqavilə üzrə 02.09.2019-cu il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4,322.69 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank komissiyası haqqı, cəmi 4,353.09 (dörd min üç yüz əlli üç manat, doqquz qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar