Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-267/2020 18.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Vergilər Nazirliyinin nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 78319.95 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2018-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2018-cu il tarixə yaranan 78319.95 manat borcuna görə 100000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2018-ci il tarixli, **********0 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 78319.95 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, siyahıya alınmış əmlaklar cavabdehə məxsus deyil, başqa şəxsə məxsusdur. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 30 faizi ona məxsusdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini dayandırdığından həmin müəssisəsinin ərazisində daş istehsal etmək üçün qeyri-yaşayış sahəsini icarəyə götürmüş və orada daş istehsalında istifadə olunan qurğuları yerləşdirmişdir. Daha sonra həmin əmlaklar vergi orqanı tərəfindən siyahıya alınmışdır. Siyahıya alınmış əmlaklar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə deyil, ona məxsusdur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə cavabdehə **********1 saylı vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, xx xxxxxx 2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 78162.16 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli, **********0 nömrəli qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ünvanında yerləşən qeyri yaşayış sahəsində olan əmlakları siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********0 saylı, xx.xx.2018-ci il tarixli protokol və akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixli qərara əsasən xx xxxxxxx 2018-ci il tarixdə 100000 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Göstərilən səbəbdən də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmişdir. Cavabdehin nümayəndəsi siyahıya alınmış əmlakların Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus olmadığını, başqa şəxsə məxsus olduğunu bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Şahid qismində dindirilmiş X5 mübahisəli əmlakların ona məxsus olduğunu bildirsə də, əmlakların ona məxsus olması ilə bağlı sübutlar onun tərəfindən təqdim edilməmişdir. Mübahisəli əmlakların siyahıya alınması haqqında tərtib edilmiş protokol və akt cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 78319.95 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 100000 manat dəyərində olan əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 78319.95 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 78319.95 manat (yetmiş səkkiz min üç yüz on doqquz manat doxsan beş qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 100000 (yüz min manat ) manat dəyərində olan əmlak ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 78319.95 manat (yetmiş səkkiz min üç yüz on doqquz manat doxsan beş qəpik) məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-267/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-267/2020
18.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver