Məhkəmə qərarları › İş №e-2-2(113)-267/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-267/2021

12.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-267/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə Cavabdehnə qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh “xxxx”ASC-yə qarşı borcun silinməsi tələblərinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisi üzrə yaranmış 63818 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndən (Cavabdeh MTK) tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu11/1043 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 63818 (altmış üç min səkkiz yüz on səkkiz) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdehnə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 63818 manat borcu bu günə qədər ödəməyərək, “xxxx” ASC-yə zərər vurmuşdur. İddiaçı “xxxx” ASC-nin əməkdaşının hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə, ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, elektrik enerjisi üzrə yaranmış 69444,32 manat, sayğac quraşdırmağa görə 2012ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63818 manat məbləğində borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh hüquqi şəxs kimi qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçdikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, “D” yaşayış sahəsi, 34 ünvanında yüksək mərtəbəli bina inşa etmiş, binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri vətəndaşlar tərəfindən alınmış və mülkiyyətlərinə verilmişdir. Binada 10 ildən artıq müddətdir ki, yaşayış var, bina uzun illərdir ki, istifadəyə verilmişdir. Bina istifadəyə verildiyi vaxtdan mənzil və qeyri-yaşayış sahələrinin hər birinə ayrıca elektrik sayğacı quraşdırılmış, keçmiş “xxxx” ASC tərəfindən hər bir abonentlə abunə müqavilələri bağlanılmışdır. Binanın girişlərindəki liftlərə, binanın işıqlanmasına sərf olunan elektrik enerjisinə nəzarət üçün elektrik enerjisini ölçən sayğaclar binanın zirzəmisində “xxxx” ASC tərəfindən quraşdırılmışdır. Binaların ümumi şəhər xəttindən su təchizatı üçün sərf olunan elektrik enerjisi sərfıyyatına nasosxanada quraşdırılan sayğacla nəzarət edilir. Hələ 2012ci ildə keçmiş “xxxx” ASC ilə mübahisə olmuş və Cavabdeh MTK məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, elektrik enerjisindən istifadə haqqını vaxtında ödəməyimizə, binaların hərtərəfli olaraq elektrik sayğacları ilə təchiz olunmasına baxmayaraq, “xxxx” ASC əlavə olaraq binalardan kənarda balans və hesabat sayğacları quraşdırmışdır. Həmin balans sayğaclarına görə əlavə sərfıvyat hesablanırdı. Halbuki sayğacdan kənar xətlərin olub-olmaması üçün kooperativ cavabdehlik daşımır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )-2120/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 59 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, “D” yaşayış sahəsi 34 ünvanda yerləşən binalardan kənarda əlavə olaraq quraşdırılmış və bazaya daxil edilmiş hesabat və balans sayğacları əsasında iddiaçıya hesablanmış borcların ləğv edilməsi və həmin borcların iddiaçının şəxsi hesabından silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsini icra etmək əvəzinə, qətnamə ilə silinməsi qət edilmiş borca əlavə borclar hesablayaraq onların ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsində hazırkı iddianı qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işə baxılarkən müəyyən edilmişdir ki, “xxxx” ASC tərəfindən Cavabdeh MTK-ya inşa etdiyi hər iki binaya dair xx.xx.2008-ci il tarixdə texniki şərt verilmiş və həmin texniki şərtdə tərəflər arasında xx.xx.2010-cu il tarixədək müqavilə bağlanması nəzərdə tutulmuşdur. xx.xx.2005-ci il tarixdə “xxxx” MMC tərəfindən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, “D” yaşayış sahəsi 34 ünvanda yerləşən binaya texniki şərt verilmişdir. Cavabdeh MTK ilə “xxxx” MMC arasında bağlanmış 006702 saylı elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma sayğacının göstərişinə əsasən aparılır. Bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quıaşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Bununla yanaşı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 59 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, “D” yaşayış sahəsi 34 ünvanda yerləşən binaların elektrik enerjisi ilə təmin edilməsi üçün “xxxx” ASC-dən texniki şərtlər alınmış, lakin texniki şərtlərdə nəzərdə tutulmuş müddətdə “xxxx” ASC ilə kooperativ arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə və elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi haqqında akt tərtib edilməmişdir. Buna baxmayaraq “xxxx” ASC tərəfindən müvafiq balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktları olmadan, balans mənsubiyyəti sərhədindən elektrik sayğacı quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən artıq əlavə borc hesablanmışdır. Qeyd edilən faktlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yuxarıda qşeyd edilən işə baxılarkən müəyyən edilsə də, “xxxx” ASC eyni əsaslarla borc tələb edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASCnin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması, ilkin iddia ərizəsi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, “xxxx” ASC İnformasiya Araşdırma İdarəsi Büdcə və iri ödəyicilərlə iş şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır. Hazırkı borc məbləği istifadə edilmiş elektrik enerjisinin dəyəridir. Baş sayğac və ondan çıxan xətlər Cavabdeh MTK-nın balansındadır. Əhaliyə məxsus sayğaclar və həmin MTK-da yerləşən qeyri-yaşayış sahəsinin sayğaclarının göstəriciləri hesablanaraq baş sayğacda olan məbləğdən çıxılır və qalan məbləğ Cavabdeh MTK-ya debitor borcu kimi hesablanır. Baş sayğac və ondan çıxan xətlər "xxxx" ASC-nin balansına verilərsə, həmin hissələrdə olan elektrik enerjisi itkisi Cavabdeh MTK-ya aid olmaz və Cavabdeh MTK yalnız liftlər, nasosxana və digər yerlərdə quraşdırılmış sayğacların göstəricisinə görə elektrik enerjisinin dəyərini ödəyər. Hazırkı vəziyyətdə baş sayğaca qədər hər hansı sayğacdan kənar qaydada qoşulma vardırsa, həmin hissələr "xxxx" ASCnin balansında olmadığından "xxxx" ASC tərəfindən hər hansı bir müdaxilə edilə bilməz. Qeyri-standart qoruyucuların qoyulması, xətlərin izoliyasiyasının korlanması və s. səbəblərdən elektrik enerjisinin itkisi baş verə bilər. "xxxx" ASC-nin balansında olduğu təqdirdə isə standartlara uyğun qoruyucular yerləşdirilir və xətlərə "xxxx" ASC tərəfindən nəzarət olunur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC ilə istehlakçı Cavabdeh MTK arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 087904 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, 01-121/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etdiyi dövr üzrə hal-hazırda qalıq borcu 69444,32 manat təşkil edir. Həmin maliyyə arayışının qeyd hissəsində göstərilmişdir ki, 2012-ci il tarixdə məhkəmənin qəbul etdiyi qərar əsasında 11/1043 abonent kodundan 22524 manat borc silinmişdir. - xx.xx.2021-ci il tarixli, 01-213/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etdiyi dövr üzrə hal-hazırda qalıq borcu 69444,32 manat təşkil edir. Həmin borcun 36763,80 manat hissəsi xx.xx.2017-ci il tarixə olan qalıq borcdur. - "xxxx" ASC Suraxanı RETSİ-nin arayışından görünür ki, xx.xx.2021-ci il tarixə yekun borc məbləği 68802,04 manat təşkil edir. - "xxxx" ASC xx.xx.2020-ci il tarixli, SD-095 nömrəli, pretenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət edərək elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Cavabdeh MTK iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )- 2120/2012 saylı qətnaməsi ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 59 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, “D” yaşayış sahəsi 34 ünvanda yerləşən binalardan kənarda əlavə olaraq quraşdırılmış və bazaya daxil edilmiş TM 170-də 73053811 və 73054568 saylı hesabat və balans sayğacları əsasında hesablanmış borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(103)-531/2013 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt (81 )- 2120/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-2(102)- 119/2014 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2- 1(103)-531/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC Cavabdeh MTK-nı elektrik enerjisi ilə təmin etsə də, Cavabdeh MTK istifadə etdiyi elektrik enerjisinin dəyərini sayğacın göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə 68802,04 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 36763,80 manat hissəsi xx.xx.2017ci il tarixə olan qalıq borcdur. Cavabdeh MTK iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 087904 saylı müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün (ayının) birinədək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Həmin müqavilənin 12-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə uyğun həyata keçirilir. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin – istehlakçının üzərinə düşür. “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya 69444,32 manat, sayğac quraşdırmağa görə 2012-ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC ilkin iddia üzrə Cavabdeh MTK-dan borcun tutulmasını tələb etməyə dair subyektiv hüquqa malikdir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh MTKnın nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 087904 saylı müqavilə üzrə istehlakçı Cavabdeh MTK-nın elektrik enejisi ilə təmin edilməsini, istehlakçının sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqını ödəməli olduğunu, lakin Cavabdeh MTK tərəfindən ödənişin aparılmadığını nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini xx.xx.2017-ci il tarixdən əvvəlki dövrlərə olan borc məbləğinə münasibətdə buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən ilkin iddia qismən təmin edilməli, Cavabdehndən elektrik enerjisindən istifadəyə görə yaranmış 32038,24 (68802,04-36763,80=32038,24) manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalı, ilkin iddia 36763,80 manat hissədə (xx.xx.2017-ci il tarixə olan qalıq borc) rədd edilməlidir. İlkin iddia üzrə iddiaçı xx.xx.2021-ci il tarixli, 01-213/21 nömrəli maliyyə arayışına istinad edərək 69444,32 manat borcun tutulmasını tələb etsə də, "xxxx" ASC Suraxanı RETSİ-nin arayışından görünür ki, xx.xx.2021-ci il tarixə yekun borc məbləği 68802,04 manat təşkil edir. Həmçinin ilkin iddia üzrə iddiaçı sayğac quraşdırmağa görə 2012-ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcun tutulmasını da tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsinə münasibətdə də iddia müddəti ötürüldüyündən ilkin iddia tələbi sayğac quraşdırmağa görə borcun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının 63818 manat məbləğdə borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə qeyd edir ki, silinməsi tələb edilən məbləğ Cavabdeh MTK tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış elektrik enerjisinin dəyəridir. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq elektrik enerjisi sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçıya enerjisi sərfiyyatına uyğun hesablanmış borcun silinməsi üçün əsaslar mövcud deyildir. Lakin, ilkin iddia tələbi 36763,80 manat hissədə (xx.xx.2017-ci il tarixə olan qalıq borc) iddia müddəti tətbiq edilərək təmin edilmədiyindən qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 36763,80 manat məbləğində borc Cavabdeh MTK-nın hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 16 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 14 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələb edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdehndən elektrik enerjisindən istifadəyə görə yaranmış 32038,24 manat (otuz iki min otuz səkkiz manat iyirmi dörd qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat olmaqla, cəmi 32052,24 manat (otuz iki min əlli iki manat iyirmi dörd qəpik) məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia verilərkən ödənilmiş 16 (on altı) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MTK-ya hesablanmış 36763,80 manat (otuz altı min yeddi yüz altmış üç manat səksən qəpik) məbləğində borc onun hesabından silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar