Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2671/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh3 (bundan sonra - borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10240***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən, kredit verən borc alana 300000 manat məbləğində, 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək kredit limiti açmağı və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kedit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əsasən, kredit verən əsas kredit limiti razılaşması çərçivəsində illik faiz dərəcəsi 24 % olmaqla, xx.xx.2025-ci il tarixinədək dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə borc alana 20000 manat məbləğində kredit vermişdir. Razılaşmaya əlavə olan ödəniş cədvəli ilə aylıq ödənişin məbləği 1057,85 manat məbləğində müəyyən edilmişdir.
2. İş materiallarına əlavə edilmiş hesab üzrə çıxarışdan görünür ki, 20000 manat məbləğində kredit borc alanın hesabına köçürülmüş, ödənişin əsası qismində 10240***- *******01L saylı müqavilə göstərilmişdir.
3. Bundan başqa, borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli,10FİZAM143856701 saylı və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli,10FİZAM141140202 saylı zaminlik müqavilələri bağlanılmışdır. Zaminlik müqavilələrinin şərtlərinə əsasən zaminlər, xx.xx.2023-cü il tarixli, 10240***-*******01L saylı əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır (zaminlik müqavilələrinin 1.1 və 2.1-ci bəndləri)
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı 8597,16 manat məbləğində əsas kredit borcu, 349,05 manat məbləğində faiz, 103,09 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9049,3 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 110,5 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli 10240***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli 10FİZAM141140202, 10FİZAM143856701 saylı zaminlik müqavilələri bağlanmış və onlar, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Bank Cavabdeh3 illik 24% ilə 24 ay müddətinə xx.xx.2025-ci il tarixinədək 20000 manat məbləğdə kredit vermişdir. Cavabdeh borc alan onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2025-ci il tarixə iddiaçıya 8597,16 manat məbləğində əsas kredit borcu, 349,05 manat faiz, 103,09 manat cərimə borcu olmaqla, cəmi 9049,3 manat məbləğində borcu qalmaqdadır b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 472.1. Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
27. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10240***-*******01L saylı əsas kredit limiti razılaşması və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 20000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
29. xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, borc alanın xx.xx.2025ci il tarixə 8597,16 manat əsas, 349,05 manat faiz, 103,09 manat cərimə olmaqla, ümumilikdə 9049,30 məbləğində ödənilməmiş borcu mövcuddur.
30. Həmçinin, cavabdeh tərəfindən sözü gedən kredit müqaviləsi üzrə edilmiş ödənişlərə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.
31. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
32. Tələbin 103,09 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
33. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
34. Bununla yanaşı, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli,10FİZAM143856701 saylı və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 10FİZAM141140202 saylı zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın xx.xx.2023-cü il tarixli, 10240***- *******01L saylı əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzrələrinə götürmüşlər.
35. Məhkəmə hər iki zaminin xx.xx.2023-cü il tarixli, 10240***-*******01L saylı əsas kredit limiti razılaşması üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
36. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 110,50 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8597,16 manat məbləğində əsas borc, 349,05 manat məbləğində faiz borcu, 103,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9049,3 (doqquz min qırx doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 110,5 (yüz on manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı